"Hakimiyyətdə Rusiyaya bağlı adamlar həddindən artıq çoxdur" - Vahid Əhmədov

“Hakimiyyətdə Rusiyaya bağlı adamlar həddindən artıq çoxdur”. Bunu millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov Moderator.az-a müsahibəsində bildirib. V.Əhmədovun fikrincə, bu adamların bir çoxu hələ də SSRİ-nin nostalgiyası ilə yaşayır. SİTAT:

"Mən bir neçə dəfə bu barədə fikir bildirmişəm və bəzilərinin xoşuna gəlməyib. Azərbaycanın 23 illik müstəqilliyi dönəmində ən çox xeyir görənlər, onun müstəqilliyi əleyhinə səs verənlərdi. Müstəqilliyə səs verən insanlarınsa hansı vəziyyətdə olduğunu özünüz görürsünüz. Həmin 43 nəfərin hamısı ya bu dünyadan köçüb, ya da çətinlik içərisində yaşayırlar. Rəhmətlik Heydər Əliyev də həmin vaxt müstəqilliyimizə səs verən deputatlardan olub. Elə bu faktın özü stimul verməliydi ki, istiqlalçı deputatlara fərqli yanaşma sərgilənsin. Görünən odur ki, SSRİ-nin nostalgiyası insanların dünyagörüşündən və canından çıxmayıb".

Millət vəkili daha sonra deyib ki, SSRİ nostalgiyasının insanların "canından çıxması" üçün zamana ehtiyac var.

“Sizə deyim ki, bu nostalgiyanın qüvvətlənməsi üçün Rusiya ciddi canfəşanlıq edir və Ukraynada baş verənlər elə “qızım sənə deyirəm, gəlinim sən eşit” anlamına gəlməlidir. Xof da var, simpatiya da. Heç kimə sirr deyil ki, hakimiyyətin özündə də Rusiyaya bağlı adamlar həddindən artıq çoxdur. Bunların kimlər olduğunu təxminən bizlər də, sizlər də, bütövlükdə cəmiyyət də bilir. Amma mən bədbin deyiləm və hesab edirəm ki, müəyyən zamandan sonra bu məsələ də öz həllini tapacaq. Yeni nəsil yetişməkdədir və gənclər müstəqil Azərbaycanda doğulublar, onlar bu nostalgiyanı səhnədən silib atacaqlar.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar