“HEYDƏR ƏLİYEV SƏNƏDLƏRİ ÜSTÜNƏ ATIB, DEYİB BU NƏDİR…” – TQDK-nın ilk sədri

Dərc olunub: 07/01/2018 - 14:14

“Elçin Əfəndiyev mənə zəng vurub dedi ki, bilirəm, biz müxalifətdəyik, bizim övladlarımızı yaxına buraxmazsınız…”

vurgun

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradıcısı və ilk sədri Vurğun Əyyub Əvəz Zeynallının “Qaynar qazan” layihəsinin (strateq.az” saytı) qonağı olub, TQDK-nın yaradılması, ilk qəbul imtahanlarının keçirilməsi və AXC hakimiyyəti devrildikdən sonra Heydər Əliyev tərəfindən vəzifəsindən uzaqlaşdırılması barədə maraqlı xatirələrini danışıb. “AzPolitika” həmin müsahibədən bəzi parçaları təqdim edir:

– Zülfüqar Qubad bir maraqlı sual soruşub: “Eşitdiyimizə görə müxalifət funksionerlərindən birinin yaxın qohumunun imtahanlarda çox cüzi balı çatmayıb və həmin insan Əbülfəz Elçibəydən xahiş edib. Elçibəy də Sizdən xahiş edib ki, bəs bu uşaq filankəsin yaxın qohumudur, buna kömək et, qoy keçsin, bunun çox cüzi balı çatmır. Sizsə ərizənizi yazıb Bəyin stolunun üzərinə qoyubsunuz ki, mən işdən çıxıram, amma onu edə bilmərəm. Bəy də Sizə deyib ki, ərizənizi götürün, çox sağ olun, mənə Sizin kimi insanlar lazımdır.” Belə rəvayətlər, əfsanələr çoxdur. Amma bunların hansındasa həqiqəti olanı varmı?

– (Gülür…) Sual verənə təşəkkürümü bildirirəm. Bəli, bu, siz deyən kimi əfsanələr, rəvayətlər silsiləsindəndir. Məsələ bir az başqa cür olub. Əbülfəz bəyin məni sınaması üçün ehtiyac yox idi ki, mütləq bunun üçün ərizə yazmalı olaydım… Əbülfəz bəy məni kifayət qədər sınamışdı. O vəzifəyə də təbii ki, məni təsadüfi təyin eləməmişdi. Məsələ belə olmuşdu… O zaman Əbülfəz bəyə yaxın olan adamlardan və mənim dostlarımdan birinin övladı aşağı bal toplayaraq, başqa bir ixtisasa yer qazanmışdı. O isə Tibb Universitetini istəyirdi.

– Deməli, belə bir hadisə olmuşdu?…

– Bəli. O zaman həmin adam mənim yanıma gəldi. Özü də o bir hadisə deyildi. Bizim çox görkəmli sənət adamlarımız, şairlərimiz də var idi ki…

– Vurğun bəy, elə adamlar var idi?

– Çox. Onlar yanıma gəlirdilər. İzah edirdim ki, bu məsələdə onlara kömək edə bilmərəm. Kömək eləmək mümkün deyil, mümkün olsa da, kömək eləmərəm. Çünki bu, başqasının haqqını yeməkdir. Onlar da narazı qalırdılar ki, “prezident bizi tanıyır…” Mən də deyirdim ki, “bilirəm, prezidentin sizə böyük hörməti var. Buyurun, yanına gedin”. Əbülfəz bəy də onlardan kimisinə nəsə izah edirdi, kimisinə nəsə başa salırdı. Dostuma da zarafatyana bir cavab vermişdi ki, “mən ona söz deyə bilmərəm.” “Necə deyə bilmərəm? Siz bu ölkənin prezidentisiniz.” Bütün bunları sonralar o adam özü mənə danışıb. Deyir ki, “Əbülfəz bəy mənə güldü və dedi ki, “mən ölkənin prezidentiyəm, amma o sahənin prezidenti odur. Mən ona söz deyə bilmərəm””. Təbii ki, Əbülfəz bəy belə bir cavabı o adamı sakitləşdirmək üçün verib. Sizin ağlınıza gəlməyən adamlar övladları üçün yanıma gəliblər. Bunların içərisində məşhur sənət adamları, qələm əhli, sovet dövründən qalma, bizim dövrümüzdə də vəzifə daşıyan adamlar. Bunların bəzilərinə iki kəlmə bəs eləyirdi ki, baxın, “Azərbaycan dövlətinin siyasəti budur və biz bu məsələdə heç kimə kömək eləməyəcəyik”. Bəziləri isə bunu heç cür qəbul eləyə bilmirdi. “Prezidentə gedib deyəcəm”. Buyur, get! Ya da narazı qalıb gedirdi, arxamca rəvayətlər qururdu. Amma hesab edirəm ki, hər kəs əmin oldu ki, biz bu məsələdə heç kəsə üzgörənlik eləmədik. Azərbaycanda yüksək vəzifə tutanların övladları, qohumları və s. bu qəbuldan kömək görmədilər. Amma tutaq ki, Əbülfəz Elçibəy hakimiyyəti zamanı həbsdə yatan keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynovun övladı çox yüksək balla universitetə qəbul olundu. Ya indiki baş nazirin müavini Elçin Əfəndiyev o zamanlar özünü müxalifətdə hesab edirdi, – Azərbaycan İstiqlal Partiyasının üzvü, ya təəssübkeşlərindən idi – mənə zəng vurub dedi ki, “bilirəm, biz müxalifətdəyik, bizim övladlarımızı yaxına buraxmazsınız…”

– Elçin?

– Hə. “… ali məktəbdə oxusun”. Dedim, “Elçin müəllim, özünüzə yaraşan söhbət eləmirsiniz. Nəticələr çıxar, baxarıq…”

– Hələ imtahanın nəticələri açıqlanmamışdı?

– Sonradan məlum oldu ki, onun övladı yüksək balla yaxşı bir yerə qəbul olundu. Elmira Axundova öz övladı üçün çox narahat idi.

– İndiki deputat?

– Bəli. Nəticələr açıqlanandan sonra bəlli oldu ki, onun övladı çox yaxşı bir yerə qəbul olunub. O zaman o çox məşhur bir qəzet olan “Literaturnaya qazeta”nın əməkdaşı idi. O zaman deyirdilər ki, biz ruslarla düşmənçilik aparırırq. Həmin qəzetdə düz bir səhifə bu qəbulla bağlı yazı dərc etdirdi. Yəni belə şeylər olub.

***

– Sürət Hüseynovun keçirdiyi iclasda nə baş vermişdi? Bayaq dediniz ki, bir qalmaqallı iclasda iştirak etmisiniz.

– O zaman dövlət katibi Lalə Şövkət, Baş nazir isə Sürət Hüseynov idi. Onların arasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə bağlı bir problem yaranmışdı.

– Maraqlıdır…

– Sürət Hüseynova başa salmışdılar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası çox mühüm bir qurumdur. O, nəyə görə prezidentə tabe olmalıdır. Hətta ilk fərmanı da onun qarşısına qoymuşdular…

– Çox maraqlıdır.

– Mənsə bunun hansı fəlakətlərə səbəb olacağını bilirdim. Ona görə birinci müavinə dedim ki, sən Lalə xanımla tanışsan, – deyəsən, gənclik dövründə hansısa kursda bir yerdə oxumuşdular. Nəsə indi dəqiq xatırlamıram, amma münasibətləri var idi, – get, onunla danış, buna heç bir zaman yol vermək olmaz.

– Yəni sizin özünüzün Lalə xanımla heç bir əlaqəniz, kontaktınız yox idi?

– Yox. Heç bir əlaqəm olmayıb. Və hökumətdə olan bəzi adamlar da fikirləşirdilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını Nazirlər Kabinetinin tabeçiliyinə qaytarmaqla qəbulda nələrsə eləyə bilərlər və bu zaman onlar guya qarşıdan gələn qəbul məsələlərini, oradakı prinsipləri müzakirə etmək adı ilə toplaşmışdılar. Mən də dedim ki, sizin buna səlahiyyətiniz yoxdur. Nazirlər Kabinetinin belə bir səlahiyyəti yoxdur və mən də bu müzakirələrdə iştirak etmək niyyətində deyiləm. Sadəcə olaraq Vahid Əhmədov mənə zəng vurub xahiş elədi ki, “iclası aparmağı Sürət Hüseynov mənə tapşırıb. İclasda iştirakını xahiş edirəm…” İclasda olduq, amma sonu qalmaqalla bitdi. Bütün müşavirə iştirakçılarına qarşı təkbaşına dayanmaq məcburiyyətində qaldım.

– İclasda Sürət Hüseynovun özü yox idi?

– Yox. Amma yaxın adamları zalda idi və onların içərisində universitet rektorları, texnikum direktorları da var idi. Hətta yadımdadır ki, bizim komandadan da bəziləri hücumu mənə yönəldirdilər…

Təbii ki, bunların hamısına cavab verməli oldum. Çünki təkbaşına qalmışdım. Məni orada müdafiə eləyən, amma bununla belə səsini çıxara bilməyən tək adam, APİ-nin rektoru rəhmətlik Sərvər Aslanov idi. Həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının üzvlərindən biri olan, bayaq adını çəkdiyim Zakir Hüseynov idi. Hətta o da yadıma gəlir ki, Sürət Hüseynovun yaxın adamlarından biri mənə qarşı kobudluq elədi, mən də o cür kobudcasına onun cavabını verdim. Dedim ki, “Atalar yaxşı deyib, uzunun ağlı topuğunda olar”…

– Saday?

– Yox, hansısa texnikumun direktoru idi.

– Nə istəyirdilər, Vurğun bəy? Məqsədləri nə idi?

– İstəyirdilər tələbə qəbulunda prinsipləri dəyişsinlər. Amma əsas məqsəd bu müşavirənin nəticəsi olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını Nazirlər Kabinetinin nəzdinə qaytarmaq və oradan asılı eləmək idi. Onda da dedim ki, “mən bilirəm, kimə arxalanırsan. Mən nəinki səndən, heç o arxalandığın adamdan çəkinmirəm. Gedib, elə belə də özünə deyərsən”. Halbuki mən heç bir zaman Sürət Hüseynovla üz-üzə gəlməmişəm. Onun yanında olan bəzi adamların da mənə hörməti olub. Hərçənd ki, mənim onlara hörmətim yox idi.Yəni bunların hamısı olub. Tarixdir və artıq keçib gedib.

– Sizin göndərdiyiniz mesaj Lalə Şövkətə çatdırıldı? Lalə Şövkət sizi müdafiə elədi?

– Güman ki, çatdırılmışdı. Bilmirəm, müdaxilə elədi, ya eləmədi. Amma fakt odur ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası prezidentin tabeçiliyində qaldı.

– Vurğun bəy, siz Heydər Əliyevin dövründə işləməyə nə qədər davam elədiniz?

– (Gülür…) Demək olar ki, heç nə qədər.

– Heç işləmədiniz?

– Əbülfəz Elçibəy Kələkiyə gedəndən sonra Heydər Əliyev prezidentin səlahiyyətlərini yerinə yetirməyə başlayanda…

– İyulun 24-də…

– Mən o zaman fikirləşməyə başladım. Çünki tələbə qəbulu haqda elan prezidentin sərəncamından sonra verilməli idi. Düşündüm ki, bunu gecikdirsəm, sonradan mənim əleyhimə çevirəcəklər. Ona görə bir məktub yazdım…

– Heydər Əliyevə…

– Məktubun da başında yazdım ki, “Hörmətli Milli Məclisin sədri Heydər Əliyev. Ölkə prezidentinin Bakıda olmadığını nəzərə alaraq, MM-in sədri kimi sizdən xahiş edirəm ki, qəbul qaydalarını təsdiq edəsiniz”. Bu məktubla yanaşı, qəbul planı və s. çox qalın bir sənədlər qovluğunu onun yanına qoydum. Bunu hazırladıqdan sonra rəhmətlik Afyəddin Cəlilova zəng vurdum ki, “xahiş edirəm, bu sənədləri Heydər Əliyevə təqdim edəsiniz”. Göndərdim. Afiyəddin Cəlilov məktubun başına baxan kimi mənə zəng vurdu ki, “sən dəli olubsan? Sən neyləmək istəyirsən? Bu nə məktubdur?” Dedim ki, “Afiyəddin müəllim, nə məktubdur ki? Bəs necə yazmalıyam?” Dedi, “Başlıqda yaz ki, prezident səlahiyyətlərini icra edən…” Dedim ki, “Heydər Əliyevi Milli Məclisin sədri kimi tanıyıram. Hüquqi bir addım nəticəsində belə olub. Amma onun prezident səlahiyyətlərini icra eləməyini hüquqi baxımdan düzgün hesab eləmədiyim üçün də yazmıram”. Afiyəddin dedi ki, “bunun nəticəsi pis olacaq.” Dedim ki, “bu, artıq sizin işinizdir…” Onunla belə səmimi münasibətlərimiz var idi. Dedim ki, “Afiyəddin müəllim, mən onsuz da burada işləmək istəmirəm. Amma mən nə vəzifəmi dondurmayacam, nə də istefa verməyəcəm. Götürün, çıxardın.” Səhəri gün Afiyəddin Cəlilov yenidən mənə zəng vurub dedi ki, yaxşımı elədin, istədiyinə nail oldunmu? Soruşdum, nə oldu? Dedi ki, “Heç nə. Heydər Əliyev sənədləri mənim üstümə atıb, dedi ki, bu nə məktubdur, yazıb. Get, onun da fərmanını hazırla.” Dedim, lap yaxşı. Elə axşam evə gedəndə bu fərman televiziya vasitəsilə oxundu…








loading...


Fikrinizi bildirin