SƏFİRLİYƏ AÇILAN "ATƏŞ", GİZLİ ARAYIŞLAR VƏ DİPLOMATIN ETİRAZI - Kiyevdən reportaj FOTO/VİDEO

II HİSSƏ

Reportajın BİRİNCİ HİSSƏsini buradan oxuya bilərsiniz: (

T.Əliyev evində aparılmış axtarış barədə məlumatlar Azərbaycan mətbuatında yayımlanandan sonra səfir Azər Xudiyevin ona zəng etdiyindən də danışdı: “İnanın, mənimlə elə danışdı ki, özüm təəccübləndim. Sanki Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət edən bu deyildi. Dedi ki, Tələt müəllim, sizə böyük hörmətim var, ağsaqqalsız, bu qədər işlər görmüsüz, sizə pislik edərəmmi? Sözlərindən belə çıxırdı ki, mənə qarşı heç bir qara niyyəti yoxdur. Açıqlama verməyə tələsdiz, gərək mətbuata çıxmayaydız... və sair bu kimi şeylər dedi. Dedim yaxşı, əgər sən bu biabırçılığa son qoysan, ora-bura şikayət yazmağı dayandırsan, mən də bu məsələyə nöqtə qoyaram. Söz verdi ki, səhər tezdən məsələ ilə məşğul olub, yaranmış xoşagəlməz situasiyanı aradan qaldıracaq. Özü dedi ki, sabah yenə danışarıq. Vaxt keçdi, bundan xəbər çıxmadı. Özüm səfirliyə zəng etdim. Cavab verən əməkdaşa özümü təqdim edib, səfirlə danışmaq istədiyimi bildirdim. Az sonra mənə cavab verildi ki, səfir danışmaq istəmir, iddialarından da geri durmaq niyyəti yoxdur. İnanın, şoka düşdüm. Bir gün əvvəl dedikləri yadıma düşdü. Dünən dil töküb, ehtiramını bildirən adam indi niyə mənimlə danışmaq istəməsin? Düzdür, əvvəllər də onda belə halları müşahidə etmişdim. Bir gün bir şey deyirdi, ertəsi gün tamam başqa şey danışır, özü özünü təkzib edirdi. Mən elə bilirdim ki, illər ona öz təsirini göstərib. Lakin yanılmışammış, heç nə dəyişməyib...”

- Tələt müəllim, bəlkə cənab səfir zəng edib ki, aparılan araşdırmaların şəxsinizə qarşı yönəlmədiyini bildirsin. Yəni siz elə hesab etməyəsiz ki, araşdırmalar şəxsi qərəzçilikdən irəli gəlir. Burada əslində nəzakət elementi var...

- (Əsəbləşir...) Mən nə danışdığımı yaxşı bilirəm. Siz mənə Azər Xudiyevi tanıdacaqsız? Təkrar edirəm, zəng edib dedi ki, məsələni yoluna qoyacaq, əsassız şikayətlərini dayandıracaq. Ertəsi gün isə bunu inkar elədi və elə davrandı ki, sanki mənimlə heç bir məsələ barədə danışmayıb. Sonra mənə dedilər ki, səfir orda-burda barəmdə xoşagəlməz şeylər danışır, deyir ki, onu diz çökdürəcəm, tutduracam. Elə bundan sonra da məcbur olub Kiyevdə mətbuat konfransı keçirdim. Mən özümü müdafiə etməliyəm. Ünvanıma əsassız ittihamlar səsləndirilir. Azər Xudiyev səfirliyin binasında yaranmış hansısa problemi mənim ayağıma yazmaq istəyir. Buna imkan verə bilmərəm. Hesab edirəm ki, binada problemlərin yaranmasına səbəb yaxınlıqda tikilmiş çoxmərtəbəli binadır. Yaxşı olar ki, Azər Xudiyev cavab versin görək, həmin binanın tikintisini hansı əsaslarla razılaşdırıb?

