Daha bir təşkilatı seçkinin nəticəsinə etiraz etdi

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması bəyanat yaydı

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması Azərbaycanda keçirilmiş prezident seçkisinin nəticələrinə dair bəyanat yayıb: Oktyabr 18-də yayılan bəyanatda bildirilir: “Milli Platforma 9 oktyabr 2013-cü il prezident seçkisi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası, yerli seçki müşahidə təşkilatları və Platforma üzvlərinin seçki günü monitorinqinin nəticələrinə əsasən təəssüflə bildirir ki, səsvermə və səssayma prosesləri ciddi qanun pozuntuları ilə müşayiət olunub. Eyni zamanda seçki qabağı dövr və seçki günü kənar şəxslərin seçkiyə müdaxiləsi, ictimai-siyasi fəalların təqib olunması və həbs edilməsi halları qeyd alınaraq, 9 Oktyabr 2013-cü il prezident seçksi siyasi hüquqların kobud şəkildə pozulması baş verib”.

Milli Platforma hesab edir ki, seçki dövründə həbsdə 9 jurnalist, 2 bloqqer və 3 hüquq müdafiəcisinin olması, teleradioyayım sahəsinin hökümətin tam nəzarəti, jurnalistlərə qarşı hücumlara görə cəzasılıq mühitinin mövcudluğu, medianın daxili senzura altında çalışması, internet məkanında coxsaylı problemlərin mövcudluğu azad və ədalətli seçkilərin kecirilməsi ücün zəruri ifadə azadlığı mühitini təmin etməyib.

“Milli Platforma 9 Oktyabr 2013-cü il prezident seçkisinin azad, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün zəruri siyasi şəraitin təmin edilmədiyini, hökumətin siyasi məhbusların azad edilməsi, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı”, “QHT-lər (ictimai birliklər və fondlar)” və “Siyasi partiyalar haqqında” qanunların Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələri əsasında təkmilləşdirilməsi, sərbəst toplaşmaq və birləşmək hüquqlarının təmin edilməsi yönündə siyasi iradə nümayiş etdirmədiyini qeyd edir”,- deyə bəyanatda qeyd olunur. Bildirilir ki, seçki ilində vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyalar və ictimai hərəkatlar üçün hüquqi-siyasi mühit daha da məhdudlaşdırılıb. Belə ki, 11 mart 2013-cü ildə “QHT-lər (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklər təsdiq edilib və bu dəyişikliklərə əsasən qeydiyyatsız QHT-lərin maliyyələşmə imkanları məhdudlaşıb. Seçki ilində həmçinin QHT-lər və siyasi partiyaların bölgələrdə tədbirlər keçirmək imkanları məhdudlaşıb, Bakı şəhərində və rayonlarda ictimai tədbirlərin keçirilməsi üçün yerlərin ayrılması inzibati müdaxilələrlə müşayiət olunub.

Milli Platforma 9 oktyabr 2013-cü il prezident seçkisi üzrə seçkiqabağı təşviqat dövründə siyasi fəaliyyət və siyasi müzakirələr üçün münasib şəraitin təmin edilmədiyini, bununla da seçicilərin ictimai-siaysi proseslərdə iştirak, o cümlədən namizədlərlə ünsiyyət imkanlarının məhdudlaşdığını qeyd edir. Bu dövrdə demokratik seçki mühiti üçün vacib olan plüralistik mediaya çıxış imkanları mövcud televiziya kanalları üzərində hökumətin total siyasi nəzarəti səbəbindən təmin edilməyib.

Seçki günü yerli və beynəlxalq müşahidəçilər, jurnalistlər və vətəndaşların əksər seçki məntəqələrindən əldə etdiyi video, audio və foto materiallar göstərir ki, səsvermə və səslərin sayılması prosesi ciddi qanun pozuntuları şəraitində keçirilib. Bu cür pozuntular əksər seçki məntqələrində müşahidə olunmaqla, əsasən bir şəxsin bir-neçə dəfə səs verməsi, seçicilərin qrup halında məntəqəyə gətirilməsi, adı seçici siyahısında olmayan şəxslərin səsvermədə iştirakı və saxta seçki bülletenlərindən istifadə hallarından ibarət olub.

Milli Platforma baş vermiş qanun pozuntuları ilə bağlı hüquqi araşdırmaların aparılacağına ümid etsə də, seçkidən sonra siyasi təzyiqlərin davam etməsi və seçki hüququ pozuntularına görə cavabdeh şəxslərin hələ də məsuliyyətə cəlb olunmaması müşahidə edilir.

“Milli Platforma Azərbaycan hökumətini opponetləri və alternativ siyasi mövqeyə malik siyasi fəallara qarşı dözümlü davranmağa çağıraraq, ölkənin Avropaya inteqrasiyası yönündə siyasi plüralizmə, qanunun aliliyinə və vətəndaşların idarəetmədə siyasi iştirak hüquqununa hörmət göstərilməsini vacib hesab edir. Bu baxımdan Azərbaycanın Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramında iştirakı 9 oktyabr 2013-cü il prezident seçkisindən sonrakı mərhələdə insan hüquqları və demokratik institutların qorunmasına söykəməklə, siyasi azadlqılara təminat, seçki qanunverciliyi və təcrübəsinin təkmilləşdirilməsini nəzərdə tutmalıdır”,- deyə bəyanatda vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar