MOSKVADAN PROFESSOR TOFİQ QULİYEVƏ CAVAB GƏLDİ – Baş nazirin müavininin tapşırığı ilə

Rusiya Federasiyasının Nazirlər Kabinetinin Aparatından Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, professor Tofiq Quliyevə cavab məktubu göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl professor T.Ə.Quliyev kafedra müdiri olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının müvafiq qurumları ilə əməyin iqtisadiyyatı və sosiologiyası sahəsində əməkdaşlıq etmək niyyətini ifadə edən məktub göndərmişdi.

Həmin məktuba Rusiya Federasiyası Nazirlər Kabinetinin Sosial İnkişaf Departamentinin sədr müavini D. Nastavşev tərəfindən cavab verilib.

Rusiyanın Əmək Nazirliyinə ünvanlanan, bir nüsxəsi də proffessor T. Ə. Quliyevə göndərilən məktubun Rusiya baş nazirinin müavini Tatyana Alekseyevna Qolikovanın göstərişi əsasında yazıldığı bildirilib.

Məktubda bildirilir: “Rusiya Federasiyasının baş nazirinin müavini T.A.Qolikovanın göstərişi ilə T.Ə.Quliyevin əməyin iqtisadiyyatı və sosiologiyasının müasir aktual problemləri sahəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə beynəlxalq əməkdaşlığın qurulmasına dair müraciəti Sizə göndərilir.

Xahiş edirik, baxılsın və Rusiya Federasiyası Hökümətinə bu məsələ ilə bağlı təkliflər verilsin. Nəticələr haqqında müəllifə də məlumat verilsin.”

Qeyd edək ki, T.A.Qolikova Rusiya hökümətinin ən nüfuzlu üzvlərindən biridir. O, əvvəllər Rusiya Federasiyası maliyyə nazirinin birinici müavini, Rusiya Federasiyası səhiyyə və sosial inkişaf naziri, Hesablama Palatasının sədri, həmçinin Prezident Putinin köməkçisi vəzifələrində çalışıb. Hazırda isə sosial məsələlər üzrə baş nazirin müavini vəzifəsini tutur.

Belə bir şəxsin Azərbaycandan olan proffessorun məktubuna diqqət yetirməsi həm Rusiyada elmə, alimə olan münasibəti göstərir, həm də T.Ə.Quliyevin şəxsiyyətinə, elmi nüfuzuna olan hörməti.

Qeyd edək ki, professor Tofiq Quliyev Rusiya elmi ictimaiyyəti və iqtisadçıları tərəfindən yaxşı tanınan alimimizdir. Təsadüfi deyil ki, bir müddət əvvəl professor Tofiq Quliyev Rusiyanın paytaxtı Moskva şəhərində yerəşən Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinə mühazirələr oxumaq üçün dəvət olunmuşdu. “Sizin 2016-2017-ci tədris ilində Plexanov adına Rusiya İqtisad Universitetinin “İqtisadiyyat və Hüquq” fakültəsində “İnsan resurslarının idarə edilməsi” kafedrasının tədris etdiyi fənlər üzrə mühazirələr və praktiki məşğələlər aparmağa dəvət etməkdən şərəf duyuruq”, deyə məktubda qeyd olunur. Professordan “Heyətin idarə edilməsi” ixtisası üzrə təhsil alan magistrlərə, eyni zamanda həmin ixtisas və “İqtisadiyyat” ixtisası üzrə 3-4-cü kurslarda təhsil alan bakalavrlara mühazirələr oxumaq təklif olunmuşdu.

Bundan əlavə həmin məktubda professor Tofiq Quliyevlə elmi sferada bir sıra istiqamətlər üzrə əməkdaşlıq etmək niyyəti də vurğulanmışdı. Prioritet olaraq insan resurslarının inkişafı və layiqli əmək prinsiplərinin reallaşdırılması, milli və regional əmək bazarının inkişafı problemləri, əmək bazarının və məşğulluğun tənzimlənməsi mexanizmlərinin transformasiyası və sair istiqamətlər təklif olunmuşdur.

Eyni zamanda, professor T.Ə.Quliyevin də təkliflərini gələcəkdə diqqətə almağa və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyət göstərməyə hazır olduqları qeyd edilmişdi.

Professor Tofiq Quliyevin Rusiya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınması heç də təsdüfi deyil. Onun Moskvada ən nüfuzlu nəşriyyatlar tərəfindən çoxlu sayda kitabları və monoqrafiyaları çap edilib. Belə ki, 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında mənafelər problemi, 1974-cü ildə isə əməyin reduksiyasına həsr edilmiş monoqrafiyaları çap edilib. Bu monoqrafiyalar həmin dövr böyük elmi müzakirələrə səbəb olub.

SSRİ dağıldıqdan sonra da prof. T.Ə.Quliyevin Rusiyada xeyli sayda kitabı nəşr edilib. 2001-ci ildə prof. T.Ə.Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı Moskva elmi ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanıb.

2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.

Ötən il isə professor Tofiq Quliyev və iqtisad elmləri doktoru “Menecement” kafedrasının professoru Şəfa Quliyevanın birgə müəllifi olduğu “İqtisadi sistemlərin sabitliyi və etibarlılığı” (“Об устойчивости и надежности экономических систем”) adlı monoqrafiyası yenə də Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatı tərəfindən çap olunub.

Bu 3 kitab moskvanın 200 Elmi-Tədqiqat Universitetinə və kitabxanalarına, o cümlədən, Rusiyanın Dövlət Kitabxanasına və Yeltsin adına Prezident Kitabxanasına göndərilib.

Onu da qeyd edək ki, professor Tofiq Quliyev nəinki Rusiyada, eləcə də dünya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru T.Ə.Quliyev dünyada iqtisad elmi sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur. Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən kitabları və monoqrafiyaları dünyanın məşhur kitabxanalarının rəflərini bəzəməkdədir. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 450-yə qədər qəzet və jurnal məqaləsinin müəllifidir.

T.Ə.Quliyevin “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Əməyin sosiologiyası”, “Menecmentin əsasları”, “İnsan resurslarının idarə edilməsi” kimi dərslikləri, “Tənzimlənən bazar iqtisadiyyatı”, “İnflyasiyanın anatomiyası”, “İqtisadi məntiq”, “Liberalizmin böhranı” adlı fundamental monoqrafiyaları yalnız Azərbaycanda deyil, bir çox xarici ölkələrdə alim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Harvard Universitetinin kitabxanasının “İqtisadiyyat” bölməsinin direktoru Kristin Conson Azərbaycandan orada 1 illik ezamiyyətdə olan BDU–nun professoru Kazım Əzimovla görüşündə qeyd etmişdir ki, Tofiq Quliyevin kitabları ən çox oxunan, sitat gətirilən mənbələr sırasına daxildir. Xaricdə alimin əsərlərinə 180-dən artıq istinad qeydə alınmışdır.

Professor Tofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir. Harvard Universitetinin kitabxanasına da daxil olunan bu kitab tez-tez müraciət olunan əsərlər sırasındadır.

Bu kitaba görə, professor T.Ə.Quliyev Çin Xalq Respublikasının Dövlət kitabxanasının və bu ölkənin Azərbaycandakı səfirliyinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərmanda göstərilmişdir ki, mükafat T.Quliyevə kitabda yeni elmi ideyalarla çıxış etməsinə və Çin Xalq Respublikasının Dövlət kitabxanasını zənginləşdirdiyinə görə təqdim edilmişdir.

Uzun illərdir Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasına rəhbərlik edən, bu sahədə böyük bir məktəb yaradan, onlarla şəxsin alim kimi yetişməsinə bilavasitə rəhbərlik edən professor Tofiq Quliyev iqtisadiyyat sahəsində Azərbaycan və dünya elminə böyük töhfələr vermişdir. Hansı ki, bundan gələcək nəsillər də uzun illər boyu istifadə edəcək.

E. İsmayıllı

AzPolitika.info

635x100

Şərhlər

oxucu 2018-06-28 15:35:10

Cenab Tofiq Quliyev, siz, Putine Daqliq Qarbaq probleminin EDALETLI HELLI UCHUN, MEKTUB yazmishdiniz, amma, Putin HIYLEGERCESINE SUSUR...ve mektubunuza, TAMAMILE YAYINDIRICI - BASHQA cavab verildi... Cox yerdə Rusiyanin cesuslari var..., Bele sheraitdə nəsə etmək MUMKUNDURMU ????

Son yazılar