T.Əliyevlə görüşdən sonra tərəddüd etmədən keçmiş səfirlərin tikintisinə icazə vermədiyi, yalnız Azər Xudiyev səfir postuna təyin olunandan sonra boy verməyə başlayan binaya baş çəkmək qərarına gəldik. Ortada iddialar var ki, səfirliyin binasında problemlərin yaranmasına səbəb həmin binanın tikintisidir. Üstəlik, o da iddia olunur ki, yaxınlıqda çoxmərtəbəli binanın olması səfirliyimizin təhlükəsizliyinə də problemlər yarada bilər. Qərəz, “Getməsək, görməsək olmaz” deyib, yola düzəldik. Amma ağlımıza da gəlməzdi ki, tikintisi hələ tam başa çatdırılmayan binaya daxil olmaq üçün bizdən pasport tələb edəcək, ciddi yoxlama prosedurundan keçməyimizi istəyəcəklər...

Binanın, daha doğrusu iki 26 mərtəbəli binadan ibarət, 3 hektarlıq ərazini əhatə edən və 664 ailə üçün nəzərdə tutulmuş “Greenville Park” yaşayış kompleksinin satış ofisi də səfirliyimizə bitişikdir. Layihə Kiyevdə çoxmərtəbəli binaların inşası və rekonstruksiya işləri üzrə ixtisaslaşmış məşhur NEST şirkəti tərəfindən icra olunur. “Greenville Park” qalmaqallı “Pokrovskiy posad” layihəsinə daxildir və bu layihənin icrası zamanı ciddi pozuntulara yol verildiyinə dair məlumatlar var. Amma bununla bizim işimiz yoxdur. Yalnız onu qeyd edə bilərik ki, layihənin müəllifi olan NEST şirkətinin sahibi Ukraynanın ən varlı adamları sırasında yer almış Vladimir Trafimenkodur. NEST şirkətinin adı "Avro-2012" ərəfəsində daha çox gündəmə gəlmişdi. Belə ki, UEFA rəhbərliyi "AVRO-2012"-nin oyunları keçiriləcək Kiyevə səfər edərkən Olimpiya stadionu yaxınlığında ticarət mərkəzinin inşa olunduğunu müşahidə edirlər. Həmin mərkəz “Troitski” adı ilə Vladimir Trafimenko və onun qardaşı Vadim Trafimenkoya məxsus şirkət tərəfindən inşa olunurdu. UEFA rəhbərliyi məhz həmin ticarət mərkəzinə görə Olimpiya stadionunda oyunların keçirilməsini yolverilməz hesab edirdi. Məsələyə Ukrayna prezidenti qarışır və nəticədə yarımçıq tikilinin sökülməsi barədə qərar verilir. Elə həmin ərəfədə Trafimenko qardaşları cəld tərpənərək ticarət mərkəzinin tikintisi üzrə sahib olduqları payı Ukraynanın başqa bir oliqarxı - Vadim Novinskiyə satırlar.

“Greenville Park” satış ofisinin əməkdaşlarına jurnalist olduğumuzu və çəkiliş aparmaq istədiyimizi demədik. Əvvəlcədən belə planlaşdırmışdıq ki, mənzil almaq adı ilə binaya daxil olub, oradan mənzərəyə tamaşa edək və binanın səfirliyimiz üçün təhlükəli olub-olmadığını müxtəlif qatlardan müəyyən etməyə çalışaq. Nə qədər qəribə olsa da, müştərinin gəlişi heç kəsin üzünü güldürmədi. Salam verdik, alan olmadı, əvəzində “Azərbaycanlısız?” deyə soruşdular. Təsdiq cavabının ardınca konkret tələblərini dedilər: “Binaya ancaq pasportunuzu təqdim etməklə keçə bilərsiz. Biz sizin pasportdan qeydlər götürməliyik”.

- Siz mənzil almaq, binanın vəziyyəti ilə tanış olmaq istəyən müştərilərin hamısından pasport tələb edirsiz, yoxsa ancaq azərbaycanlılardan?

Cavab gəlmədi. Hiss olunurdu ki, bina ilə bağlı məlumatların həm Ukrayna, həm də Azərbaycan mətbuatında yayılması şirkət rəhbərliyini əlavə tədbirlərə əl atmaq məcburiyyətində qoyub. Özü də görünən o idi ki, yeni qayda ancaq azərbaycanlıar üçündür(!?). Hətta bizim gəlişimiz barədə telefonla kiməsə məlumat da verildi. Xanımlara bildirdik ki, pasport tələb etmələri absurddur: “Əməkdaşlarınızdan biri bizi müşayiət etsin, biz də özümüzə mənzil seçək, mənzərəyə tamaşa edək. Alqı-satqı prosedurunda pasportumuzu verərik. Sizin indiki halda pasport tələb etməyinizi anlamırıq”.

Uzun mübahisədən sonra xanımlar etiraf etdilər ki, pasport tələbi yeni qaydadır və səbəbi onlara məlum deyil. Dərinə getmədik, dedik ki, binaya daxil olmaq fikrindən daşındıq, ancaq şirkətin tikdiyi binalar və qiymətlərlə tanış olmaq istəyirik. Xanımlardan biri məlumatları təqdim edib, “Daha ətraflı bilgiləri şirkətin internetdəki səhifəsindən də əldə edə biləsiz. Tikdiyimiz binaların fotoları da orada yerləşdirilib” dedi. Masanın üzərindəki bukletlərin birində “Greenville Park” layihəsinə aid bir neçə şəkil gözümüzə dəydi. Şəkillərin birində isə səfirliyimizin binası göz qamaşdırırdı. Təsəvvür edirsiz? Tikinti şirkəti öz layihəsi barədə bukletə xarici ölkə səfirliyinin, yəni bizim səfirliyin binasının şəklini yerləşdirib. Özü də bütün ərazisi əks olunmaqla (Fotolar təqdim olunur – N.D). Gözlərimizə inanmadıq. Axı bu necə ola bilər? Bu ki təhlükəsizlik normalarının kobud şəkildə pozulmasıdır. Cənab səfir bunu görübmü? Səfirlik binasının tikinti şirkəti tərəfindən açıq nümayişə çıxarıldığını bilirmi? Ümumiyyətlə, səfirliyin “qulağının dibində” belə bir nəhəng kompleksin tikintisinə necə razı olub? Bu suallara səfirimizdən cavab alacağımıza böyük ümidlərlə ofisi tərk etdik. Amma binaya daxil olmaq fikri ağlımızdan çıxmırdı. Müxtəlif variantları götür-qoy edərək tikinti ərazisinə başqa istiqamətdən üz tutduq. Çətin oldu, təhlükəli vəziyyətlə də üzləşdik, fikrimizdən daşınmaq da istədik, amma bu qədər yol gəlib işi yarımçıq saxlamaq olmazdı. Necə, hansı yollarla içəri daxil olduq, bunu deməyəcəyik. Bəlkə yenə gedəsi olduq, yolumuzu kəsməsinlər... Əmin olun ki, istifadə etdiyimiz variant azərbaycanlılar üçün “pasport qeydiyyatı” kimi anormal qayda müəyyən edənlərin ağlına gəlməz...

Əvvəlcə kompleksin aşağı qatından müşahidə apardıq. İnanın, səfirliyimizin binası “ovcumuzun içindəydi” (Şəkillər əlavə olunur – N.D). Yuxarı mərtəbələrə qalxmağa ehtiyac yox idi. Səfirliyin bütün ərazisi aydın şəkildə müşahidə olunurdu. Bir anlıq öz yerimizdə əli silahlı terrorçu təsəvvür etdik. Siz də təsəvvür edin: Çox rahatlıqla nişan aldıq və “paaart”, hədəfi anındaca “sıradan çıxardıq”... İçəri keçmişkən yuxarı mərtəbələrə də qalxdıq və hətta qısa videoçəkiliş də apara bildik. Qarşımızda açılan mənzərə üzücü idi. Səfirliyimizin binası başı qapaz altında olan yetim halına salınmışdı. Nə olsun Kiyevdir, ərazi ki dövlətimizindir. Niyə Azərbaycana YUXARIDAN AŞAĞI baxmalıdırlar?... İmkanımız olsaydı, gedib Trafimenkoya deyərdik ki, zalım olğu, sənə yermi qəhətdir? Mütləq gərək BAŞIMIZIN ÜSTÜNÜ kəsdirəsən?

Hə, onu da deyək ki, bu nəhəng kompleksin tikintisi doğrudan da səfirliyimizin binasında problemlərin yaranmasına səbəb ola bilər. Olduqca yaxın məsafədə iki 26 mərtəbədən ibarət kompleksin möhkəm təməli üçün dərin qazıntı işləri aparılıb, nəhəng tikinti işlərinə müvafiq ölçüdə svaylar vurulub. Lakin bütün hallarda dəqiq rəyi mütəxəssislər verə bilər.

Az qala barmaqlarımızın ucunda aşağı endik. Mühafizəçilərin gözünə görünə bilməzdik. Tutsaydılar, “tramvay gözlədiyimizə” inandıra bilməyəcəkdik... Necə gəlmişdiksə, elə o qaydada da ərazidən uzaqlaşdıq. Qayıdarkən yolda telefon vasitəsilə “Greenville Park”ın satış ofisində bizə verilən sayta daxil olduq. Burada da ilk gözümüzə dəyən səfirliyimizin binası oldu. Özü də şəkillərin bəzisi 360 dərəcə çevrilən formatdadır (Havadan çəkiliş). İstənilən şəxs sayta daxil olub səfirliyimizin binasına və ərazisinə müxtəlif istiqamətlərdən baxa bilər (https://m.novostroyki.lun.ua). Bəli, kimsə deyə bilər ki, səfirliklərə yaxın ərazilərdə yaşayış binalarının olmasında qeyri-adi heç nə yoxdur. Razıyıq, amma dünyanın heç bir yerində Ukraynadakı səfirliyimiz kimi, ərazisi hamı üçün açıq müşahidə meydanına çevrilmiş səfirliyə rast gələ bilməzsiz. İnternetdə axtarış verin, görün bizim səfirliyimiz kimi fotoları yuxarıdan, sağdan, soldan çəkilmiş, üstəlik görüntüləri hansısa tikinti şirkəti tərəfindən kataloqa salınmış səfirlik binası tapa biləcəksiz? Bizim qalxdığımız binadan səfirliyimizin nəinki ərazisini, daxilini də seyr etmək mümkündür. Ən maraqlısı da budur ki, həmin kompleksin tikintisinə əvvəlki səfirlər imkan verməyib. Deməli, təhlükəli hesab ediblər.

***

Ertəsi gün səhər saatlarında sürət qatarı ilə Kiyevdən Dneprə yola düşdük. Orada Cümhuriyyətin və Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçiriləcəkdi. Cənab səfirin də orada olacağı xəbərini aldıq. Əla, bundan yaxşı fürsət? Düşündük ki, elə orada da səfirimizlə görüşüb, həm mübahisəli məsələlər, həm də ümumən səfirliyin fəaliyyətinə dair söhbət apararıq. Amma gözləmədiyimiz münasibətlə üzləşdik. Cənab səfir bizimlə əməlli-başlı haqq-hesab çəkməyə qalxdı. Biz müsahibəyə getmişdik, mübahisəyə düşəsi olduq. “Xoş gördük, cənab səfir” demişdik ki, Azər müəllim açıldı, nə açıldı... Bir anlıq yerimizdəcə donub qaldıq. Kənardan müdaxilə edib, bizi itələməyə cəhd edən də tapıldı:

- Noolub ə, qaqaş? (Qaqaş ey...)

(Sonuncu hissədə biləcəksiniz ki, səfir nəyə etiraz etdi, niyə Rəsul Quliyevin adını dilə gətirdi və sabiq səfir Tələt Əliyev barədə nələr dedi... Diaspor fəallarının açıqlamaları ilə də sonuncu hissədə tanış ola biləcəksiniz)

Nicat DAĞLAR

Bakı-Kiyev-Dnepr-Kiyev-Bakı

Missiya.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar