"Neftçi" və "Xəzər Lənkəran" bu dəfə Naxçıvanda üz-üzə gələcəklər

Sabah Azərbaycan Superkuboku uğrunda oyun keçiriləcək. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Topaz Premyer Liqasının və Azərbaycan kubokunun qalibi olan “Neftçi” “Xəzər Lənkəran”la qarşılaşacaq.

Hər 2 titulu bakılılar qazandığından Superkubok görüşündə kubokun finalçısı olan cənublular çıxış edəcək. Bu isə o deməkdir ki, futbolsevərlər Naxçıvanda baş tutacaq qarşılaşmada növbəti “Böyük oyun”un şahidi olacaq.

Azərbaycan futbol tarixində 4-cü Superkubokun qalibini müəyyənləşdirmək üçün 3-cü dəfə 2 komanda arasında matç keçiriləcək. Əvvəlki 2 qarşılaşma Sumqayıtda baş tutub və hər ikisində “Neftçi” qalib gəlib. Daha bir mükafat isə “Qızıl dubl” müəllifi olan “Qarabağ”a təqdim edilib.

1993 və 1995-ci illərdə Superkuboku başı üzərinə qaldırmağa çalışacaq “Neftçi”dən fərqli, rəqibi ilk dəfə bu mükafat uğrunda görüşə çıxacaq. Lakin cənubluların zəngin təcrübəyə malik baş məşqçisi Con Toşak dəfələrlə Superkubok qazanıb. Futbolçu kimi İngiltərə və UEFA, baş məşqçi kimi İspaniyada belə titul əldə edən uelsli kolleksiyasına Azərbaycan Superkuboku da əlavə etmək niyyətindədir. Bir sözlə, “Neftçi” 3-cü, Toşak 4-cü dəfə bu mükafatı qazanmaq arzusundadır.

Maraqlıdır ki, hər ikisi sonuncu dəfə bu uğuru 1995-ci ildə qazanıb. Həmin vaxt sayca 3-cü və sonuncu Azərbaycan Superkubokunda “Neftçi” “Turan”ı məğlub edib. Azərbaycan kubokunun qalibi Superkuboku penaltilər seriyasında əldə edib – 1:1, penaltilər seriyası 10:9. Toşak isə həmin il İspaniya kubokunu qazanan “Deportivo” ilə ölkə çempionu “Real”ı darmadağın etdi – 3:0, 2:1.

Bundan sonrakı 18 ildə uelsli mütəxəssis bir daha Superkubok qazanmayıb. Azərbaycanda isə belə matçlar təşkil edilməyib. 6697 gün əvvəl – 1995-ci il iyunun 23-dəki Superkubokdan sonra azarkeşlərimiz 18 ildir həsrətində olduğu güclülərin qarşılaşmasını izləyəcək.

Bu dəfə “Boyük oyun” Toşaklı “Xəzər Lənkəran”ın “Neftçi”nin 3-cü dueli olacaq. Əvvəlki 2 görüş qolsuz heç-heçə ilə başa çatıb. Ötən mövsüm kubokun finalında qolsuz bitən matçın ardından ən güclünü müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulmuşdu. Sonu böyük dava-dalaşla nəticələnən həmin matçdakı “lotereya”da bakılılar qazanmışdı. Cari mövsümdə isə Topaz Premyer Liqasının I dövrəsində komandalar bir-birinə qol vura bilməmişdi. Bu dəfə də qalib mütləq müəyyənləşəcək: əlavə vaxt və ya penaltilərə ehtiyac duyulsa da.

Oyun rəqiblərin neytral meydanlarda 3-cü qarşılaşması olacaq. 2005-ci ildə çempionu müəyyənləşdirən “Qızıl oyun” Gəncədə keçirilmişdi. 8 il əvvəl “Neftçi” 2:1 hesabına sevinmişdi. Son kubokun final matçı isə Bakıda baş tutmuşdu. Bu dəfə isə “Böyük oyun” Naxçıvanda keçiriləcək.

IV Azərbaycan Superkuboku

23 oktyabr (çərşənbə)

15:00. “Xəzər Lənkəran” - “Neftçi”

Baş hakim: Rəhim Həsənov

Köməkçi hakimlər: Yaşar Abbasov, Vaqif Musayev

Dördüncü hakim: Rauf Cabbarov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Xaqani Məmmədov

İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar