“RUSİYA İLƏ ANLAŞIB, QARABAĞI GÖTÜRMƏLİYİK” – “30 ilin ən əlverişli şəraiti yaranıb” (Müsahibə)

Dərc olunub: 18/05/2018 - 18:56

“İndiki hakimiyyətin ən zəif həlqəsi Xarici İşlər Nazirliyidir”

qudret

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ovqat.com saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Qüdrət bəy, Ermənistanda geniş xalq kütləsinin iştirakı ilə hakimiyyət dəyişikliyi baş verdi. Bu zamana qədər müxalif siyasətçi kimliyi ilə tanınan Nikol Paşinyan artıq baş nazir təyin olunub. Bir çox ekspertlər və siyasilər bu hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə də təsir edəcəyini düşünürlər. Paşinyan hakimiyyətindən Siz nə gözləyirsiniz?

– Vaxtilə Rusiyada boyarlar Mişa Romanovu çar seçəndə düşünürdülər ki, o, ağıldankəm və uşaqdır. Axmaq Mişanı rahatlıqla idarə edə bilərlər. Sonradan hər kəsin axmaq kimi gördüyü həmin Mişanın sülaləsi Rusiyanı 300 ildən artıq idarə etdi. Rusiya indi də eyni məntiqlə Nikol Paşinyanı hakimiyyət gətirdi. Düşündülər ki, Paşinyan həm ağılsızdır, həm emosionaldır, həm də kifayət qədər təcrübəyə sahib deyil. Beləcə, Ermənistanda getdikcə artan Qərbə meylliliyi Paşinyanın təcrübəsizliyi nəticəsində ortadan qaldıra biləcəklərinə inanırlar.

Digər tərəfdən, Sarkisyan da həm uğursuz iqtisadi siyasəti və regionçu mövqeyi ilə xalq arasında, həm də Avropaya meylli siyasətilə Rusiya qarşısında etimadını itirmişdi. Bilirsiniz ki, 2009-cu ildə Türkiyə ilə Sürix protokollarını imzalayan Sarkisyan daha sonra Avropa İttifaqı ilə assosiativ saziş bağlamağa cəhd göstərmiş, bu da Rusiya tərəfindən birmənalı qarşılanmamışdı. Həmin təşəbbüsdən sonra Putin onu Kremlə çağırıb hədələmiş və Ermənistan bu sazişdən imtina etmişdi. Buna baxmayaraq, Rusiya görürdü ki, Ermənistan cəmiyyətində Qərbə meyllilik artır və bu işdə erməni diasporu aktiv rol oynayır.

Mənim qənaətimə görə, Paşinyanın hakimiyyətə gətirilməsi iki məqsədə qulluq edir: birincisi, qorxaq addımlarla belə olsa, Qərbə meylli siyasətə yönəlməyə çalışan Sarkisyanın cəzalandırılması, ikincisi, Paşinyanın timsalında qərbpərəstlərin hakimiyyətə gətirilməsi və təcrübəsizlikləri nəticəsində nüfuzdan salınması. Əks halda, Rusiya istəsəydi, Paşinyanın qarşısını rahatlıqla alardı. Məlum olduğu kimi, Paşinyanın çağırışıyla mitinqə ilk öncə bir neçə min adam çıxmışdı və Rusiyanın xeyir-duasını alsaydı, Sarkisyan bu aksiyanı polis gücüylə asanlıqla dağıda bilərdi.

– Bəli, necə ki, 10 il əvvəl bunu etmişdilər.

– Elədir, həmin vaxt hətta insan itkisi də yaşanmışdı. Səhv etmirəmsə, 10 nəfər adam güllələmişdilər. 2008-ci ildən fərqli olaraq, indi heç adam öldürməyə də ehtiyac yox idi. Polis dəyənək gücünə bir neçə minlik etirazçını meydandan qova bilərdi. Amma Rusiya Sarkisyana bu imkanı vermədi. Rusiyanın bu mövqeyindən cəsarətlənən Ermənistan xalqı Paşinyanı ciddi şəkildə dəstəklədi və bu, gözlənilən idi. Çünki xalq həmişə güclü olanın, yaxşı gələcək vəd edənin arxasınca gedir.

Hesab edirəm ki, Paşinyan hakimiyyəti maksimum bir il çəkəcək. Bir il ərzində Rusiya hansısa formada onun hakimiyyətini iflasa uğradacaq. İstərdim ki, biz Rusiya ilə bu istiqamətdə danışıqlar aparaq və Paşinyanın iflasını bizim vasitəmizlə həyata keçirilməsinə nail olaq.

– Yəni, demək istəyirsiniz ki, Paşinyan Ermənistanın Yusif Sərracıdır?

– Mən hesab edirəm ki, o, qurbanlıq qoyundur və yaxın vaxtlarda öz məntiqi aqibətini yaşayacaq. Necə ki, vaxtilə Moskva Mütəllibovu təyyarə ilə Bakıdan çıxartdı və Xalq Cəbhəsini hakimiyyətə gətirməyə şərait yaratdı, bir ildən sonra isə bütün demokratik qüvvələri iflasa uğratdı. Xalq hələ də bu şokdan xilas ola bilməyib və demokratik çağırışları ciddi qəbul etmir. Məncə, eyni ssenari indi Ermənistanda həyata keçirilir. Bu dəfə Ermənistandakı qərbpərəst qüvvələri məhv edəcəklər. Moskva ən azı bunu planlaşdırıb. Ona görə də istərdim ki, 1993-cü ildə Azərbaycanın başına gələnlərlə bu dəfə bizim qələbəmiz nəticəsində Ermənistan üzləşsin. Xatırlayırsınızsa, o vaxt əvvəlcə Kəlbəcər işğal edildi, sonra qiyam təşkil olundu. AXC hökumətinin nüfuzu xalq arasında Kəlbəcərin işğalından sonra ciddi zərbə aldı və hakimiyyətdən getdi. İndi də yaxşı olardı ki, biz torpaqlarımızı işğaldan azad edək və növbəti qiyamla Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın. Bunun üçün isə Azərbaycan hakimiyyəti Rusiya ilə intensiv danışıqlar aparmalı və hər iki tərəfin marağına uyğun ortaq məxrəcə gəlinməlidir. Əks halda, Ermənistanda vətəndaş müharibəsi baş versə, insanlar bir-birini qırsa belə, Rusiyanın razılığı alınmasa, Azərbaycanın Qarabağı işğaldan azad etməsi xeyli dərəcədə riskli və çətin olacaq. Belə olacağı təqdirdə isə biz Rusiya ilə üz-üzə gələ bilərik.

– Siz Rusiyanın Ermənistana qarşı bizimlə razılaşacağını mümkün hesab edirsiniz?

– Firkimcə, Rusiyanın müəyyən maraqlarını nəzərə alsaq, bizimlə razılığa gələr. Adi bir misal deyim: Gəncə qiyamından sonra biz Müstəqil Dövlətlər Birliyinə də getdik, 1994-99-ci illərdə 5 il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü olduq. Azərbaycanın o vaxt başqa yolu yox idi. Bu addımlar ona görə atılırdı ki, Rusiya Azərbaycanda sabitliyin yaranmasına maneçilik törətməsin. Azərbaycan o zaman Rusiya ilə müəyyən razılığa getdikdən sonra Surət Hüseynov tutulub Bakıya təhvil verildi, ölkədə siyasi müxalifətin fəaliyyətinə faktiki son qoyuldu, sabitlik bərqərar olundu, neft kontraktları imzalandı. Hakimiyyət bu addımı atmasaydı, Rusiya Azərbaycanın normal inkişaf yoluna qədəm qoymasına imkan verməyəcəkdi.

Biz indi də Rusiyanın maraqlarını nəzərə alsaq, Qarabağ probleminin həllində bəzi maneələri aşa bilərik. Rusiya ilə yenə də vasitəçi kimi danışacağıqsa, mümkündür ki, Moskva Paşinyanı devirmək üçün başqa alternativ variantlar üzərində düşünsün, Paşinyan hakimiyyəti bizim iştirakımız olmadan dəyişdirilsin, nəticədə status-kvo qorunub saxlanılsın. Ona görə də düşünürəm ki, son 30 ildə ilk dəfədir bizim Qarabağı almağımız üçün belə əlverişli şərait yaranıb.

İllər keçdikcə, bizim bu problemi həll etmək şansımız da azalır. Biz bundan sonra bir 30 il də danışıqlar aparacağıqsa, 60 il müstəqil dövlət kimi yaşayan qurumu (bunu istərsən “qondarma respublika”, istərsən, tanınmamış dövlət adlandır) yenidən Azərbaycanın tərkibinə qayıtmasını dünya birliyi qəbul etməyəcək. Necə ki, biz indi İrəvanı, Zəngəzuru nostalgiya hissiylə xatırlayırıq, münaqişənin həlli uzanarsa, Qarabağ barədə də keçmiş tariximiz kimi danışacağıq.

– Bu yaxınlarda Aleksandr Duqin Avrasiya İttifaqı haqqında görüşlərini yenidən gündəmə gətirdi. Açığını desəm, onun bəzi fikirləri sizin düşüncələrinizlə üst-üstə düşür. O, belə bir təkliflə çıxış etdi ki, Avrasiya İttifaqının sərhədləri genişlənməli, ittifaqa Türkiyə və İran da qoşulmalıdır. Duqinin fikrincə, həm Rusiya, həm Türkiyə, həm də İranın eyni ittifaqda birləşməsi üçün zəruri şərait yaranıb. Hər 3 ölkə ABŞ tərəfindən təzyiqlərə, şantajlara, sanksiyalara məruz qalır. ABŞ-ın hədəfı onları parçalamaqdır. Aleksandr Duqin ortaq təhlükəsizlik maraqlarını birləşdirməyi və Qərb imperializminə qarşı birgə mübarizəni təklif edirdi. Nəzərə alsaq ki, Duqin həm də Kremlə yaxın şəxs kimi tanınır, bu fikirləri Rusiyanın yeni staregiyası olaraq da qəbul etmək mümkündür. Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ problemində siz dediyiniz perspektivi – Moskvanın İrəvandan vaz keçməsi ehtimalını yarada bilərmi?

– Dediyiniz kimi, bu ideya xeyli əvvəl mənim tərəfimdən də səsləndirilib. Mən də söyləmişdim ki, Türk-Slavyan Respublikaları Birliyi yaradıla bilər. Nəzəri baxımdan mümkün kimi görünən bu ideyanın bəlkə də gələcəkdə reallaşdırılmaq potensialı daha güclüdür, hazırda isə isə bunu qeyri-real hesab edirəm.

Bununla belə, indiki zamanda gələcəyi proqnozlaşdırmaq çətindir. Hər an hər şey dəyişilə bilir. Bilirik ki, hazırda Türkiyə ilə üzvü olduğu NATO və Aİ-nin arasında çox ciddi problemlər yaranıb. Türkiyə əgər NATO-dan çıxarsa və Avropa İttifaqından uzaqlaşarsa, onun Avrasiya İqtisadi Birliyinə daxil olması barədə danışmağa dəyər. Hələlik isə, NATO-nun üzvü olan bir dövlətin alternativ və əks qütbdə dayanan ittifaqa üzvlüyündən danşmaq yersizdir.

Amma Türkiyənin atdığı bəzi addımlar siz dediyiniz ehtimalı da tam istisna etməyə imkan vermir. Bilirsiniz ki, Türkiyə Rusiyadan S-400 raketləri almaq istəyir və bu da NATO müttəfiqləri tərəfindən birmənalı qarşılanmır. NATO-nun bəzi üzvləri və Alyansın Baş katibi desələr də ki, bu, Türkiyənin hüququdur, ABŞ və Avropa Birliyinin siyasətini müəyyənləşdirən əsas dövlətlər bundan narazı qaldıqlarını gizlətmirlər.

Amma hazırda perspektivi şübhə doğuran, qeyri-real görünən ehtimallarla hərəkət etmək, nələrəsə ümid bəsləmək zamanı deyil. Hələlik real olan budur ki, Azərbaycan Rusiya ilə müəyyən anlaşmalara gedərək, Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola və yaranmış münbit şəraitdən faydalanaraq, Qarabağ məsələsini həll edə bilər. Əlbəttə, bizim Qarabağ problemimiz olmasaydı, mən də bir çoxları kimi istəməzdim ki, ölkəmiz bu qurumlara qoşulsun. Amma tərəzinin bir gözünə Qarabağı qoyub, o biri gözünə digər alternativləri qoyanda hesab edirəm ki, biz Qarabağ naminə bu addımları atmalıyıq. Azərbaycan Qarabağ məsələsinin həllində bizə nə qədər yaxın olub-olmamasına baxmayaraq, heç bir dövlətə güvənməməlidir. Yəqin, siz də gördünüz; Paşinyan bəyanat verdi ki, Ermənistan Türkiyə ilə heç bir şərt qoymadan və heç bir şərti də qəbul etmədən diplomatik əlaqələr qura, sərhədləri aça bilər. Türkiyənin baş naziri isə ona cavabında Dağlıq Qarabağ məsələsini tamamilə unutdu və bildirdi ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilərsə, biz bu təklifəri müzakirə etməyə hazırıq. Bu onu göstərir ki, dövlətlərin öz maraqları var və hər bir dövlət bu maraqlar çərçivəsində hərəkət edir. Azərbaycan da məsələlərə öz maraqları çərçivəsindən yanaşıb, Rusiya ilə danışıqlar aparmalıdır.

– Bayaq dediniz ki, Paşinyan Rusiyanın layihəsidir. Amma Ermənistanda həmin hadisələr baş verən ərəfədə Gürcüstanda da hərəkətlənmələr oldu. Saakaşvili öz tərəfdarlarını növbəti prezident seçkilərinə hazır olmağa və mübarizə aparmağa çağırdı. Səhv etmirəmsə, Gürcüstanda seçkilər noyabrda başlayacaq. Deməli, bu ilin payızında digər qonşumuzda da Rusiyadan qopma prosesinə start veriləcək. Sizcə, eyni geopolitik məkana aid olan iki dövlətdə eyni anda hərəkətlənmənin başlanması təsadüfidirmi? Hər iki proses bir-birinin tərkib hissəsinə oxşamırmı və eyni mərkəzdən idarə olunmurmu?

– Xeyr, mən demirəm ki, Paşinyanı Rusiya hakimiyyətə gətirdi. Mən deyirəm ki, Paşinyanın hakimiyyətə gəlməsinə və ya gətirilməsinə Rusiya “yaşıl işıq” yandırdı. Məqsəd isə Ermənistanda böyük vüsətlə yayılan Qərbə meyllənmək siyasətini öz nəzarəti altına almaq və Paşinyanın təcrübəsizliyindən istifadə edərək gözlədiyi təhlükəni ortadan qaldırmaqdır.

Rusiya görürdü ki, Ermənistanda qərbyönümlü mövqe güclənir. Hətta Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agenti Sarkisyan da artıq yavaş-yavaş Qərbə meyllənir. Rusiya da erməni qərbyönümlüləri iflasa uğratmaq üçün Paşinyana “yaşıl işıq” yandırdı. Bununla həm də Sarkisyanı cəzalandırdı.

Rusiyanın Sarkisyanı cəzalandırmaq niyyəti yeni ortaya çıxmayıb. 2016-cı ilin aprel ayının ilk günlərində Azərbaycanın Qarabağda ermənilərə əks zərbə endirməsinə Rusiya məhz bu səbəbdən üç gün səs çıxartmadı. Bilirsiniz ki, Sarkisyan hərbi səhra komandiri olub. Hərbi səhra komandirinin imicini, adətən, döyüş meydanında sındırırlar. Ona görə də məlum aprel hadisələrində Azərbaycana uğurlu hərbi əməliyyatlar keçirmək imkanı verildi. Sarkisyanın devrilməsində bu qalib imicinin sındırılması da mühüm rol oynadı.

ABŞ və digər Qərb ölkələrinin Paşinyanın hakimiyyətə gətirilməsində ciddi şəkildə iştirak etdikləri heç kimə sirr deyil. Vaxtilə Ukraynada baş verən Maydan hərəkatının təşkilatçılarının böyük qismi son hadisələr zamanı Ermənistanda idi. Rusiya da bunu görür və bir müddətdən sonra nüfuzdan salacağı qurbanının qarşısındakı maneələri aradan qaldırırdı. Bəlkə də Paşinyanı dəstəkləyən Qərb belə, onun bu tezliklə qələbə qazanacağını gözləmirdi. Bir sözlə, Qərb də, Rusiya da öz oyununu oynayırdı.

Gürcüstandakı proseslərə gəlincə, onu demək istərdim ki, Qərb Saakaşvilini yenidən hakimiyyətə gətirərsə, Ermənistanın Avropaya çıxışı yaranacaq, özü də iki istiqamətdə. İstiqamətlərdən biri, yəqin ki, Türkiyə olacaq. Zənnimcə, bir müddətdən sonra Qərb Ermənistanla sərhədləri açması üçün Türkiyəyə təzyiqlərə başlayacaq. Gürcüstanda da hakimiyyət dəyişikliyinə nail olunarsa, Ermənistan üçün ikinci “nəfəslik” bu istiqamətdə açılacaq. Qərbin fikrincə, yalnız bu yolla Ermənistanı Rusiyanın asılılığından qurtarmaq mümkündür. Bu mənada Qərbin Saakaşvilini yenidən Gürcüstanda hakimiyyətə gətirmək niyyətini istisna etmək mümkün deyil.

Gürcüstanda hakimiyyət dəyişikliyinin sosial əsasları da mövcuddur. Gürcülər arasında İvanişviliylə bağlı ümid qırıqlığı yaşanır və növbəti seçkilərdə bu amil həlledici rol oynaya bilər.

Saakaşvili hakimiyyətə gəlsə, Qərbin Ermənistanla bağlı tələblərini yerinə yetirəcək. Nəticədə ermənilərin vəziyyəti daha da yüngülləşəcək. Baxmayaraq ki, Saakaşvilinin Azərbaycanla və Prezident İlham Əliyevlə yaxın münasibətləri var, amma o, Qərb qarşısında boynuna götürdüyü missiyasını yerinə yetirməyə məcbur olacaq.

qudret_(8)

– Qüdrət bəy, yəqin, razılaşarsınız ki, Qərb dövlətləri Cənubi Qafqaz ölkələrini ayrı-ayrı dövlətlər kimi yox, vahid geopolitik məkan olaraq qəbul edirlər. Həmin vahid regionun 3 ölkəsindən ikisində Avropaya meylli hərəkətlənmə başlayıb. Azərbaycan isə Rusiyaya yaxınlaşır. Rusiya isə zəifləyən tərəfidir. Bu fərqli oriyentasiya bizim dövlətin gələcəyi üçün nə vəd edir?

Əvvəla, Qərb Azərbaycanda hərəkətləri proqnozlaşdırıla bilinməyən hakimiyyətin formalaşmasını arzulamır və buna imkan verməyəcək. Məhz bu səbəbdən iqtidarı nə qədər tənqid etsə də, ən kritik məqamda onu ciddi şəkildə dəstəkləyir. İkincisi, Qərbin bu regionda ən böyük arzusu o idi ki, Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsində əsas rolu Rusiya oynasın. Beləcə, Azərbaycanla Rusiya əbədi düşmən olsun. Rusiya isə böyük təcrübəsi olan bir dövlət kimi, bu niyyəti başa düşür və status-kvonu qorumağa çalışır.

Qərb də eyni səbəbdən Azərbaycanı çox sıxmaq istəmir, gedib Rusiyaya daha çox yaxınlamasından ehtiyatlanır. Amma qərblilərin qəlbi ermənilərlə bir yerdədir. İstəyirlər ki, Qarabağ ermənilərə verilsin. Bunun səbəbi isə xristian təəssübkeşliyindən və islamfobiyadan qaynaqlanır. Odur ki, həm hakimiyyəti qorumaq strategiyasını sürdürür, həm də Azərbaycanı insan haqlarını pozmaqda, seçkiləri saxtalaşdırmaqda günahlandırır. Bir sözlə, Azərbaycanı gözüqırpıq vəziyyətdə saxlamağa çalışır. Ona görə də Gürcüstan və Ermənistanla müqayisədə bizə yanaşma tamamilə fərqlidir.

– Amma bizə və qonşularımıza bu təzadlı və ikili standartlardan yanaşma nəticəsində, Azərbaycan qeyri-demokratik, Ermənistan və Gürcüstan isə demokratik dövlət imicini möhkəmləndirir. Bu isə istər-istəməz diplomatik danışıqlar zamanı ölkəmizin əleyhinə işləyir, gücümüzü zəiflədir. Sözsüz ki, bu, Qarabağ probleminin ədalətli həllinə də öz mənfi təsirini göstərir…

– Ermənistanda məlum hadisələr baş verəndə AXCP sədri bir açıqlama vermişdi ki, guya, bu ölkənin demokratikləşməsi Azərbaycan üçün böyük şans deməkdir, bundan sonra torpaqlarımızın qaytarılması reallaşa bilər. Mən o zaman demişdim ki, bu fikri söyləmək üçün gərək həddindən artıq diletant olasan. Demişdim ki, əvvəla, Ermənistan demokratikləşəcəksə, Qərbdən aldığı dəstək artacaq. İkincisi, demokratik Ermənistanın güclü iqtisadiyyatı yaranacaq. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Üçüncüsü, demokratik cəmiyyətdə Sarkisyan tərəfindən öldürülmüş dəyərlər yenidən bərpa olunacaq. İnsanların vətən, torpaq sevgisi yüksələcək, xalqın özünə inamı və gücü artacaq. Biz indiki Ermənistandan torpaqlarımızı ala bilmiriksə, belə bir dövlətdən necə alacağıq?

Digər tərəfdən, Qarabağ uğrunda ən qanlı savaşlar Elçibəylə Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrlərə təsadüf edir. Hər iki lider də demokrat kimi qəbul olunub. Ermənistanın demokratikləşməsindən mədəd umanlar unudurlar ki, Qarabağ konflikti bir dövlətin başqa bir dövlətə ərazi iddiasından qaynaqlanır və dövləti idarə edən rejimlərin xarakteri düşmənçilik münasibətlərini dəyişdirmir. Əksinə, Ermənistanın demokratikləşməsi Azərbaycanın durumunu bir az da çətinləşdirəcək…

– Amma belə bir təsəvvür var ki, ətraf ölkələrdə demokratikləşmə prosesi irəlilədikcə, bu, Rusiyanın da dağılmasına gətirib çıxaracaq. Nəticədə Azərbaycan bir çox məsələlər kimi, öz suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa edə biləcək…

– Mən bu fikirlərlə razılaşmıram. Bildiyimiz kimi, SSRİ Qarabağdakı separatçı hərəkat ortaya çıxandan sonra çökdü. İttifaqda gedən demokratikləşmə prosesi müxtəlif milli konfliktlərin yaranmasına da səbəb oldu və mərkəzdənqaçma prosesini sürətləndirdi. Mən əminəm ki, Rusiya Dağlıq Qarabağ və digər bənzər konfliktlərin həlli istiqamətində ədalətli mövqe tutmasa, separatçı tərəflərə bu yöndə təzyiqlər etməsə, Rusiyanın da dağılması sürətlənəcək. Amma bu o demək deyil ki, Rusiya dağılacağı təqdirdə, biz Qarabağ probleminin ədalətli həllinə nail olacağıq. Bu dəfə Rusiyadan da qat-qat güclü olan qüvvələr – ABŞ, Avropa dövlətləri bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər. Əksinə, bəlkə Rusiyaya görə ABŞ bizim coğrafiyaya hərbi müdaxilələr edə bilmir. Rusiya dağılarsa, daha asanlıqla Cənubi Qafqazda öz nəzarətini gücləndirəcək. Nəzərə alsaq ki, bu zaman Gürcüstan da NATO-ya üzv olacaq və öz ərazilərini Alyans qüvvələrinə açacaq, NATO qüvvələrinin gəmiləri Qara dənizdə, Aralıq dənizində lövbər salacaq, ABŞ istənilən an istədiyi bölgəyə müdaxilə edə biləcək. Mən məhz buna görə hazırda yaranmış vəziyyətin Azərbaycan üçün bir şans olduğunu düşünürəm.

Açığını desəm, mən Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağı necə azad etməklə bağlı siyasətini başa düşə bilmirəm. Sadəcə, sanki proseslər zamanın öhdəsinə buraxılıb. Hesab edirəm ki, hökumət Rusiya ilə razılaşmadan hərbi əməliyyatlara başlamağın riskli olduğunun fərqindədir.

Sonda, əlbəttə, hətta Rusiya buna razılıq verməsə də, ABŞ bizə mane olmağa çalışsa da, Azərbaycan öz torpaqlarını azad etmək üçün qanlı savaşa girməlidir. Bunun alternativi yoxdur. Hər bir özünə hörmət edən, qürurlu xalq vətən torpaqlarını qorumağa borcludur. Amma bunu da etiraf etməliyik ki, Qarabağ məğlubiyyətindən sonra Azərbaycan xalqında özünə inam hissi kortalıb. Nə qədər pafosla danışsaq da, xalqın gözü qırılıb. Böyük uğurlara imza atacağına özü də inanmır. Heç bir iqtidar öz ölkəsini yenidən qura bilməz – əgər xalq o quruculuq prosesinə qoşulmazsa. Bizim insanlar isə (mən, əlbəttə, bu fikri hər kəsə şamil etmirəm) hazırda gündəlik məişət qayğılarıyla yaşayırlar, nəinki böyük dəyərlər barədə düşünürlər. Böyük dəyərlər deyəndə, xalqın öz torpaqlarını qorumaq, soydaşlarının ağır vəziyyətinə acımaq, haqsızlığa, ədalətsizliyə etiraz etmək xüsusiyyətlərini nəzərdə tuturam. Təəssüf ki, cəmiyyətimizin bir qismi bu duyğularını itirib.

Məsələn, mən o gün “Qaçqınkom”un yeni sədri Rövşən Rzayevin qaçqınlarla görüşünü seyr etdim. Yeni sədr qaçqınların yaşadığı qəzalı vəziyyətdə olan mənzillərinə getmişdi. Həmin görüşdən çəkilən fotolar mətbuat orqanlarında dərc olunmuşdu və mən də həmin şəkilləri mediadan izləmişdim. İnanırsınız, onların yaşadığı şəraitə baxdıqca, adamın ürəyi parça-parça olurdu. Mənzillərdəki açıq elektrik məftilləri, antisanitariya şəraiti, susuzluq, tualet üçün insanların növbəyə durması və sairə mənzərələr… Nəzərə alsaq ki, ilk qaçqınlar 1988-ci ildə yurd-yuvalarından qovulublar, düz, 30 il edir. Bir insan nə qədər bu vəziyyətdə yaşaya bilər? İnsana Allah-Təala nə qədər ömür verib ki, onun 30 ilini bu cür yaşasın? Bilirsinizmi, o insanların halına yanmaq üçün gərək ali dəyərlərə sahib olasan. Ali dəyərlərin formalaşması üçün isə ilk növbədə məğlubiyyət sindromu dəf edilməlidir.

– Məsələ də bundadır, Qüdrət bəy. Deyirsiniz ki, Qarabağı işğaldan azad etmək üçün ilk növbədə gərək ali dəyərlərə sahib olaq. Digər tərəfdən, hərbi əməliyyat üçün beynəlxalq şərait yaranmalıdır. Deyək ki, biz getdik, Rusiyayla razılaşdıq və Ermənistanın Qərbə yönəlməsini cəzalandırmaq istəyən Rusiya da bizə öz torpaqlarımızı qurtarmaq üçün fürsət verdi. Bəs, Qərb ölkələrinin məsələyə münasibəti necə olacaq? İndiki şəraitdə hərbi əməliyyatlara başlasaq, bütün dünyanı qarşımıza almarıq?

– Mən hesab edirəm ki, indi bəlkə də ən əlverişli zamandır. Bir azdan sonra vəziyyət daha da çətin olacaq. Ona görə ki, hazırda ABŞ-ın başı Şimali Koreyaya, İrana, Ukraynaya, Suriyaya, Rusiyaya qarışıb. Fələstinlə İsrail arasında qarşıdurmalar beynəlxalq ictimaiyyəti daha çox maraqlandırır. Trampın ağılsız qərarının nəticəsində Qüds problemi xeyli gərginləşib. Bu vəziyyətdə bizim Qarabağı işğaldan azad etmək şanslarımız bir az da artıb. Açıq deyək ki, Türkiyə də əvvəlki qədər Qərb tərəfindən idarə olunmur.

Yeri gəlmişkən, Türkiyənin əvvəlki hakimiyyətləri barədə sizə bir fakt deyim. Sabiq yüksək ranqlı diplomatlardan birinin mənə etirafına görə, mərhum Prezidentimiz Heydər Əliyev öz türkiyəli həmkarı Əhməd Necdat Sezerlə Dağlıq Qarabağı işğaldan azad etmək barədə danışmaq istəyir. Sezer isə ona sözünü bitirməyə imkan vermədən bildirir ki, “biz NATO üzvüyük. NATO-nun icazəsi olmadan Azərbaycana bir qurşun da verə bilmərik. Ona görə də müharibə variantını tamamilə kənara qoyun”.

İndi isə Türkiyə Rəcəb Tayib Ərdoğanın sayəsində daha müstəqil siyasət yürüdür. Demək istəyirəm ki, bu faktor da bizim xeyrimizədir. Bilmək olmaz, 5 ildən sonra nələr olacaq.

– Bir sözlə, “ən münasib vaxt indidir”, deyirsiniz.

– Bəli. Üstəlik, İranla ABŞ arasında münasibətlər gərginləşib. Proqnozlaşdıra bilmərik ki, qısa müddət ərzində İranda nələr baş verəcək. Mümkündür ki, 5 ildən sonra İranda tam ABŞ və Qərb yönümlü bir komanda hakimiyyətə gəlsin.

Yadınızdadırsa, Azərbaycanda növbədənkənar seçkilər təyin olunanda mən bunu regionda gedən proseslərlə əsaslandırmışdım. Hadisələrin gedişatı bu ehtimalımda yanılmadığımı göstərir. Görünən budur ki, həqiqətən də hakimiyyət bugünkü situasiyanın yaranacağını hələ o vaxt hiss etmiş, götür-qoy etdikdən sonra seçkiləri qabağa çəkmiş, bir növ, zamanı qabaqlamağa qərar vermişdir.

– Söz İrandan düşmüşkən, Siz cənubda yaşanan hadisələrə necə baxırsınız? ABŞ-İran ziddiyyətindən nə gözləyirsiniz?

– Mənim qənaətimə görə, ABŞ İranda rejimin dəyişdirilməsinə nail olmaq istəyir. Trampın nüvə anlaşmasından imtina etməsi də buna hesablanıb. İranın müqavilə öhdəliklərini yerinə yetirməməsi barədə irəli sürülən iddialar isə sadəcə bəhanələrdir. Məlumdur ki, Beynəlxalq Nüvə Agentliyi də, həmin müqaviləni imzalayan digər 5 dövlət də İranın öz öhdəliklərini yerinə yetirdiyini bəyan ediblər. Tramp isə bu bəyanatlarla razılaşmır. Məncə, bu, səbəbsiz deyil. Trampın seçilməsində yəhudi lobbisinin çox böyük xidmətləri olub. Həmin lobbi vasitəsilə İsrail ABŞ prezidentinə təzyiqlər edir və Tramp da bir çox addımları məhz bu səbəbdən atmaq məcburiyyətində qalır.

Onu Rusiya ilə əməkdaşlıqda günahlandıraraq sıxışdırırlar və bu təzyiqlər yalnız ABŞ prezidentilə də məhdudlaşmır. Bütövlüklə hakimiyyət komandası hədəfə alınır. Artıq Trampın seçki prosesində iştirak edən bir çox şəxslər barəsində cinayət işi qaldırılıb. Həmin şəxslərin Rusiyanın müəyyən dairələri ilə əlaqələri sübuta yetirilib. Belə çətin vəziyyətdə Tramp xalqın diqqətini özündən yayındırmaq üçün cəsarətli addımlar atmalıdır. Tramp bilir ki, xalq cəsarətli, qətiyyətli lideri qəhrəmanlaşdırır, onun arxasınca gedir və müharibə dövründə öz liderini dəstəkləyir. Ona görə də əvvəl Suriyanı bombalayaraq, Rusiyaya qarşı mövqeyini ortaya qoydu. Daha sonra Şimali Koreyaya qarşı sərt davrandı və bu da öz nəticəsini verdi. Çünki ABŞ özünün ən qüdrətli ordu birliklərini Şimali Koreya ətrafında topladı və Pxenyana qarşı sərt sanksiyalar tətbiq etdi. Nəticədə Şimali Koreyanın gənc lideri – hansı ki Tramp ona “raketmən” deyirdi, güzəştə getməkdən başqa yolunun olmadığını anladı. ABŞ prezidentlərinin uzun zamandan bəri nail ola bilmədiyi uğura imza atması Trampı İrana qarşı da eyni sərtliklə davranmağa ruhlandırır. Bununla da ən böyük dəstəkçisi olan İsrailin könlünü oxşayır. ABŞ indi İrandakı İsrail əleyhinə ritorikası ilə tanınan rejimi ortadan qaldırmaq istəyir. Buna nə qədər nail olacaq, bilmirəm, amma İranın daxilində sosial-iqtisadi vəziyyətin gərginləşməsi, bəzi fars şovinistlərinin müxtəlif etnik qruplar, o cümlədən Azərbaycan türkləri barədə zaman-zaman söylədikləri təhqiramiz ifadələr cənubda hansısa dağıdıcı proseslərin getdiyini təsdiqləyir. Ola bilsin ki, həmin qüvvələr xarici kəşfiyyata bağlıdır və İranda separatizm meyllərini gücləndirməyə xidmət edirlər.

Maraqlıdır ki, bu təxribatçı fəaliyyətlərə yüksək dairələr də qoşulub. Yadınızdadırsa, bu yaxınlarda İran prezidentinin müşavirlərindən biri Azərbaycan türklərinin milli kimliyi ilə bağlı axmaqcasına danışmış və bu da böyük etirazlara səbəb olmuşdu. İranda həm milli münasibətlərin düzgün qurulmaması, həm sosial vəziyyətin ağırlığı sanksiyaların təsirini daha da artıra bilər.

– Yəni, Siz ABŞ-ın İran rejimini öz daxili gücü hesabına dəyişdirəcəyini düşünürsünüz? ABŞ-İran müharibəsini istisna edirsiniz?

– ABŞ İran rejimini laxlatmaq üçün onun müəyyən obyektlərini İsraillə birlikdə vura da bilər. Bu variantı istisna etmirəm. Çünki ABŞ özünün ən böyük aviadaşıyıcılarını regiona göndərib. Mənə elə gəlir ki, hərbi müdaxilələr təkcə Suriya ilə məhdudlaşmayacaq. ABŞ məsələni birdəfəlik həll etmək istəyəcək. Həm Suriyadan İranı sıxışdırıb çıxarmağa, həm Livan Hizbullahının və HƏMAS-ın kökünü kəsməyə, həm də İranın özündə rejimi dəyişdirməyə çalışacaq. Zənnimcə, Tramp bu barədə ciddi şəkildə düşünür və bunu həyata keçirmək niyyətindədir.

Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri də bu sahədə ondan maddi dəstəklərini əsirgəməyəcəklər. Bu ölkələr hərbi xərclərin bir hissəsini öz üzərlərinə götürəcəklər. Ona görə ki, siyasi şiəlik ərəb ölkələrini də ciddi təhdid edir. Körfəz ölkələrindəki şiələrin İran tərəfindən təşkilatlandırılması və maliyyələdirilməsi həmin dövlətlərin milli maraqlarına cavab vermir, onları əndişələndirir.

Ümumiyyətlə, İrana çox ağır təzyiqlər olacaq və özü də bunun fərqindədir. İran Xarici İşlər nazirinin bu günlərdə Çinə, ardınca Rusiyaya və Brüsselə səfəri də daxili narahatlığını göstərir.

– İran bu səfərlərlə nəyə nail olmaq istəyir?

– İstəyir ki, həmin dövlətlərin dəstəyini alsın və özünü mümkün zərbələrdən qorusun.

– Necə fikirləşirsiniz, İran bu qədər sosial-iqtisadi problemlə çarpışdığı halda, niyə regiona yayılmaq siyasətindən əl çəkmir?

– Bu, İranın dövlət ideologiyasından və böyümə strategiyasından irəli gəlir. Onlar düşünürlər ki, regionun güclü dövləti olmaq üçün İran öz nüfuz dairəsini genişdirməli və təsir imkanlarını artırmalıdır.

Bununla belə, İranın yürütdüyü regional siyasət bir çox səhvlərlə doludur. Bunun ən bariz nümunəsini biz İranın Azərbaycan və Ermənistanla bağlı siyasətində görə bilərik. Əvvəla, bir İslam dövləti kimi İranın Ermənistanla münasibətləri imkan verir ki, hər kəs onu ikiüzlülükdə və riyakarlıqda ittiham etsin. Necə ola bilər ki, Fələstində 50-60 nəfər ölür, az qala, İsrailə müharibə elan edirsən, amma Qarabağda 20 mindən çox dinc azərbaycanlı qətlə yetirilir, məscidlər yandırılır, sən bu cinayəti törədənlərlə dostluq münasibətləri qurursan, yeri gələndə onu dəstəkləyirsən?

Əlbəttə, Fələstində yaşanan insanlıq dramı hamımızı narahat edir. Hamımız müsəlmanıq, müsəlmandan öncə insanıq. Təbii ki, dinindən, milli kimliyindən asılı olmayaraq, hər kəs Fələstini dəstəkləməlidir. Eyni dini etiqada sahib olaraq, bizim Fələstini hər kəsdən daha çox müdafiə etməyimiz lazımdır. Amma Fələstinə göstərilən diqqətin Azərbaycana çox görülməsi başadüşülən deyil.

Üstəlik, biz qonşu dövlətik, İranda milyonlarla azərbaycanlı türkü yaşayır. Sən isə gedib Ermənistan liderləri ilə görüşürsən, gündən-günə əlaqələrini genişləndirirsən. Elədirsə, hansı müsəlmançılıqdan danışa bilərsən? İranın bu ikiüzlü siyasəti onun imicini darmadağın edir.

İranın bir də Rusiyanın regiondakı əlaltısı olmaq imici də var. Bu səbəbdən də zaman-zaman Türkiyə ilə icəşir. İranın indiki hakimiyyəti normal bir siyasət yürütməsə, özü üçün çox böyük problemlər yaradacaq.

– Deyirsiniz ki, Azərbaycan hakimiyyəti yaxın günlərdə həm də Cənub məsələsinə hazırlaşmalıdır?

– Azərbaycan hakimiyyəti son dərəcədə ağıllı, uzaqgörən və cəsarətli siyasət yürütməlidir. Əvvəla, biz İrandan, nəhayət, tələb etməliyik ki, Ermənistanla bağlı siyasətinə yenidən baxsın. Əgər İran bu tələbi yerinə yetirməsə, İsraillə Azərbaycanın əməkdaşlığı daha yüksək səviyyəyə gətirilməlidir. Sıçan-pişik oyununa artıq son qoyulmalıdır.

İran nəzərə almalıdır ki, həm də azərbaycanlıların dövlətidir. Orda 30 milyon soydaşımız yaşayır və bu ölkə yüzillər boyu Azərbaycan türkləri tərəfindən idarə olunub. Gələcəkdə də bu hal təkrarlana bilər.

– İran demokratikləşərsə, bu ehtimal qaçılmaz olacaq.

– Hətta demokratikləşməsə belə, bu ehtimal istisna edilməməlidir. Çünki İrandakı azərbaycanlıların demoqrafik artımı bütün balansları alt-üst edə bilər. Sizə bir misal çəkim: bəzi politoloqlar SSRİ-nin dağılmasını demoqrafik amillə əsaslandırırlar. İddia edilir ki, bu ittifaq rusların özü tərəfindən dağıdıldı. Ona görə ki, SSRİ dağılmasaydı, yaxın 50 il ərzində müsəlmanların sayı rusları üstələyəcəkdi. Dünyanın hərbi cəhətdən və ərazi etibarilə ən böyük dövlətlərindən biri müsəlmanların əlinə keçəcəkdi. Bu təhlükənin qarşısını vaxtında almaq üçün ruslar SSRİ-dən vaz keçməli oldular.

– Bəli. Hətta indinin özündə də BMT-nin hesabatlarında etiraf olunur ki, 2050-ci ilə qədər Rusiyada müsəlman əhali xristianları üstələyəcək.

– Görürsünüzmü, SSRİ qalsaydı, bu, daha tez reallaşacaqdı. Eyni proses İranda da baş verə bilər. Demoqrafik vəziyyət elə dəyişilə bilər ki, farsların özü milli azlığa çevrilər. Odur ki, Azərbaycan hakimiyyəti İran qarşısında öz kəskin mövqeyini ortaya qoymalı, onun Ermənistanla bağlı siyasətinə yenidən baxmasına nail olmalıdır.

– Qüdrət bəy, bunu İrana deyəcək qurum Azərbaycan XİN-dir. Onun rəhbəri isə hətta doğma dilində danışa bilməyən birisidir. Hesab edirsiniz, azərbaycanlıların belə başa düşməkdə çətinlik çəkdiyi Elmar Məmmədyarovun dilini İran rəsmiləri anlaya biləcəklər?

– Açığını desəm, indiki hakimiyyətin ən zəif həlqəsi XİN-dir. XİN-dəki bu zəifliyi aradan qaldırılmaq üçün isə Prezident Administrasiyasına iki yeni məmur gətirmək olar: biri şöbə müdiri, digəri Prezidentin xarici məsələlər üzrə köməkçisi. Həmin vəzifələrə sanballı diplomatlar, siyasətçilər təyin edilməlidir. Məsələn, mən çox istəyərdim ki, bizim təcrübəli diplomatımız və keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov hakimiyyət komandasından kənarda qalmasın. Yaxud bizim çox qabiliyyətli, savadlı səfirlərimiz var, onlar bu vəzifələrin öhdəsindən gələ bilərlər. Mən sadəcə ad çəkib onları hədəfə çevirmək istəmirəm. Çünki onlar hazırda fəaliyyətdə olan səfirlərdir. Həmin təcrübəli kadrların sayəsində Prezidentin xarici işlər komandası gücləndirilməlidir.

– Sizin sözünüzə qüvvət, son Ermənistan hadisələrində mənim diqqətimi bir məqam çəkdi. İlham İsmayıl sarkazm məqsədilə Paşinyanın adından bir status yazdı. Buna hər kəsdən əvvəl XİN inandı. Məlum oldu ki, bu nazirlik Paşinyanın Şuşa səfərində dediklərini heç izləməyibmiş. Halbuki, həmin vaxt nazirliyin bütün diqqəti Azərbaycanın ərazisi olan Şuşaya yönəlməliydi. Bu da əslində nazirliyin öz işinə laqeyd yanaşdığını göstərir…

– Bəli, mən də razıyam bu fikirlərlə. Üstəlik, Paşinyan ilk səfərinin Şuşaya olacağını əvvəldən açıqlamışdı. Həmin gün həm də Şuşanın işğal günü idi. Bəhs etdiyiniz skandal onu göstərdi ki, Ermənistanın Baş naziri Azərbaycan torpağına gəlib, amma bu, bizim tərəfimizdən izlənilmir. Halbuki, Paşinyanın hər addımı izlənilməli, o qorxudulmalı, çıxışı əvvəldən axıra yazılmalı, barəsində maksimum informasiya toplanmalı idi.

Yeri gəlmişkən, bu məsələ ilə əlaqədər İlham İsmayıla qarşı etirazları anlamıram. Əksinə ona təşəkkür edilməlidir ki, nöqsanlarımızı ortaya çıxartdı.

Söhbətləşdi: Heydər Oğuz








loading...


Fikrinizi bildirin