Hökumətin müşahidəçilərə hücumu ziyanına işlədi

Eldar Namazov: «Hakimiyyət nümayəndələri beynəlxalq müşahidəçilərə qarşı xuliqanlıq etməklə faktiki olaraq ATƏT-in müşahidə missiyasının rəyini təsdiqlədilər»

ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun (DTIHB) seçkilərin nəticələri ilə bağlı açıqladığı rəy hakimiyyətin bu quruma qarşı aqressiv mövqe tutmasına səbəb olub. Müşahidəçilərin mətbuat konfransında təxribat törədən hakimiyyət təmsilçiləri hətta beynəlxalq aləmi hədələməkdən belə çəkinmir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə ATƏT-in DTIHB ilə əlaqələri kəsə biləcəklərindən danışıb.

Hakimiyyətin bu hərəkətləri seçkinin legitimliyini şübhə altına ala bilər. Hakimiyyəti bu yolla mənimsəyən dövlət başçılarına beynəlxalq aləmdə hansı münasibət bəslənilir?

Milli Şura üzvü, “EL” Hərəkatının rəhbəri Eldar Namazov ATƏT-in DTIHB-nin rəyinin bütün beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət üçün əsas rəy kimi qəbul olunduğunu qeyd etdi. Avropa Birliyinin rəsmiləri xanım Eşton və cənab Füle də Azərbaycanda keçirilən seçkilərə qiymət verərkən məhz bu quruma istinad etdilər. Eyni zamanda ABŞ Dövlət Departamentinin sözçüsü, Helsinki Komissiyasının sədri də Azərbaycanda keçirilən prezident seçkilərinə qiymət verəndə DTIHB-nin rəyini əsas götürürlər. Bu da onunda bağlıdır ki, beynəlxalq təşkilatların arasında müəyyən bir iş bölgüsü var. ATƏT məkanında seçkilərin monitorinqinin keçirilməsi mandatı ATƏT-in DTIHB-ya verilib. Kimlərsə fərqli fikir söyləməsinə təbii baxmaq lazımdır. Ancaq bu mövqeyin heç nəyə təsiri yoxdur. Beynəlxalq ictimaiyyət ATƏT-in missiyasının rəyini əsas götürür. Azərbaycan hakimiyyətinin bu rəyə belə aqressiv reaksiyası da məhz bununla bağlıdır.

E.Namazovun sözlərinə görə, mətbuat konfransında hakimiyyət nümayəndələri beynəlxalq müşahidəçilərə qarşı kobudluq, təzyiqlər, hörmətsizlik, xuliqanlıq etməklə faktiki olaraq ATƏT-in müşahidə missiyasının rəyini təsdiqlədilər: “Bütün bunlar beynəlxalq müşahidəçilərin, media qurumlarının gözü qarşısında baş verdi. Onlar özlərinə sual verəcəklər ki, əgər belə bir mötəbər beynəlxalq qurumun rəyinə hakimiyyət belə bir kobud, aqressiv reaksiya verirsə, görün Azərbaycan müxalifətinə, seçicilərə münasibətləri necədir. Adi vətəndaşlara bunların münasibəti necədir. Bu hakimiyyət nümayəndələrinin həmin mətbuat konfransı zamanı qurduğu təzyiq şousu əks-təsir verdi. Avropa Birliyinin nümayəndələri, ABŞ rəsmiləri ATƏT-in missiyasının rəyinə əsaslanaraq Azərbaycanda keçirilən seçkilərin qeyri-demokratik olduğunu artıq bəyan edib”.

E.Namazovun sözlərinə görə, Azərbaycan müxalifəti, Milli Şuranın vahid namizədi Cəmil Həsənli qanunda nəzərdə tutulan mübarizə metodlarından istifadə etmək niyyətindədirlər: “Bizim böyük mitinqimiz təyin edilib və hamını ”Məhsul" stadionunda keçirilən mitinqə dəvət edirəm. Hər bir Azərbaycan vətəndaşı özünə sual verməlidir ki, onun hüquqları total şəkildə pozulduğu zaman susmalıdır, yoxsa öz sözünü deməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan vətəndaşlarının sosial, iqtisadi, digər hüquqları pozulub. Ancaq ən əsas məsələ xalqın öz hakimiyyətini seçmək hüququnun olmamasıdır. Əgər xalq öz hökumətini seçə bilmirsə, deməli, bütün başqa hüquqlar əlindən alınıb. Əgər xalq öz hakimiyyətini seçmək hüququnu əldə etsə, onda Azərbaycanda korrupsiyaya da, məmur özbaşınalığına da son qoyulacaq. Söz azadlığı da, vicdan azadlığı da, digər azadlıqlar da təmin olunacaq. Bu, Cəmil Həsənli, Milli Şura məsələsi deyil. Hər bir Azərbaycan vətəndaşının taleyi ondan asılıdır ki, o öz hakimiyyətini seçmək hüququnu əldə edəcək, yoxsa yox. Milli Şuranın vahid namizədi seçki kampaniyası dövründə MSK-ya bir çox vacib məsələlərlə bağlı rəsmi müraciət ünvanlamışdı, məhkəmələrə müraciət etmişdi. Təbii ki, bu məsələlər Azərbaycan məhkəmələrində öz həllini tapmadı. Çünki Azərbaycanda ədalətli məhkəmədən heç danışmaq olmaz. Bu məsələlər artıq Insan Haqları üzrə Avropa Məhkəməsində müzakirəyə çıxarılacaq. Ona görə də hesab edirəm ki, Milli Şura və demokratik qüvvələr, bütövlükdə Azərbaycan cəmiyyəti öz hüquqları uğrunda mübarizəni davam etdirməli və daha da gücləndirməlidirlər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar