“QURDALAYIRSAN, STRİPTİZ OTAĞI, NƏLƏRİ ORTAYA ÇIXIR...” – “Öz dilini bilməyən, lap akademik olsun, o, nə deyəcək ki?”

Sabir Rüstəmxanlı: “Ziyalı o zaman müstəqil olar ki, onun malı-mülkü olsun”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, bugünlərdə 73 yaşı tamam olan Xalq şairi Sabir Rüstəmxanlının “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik:

- Sabir bəy, Sizi Doğum Gününüz münasibəti ilə təbrik edirik. Doğum günlərinizi necə qeyd edirsiniz?

- Mən, adətən 5 ildən bir, yəni 50, 55, 60, 65 yaşlarımı xüsusi qeyd edirəm. Buna xüsusi hazırlıq görürəm, teatrla, mahnı, aktyorların iştirakı ilə qeyd edirəm. Amma sıradan doğum günlərimi çalışıram ki, heç kim hiss etməsin, özüm də qaçım aradan çıxım. Ancaq dostlar sağ olsun, imkan vermirlər ki, ad günüm unudulsun. Sizə deyim ki, bir yaş qocalmaq elə də gözəl iş deyil. Adam hər dəfə bundan sıxıntı keçirir, amma neyləyək, gəlib bu ana da çatmışıq. Mənə adi doğum günündə də geniş coğrafiyadan təbriklər gəldi. Adi günlərdə diqqətdə olmayan insanlardan təbrik aldım. Gördüm ki, millət heç nəyi unutmur, çəkdiyimiz əziyyəti, yazdığımız yazıları oxuyur. Və bir də şeirlərimdən mənə nümunələr yazıb göndəriblər. Elə bilirdim ki, insanlar bu kitabları oxumayıblar, heç şeirlərdən xəbərləri yoxdur. Ancaq görürəm ki, oxunur, dünya bizim düşündüyümüz qədər də fani deyil. Bunlar şübhəsiz ki, bizi sevindirir.

- Bir Xalq şairi, ziyalı kimi Azərbaycan ziyalısının durumunu necə qiymətləndirirsiniz?

- Ziyalılarımızın vəziyyəti yaxşı deyil. Bir neçə istiqamətdə durum müsbət deyil. Əvvəla, ziyalı millətinin dərdini çəkən adamdır və ömrü boyu da müstəqillik arzusunda olub. Müstəqillik bizə baha gəlsə, torpaqlarımızın bir hissəsini itirsək də, onu qazanmışıq. Ən dəyərli, qiymətli parçamızın müstəqillik olduğunu hesab etmişik. Əlbəttə, bunun acısını da hamıdan əvvəl ziyalı çəkib. Ancaq ziyalılar sıxıntı içindədir. Buna bir səbəb də, ziyalılarımızın uzun illər gözdən salınması, onların gördüyü işlərə biganə münasibət olub. Mənim elə kitabım var ki, 30 ildə bir dəfə çap edilməyib. “Difai fədailəri”ni yazmışam. Normalda bizim rəsmi dairələr deməliydilər ki, gəl buna film çəkək. Amma bu işlər görülmür. Belə hallar şübhəsiz ki, məni və mənim timsalımda ziyalıları incidir. Üstəlik, ziyalıların maddi sıxıntısı var. Ziyalıları sağdan, soldan, iqtidarlı-müxalifətli, hamı qınayır. Hamısı da özünə sərf edən ziyalını sevir, yanında hansı ziyalı dayanırsa, onu əsl ziyalı sayır. Bütövlükdə milləti düşünən ziyalıların vəziyyəti isə həmişə ağır olub. Maddi sıxıntı ziyalıların müstəqil ola bilməməsini şərtləndirə bilir. Ziyalı o zaman müstəqil olar ki, onun malı-mülkü olsun. Köhnə bəylər kimi təsərrüfatı, bir sözlə, həyatını təmin edən gəliri olsun. Bunlar olmayandan sonra ziyalı ələbaxan olanda, xırda məmurdan və ya iş adamından kömək gözləyəndə fərqli durum olur. Ələbaxan və pis yaşayan ziyalıdan nə cür müstəqillik, tam ürəklə danışmaq, nüfuzunu gözləmək olar? Axı, ziyalının da ailəsi, gündəlik tələbatı var. Bəzən ziyalı canını fəda edir, amma onun da qədri bilinmir. Biz 30 ildir bunu görürük. Adamları necə vurub sıradan çıxarırlar, dünən qəhrəman sayılan bu gün düşmən elan olunur, dünən fədakarlıq göstərən, başına and içilən sabah xain elan olunur. Səbəb odur ki, ziyalı başqa cür düşünür. Bu kimi hallar Azərbaycan ziyalılarına çox böyük zərbələr vurub və onların ürəyini qırıb, mənəvi dünyasını uçurdur. Sıxıntı içində olmaq həm də belə mənzərə yaradır. 30 ildən nəticə çıxaranlar azdır.

- Siz 25 il deputat olmusunuz. Deputat Tahir Kərimli parlamentin sonuncu iclasında bəyan edib ki, biz xalqa nə qədər “can” desək də, o bizə “azar” deyəcək. Sizcə, həqiqətənmi belədir?

- Fikrimcə, səbəb siyasi mədəniyyətin aşağı olmasıdır. Əlbəttə, cəmiyyətdə qəzəb var və bilmir ki, qəzəbi necə söndürsün. Sonu da belə yerə gəlib çıxır. Amma mədəniyyəti yerində olan adamlar heç vaxt buna getmirlər, hər sözün yeri var, onu necə işlətməyi bilirlər və s. Sözsüz ki, insan gərək özünü o yerə gətirməsin ki, sonda söyüş qabına çevrilsin. Gərək bu da olmasın. Ümumiyyətlə, bu gün ədəbiyyatda da çılpaq danışmaq, hər şeyi eybəcər şəkildə ifadə etmək meylləri artır. Bəzən buna zəngi kimi baxırlar. Görünür, cəmiyyətdə elə düşüncədə olanlar var ki, elə bilirlər söyüşlə danışmaq ən kəskin danışmaqdır. Mən bunu arzu etməzdim. Bilirsinizmi, millət olaraq bizim bir-birimizə müraciət formamız da normal deyil. Bir-birimizə müəllim deyirik. Halbuki, qədimdə bizim can sözümüz olub, daha çox ay can, bacıcan, qardaşcam müraciətimiz olub. İndi erməni bunu bizdən oğurlayıb və qardaş sözünün arxasına bir can sözü də əlavə edərək qardaşcanı müraciət formasına çevirib. Amma biz küçədə bir-birimizə “ayə”, “bura bax” kimi kobud müraciət formasından istifadə edirik. Təbii ki, bunların hamısı da soyuqluq yaradır, insanlar arasında münasibətləri korlayır. Bəy deməyin nəyi pisdir? Bəy deyəndə insan bəyləşirdi, insanlarda isti havalar əsirdi. Amma cənab, müəllim söyüş havası yetişdirir.

- Bir müddət əvvəl Azərbaycan Prezidenti mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri ilə görüşdü. Niyə Sabir Rüstəmxanlı bu görüşlərdə gözə dəymir?

- Mən müxalifət partiyasının sədriyəm. Müxalifət düşərgəsi bizi yumşaq münasibətdə ittiham etsə, bəzən əsas olmadan bizi hakimiyyətə yaxınlıqda günahlandırsa da, nəticədə hakimiyyət qarşısında biz müxalifət partiyasıyıq. Mən fotolara baxıram, Dədə Qorqudun heykəli açılır. Biz ömrümüz boyu Dədə Qorqud deyib yazmışıq. Eləcədə, şairlərimizin, Koroğlunun, Xətainin heykəli. Bu mərasimlərdə dəxili olmayan adamlar olur, amma biz yoxuq, bizi dışlayıblar. Halbuki, normal cəmiyyətdə belə olmalı deyil. Mən hər şeydən əvvəl Azərbaycanın Xalq şairiyəm. Xalq şairi ziyalılar olan yerə niyə dəvət olunmamalıdır? Hətta bəzən klassik yazıçılarımızın yubileylərinə bizi dəvət etmirlər. Bu anormal şeydir, mən belə şeyləri qəbul etmirəm, lakin dərd də etmirəm. Mən cavan yaşımdan SSRİ Yazıçılar İttifaqının qurultayına gedən ən gənc yazıçı olmuşam, Azərbaycan Yazıçılar Birliyinin qurultayında gənclər adından dəfələrlə mən çıxış etmişəm. Sözüm odur ki, şöhrətin bütün qatlarını görmüşəm. Odur ki, belə şeylər məni narahat etmir. Mən yoxam, başqaları var. Təki başqaları söz desinlər, özlərini ziyalı kimi aparsınlar, ancaq özlərini düşünməsin, danışıqları milli dərdləri, milli idealları ifadə etsin. Ancaq öz dilini bilməyən, öz mədəniyyətini oxumayanın adı lap akademik olsun, o, nə deyəcək ki?...

Digər tərəfdən, əgər insanların düşüncəsində “Sabir Rüstəmxanlı niyə orada yoxdur” sualı yaranırsa, camaat belə düşünürsə, bu mənim üçün yetərlidir. Məsələn, mən Koroğlunun heykəlinin açılışında olsam, heç olmasa müəllifə etiraz edib deyərəm ki, bu nə heykəldir? Yeralaşın heykəlini pişiyin üzərində qoyursunuz. Azərbaycanda bir normal at heykəli yoxdur, hansı ki, biz at belində doğulmuşuq. Getsinlər heykəltəraşlar Qarabağ atını tapsınlar, onun ayağının uzunluğunu, belini ölçüb normal heykəl düzəltsinlər. Atı da sintez edirsənsə ona güc, monolitlik, tarixilik gətir, bax bu yoxdur. Dədə Qorqudun bir heykəlini qoyublar, əslində bir kitab səhifəsi kimi şey yaradıblar. Qardaşım, Dədə Qorqud bir el ağsaqqalı olub, bir insanın xarakterində bütövlükdə milləti və tarixi göstərmək olar. Ancaq tarixi bilmədən, xəmir çevirməklə bu tarix olmaz. Tarixi o şəkildə xırdalamaq, kiçiltmək, karikaturaya çevirmək olmaz. Bu mənim mövqeyimdir və bundan sonra da belə olacaq. Əlbəttə, son illər heykəltəraşlarımızda modern yeniliklər çoxdur. Amma bir böyük xarakter yaradan əsər görmürəm. Biz Xətainin heykəlini başqa cür gözləyirdik.

- Son vaxtlar hakimiyyət müəyyən islahatlara gedib, prosesin davamlı olacağı vəd olunub. Prosesi necə qiymələndirirsiniz?

- İslahatlar yaxşıdır. Siyasi məhbusların azad olunması müsbət hadisədir. Biz, ümumiyyətlə cavanları qorumalıyıq, onların xaricə köçməsinin qarşısı alınmalı, beyin axını dayanmalıdır. Millətə beyin, ölkəni idarə edəcək gənclər lazımdır və onlar burada qalmalıdır. Mən Almaniyaya getmişdim, Novruz bayramında bir məclisdə 700-ə qədər gənc vardı. Baxdım, ürəyim ağrıdı, bu gənclər Azərbaycanda nə qədər böyük işlər görə bilərdilər. Əlbəttə, bu gənclərin biri çörək arxasınca gedir, biri inciyib gedir, başqası başını götürüb qaçır. Çoxu ümumiyyətlə heç bir partiya üzvü olmadan özünə siyasi partiya vəsiqəsi, müxalifətçi mövqeyi düzəldir. Sözsüz ki, belə hallar adama qəribə gəlir. Gedib orada belə insanların müəyyən iş gördüyünü hiss edəndə adam sevinir. Yox, əgər söhbət baş girələməkdən gedirsə, onu bu torpağın üstündə də edə bilərlər. Mən diaspora ilə işləyən adamam, diasporanın qayğısı mənim qayğımdır, oradakılar hamısı bizim övladlarımızdır. Onlar niyə burda yaşamasınlar? Bu mənada müəyyən addımların atılması çox zəruridir. İslahatların aparılması müsbətdir, bütövlükdə millət bunu normal qəbul etdi. Ancaq arzu edirəm ki, islahatlar davamlı olsun, bizim dövlətçilik, idarəçilik sisteminin məntiqindən və mahiyyətindən gəlsin. Bu halda davamlı olar.

- Sizcə, ölkə daxilində, hökumətin içində bu islahatları əngəlləmək istəyənlər varmı?

- Adətən hakimiyyətə gəlmək istəyən qüvvələr düşünür ki, hakimiyyətin işi nə qədər pis olsa, səhv etsə, az iş görsə, o qədər bizim xeyrimizədir. Yəqin o cür fikirləşənlər var.

Sözsüz ki, hökumətin içində də bunu arzulamayanlar olar. Hökumət eyni cür düşünən insan toplusundan ibarət deyil ki. Orada da fərqli düşünənlər var. Baxırsan, hökumətin içində özünü quzu kimi aparır, amma biraz qurdalayırsan, bunun striptiz otağı, nələri meydana çıxır... Əlbəttə, onların hamısı eyni cür düşünmürlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

dadaşyev 2019-05-23 08:00:21

25 il deputat olanda səsin çıxmadı,indi nolub,yenə nə millət ha millət salmısan?Xalq şairinə bax.... Vahiddi,Vurğundu,Sabirdi,Nəsimidi,Fizulidi,Şəhriyardı,Nizamidi xalq şairi.Vəssalam.Aygün Kazımova da xalq artistidi,Könül Xasiyeva da.Bu ikisinin səsi arasında fərq görməyənlər Vahidlə səni xalq şairliyində bir arada tutarlar.

Rüstəmxanlıya 2019-05-23 08:00:21

Qurdalamaqla iş bitmir.Nəticələrə qanunun tələbləri tətbiq olunmasa,mənası yoxdur.Bu isə tapılmayan şeyi axtarmaq eməkdir.Hətta diasporu Komitəində 500 milyon yeyinti ortaya çıxarıldı nə oldu? Milyardları udan,xaricə daşıyanlara nə cəza verildi? Banklardan milyonlarla kredit şıxarıb yeyənlərə etdilər? Bİrlikdə hamı susdu. Budurmu qanuni dövlət!

muzaffar 2019-05-23 08:00:21

Ziyalılarımız dişsiz danışıqlari ilə hamını təngə gətiriblər.guya siyasətçidir, müxalifətdirlər. Sizin kimlərinin ucbatından bu günə düşmüşük......... Venesuelada 30 milyon əhalidən 3-milyonu (cəmi 10%) xaricə qaçıb,bütün dünya lənət oxuyur. Bizdə isə 10 milyonun yarısı (50 faizi) xaricdədir, sən bu barədə danış. Gör o insanlar niyə qaçib!

Semyuel Conson 2019-05-23 08:00:21

"Patriotizm" (bu hal üçün-hay-küyçü,dirnaqarasi vətənpərvərlik) yaramazın son istidan yeridir (ing.Patriotism is the last refuge of a scoundrel).Bunu 7 aprel 1775-ci ildə Londondakı Ədəbi dərnəkdə (klubda) doktor Semyuel Conson söyləmişdir.Bir aforizmdir də,deyilib.Sanki bir ziyafətdəki "İsveç" stolunun üstündəki bir təam kimi.İştahasına uyğun olan kəs götürə bilər

SÜLEYMAN 2019-05-23 08:00:21

HÖRMƏTLİ ŞAİRİMİZİ AD GÜNÜ MÜNASİBƏTİ İLƏ SƏMİMİ QƏLBDƏN TƏBRİK EDİRƏM.SİZƏ AZƏRBAYCANDA XALQ HƏRAKATININ GÖRKƏMLİ NÜMAYƏNDƏSİNƏ,ŞAİR-PUBLİSTİMİZƏ,SEVDİYİM ÖMÜR KİTABININ MÜƏLLİFİNƏ UZUN ÖMÜR,CAN SAĞLIĞI DİLƏMƏKLƏ 100 İL YARADICI ÖMÜR ARZULAYIRAM.AMİN.

Nadir. 2019-05-23 08:00:21

Bismillahir-Rəhmanir-Rəhim. Yeri gəlmiş, Xalq şairimiz Sabir Rüstəmxanlını doğum gününü münasibəti ilə təbrik edirəm. Hörmətli Sabir bəy xalqımız Sizi çox istəyir.Çox şeydə umuruq və gözləyirik.Səmimiyyətlə deyim ki, millətin ziyalsı -özlərini ziyalı kimi aparmalıdır(Bunun hamıya aidiyyatı yoxdur), danışıqları milli dərdləri, milli idealları, realist düşüncəni sağlam ifadə etməlidir. Ətrafda baş verənlərə biganə qala bilməz. Ziyalı məsələyə geniş pəncərədən baxmalı, qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışmamalıdırlar. Ancaq özlərini düşünməməlidirlər. Nə qədər ki, ziyalıların fikirləri dinlənilməyəcək, bu ölkədə həmişə problemlər olacaq. Əvvəla, bu ölkənin zərərinədir. Bu da millətin dəyərlərinin qorunması, cəmiyyətdə eybəcər halların yayılmasının qarşısının alınması baxımından ziyalılar çox əhəmiyyətli bir rol oynamalıdır. Azərbaycanın taleyi ilə bağlı yüksək məsuliyyət nümayiş etdirməyə və yeni səhvlərə yol verməməyə» çağırıram.

Islam mellim 2019-05-23 08:00:21

Ay S.Rustemxanli eger yaxsi muxalifet idinse pensiya yasini 65-e qaldiranda niye birce defe de buna metbuatin vasitesile de etiraz etmedin.Axi milletin ekseriyyeti pensiya ile dolanir.Millet 60 ilden de artiq yasaya bilmir.Deputatlar kimi yagli -balli yemirler ki omur de uzun olsun.

Azərbaycan vətəndaşı 2019-05-23 08:00:21

Sabir müəllim mənim sizin yaradıçılığınıza,özünüzə böyük hörmətim var. Ancaq bir məsələdə sizlə razı deyiləm.Azərbaycanda Milli Məclisə seçilmək ücün mütləq iqtidarla razılığa gəlinməlidir.MM-də təmsil olunan partiyaların adı Müxalifətdir,özləri yox.

Adamlar düzəlsə dünya da düzələr 2019-05-23 08:00:21

Bir gün ata işdən gəlir. Yeddi yaşlı oğlu qapıda qarşısını kəsir ki, ata, gəl çoldə oynayaq. Ata oğlunu qırmaq istəmir, həm də yorğun olduğu üçün dincəlmək istəyir və bir anlıq fikirləşir ki, nə etsin? Görür ki, stolun üstündə dünya xəritəsi var. Ata dünya xəritəsini kiçik hissələrə cıraraq qarışdırıb oğluna verir və deyir: Oynayaq, ancaq bir şərtlə, sən bu xəritəni düzəlt gedək. Oğlan sevinə-sevinə dərhal razılaşır. Ata çay içib heç beş dəqiqə istirahət etməmişdi ki, oğlu yaxınlaşır ki, ata xəritə hazırdır, gedək oynamağa. Ata təəccüblə soruşur: Sən nə tez dünyanı qurdun? Oğlu deyir: xəritənin arxasında adam şəkili var imiş. Adamı düzəltdim, dünya düzəldi. Bəli, adamlar düzəlsə, dünya düzələr.

Zəlimxan Yaqub-dan 2019-05-23 08:00:21

XIRDALAMA, İLAHİ, HƏMİŞƏ BÖYÜT BİZİ Bir-iki kəlmə dua, beş-altı kəlmə arzu, Tanrım, qoy saf saxlasın sən verən öyüt bizi. Sənə üz çevirən gün üzümüzə nur çilə, Səndən üz döndərən gün daş elə, keyit bizi. İnsanı Haqq yanında hər varlıqdan baş elə, Qızını doğma bacı, oğlunu qardaş elə. İnsanlığı unutsaq, bağrımızı daş elə, Qışın qarına döndər, buz kimi soyut bizi. Köksüzlər öz ömrünü bəxtəvər saya bilməz, Dağdan dayağı yoxsa, sellər çağlaya bilməz. Ruhda, qanda yoxdusa, Haqqa bağlaya bilməz Nə peyğəmbər, nə imam, nə qərib seyid bizi. Şah sevgilər yolunda qaya kimi çapılaq, Harda yıxılan olsa, dayaq olaq, tapılaq. Çörək olaq yeyilək, kündə olaq yapılaq, Dəyirmanı işə sal, dən kimi üyüt bizi. Nə millətə dərd, ələm, nə xalqa ah-zar verək, Ürəyi yanan kəsə dağımızdan qar verək. Düymələnək, açılaq, çiçək olaq, bar verək, Qoy nəsillər bilməsin barsız bir söyüt bizi. Gözlərimiz göydədi, əllərimiz Haqdadı, Haqqa tapınmayan kəs qara daşdı, taxtadı. Demə ki mən Allaham, bəndə çox uzaqdadı, Nə göylərdən arala, nə yerdən soyut bizi. Dünya başdan-ayağa insaf olsun, din olsun, Dünyada yaxşı nə var, artsın birə-min olsun. Verdiyin hər nemətə min dəfə şükür olsun, İlahi! Xırdalama, həmişə böyüt bizi!

Nofəl Bağırov 2019-05-23 08:00:21

Doğum Günü Kutlu olsun doğum günün, kötülükler uzak olsun Mutlu ol ömrünce, üzülmeler sana yasak olsun Kalbin kırılmasında, üzerinde kir pasak olsun Sen üzülme sakın, üzülmelerim sana feda olsun İyiki doğdun, iyiki vermiş yaradan seni bizlere Yıldırım gibi çaktın, güneş gibi açtın üstümüze Söz oldun, mani oldun, saz oldun bestemize Kutlu olsun doğum günün,nice mutlu senelere

Rüstəmxanlı sevilməyi haqq edir 2019-05-23 08:00:21

Görən niyə gedənləri sevirik?...... Neçə vaxtdır düşünürəm, nə üçün Bizləri tərk edənləri sevirik? Qalanların qiymətini bilmirik, Görən niyə gedənləri sevirik? Əziz olan qalır gözdən qıraqda Bircə kəlmə şirin sözdən qıraqda. Bizi sevən qalır bizdən qıraqda Özgəsini sevənləri sevirik. Gedən gedib, xəyalından doymuruq. Qalanlara əfsus məhəl qoymuruq. Dərdimizə ağlayanı saymırıq, Halımıza gülənləri sevirik. Açılmayır həyatın bu düyünü, Çəkməliyik ayrılığın yükünü. Layiqincə yaşamırıq bu günü Biz qayıtmaz dünənləri sevirik. Çətin yola biz yoldaşsız çıxmırıq. Yol boyunca qəlbimizi sıxmırıq. Əlimizdən tutanlara baxmırıq, Yanımızdan ötənləri sevirik. Sevgimizi gözləyənlər küsməsin. Hər sözə can söyləyənlər küsməsin. Səfamızı istəyənlər küsməsin, Cəfamızı güdənləri sevirik. Qalanların qiymətini bilmirik, Görən niyə gedənləri sevirik?!

ayrım 2019-05-23 08:00:21

Sabir bəy yaşa və millət sənə yar olsun....

Son yazılar