TANINMIŞ PROFESSORLAR UNEC-dəki İSLAHATLARIN MÜDAFİƏSİNƏ QALXDILAR – “Böhtanlarla aparılan işlərə kölgə salmaq olmaz”

Bu bir faktdır ki, Azərbaycanda hər hansı sahədə həyata keçirilən mütərəqqi islahatlar köhnə fikirli, yeniliklərlə ayaqlaşa bilməyən və ya bunu istəməyənlər tərəfindən narazılıqla, hətta kəskin müqavimətlə qarşılanıb. Xüsusən də, əgər bu islahatlar kimlərinsə mənafelərilə ziddiyyət təşkil edirsə …

Bu halda onlar yalnız narazılıq etməklə kifayətlənmirlər, islahatları həyata keçirənlərin ictimai nüfuzunu zədələməyə çalışırlar. Son illər Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də həyata keçirilən islahatlara qarşı müqavimət göstərənlər də eyni üsullara əl atıblar. Universitetdə aparılan islahatlar çərçivəsində vəzifədən çıxarılanlar və şəxsi maraqlarına toxunulan kiçik bir qrup başda rektor Ədalət Muradov olmaqla, UNEC rəhbərliyinə qarşı kampaniya aparmaqla məşğuldurlar.

Belə kampaniyanın aparılmasında isə bu yaxınlarda Mətbuat Şurasının “qara siyahısına” düşən “Təzadlar” qəzetindən istifadə olunduğu bildirilir. Bunu saytımıza müraciət edən UNEC-in bir qrup əməkdaşı bildirib. Onlar “AzPolitika.info”ya müraciət edərək, universitetə qarşı aparılan böhtan kampaniyasına etiraz etmək istədiklərini bildirdilər.

Belə ki, onlarin sözlərinə görə, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili şəxsən Universitetin əməkdaşlarına, əsasən də professorlara zəng edərək , UNEC-də keçirilən islahatların əleyhinə, rəhbərliyə qarşı fikirlər almağa cəhd edib. Minə yaxın əməkdaşı olan universitetdən tapdığı bir neçə nəfər narazı şəxsin açıqlamasını təkrar-təkrar dərc etsə də, aparılan işlərdən razılıq edən xeyli sayda alimin fikirlərinə yer verməyib.

UNEC-in “İqtisad nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, tanınmış professor Əlican Babayevin sözlərinə görə, “Təzadlar” qəzetindən ona da zəng edərək, fikirlərini öyrəniblər: “Mən də obyektiv şəkildə öz mövqeyimi bildirdim. Həyata keçirilən islahatların Universitetin nüfuzunun daha da qaldırılmasına, beynəlxalq reytinq cədvəllərində yuxarı yerlərə yüksəlməsinə, dünyanın tanınan ali təhsil ocaqlarından birinə çevrilməsinə xidmət etdiyini bildirdim. Universitetin fəaliyyətində şəffaflığın təmin olunduğunu, hər hansı narazılıq yaradan problemin olmadığını qeyd etdim. Mənim mövqeyimi dinlədikdən sonra əlavə bir şey soruşmadılar, ancaq fikirlərimi dərc edib-etmədiklərini bilmirəm”.

Professor Ə.Babayev magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddiaların da doğru olmadığını vurğuladı: “Hər il bizim kafedranın müəllimlərinə magistrlərin dissertasiya işlərinə elmi rəhbərlik həvalə edilir. Bu il də kafedramızın müəllimlərindən magistrlara elmi rəhbərlik edənlər var. Mənim özüm də əvvəlki illər magistrlara rəhbərlik etmişəm. Bu il mənim doktorant və aspirantlarım çox olduğundan götürə bilmədim. Ancaq kafedranın müəllimlərinə verilib. Dissertasiyaların müdafiəsində iştirak edirəm . Əksəriyyəti yüksək səviyyədə yazılır, bütün tələblərə cavab verir”.

Ə.Babayev differensial əməkhaqqı sistemi üzrə siyahının qeyri-obyektiv tərtib olunmasına dair iddiaların da doğru olmadığını bildirdi: “ Bu mümkün də deyil. UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə Daimi Komissiya fəaliyyət göstərir. Komissiyanın 15-dən artıq üzvü var. Hər birinin rəyi nəzərə alınaraq qiymətləndirmə aparılır, ilk 100-lük müəyyənləşdirilir.

Qiymətləndirmənin meyarları da məlumdur, qeyri-obyektivlik mümkün deyil. Mən özüm də əvvəlki illərdə həmin siyahıda ilk onluqda təmsil olunmuşam. Sonradan tələblər bir qədər də yüksəldildi. Açığı mənim də dərs yüküm çox olduğundan, hələlik o tələbləri reallaşdıra bilməmişəm. Fikrimcə, kriteriyaları bir qədər də təkmilləşdirmək, sadələşdirmək, Rusiyadakı konfransları, jurnalları da nəzərə almaq olar. Ancaq burada qeyri-obyektivliyin olduğunu iddia etmək olmaz.”

Professor universitetə yeni kadrların, müəllim heyətinin cəlb olunmasının da çox şəffaf şəkildə həyata keçirildiyini bildirdi: “Universitetə gənc müəllimlərin cəlb olunması üçün müxtəlif layihələr həyata keçirilir. Xüsusən də xaricdə təhsil almış şəxslər universitetə cəlb edilir ki, buna da normal yanaşmaq lazımdır. Yaşlı alimləri zaman keçdikcə gənclər əvəzləməlidir. Bizlər də buna dəstək verməli, lazımi köməklik göstərməliyik”

UNEC-in "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının müdiri, iqtisad elmləri doktoru, tanınmış professor Məhiş Əhmədov da bildirdi ki, "Təzadlar"ın baş redaktoru A. Mərzili ona zəng edərək, fikirlərini ifadə etməsini istəyib: “Mənə martın 8-də zəng etmişdi. Təxminən saat 12:00 radələrində. Mən də ona bildirdim ki, kafedramızın professor-müəllim heyəti tərəfindən müəyyənləşdirilərək, Beynəlxalq Magistratura Mərkəzinə təqdim olunan 15 mövzu təsdiq olunaraq, bizə geri qaytarılıb. Builki birinci kurslardan da 15 magistr bizim kafedraya təhkim olunub. Mövzular da bizim təklif etdiyimiz mövzulardır. Elmi rəhbərlər isə bizim təqdim etdiyimiz alimlər, kafedramızın əməkdaşlarıdır. Yəni ki, magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddialar tamamilə yalandır. Əvvəlki illərdə də bizim kafedraya hər il 12-15 nəfər magistr təhkim olunub. Bu baxımdan hər hansı narazılıq yoxdur”.

Professor Məhiş Əhmədov differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunmasını da yüksək qiymətləndirdiklərini bildirdi: “Dünyada hər bir sahədə ciddi dəyişikliklər baş verir. Bu gün Azərbaycan da dünya iqtisadiyyatına, dünya elminə fəal inteqrasiya olunur. Belə bir şəraitdə bütün sahələrin, o cümlədən iqtisadiyyatın da, təhsilin də rəqabət qabiliyyəti beynəlxalq tələblərə uyğunlaşdırılır. Bu da ilk növbədə tələb edir ki, bizim alimlərin də beynəlxalq jurnallarda məqalələri çap olunsun, reytinqli konfranslarda çıxış etsinlər. Alimlərin bu istiqamətdə fəaliyyətini stimullaşdırmaq üçün isə differensial əməkhaqqı sisteminin tətbiqi çox düzgün verilmiş qərardır. Əlbəttə, hər bir yenilik tətbiq olunarkən müəyyən çatışmazlıqların, tam nəzərə alınmayan cəhətlərin olması mümkündür. Ona görə də, bu istiqamətdə də müəyyən təkmilləşdirmələr aparılır. Yəqin ki, bundan sonra da aparılacaq. Ancaq differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunmasında hansısa qeyri-obyektivlikdən danışmaq, ən azı insafsızlıqdır. Böhtanlarla, yalan məlumatlar yaymaqla aparılan işlərə kölgə salmaq olmaz. UNEC-in elmi-tədqiqat universitetinə keçməsi ilə əlaqədar olaraq, professorların, dosentlərin elmi işlərinə veriən ballar hazırda ümumi balın 70 faizini təşkil edir. Bu da o deməkdir ki, differensial əməkhaqqı sistemi üzrə siyahıda yüksək yer tutmaq üçün subyektiv amillər aradan qaldırılıb. Alimlərimizdən elmi fəaliyyətlərini daha da gücləndirmələri tələb olunur. Bu da təbiidir. Elmi tədqiqat işi aparmayan professorların, dosentlərin yüksək keyfiyyətli dərs deməsi real görünmür. Ona görə də elmi fəaliiyyətin daha da artırılmasına yönəlik tələbləri mən də düzgün hesab edirəm. Son 2 ildə tətbiq edilən qaydaları da bu baxımdan məqbul sayıram.”

UNEC-in “Ticarətin və gömrük işinin təşkili” kafedrasının müdiri, uzun illik prorektor vəzifəsində çalışmış, iqtisad elmləri doktoru, tanınmış professor Arif Şəkərəliyev də universitetdə görülən işlərə kölgə salınmasını qınadı: “Mənə də “Təzadlar” qəzetindən zəng etmişdilər. Magistr dissertasiyaları və sair məsələlərlə bağlı danışmaq istədiklərini bildirdilər. Mən də onlara hesabat vermək məcburiyyətində olmadığımı dedim. Qeyri-obyektiv, qərəzli mövqe tutduqlarından ətraflı danışmadım. Ancaq sizin saytınız vasitəsilə bildirirəm ki, magistrlərə elmi rəhbərlərin yalnız kənardan gətirildiyinə dair iddialar tam yalandır, böhtandır. Bizim kafedranın da bir neçə müəllimi magistrlara elmi rəhbər təyin olunub. Son illər elmi rəhbərlərini magistrlar əsasən özləri seçir. Yəni onlara bu imkan yaradılıb ki, kafedradan təqdim olunmuş müəllimlər arasından seçim aparsınlar. Buna görə də bəzən bir müəllim bir neçə magistra elmi rəhbərlik edir, başqa bir müəllimin isə heç bir magistri olmur. Ancaq magistrlərə elmi rəhbərlərin yalnız kənardan təyin olunması barədə deyilənlər yalandır”.

Professor Arif Şəkərəliyev differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunması ilə bağlı da fikirlərini açıqladı: “Kimlər tədqiqat işi aparırsa, reytinqli jurnallarda məqalələr çap etdirirsə, differensial əməkhaqqı sistemi üzrə onlara daha yüksək əmək haqqı verilir. Bu da əvvəlcədən bəyan edilmiş kriteriyalarla, tam şəffaf, obyektiv şəkildə aparılır. Burada nə narazılıq ola bilər?”

Arif Şəkərəliyev son illər universitetdə ciddi islahatlar həyata keçirildiyini, kollektivin də görülən işləri dəstəklədiyini vurğuladı: “ Mən 50 ildən artıqdır ali təhsil sistemində işləyən bir alim, rəhbər vəızifələrdə çalışan bir şəxs kimi görülən işləri yüksək qiymətləndirirəm. Artıq universitetdə bütün işlər elektronlaşdırılıb- mühazirələrin, seminarların aparılması, imtahanların keçirilməsi elektron sistem vasitəsilə həyata keçirilir. Obyektiv və şəffaf bir mühit yaradılıb. Universitetdə beynəlxalq konfranslar keçirilir, tanınmış xarici universitetlərlə müəllim mübadiləsi aparılır, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəldilib və sair. Belə işləri necə qiymətləndirməmək olar? Universitetin reytinqi ildən-ilə yüksəlir. Aparılan işlərə "qara yaxanların" fikirləri qərəzlidir”.

UNEC-in “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışmış, hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri işləyən, professor Telman İmanov bildirdi ki, “Təzadlar” qəzetindən ona da zəng edərək, bəzi məsələlərlə bağlı fikir bildirməsini istəyiblər: “Baş redaktorun özü zəng etmişdi. Dedi ki, bəs universitetdə bəzi məsələlərlə bağlı - hansı ki, saytında yazır - problemlər var, istəyirəm siz də münasibət bildirəsiniz. Mən ona bildirdim ki, 25 il mən həmin universitetdə çalışmışam, onun 15 ilini də kafedra müdiri olmuşam. 9 aydır başqa universitetə keçmişəm. Dedim 25 il çalışdığım, 15 ilini də kafedra müdiri olduğum bir təşkilat barədə nə mənfi fikir söyləyə bilərəm? Dedim siz söyləyə bilərsiniz? Dedi yox. Dedim mənə belə suallar vermək etik normalardan kənardır, xahiş edirəm məni narahat etməyin. Bununla da söhbətimiz yekunlaşdı”.

Telman İmanov bldirdi ki, professor Ədalət Muradov universitetə gəldikdən sonra böyük işlər görülüb: “Görülən işlərə kölgə salmaq olmaz. Bunun heç kimə faydası da yoxdur. Universitetdə kimdən soruşsanız, deyəcəklər ki, o qəzetdə yazılanların əksəriyyəti həqiqətdən uzaqdır”.

Professor Telman İmanov differensial əməkhaqqı sistemi üzrə siyahının tərtib olunmasında da hər hansı subyektiv qərarın rol oynamadığını vurğuladı: “Mən də həmin siyahıda 2 dəfə yer tutmuşam. Bir dəfə 12-ci, bir dəfə dəfə də 65-ci. Kimin ki, əməyi çoxdur, elmi fəaliyyəti yüksəkdir, həmin siyahıda daha yuxarıda yer tutur. Elmi məhsulun ortadadırsa, qiymətləndirmə meyarlarına uyğun gəlirsə yer tutursan. Differensial əməkhaqqı sistemi elə təşkil olunub ki, kiminsə başqasının haqqına girməsi mümkün deyil. Bəziləri gedib reytinqi olmayan xarici jurnallarda məqalə dərc etdirib gətirir ki, məni də siyahıya daxil edin. Halbuki həmin jurnallarda dərc olunmaq nə alimin özünə, nə də universitetə nüfuz gətirmir. Kriteriyalar məlumdur, elmi fəaliyyət də buna cavab verməlidir ki, reytinq siyahısında yer tutasan. Bunun əksini iddia edənlər qərəzlidir”.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Adam Smit 2019-03-13 20:03:49

.....30 ilə yaxındır kafadra müdrləri olaraq bütün yenilikləri və təşəbbüsləri beşiyində ikən boğanlar elə özlərinə bənzər "kadrlar" yetişdirəcəklər.Dünyanın aparıcı universitetlərini bitirən o qədər gəclərimiz var ki,qoyun onlar işləsinlər də onların əvəzinə......

Mirzə m 2019-03-13 20:03:49

Çox maraqlıdır..Utanmırlar...magistr dissertasiyası üçün dava edin alimlərvar. Əsil alim sərbəst vaxt axtarmalıdır. 1300 maaş alırlar, gözləri hələdə tələbənin əlindədir. O cür adamlara elmi ad verənlərə ayıb olsun...

Telman İbrahimov 2019-03-13 20:03:49

Aslan və Alıcanın yazılarından 1937-ci ildə Hüseyn Cavidin, Mikayıl Müşvüqin üzünə duranların üfunətinin iyi gəlir. İqtisad universitetində magistraturadan da rüşvət əllərindən çıxdığı üçün Azərbaycanın gənc alimlərinə böhtan atırlar. Bəlkədə, bu pis əməl onların 1937-38 illərdə dünyaya gəlmələri ilə bağlıdır...

Məlahət Mürşüdlü 2019-03-13 20:03:49

Universitetdə kadr hazırlığına müsbət təsir edən inteqrativ baxışların müəyyənləşdirilməsi,müzakirə və mübadilələr zamanı yaranmış səmərəli təşəbbüslərin ümumiləşdirilib tətbiq edilməsində,müəllim-professor heyəti üçün seminar və təlimlərin təşkilində, onlarda peşə məsuliyyəti, kompetensiyalar haqqında düşüncə tərzinin formalaşdırması, bütün resursları tələbələrin bilik və bacarıqlarının optimal və obyektiv qiymətləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bunları görməmək təəccüb doğurur

Nurlan İsgəndərov 2019-03-13 20:03:49

Bu Asif Mərzili nə cür adam imiş....

Son yazılar