"MƏSULİYYƏTİ KLUB DAŞIYIR" - Nazir müavini

"İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzvü olduqları klub məsuliyyət daşıyır". Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bunu itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda yanvarın 9-da keçirilən mətbuat konfransında deyib.

F.Əliyevin sözlərinə görə, "Gilavar" idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: "Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur. Son 10 il ərzində 400-dən çox alpinistə dağa qalxmaq üçün icazə verilib. Bu, ilk belə bədbəxt hadisədir", -deyə nazir müavini əlavə edib.

"İtkin düşən alpinistlər tapılana kimi axtarışlar davam etdiriləcək. Bu məsələ konkretdir". Bunu isə həmin mətbuat konfransında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib.

F.Tağızadə deyib ki, itkin düşən 3 alpinistin axtarışında ancaq peşəkarlar iştirak etməlidir: "İtkin düşən alpinistlər ən asan - B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib".

Xatırladaq ki, "Gilavar" idman klubunun üzvləri, alpinistlər Fəridə Cəbrayılzadə, Namin Bunyatov, Babur Hüseynov 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa yürüşə çıxıblar. Elə həmin gün də onlarla əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi alpinistlərin itkin düşməsilə bağlı məlumatın nazirliyə dekabrın 26-sı axşam daxil olduğunu deyir və dekqbrın 27-dən axtarışlara başlandığını bildirir. Bununla bağlı Əməliyyat Qərargahı yaradılıb. Axtarışlar səhər saat 6-dan axşam saat 17-yə kimi davam edir.

Qeyd edək ki, faktla bağlı Baş Prokuroluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi qaldırıb. (Turan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar