“AYIRDIĞINIZ VƏSAİT 3-5 NƏFƏR ARASINDA TALAN EDİLİR!” – Baş redaktor KİVDF-nin pulundan imtina etdi və… 

Dərc olunub: 05/01/2018 - 13:26

“Hürriyyət” qəzetinin kollektivi Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:

ilham-eliyev-2Cənab Prezident!

Azərbaycan mətbuatının “ilk qaranquşlarından” olan “Hürriyyət” qəzetinin son vaxtlar qarşılaşdığı problem bizi Sizə müraciət etməyə vadar etdi.

Xatırladaq ki, “Hürriyyət” qəzet 1991-ci ildən nəşr olunur. Bu müddət ərzində ölkəmizdə jurnalistikanın inkişafında “Hürriyyət”in əvəzsiz xidmətləri olmuşdur. Təsadüfi deyil ki, bu gün Azərbaycanda və ölkəmizdən kənarda fəaliyyət göstərən onlarla peşəkar jurnalist məhz “Hürriyyət”in “jurnalistika məktəbi”nin məzunlarıdır.

Qəzetimiz fəaliyyət göstərdiyi 26 il ərzində hər zaman obyektivliyi qorumaqla yanaşı, şər və böhtandan uzaq olmuş, dövlətçiliyimizin inkişafına töhfə verməyə çalışmışdır.

Hörmətli Prezident!

Uzun illərdir Qərb və Avropa dövlətlərinin Azərbaycana qarşı ikili standartlardan yanaşdığı sirr deyil. Siz özünüz də bu haqda gileyinizi dəfələrlə dilə gətirmisiniz. Bu məsələdən də daha çox Sizin əziyyət çəkdiyinizə şübhə etmirik.

Əlbəttə, bu məsələni təsadüfən xatırlatmırıq. Öncə onu qeyd edək ki, “Hürriyyət” olaraq, biz hər zaman xarici dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlardan çıxış etməsinə qarşı olmuşuq. Amma təəssüflə qeyd edirik ki, son illər “Hürriyyət”in özü ikili standartlara məruz qalıb, özü də xaricdən deyil, daxildəki qüvvələr tərəfindən. Təsadüfi deyil ki, ötən il jurnalistlərə ev verilməsi ərəfəsində bizi süni surətdə kənarda saxladılar. Bunun ardınca isə Mətbuat Şurası bizə aidiyyatı olmayan materiala görə qəzetimizə xəbərdarlıq verdi.

Doğrudur, əksər qəzetlər kimi, “Hürriyyət” də son iki il müddətində Sizin mətbuata göstərdiyiniz qayğıdan kənarda qalmayıb. Bununla belə, Sizin etimadınızdan sui-istifadə edən bəzi yetkililər öz şəxsi qərəzlərini ön plana keçirərək, “Hürriyyət”ə qarşı ögey münasibətlərini illərdir davam etdirməkdədir. Etiraz etdikdə isə, bizi təhdid edir, qəzetimizi və saytımızı qapatmaqla, pulumuzu (KİV DF-dən ayrılan 1500 AZN-i) kəsməklə hədələyirlər.

Cənab Əliyev!

Başa düşürük ki, Sizə ünvanladığımız bu müraciət bizi daha ciddi basqılarla üz-üzə qoyacaq. Amma, bütün bunları göz önünə alaraq, həqiqətləri dilə gətirməkdən, mətbuata dəstək adı altında baş verən rüsvayçılığı ifşa etməkdən də çəkinmək fikrində deyilik. Çünki ölkədəki neqativləri üzə çıxarmaq bizim ilk növbədə peşə borcumuzdur. Xüsusən də bu rüsvayçılıq ölkə mediasının inkişafına dəstək verməli olan bir qurumda və Sizin xoş niyyətinizdən yararlanaraq mətbuata dəstək adı altında öz gəlilərini artıran şəxslər tərəfindən həyata keçirilirsə, artıq bu haqda susmağı yersiz hesab edirik. Doğrudur, hələ bu faktları ictimailəşdirmək istəmirik. Ümid edirik ki, Sizə ünvanladığımız bu məktubdan sonra bəzi problemlər öz həllini tapacaq…

Hörmətli Prezident!

Yuxarıda qeyd etdiyimiz kimi, son iki il ərzində “Hürriyyət” qəzeti də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan maliyyə dəstəyi alıb. Bu vəsait aylıq 1500 AZN təşkil etsə də, vergiləri və digər ödəmələri çıxdıqda, redaksiyamızın büdcəsinə hər ay cəmi 800-850 AZN daxil olub. Bu vəsait isə ən yaxşı halda KİV DF layihələrini icra edən iki əməkdaşmızın qonorar xərcini ödəməyə yetərli olduğundan, həmin məbləğin artırılması üçün dəfələrlə qurumun rəhbərliyinə müraciət etmişdik. Ən başlıca səbəb kimi onu gətirmişik ki, həftədə iki dəfə nəşr olunan “Hürriyyət” qəzetinin həftəlik mətbuat vasitələri ilə eyni müstəviyə qoyulması, yəni eyni miqdarda vəsait verilməsi ədalətsizlikdir. Ən azı ona görə ki, biz həmin qəzetlərdən iki dəfə artıq iş görürük, ay ərzində KİV DF-nin tələblərinə uyğun 8-9 səhifə yazı dərc edirik.

qezet

Təəssüflə qeyd edirik ki, hər dəfə bu tələbimizin nəzərə alınacağı bildirilsə də, sonda müsbətə doğru heç nə dəyişməyib. Üstəlik, “Hürriyyət”ə qarşı basqılar günbəgün artmağa başlayıb və qəzetimizin saytına – hurriyyet.org-a ardıcıl hücumlar təşkil edilib, hətta saytımız bir müddət bloklanıb. Bir sözlə, müəyyən şəxslər bütün vasitələrlə əllərindən gələni etməyə çalışıblar ki, “Hürriyyət”lə hakimiyyət arasında düşmənçilik toxumu səpsinlər. Amma biz onların bu təxribatlarına uymayaraq, Sizin mətbuata dəstəyinizi hər zaman yüksək dəyərləndirmiş və hətta bizə qarşı qərəzli münasibət sərgilənəndə belə, xoşməramlı işlərinizə xələl gəlməsin deyə, bu haqda yazmağı lazım bilməmişik. Bunun bariz nümunəsi olaraq ötən il jurnalistlərə ev verilən ərəfədə “Hürriyyət”in əməkdaşlarının kənarda saxlanılması, eləcə də Mətbuat Şurasının qanunsuz xəbərdarlığı zamanı sərgilədiyimiz mövqeni göstərə bilərik. Lakin Sizin etimadınızdan sui-istifadə edən, gözünüzə baxaraq Sizə yalan məlumatlar verən şəxslərin qanunsuz əməllərinə də artıq göz yummaq fikrində deyilik.

Cənab Əliyev!

Şübhə etmirik ki, Azərbaycanda mətbuatın inkişafı Sizin maraq dairənizdə olan başlıca məsələlərdəndir. Çünki güclü mətbuatı olan ölkə informasiya savaşından hər zaman qalib çıxamağa qadirdir. Xüsusən də müharibə şəraitində yaşadığımız indiki dönəmdə bizim güclü mediaya daha çox ehtiyacımız var. Amma təəssüf ki, Sizin bu sahəyə ayırdığınız pullar təyinatı üzrə xərclənmir, 3-5 nəfərin arasında talan edilir. Halbuki, həmin vəsaitlə daha ciddi işlər görmək və medianın inkişafına daha böyük töhfələr vermək olar. Hansı ki, bununla bağlı bizim “Hürriyyət” olaraq geniş layihələrimiz mövcuddur.

Hörmətli Prezident!

Bu gün Azərbaycanda vəziyyət elə bir həddə çatıb ki, “Hürriyyət” olaraq Sizdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan başqa heç bir məmurun səmimiyyətinə inamımız qalmayıb. Bunun üçün də çox arzu edərdik ki, mətbuatın inkişafına dəstək adı altında baş verən rüsvayçı faktları şəxsən Sizə, yaxud da Mehriban xanıma təqdim etmək üçün bizi qəbul edəsiniz. İnanırıq ki, cəmi 3 dəqiqəlik görüş ərzində təqdim edəcəyimiz faktlar baş verənlərlə bağlı geniş ölçü götürməniz üçün yetərli olacaqdır.

Sonda onu da qeyd edirik ki, bizim məktubumuz lazımi ünvanlara çatmayana və bizə qarşı haqsızlıq aradan qalxamayan qədər KİVDF-nin ayırdığı 9 min AZN-dən (6 aylıq) imtina edir və bu gündən etibarən “Hürriyyət”in fəaliyyətini müvəqqəti olaraq dayandırırıq.

Hörmətlə:
“Hürriyyət” qəzetinin Baş redaktoru V.Məmmədov


loading...




Fikrinizi bildirin