"İSLAHATLAR APARILMASA HAKİMİYYƏT ÇƏTİN VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAQ" - "Uzun müddət iqtidarda olmaq öz təsirini göstərir"

"Türkiyədə seçkilərin kütləvi saxtalaşdırılması mümkünsüzdür. Türkiyə siyasəti və cəmiyyəti buna əsla imkan verməz"

Türkiyədə yaşayan azərbaycanlı professor, politoloq Toğrul İsmayılın “AzPolitika.info”-ya müsahibəsi

- Toğrul bəy, Prezident Ərdoğanın sərt reaksiyası İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi ilə nəticələndi. Hazırda Türkiyədə durum və ab-hava necədir?

- Əslində seçkilərin nəticələrinin ləğv edilməsi və İstanbulda yeni bələdiyyə sədri seçkilərinin təyin edilməsi gözlənilən idi. İstanbul böyük şəhərdir və iqtidar partiyası, o cümlədən Ərdoğan bu şəhərin başqa partiyanın əlinə keçməsinə razı olmazdı. Necə razı olmazdı? Şübhəsiz ki, qanuni yollarla. İstanbul seçkilərində həm də qaliblə məğlub arasında səs fərqi çox azdır, haradasa 13 min səsdir. Təbii ki, AKP qanuni yollarla İstanbulda seçkilərin yenidən keçirilməsinə nail ola bilib. Əlbəttə, Yüksək Seçim Kurulunun qərarı birmənalı deyil. Bu qurumun 7 üzvü seçkinin təkrar keçirilməsi, 4 üzvü isə keçirilməməsinə səs verib. Buradan da görünür ki, ciddi müzakirələr aparılıb. Verilən qərar da ortadadır. Ancaq bildiyiniz kimi Yüksək Seçki Kuruluna həm hakimiyyət, həm də müxalifət tərəfindən təzyiqlər olunurdu. Yəni müxalifət təzyiq edirdi ki, seçkinin təkrarlanması haqda qərar çıxmasın, hakimiyyət isə bunun əksinin olması üçün pressinqlər edirdi. İstanbulda seçkilərin keçirilib-keçirilməməsi məsələsinin hüquqi baxımdan açıqlaması yoxdur. Əslində burada müzakirə yaradan Yüksək Seçki Kurulunun verdiyi qərarın qanuna nə dərəcədə uyğun olub- olmadığı ilə bağlıdır.

İkincisi, mənə görə, indi cəmiyyətin üzərində dayanacağı əsas məsələ yeni seçkilərin nə dərəcədə şəffaf, azad və doğru keçirilməsi ilə bağlıdır. İndi bu daha vacib məsələdir.

- Yəni siz hesab edirsiniz ki, seçkilər şəffaf və ədalətli keçirilməyə, saxtalaşdırma ola bilər?

- Türkiyədə seçkilərdə ciddi və ya kütləvi saxtakarlıq görünməyib. Hətta Ədalət və İnkişaf Partiyasının etirazları seçkinin nəticələrinə ciddi təsir etməyən bəzi qanunlara uyğun olmayan prosedurlarla əlaqəli olub. Yəni AKP bu tip prosedur məsələləri üzərindən hərəkət edərək yeni seçkilərin keçirilməsinə nail olub. Mən, bitərəf mütəxəssis olaraq deyə bilərəm ki, İstanbulda bələdiyyə seçkilərini yenidən keçirmək də, keçirməmək də mümkün idi. Sadəcə olaraq son qərar keçirilməsi haqqında olub. Bundan sonra nə olacağını demək xəyal qurmaq kimi bir şeydir. Türkiyədə seçkilərdə ciddi qanun pozuntuları olmaz. Sadəcə indi narazılıq onunla bağlıdır ki, əgər seçki yenilənirsə İstanbulda bütün İstiqamətlər üzrə yeni seçkilər keçirilməlidir. Yəni ancaq İstanbul şəhər bələdiyyə sədri seçkiləri deyil, eyni zamanda bələdiyyə məclisi seçkiləri, rayon və qəsəbə bələdiyyə sədrləri seçkiləri keçirilsin. İndi müşahidə edilənlər sadəcə olaraq qanunlar çərçivəsində dövran edir. Biz qanunları bəyənə və ya bəyənməyə bilərik, amma realıq budur.

- Cümhuriyyət Xalq Partiyası elan edir ki, YSK-nın məlum qərarı hüquqi deyil, siyasi xarakterlidir...

- Əslində müxalifət də, hakimiyyətdə YSK-ya siyasi təzyiq göstərirdi. Siyasilər bunu edər və bu da normaldır. Hər bir düşərgə qazanmaq üçün əlindən gələni etməlidir. Sonunda siyasi partiyaların məqsədi də hakimiyyətə gəlməkdir və bunun üçün də sona qədər mübarizə aparırlar.

- Niyə məhz İstanbul uğrunda belə amansız, bəzən də qanundankənar mübarizə getdiyi halda Ankara, Antalya və sair böyük şəhərlər uğrunda da getmir?

- İstanbul meqopolisdir, çox böyükdür. İkincisi, Türkiyə iqtisadiyyatının böyük bir hissəsi İstanbulun payına düşür. Yəni böyük qaynaq, resursdur. Ölkənin hər 5-6 vətəndaşından biri İstanbulda yaşayır. İqtisadi baxımdan rəngarəngliyi var. Bir növ İstanbul mərkəz, alternativ paytaxt kimi nöqtədir. Bu mənada İstanbul uğrunda siyasi partiyaların mübarizəsi başadüşüləndir. Ancaq sizi əmin edim ki, İmamoğlu ilə Binəli Yıdırım arasında səs fərqi 50-100 min olsaydı belə problemlər ortaya çıxmazdı və şübhə yeri də qalmazdı. Əslində indi Türkiyənin siyasətçiləri və cəmiyyəti üzərinə düşən əsas vəzifə Türkiyənin demokratiya ənənələrini itirməməsidir. Yəni təkrar seçkiləri Türkiyə demokratiyasına ləkə salmadan həyata keçirmək vacibdir. Əlbəttə, təkrar seçkilər daha çətindir. Həm də bu seçkilərdə ancaq hakimiyyət partiyasının qələbə əldə edəcəyi kimi bir məsələ də yoxdur. Müxalifətin namizədi də qalib gələbilər. Burada sözü daha çox seçici deyəcək. Türk seçicisi isə hər zaman həssaslığını göstərib.

erdogan_111

- Niyə AKP seçkilərdə böyük şəhərləri rəqiblərinə uduzmağa başlayıb və bu hansı həddə qədər davam edə bilər?

- Bunun çox sadə səbəbi var. Əgər xatırlayırsınızsa bu reallıq ilk dəfə daha çox referendum zamanı ortaya çıxdı. Yəni AKP iri şəhərlərdən az səs aldı. Mənim fikrimcə, əslində AKP və “Cümhur ittifaqı” daha çox Anadolu insanına xitab etmiş kimi görünür. Diqqətlə baxdıqda məlum olur ki, ən çox səsi də oradan yığıblar. Bir qədər də cənub-şərq hissələrdən səs alıblar. Sözsüz ki, seçkidə 51-52 faiz səs almaq az rəqəm deyil. Böyük şəhərlərin dərdi isə Anadoludan fərqlidir. Böyük şəhərlərdə yaşamaq daha çətindir, belə şəhərlər iqtisadi böhranı daha çox hiss edirlər. Bu səbəblərdən də partiyaların ideologiyası və apardığı siyasət kimə hədəflənibsə, aldığı səslər də oradan gəlir. Son illər AKP-nin siyasəti Anadolu kəsiminə, yəni bölgəyə xitab edir. Böyük şəhərlər isə bu xitabı qəbul etmədi. İkincisi, burada namizəd məsələləri də vacib amildir və doğru namizədlər seçimi etmək lazımdır. Necə ki, müxalifət ilk dəfə doğru namizəd irəli sürdüyü üçün uğur əldə edə bilib.

- Türkiyədəki hazırkı durum deməyə əsas verirmi ki, AKP zəifləməyə və tədricən siyasi qüvvələrin mərkəzi rolunu itirməyə başlayır?

- Xeyir. Belə bir reallıq yoxdur. Baxın, görün AKP və Ərdoğan neçə ildir hakimiyyətdədir. Amma buna rəğmən son seçkilərdə 52 faiz səs topladı, seçkilərdə ən çox səs toplayan partiya oldu. Yəni bu asan bir iş deyil, əksinə rekord üzərinə rekorddur. Mənim bunu deməkdə məqsədim AKP-ni müdafiə etmək deyil. Neçə ildir hakimiyyətdəsiniz, uzun müddət hakimiyyətdə olmaq adama zəiflik gətirir, üstəlik ölkədə iqtisadi vəziyyət pisdir, bölgədə gərginlik var. Belə vəziyyətdə yenə də ən çox səs toplayan partiya olursunuz. Təbii ki, geriləmə olacaq və zaman işini görür. Uzun müddət hakimiyyətdə olmaq öz təsirini göstərir. Amma AKP-nin siyasətdən çıxması haqda danışmaq hələ çox tezdir. Bəli, AKP bəlli yerlərdə gücünü itirib, amma bəlli yerlərdə də yenidən qazanıb.

- Əkrəm İmamoğlu 2024-cü il prezident seçkilərində Ərdoğana qarşı ciddi rəqib ola bilərmi?

- Uzaq gələcəklə bağlı proqnoz verməyi sevmirəm. Ancaq deyə bilərəm ki, İmamoğlu simasında Türkiyə yeni bir siyasətçi qazanıb. Amma zaman uzundur. Bu müddətə İmamoğlu özünü necə göstərəcək, nələr olacaq? Bu proses maraqlıdır. Əlbəttə, İmamoğlu siyasətçi kimi səbirli olduğunu göstərib. Yəni bu şəxs İstanbul uğrunda keçiriləcək seçkilərdə qalib kəlməsindən və ya məğlub olmağından asılı olmayaraq, türk siyasətinə öz damğasını vurub. Yəni artıq siyasətdə var.

Ancaq hazırda Türkiyə iqtisadi böhran yaşayır. Təkrar seçkilər deyən kimi dolların məzənnəsi qalxdı. Dolların məzənnəsi 5.90 lirədən 6.20 lirəyə qədər qalxdı. Həssas bir dönəmdir. Amma burada “Ay Türkiyə çökəcək” kimi məsələ də yoxdur. Türkiyənin bu seçki müddətini necə idarə edəcək məsələsi var. Bundan çox şey asılıdır. Seçkilərlə iqtisadi vəziyyəti düzəltmək mümkün deyil. Bunun üçün ciddi reformalar aparılmalıdır. Məncə, hakimiyyət bunu başa düşür. O başqa məsələdir ki, reformalar aparılmasa hakimiyyət daha çətin vəziyyətlə üz-üzə qalacaq. Bir daha qeyd edim ki, seçkilərin kütləvi saxtalaşdırılması mümkünsüzdür. Özü də İstanbul kimi şəhərdə. Həm də Türkiyə siyasəti və cəmiyyəti buna əsla imkan verməz.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Cəmşid Dərələyəzli 2019-05-09 10:47:38

31 martda Türküyədə Bələdiyyə seçgilərində İstanbul Böyük Şəhər Bələdiyyəsi ilə bağlı 19 apreldə aşağıdakı bu paylaşımı etmişdim. ----------- Qardaş Türküyədə baş verən siyasi olaylar bizləri, xüsusən də Azərbaycanı əndişələndirməyə bilməz. Çünki, dünyada dəngələrin dəyişdiyi bir dönəmdə və bu dəngələrdən çıxış edib dünya düzənini yenidən şekillenmesine cəhd edən güclər, Türküyəni (xüsusən də müsəlman ölkəsi olduğuna görə) hər vasitə ilə Orta Doğu bataqlığında tələyə salmaq çabasındadırlar. Çünkü, Türküyənin bölgədə və xüsusəndə dünyada söz sahibi olması, Türk duşmanlarının marağına ziddir və bu nədən də günü-gündən böyüyən və bölgənin önəmli aktyoruna çevrilən Türküyə onları rahatsız etməkdədir. Ona görə də onlar Türküyəni həmişə xarici münaqişələrə cəlb etməklə yanaşı, içdən vurmaq üçün də daxili qarşıdurmaların yaratmaq qayəsindədirlər və bundan da vaz keçmək niyətləri yoxdur. Bütün bu səbəblərdən dolayı da son bələdiyyə seçgilərində, onların Türküyə uzantıları və onlara xidmət edən iç nökərlər yenə iş başında idi. Məhz Türküyə YSK-sı onların əlinə koz verməmək üçün, araşdırmalar başa çatmadan İmamoğlunun “mazbatasını” ona təqdim etmək məcburiyyətində qalmış oldu. Bu isə YSK –nın İstanbul araşdırmasının durdurulması anlamına gəlmir. Odurki də, İstanbulda baş verənlərə bir də görünməyən tərəfdən baxmaq lazım. Birincisi İstanbulda İmamoğlu yox, Türk demokratiyası qalib gəldi (hakikatanda gəlibsə o da eger) . İkincisi İmamoğlu bu seçgidə, görünmeyenleri demirem, aslında adı "Millət İttifaqı" olan görünən beş kişinin (partiyanın) dəstəyi ilə başkan olub. O elə də siyasi arenada çox da tanınan siyasətçi də deyil, adam da deyil. Olaki də bezi kardeşlarımızın dediyi kimi ki, hele bir "Fateh" ola. Üçüncüsü, qeyd etdiyimiz kimi, YSK -da araşdırma gedir, Mazbatanı almaq hələ şərt deyil. Ola bilsin elə anti milli və anti Türküyə bəlgələri ortaya çıxar ki, YSK Mazbatanı verdiyi kimi də geri alar. Dördüncüsü bəli iç politkada iqtidarın bazi yanlışları var, lakin bu heç də fəlakətli həddə deyil. Bundan istifadə edib, İmamoğluna səs verən İSTAnBUL Elitası nə yazıq ki, proseslərə dışdan baxıb da oy vermədilər. Guya kəndilərinə görə qisas aldılar. Onlar nəzərə almalı idilər ki, Atatürkdən sonra Erdoğan tək liderdi ki, bütün dünya güclərinə kafa tutaraq dünyada Türküyənin baxımsızlığı mücadiləsini verir. CHP isə iqtidarda olsun deyə yenə də Türküyəni Türk duşmanlarının hodağına çevirmək qayəsində. Nə yazıqki, hazırki CHP ATATÜRK ideallarından çoxdan vaz keçib. Bu isə çox üzücü. Beşincisi, lap deyək ki, hər şey yolunda olub. Sabah İmamoğlunu başkan yapan o görünən ve görünmeyen qüvvələr və xüsusən də Qərb uzantıları oz şartlərini diqtə etməyəcəklərmi. Onda nə olacaq. Ona görədə gəlin tələsməyək. Uca Türk millet dostu ile duşmanını artıq seçen millet. Türküye sevdalılarına və bütün Türk millətinə isə, YSK-nın kararını gözlemek düşür. Bu gün aydan 6 mayis. Günlərdən pazar ertəsi günü. Göründüyü kimi vermiş olduğumuz proqnoz düz çıxdı. Bəli artıq YSK o kararı verdi. Stanbulda seçimlər yenilənəcək. Türk demokrasi öz sözünü yenə dedi. Unutmayak ki, indiki zamanda bu karar Türküyəmizin BEKASI üçün çox önemli. Dərine gedilse CHP üçün de bu doğru bir karar. Çünki onlar üzde "Millət İttifak"ı adllanan birliyin bazı üyelerinin karşısında götürdükleri yükün önemli bir kısmından kurtulmuş oldular.

Son yazılar