Gültəkin Hacıbəyli absurd məhkəmə təqibindən danışdı

"Havadan götürülmüş uydurma xarakterli, heç bir tənqidə dözümü olmayan bir iddiadır"

Oktyabrın 7-də Milli Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Gültəkin Hacıbəyliyə qarşı yeni, artıq üçüncü məhkəmə çəkişməsi başlayır.

Yasamal Rayon Məhkəməsinə Gültəkin Hacıbəylinin doqquz il öncə ayrıldığı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və ailəsinin iddiası daxil olub.

Məsələ ilə bağlı “Yeni Müsavat” açıqlama verən G.Hacıbəyli iş üzrə hazırlıq iclası keçiriləndən sonra fikir yürüdəcəyini söylədi: “Hakim bəzi prosessual qaydaları gözləmədiyindən hazırlıq iclası təxirə salınmışdı. Hakim şikayət ərizəsində göstərilən bəzi sənədləri mənə göndərmədiyi üçün, bundan başqa hüquq və vəzifələrimə dair bildiriş təqdim olunmadığı üçün məhkəmə təxirə salındı. Bu məsələnin sifarişli olduğu göznündədir. Bu mənə qarşı absurd məhkəmə təqibidir. Havadan götürülmüş uydurma xarakterli, heç bir tənqidə dözümü olmayan bir iddiadır. Təbii ki məhkəmənin qəbul etdiyi qərarın nəticəsinə görə adekvat addımlar atacağıq. Bu konkret şəxslər tərəfindən mənə qarşı yürüdülən böhtan xarakterli təqib siyasətidir”.

“Azadlıq” qəzeti yazır ki, bu ilin 17 may tarixində M.Mehdiyev mətbuat konfransı keçirərək oğlunun anasını prezidenti sevməməkdə, hakimiyyətə qarşı nankorluqda, korrupsiyada, reketçilikdə, dövlət büdcəsini talamaqda və s. ağır cinayətlərdə ittiham etmiş, ona qarşı çoxsaylı böhtan və təhqirlər səsləndirmişdi. Gültəkin Hacıbəyli isə böyüklük göstərərək susmuşdur. Az sonra Nəsimi rayon məhkəməsi faktiki olaraq Gültəkin Hacıbəylinin doqquz yaşlı uşağını iradəsinə zidd olaraq onu böyüdən anasından alınaraq heç üzünü belə görmədiyi “ata”sına verilməsi ilə bağlı absurd bir qətnamə qəbul etdi. Daha sonra Mahmud Mehdiyevin təqaüdçü anası Məmmədova Nəhayətin yadına saldılar ki, o, on il əvvəl “maddi imkanı olmayan” gəlininə 50 min dollar borc verib. Bu, heç bir qanuni əsası olmayan, heç bir fakta söykənməyən iddia əsasında Nəsimi rayon məhkəməsi Gültəkin Hacıbəylinin bütün əmlakına həbs qoydu.

24 sentyabr 2013-cü il tarixində Yasamal rayon məhkəməsinin icraatına Mehdiyev Mahmud Lətif oğlunun və onun bacısı Mehdiyeva Aynur Lətif qızının Gültəkin Hacıbəylinin CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətləri daxil olub. Mehdiyevlər məhkəmədən Gültəkin Hacıbəylinin həbsini tələb edirlər. Məhkəmə zəruri sənədləri Gültəkin xanıma çatdırmadığı, o cümlədən hüquq və vəzifələri haqda bildiriş belə təqdim etmədiyi səbəbindən 1 oktyabr tarixdə keçirilən hazırlıq iclası 7 oktyabradək təxirə salınıb. İddianın mahiyəti isə belədir:

- 13.06.2013-cü il tarixində DIN-in rəsmi saytı DIN-nin Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yaymışdı. O zaman bir çox iqtidaryönlü KIV-lər Aynur Mehdiyevanın tutulması, saxlanması xəbərini “Filippinli qadını evində zor gücünə işlədən Bakı sakini tutuldu”, “Bakıda Filippin vətəndaşını qul kimi işlədən qadın saxlanıldı” başlıqları ilə manşetə çıxarmışdılar. Mehdiyevlər Aynur Mehdiyevanın tutulması və saxlanması faktını yayan və ilkin mənbə rolunda çıxış edən KIV əvəzinə bu faktı öz müsahibəsində iki ay sonra xatırladan G.Hacıbəylini məhkəməyə veriblər. Maraqlıdır ki, məhkəmə iddianı qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar