“SOVETSKİ”də YENİDƏN SÖKÜNTÜ BAŞLAYIR – Kompensasiyadan narazı sakinlər Prezidentə müraciət etdilər

Məlum olduğu kimi, 2014-cü ildən etibarən Bakının “Sovetski” kimi tanınan məhəlləsinin sökülməsinə başlanıb. Bununla əlaqədar bu məhəllədə yaşayanların başqa ərazilərə köçürülməsi həyata keçirilir. Köçürmənin birinci mərhələsi 2017-ci ilin yayında başa çatıb və 4 min 300 ailə ərazidən çıxarılıb. Köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar. Ölkə rəhbərliyinə müraciət edərək, problemlərinin həll olunmasını gözləyirlər.

Belə bir şəraitdə Yasamal Rayon İcra Hakimiyyəti köçürmə işlərinin artıq ikinci mərhələsinə hazırlaşır. Verilən məlumatlara görə, yaxın günlərdə Bakının “Sovetski” məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək. Artıq yeni mərhələdə köçürmə ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesinin həyata keçiriləcəyi gözlənilir.

Bununla bağlı icra hakimiyyəti tərəfindən məhəllə sakinlərinə xəbərdarlıq da edilərək, bildirilib ki, ərazidə yaşayan ailələrə yenə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcək.

Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Haqsız da deyillər.

Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikinti materialları bazarında qiymətlər xeyli bahalaşıb, sahəsi kiçik olan mənzillərdə yaşayanların verilən kompensasiya ilə özlərinə ev tikməkdə belə çətinliklə üzləşəcəkləri şübhə doğurmaz. Ona görə də sakinlər hər kvadratmetrə kompensasiyanın ən azı 2 min manata qaldırılmasını, sahəsi kiçik olan mənzillərə 2500 manatdan hesablanmasını xahiş edirlər. Ya da sahəsi kiçik olan evlərdə yaşayanlara əraziyə yaxın binalarda 2 otaqlı mənzillər verilməsi arzusundadırlar.

Elə “AzPolitika.info” ya müraciət edən bir qrup “Sovetski” sakini də bununla bağlı saytımız vasitəsilə ölkə prezidenti İlham Əliyevdən və I vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirlər.

Onlar ilk növbədə ölkə prezidentinin göstərişi ilə həyata keçirilən abadlıq-quruculuq işlərini dəstəklədiklərini ifadə edirlər: “Prezidentin həyata keçirdiyi quruculuq işləri sayəsində, paytaxtımız Bakının siması tamamilə dəyişib. Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. “Sovetski” məhəlləsindəki köhnə evlərin sökülərək, yerlərində yeni binaların tikilməsi şəhərimizin görkəmini daha da gözəlləşdirəcək”.

Ərazidə yaşayanlar Prezidentdən və I vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirlər ki, bu zaman köçürməni həyata keçirənlərə onların da problemlərinə diqqətlə yanaşlımasını tapşırsınlar: “Bilirik ki, Prezidentimiz daim insan amilinin ön planda tutulmasını tapşırıb. Vətəndaşların incidilmədən, razı salınaraq köçürüməsini tələb edib.

Ancaq köçürməni həyata keçirən vəzifəli şəxslər buna əməl etmirlər. Ərazidə yaşayanlarını bir çoxu kompensasiyanın azlığından şikayətçi olsalar da, bunu nəzərə almırlar. Yenə hamıya 2014-cü ildəki kimi hər kvadratmetrə görə 1500 manat kompensasiya ödəniləcəyi deyilir. Ancaq əvvala bu məblğ o vaxt da düzgün hesablanmamışdı. “Sovetski" massivində yaşayış binalarında mənzilin kvadratı 3000-4000 manat arasında dəyişir. On illər ərzində şəhərin mərkəzində yaşayan insanlar onlara verilən kompensasiya ilə özlərinə buraya yaxın yerlərdə ev ala bilmirlər. Ona görə də evlərindən çıxmaq istəmirdilər. Birinci köçürmə zamanı belə insanları, yəni kompensasiya ilə razılaşmayanları zorla evlərindən çıxardılar. Bu da ciddi narazılıqlar yaratdı.

İkincisi də, tikinti materialları bazarında qiymətlər 2014-cü ildəki kimi deyil, bahalaşıb. Təklif edilən kompensasiya ilə nəinki şəhərin mərkəzində, hətta sahəsi kiçik olan evlərdə yaşayanlar paytaxtın kənar rayonlarında belə mənzil ala bilməyəcəklər. Ona görə də kompensasiyanın məbləğinin ən azı 2 500- 3000 manata çatdırılmasını xahiş edirik”.

Sakinlər şəhərin mərkəzində yaşayan insanların cox az məbləğdə kompensasiya verərək, ucqar qəsəbələrə göndərilməsinin nə haqqa, nə də hüquqa uyğun olduğunu vurğulayırlar: “Hazırda Qobuda yaşayanların əksəriyyəti ”Sovetski" camaatıdır. Evini söküblər, kvadratı az olduğu üçün kompensasiyanı da az alıb, məcbur qalıb Qobuda ev tikib. Niyə şəhərin mərkəzində yaşadığımız halda,  Qobuya və ya başqa bir yerə köçməliyik? Burada yaşayanların bir çoxunun 60-70 yaşı var. Bu yaşa qədər şəhərin mərkəzində yaşayan adam necə gedib kənarda yaşasın? Ev balaca olsa da şəhərin mərkəzindədir, istədiyimiz yerə rahat gedirik. İş yerlərimizə yaxındır, əlavə xərclər çəkmirik.  Ona görə də bizlər - evinin sahəsi kiçik olanlar bu cür kompensasiya ilə köçürməyə qarşıyıq. Dövlətimizin bunu nəzərə almasını xahiş edirik”.

Sakinlər bildirirlər ki, sahəsi böyük evlərdə yaşayanlar üçün hər kvadratmetr üçün 1500 manat kompensasiya verilməsi ciddi çətinlik yaratmasa da, kiçik mənzilləri olan ailələr evsiz qalmaq təhlükəsilə üzləşiblər: “ Burada yaşayanların bir hissəsinin evinin sahəsi cəmi 25 və ya 30 kvadratmetrdir.

Hər kvadratmetr üçün 1500 manat kompensasiya verdikdə, bu 40 -45 min manat edir. Bu qiymətə hansı mərkəzi küçədə ev ala bilərsən? Heç paytaxtın kənar rayonlarında belə, bu qiymətə normal mənzil almaq mümkün deyil. Bu dəqiqə "Sovetski"dəki təzə yaşayış binalarında mənzilin kvadratı 4 min manatdan aşağı deyil. Bəs, bizə niyə 1500 manatdan verirlər?

Kompensasiya veriləndə mənzil bazarındakı vəziyyət nəzərə alınmalıdır. Elə pul versinlər ki, heç olmasa Yasamalın başqa yerində ev ala bilək.

Ona görə də biz hörmətli Prezidentimizdən və I vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirik ki, sahəsi kiçik olan mənzillərdə yaşayanlara verilən kompensasiyanın həcmi 2 dəfə artırılsın. Bizim evlərin ərazisində tikilən göydələnlərdə mənzillərin kvadratı neçəyə satılırsa, o məbləğdə də kompensasiya verilsin.

Yaxud da, şəhərin mərkəzinə yaxın ərazilərdə sahəsi kiçik olan evlərdə yaşayan ailələr 2 otaqlı mənzillərlə təmin olunsunlar. Bizcə dövlətimizin buna gücü də, imkanı da çatar”.

Sonda narazı vətəndaşlar ölkə prezidentinin və  I vitse-prezidentin onların probleminə diqqətlə yanaşacaqlarına əmin olduqlarını bildiriblər: “Bilirik ki, Prezident əhalinin incidilməməsini tapşırıb. Mehriban xanım Əliyeva isə hətta zirzəmilərdə yaşayanlara belə ev verilməsini  təmin  edib. Biz də artıq heç nə istəmirik. Sökülən evlərimizin əvəzində bizim ətraf ərazilərdə 2 otaqlı mənzillərlə təmin olunmağımıza şərait yaradılmasını arzulayırıq”.

Qeyd edək ki, ekspertlər də bu məsələdə vətəndaşların tələblərinin haqlı olduğunu bildirirlər. Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bir müddət əvvəl mətbuata bildirib ki, vətəndaş şərtlərlə razı deyilsə, onun mənzili sökülə bilməz. Onu mütləq razı salmaq lazımdır: "Burada söhbət mülkiyyət hüququndan gedir. Əhaliyə təklif olunan qiymətlər bazara uyğun deyil, ərazilər də adekvat deyil. Deyək ki, "Sovetski" şəhərin mərkəzidir, Hövsan şəhərkənarı. Sovet vaxtı da köhnə məhəllələr sökülürdü, yeni binalar tikilirdi. Bəzən əhalinin çoxu getmək istəmirdi. O vaxt "Sovetski"də, lap elə İçərişəhərin özündə də yararsız evlərdən əhalinin köçürülməsinə başlanmışdı. Amma elə adam olurdu ki, köçmək istəmirdi. Köçmək istəməyən köçmürdü, ya da mərkəzə yaxın yerlərə razılaşırdılar. Yəni köçürülmə prosesində ilk növbədə sakinlərin maraqları nəzərə alınırdı. İndi isə vətəndaşa təklif olunan, onun malik olduğuna adekvat deyil. Hökumət vətəndaşlardan mənzili həddindən artıq ucuz qiymətə alır".

Ekspert Qadir İbrahimli da bildirib ki, vətəndaşlara veriləcək kompensasiyanı həmin ərazidə bazar qiyməti ilə müqayisə etdikdə, sakinlərin haqlı olduğunu görürük.

Mövzunu diqqətdə saxlayacağıq.

E. İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

Samir mehemmedli 2018-06-07 16:31:14

Olkeye turist gelende tarixi yerleri maraqlanirbizde ise tarixden eser elamet qalmir

Ramin Eliyev 2018-06-07 16:31:14

Sovetski sakinleri siz xahis yox, teleb etmelisiniz. Bunlar xos sozlerden anlayan deyil.

Narazı sakinlər 2 2018-06-07 16:31:14

Hörmətli E.İsmayıllı biz Xan Şuşinski 55 unvanının sakinləri Sizi Məhələmizə dəvət edir və Gran-hospitalın sahibi Hacı Rafiqin biz sakinlərin başına nə oyunlar açdığını görməyinizi istəyirik. Sizdən Xahiş edirik gəlin bu haqsızlığa Sizdə şahid olun. Mənzilimiz zorla əlimizdən alınıb özəl tibb mərkəzi tikilir.

Xan Şuşinski 55 2018-06-07 16:31:14

E.İsmayıllı ilə tam razıyam.Çox savadlı yazıdır,sağ olsun.Bəs dövlət lahiyəsi heç pilot lahiyə olmayan halda vətəndaşı öz özəl mənzilindən necə çıxarmaq olar.Gran-hospital binasının sahibi Hacı Rafiq Xan Şuşinski 55 ünvanında yaşayan sakinlərə müxtəlif yollarla təziq göstərib mənzillərini ona dəyərindən ucuz qiymətə satılmasını tələb edir.Bu işdə ona Qurban və dəllal İbrahim köməklik göstərir, özlərinə məxsus mənzilləri sökərək yararsız hala salaraq yaşayan sakinlərə narahatçılıq yaradır.

Narazı sakinlər 2018-06-07 16:31:14

Gran-hospital və Komford şadlıq evinin sahibləri Hacı Rafiq Xan Şuşinski 55 unvanında qaraj tikmək üçün 8 nəfər sakini zorla mənzillərindən çıxardıb küçəyə atır.Sakinlərə mənzillərinin dəyərindən ucuz almağa çalışır.2 otaqlı mənzilə 1 otaq təklif edir.Sakinləri hədələyir evlərini başına uçuracağı ilə qorxudur.Heç kəsdən qorxmadığını bildirir.Şah mənəm qanun deyil deyir.

EWDER 2018-06-07 16:31:14

SOKUN GETSIN.ESAS INKIWAFDU.AMMA VAXT GELECEK MƏMURLARIN OZUVUZU SOKECEKLER...

esger 2018-06-07 16:31:14

Hanidemokratiyadan agiz acanlar Hani demokratiyadan dem vuran jurnalistler Niye sususrsuz Yazin ki Sovetskide "Sovetin eli var" Leninin? Stalinin? Arif Rehimzadenin? Guclu analitikler vetenperver ogular dil pehlevanlari ve sayri? Bir agac ekmeyen? bir qepikli is gormiyenler vetenin derdini cekirler? Bu problemi malliyesdiren yoxdur Kesibdan ne pul gozleyirsiz Novbeti sifaris yazisi olsa onda cumarsiniz Mamedovun Ivanovun Ne bilim kimovun ustune

Son yazılar