Evlərinin sökülməsinə etiraz edən ər-arvad özlərini yandırdı - Foto, [Yenilənib]

Özünü həyat yoldaşı ilə birlikdə Prezident Administrasiyasının qarşısında yandıran Elçin Əlimuradoğlunun bacısı Yeganə Mahmudova hadisənin səbəblərini virtualaz.org saytının hazırda xəstəxanada olan müxbirinə danışıb.

Y.Mahmudova bildirdi ki, qardaşının və onun həyat yoldaşının özlərini yandırmasının səbəbi evlərinin sökülməsi yox, yaşadıqları evdən çıxarılmaları və onlara ödənilməli olan məbləği ala bilməmələridir.

“Qardaşım 2005-ci ildə öz bacanağı Abuzərdən qanuni sənədləri olan ev aldı. 10 min manat da pul vermişdi. Sumqayıtda Hacı Zeynalabdın Tağıyev (daha çox “Nasosnı” adı ilə tanınır-red.) qəsəbəsində olan həmin evə qeydiyyata da düşdülər. Sonra bacanaqları Rusiyaya getdi. Bunları aldatdı. Qardaşımgilin yaşadıqları evin bir neçə vərəsəsi çıxdı. Vərəsələr də elə bacanağı Abuzərin qardaş və bacıları idi. Onlar qardaşımı məhkəməyə verdilər. Aldıqları sənədlər məhkəmə tərəfindən etibarsız sayıldı. Məhkəmə onların evdən çıxarılması və qardaşımgilə zərərçəkən şəxs kimi 14 min manat pul ödənilməsi qərarını verdi.

Lakin həmin evin vərəsələri olan şəxslər bu pulu ödəmədilər. Məhkəmə bir ay ərzində qardaşımın və ailəsinin evdən çıxarılmasını tələb edir. İmkansız ailədir. Süründürməçilikdən beziblər. Məhkəmə onların əleyhinə qərar çıxardı, pullarını da ala bilmədilər. Ancaq belə bir addım atacaqlarını gözləmirdik” - deyə Y.Mahmudova qeyd etdi.

Onun sözlərinə görə, qardaşı 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb. Digər qardaşı isə Qazaxda hərbi xidmətdə olub.

Y.Mahmudova qardaşının rəssam, həyat yoldaşının isə evdar qadın olduğunu söylədi.

Ailənin 3 yaşlı qız övladından isə xəbər yoxdur. Özünü yandıran Jalə Salahova qızını bacısıgilə qoysa da digər qohumları bundan xəbərsizdir.

* * *

Prezident Administrasiyasının işçisi bu gün özünü yandıran Sumqayıt sakinləri ilə görüşmək, onların vəziyyəti ilə maraqlanmaq və şikayətlərini dinləmək üçün 5 saylı xəstəxanaya gəlib.

Virtualaz.org saytının hazırda xəstəxanada olan müxbiri xəbər verir ki, PA rəsmisi bu dəqiqələrdə özünü yandıran ailə başçısı Elçin Əlimuradoğlu ilə təklikdə söhbət edir.

Görüş barədə əlavə məlumat almaq mümkün olmayıb.

 * * * 

Bu gün özünü Prezidenti Administrasiyasının qarşısında yandıranların kimliyi bəlli olub.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, özünü yandıranlar 39 yaşlı Elçin Əlimuradoğlu və onun həyat yoldaşı, 32 yaşlı Jalə Salahovadır. Sumqayıt şəhər sakinləri evlərinin sökülməsinə etiraz edirlər. Onların 3 yaşlı Səkinə adlı qızları var.

Elçin Əlimuradoqlu Tərtər uğrunda gedən döyüşlərdə vuruşub. Müharibə veteranıdır. Onun beli yanıb.

Həyat yoldaşının vəziyyəti isə ağırdır, onun həyatı təhlükə qarşısındadır.

* * * 11:09

Bu gün özünü Prezidenti Administrasiyasının qarşısında özünü yandıran şəxslər 5 saylı şəhər xəstəxanasının yanıq mərkəzinə aparılıblar.

Virtualaz.org saytının hazırda xəstəxanada olan müxbiri dəqiqləşdirib ki, özlərini yandıranlar ər-arvaddır. Qadının vəziyyəti ağır olduğundan o, reanimasiyadır. Kişiyə isə ilkin tibbi yardım göstərilib: “Kişi dedi ki, məhkəmə onların xeyrinə qərar çıxardığı halda evlərini söküblər. Buna görə də etiraz olaraq özlərini yandıraraq intihar etmək istəyiblər”.

Əməkdaşımız xəbər verir ki, həkimlər onun açqılamalarını davam etdirməyinə mane olublar. Ona görə də hadisənin digər detallarını, sökülən evin hansı ünvanda olduğunu, eləcə də özlərinə qəsd edənlərin ad-soyadını dəqiqləşdirmək mümkün olmayıb.

* * * 10:39

Azərbaycan Prezidenti Administrasiyasının qarşısında bir nəfər kişi özünü yandırmağa cəhd edib.

Hadisənin şahidi olan virtualaz.org-un müxbiri bildirir ki, ərazi polis tərəfindən mühasirəyə alınıb. Bununla belə, həmin şəxs özünə od vura bilib. Amma ətrafdakılar onun yanmasının qarşısını alıblar.

İntihara cəhd edənin nədən bu addıma əl atdığının səbəbi hələlik məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar