“DÖVLƏT BÜDCƏSİNİ KOLXOZ BAZARINA ÇEVİRƏNLƏR…” – İş adamından tenderlərlə bağlı şok açıqlamalar

Dərc olunub: 22/07/2019 - 21:28

Tender

Azərbaycan iqtisadiyyatının ən korrupsiyalaşmış istiqamətlərindən birinin dövlət qurumlarının keçirdikləri tenderlər olduğunu dəfələrlə yazmışıq. Bu qurumların tender komissiyalarını ölkənin ən çox korrupsiyalaşmış strukturları hesab etmək olar.

Son olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bir müddət əvvəl şəxsən rəhbərlik etdiyi şirkətin elə həmin agentliyin az qala 700 min manatlıq tenderini “udması” faktına diqqət çəkmişdik. Və bu mənzərənin demək olar bütün dövlət qurumlarında müşahidə olunduğunu, büdcə vəsaitlərinin bu yolla talan edildiyini önə çəkmişdik.

“AzPolitika.info” xəbər verir ki, bu mövzu ilə bağlı iş adamı, «Neuron Technologies» şirkətinin sahibi İsmayıl Ələkbərovun FED.az-da maraqlı fikirləri yer alıb. İ.Ələkbərovun sözlərinə görə, hazırda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə qanunsuzluq baş alıb gedir, bununla bağlı çoxsaylı şikayətlərə baxmayaraq vəziyyət düzəlməyib.

“Dövlət qurumlarının tender komissiyaları korrupsiya bataqlığında üzməkdə davam edir…”

ismail

«Dövlət büdcəsini kolxoz bazarına çevirən şirkətlər və onlara havadarlıq edənlər Azərbaycana, onun iqtisadiyyatına, dövlətçiliyinə, dövlət başçısına zərbə vurur. Mən neçə illərdir ki, dövlət satınalmalarında baş verən qanunsuzluqlarla bağlı silsilə həyəcan təbilləri çalmışam, aidiyyatı qurumları dəfələrlə ayağa qaldırmışam, konkret iqtisadi cinayətkarlıq hallarının üstünü açıb ifşa etmişəm, lakin əfsuslar olsun ki, heç bir əməli tədbir görülməyib. Ölkəmizin dövlət qurumlarının tender komissiyaları korrupsiya bataqlığında üzməkdə davam edir. Mənə bu prosesdə bata bilməsələr də, «ağ qarğa»ya dönmüşəm artıq. Həm də, korrupsiyaya bulaşmış dövlət qurumlarının tender komissiyaları üçün mən və təmsil etdiyim şirkət arzuedilməz şəxslərə çevrilib».

İ.Ələkbərov bildirib ki, tenderlərin bir qismində qaliblər əvvəlcədən məlum olur: «Əlimizi hansı layihəyə, hansı tenderə atırıqsa, əvvəlcədən kiminləsə razılaşdırılıb, əvvəlcədən satılıb. Nəticədə də, 6 aya 48 milyon manat pul qazanan, amma adı heç bir yerdə məlum olmayan, sektorda heç bir imzası olmayan, ölkənin iqtisadiyyatına heç bir əlavə dəyər verməyən “şirkətlər” meydana gəlir. Belə “şirkətlər” onlara havadarlıq edən oliqarx-məmur işdən uzaqlaşdırılandan sonra gündəmdən itib-gedir. Elə bil heç bu adda şirkət yox idi. Oğurladıqları pulları da ölkədən kənara çıxarıb, cah-cəlal qururlar özləri üçün. Biz isə, canımızı-qanımızı qoyub, sektorun inkişafına töhfə veririk, kadrlar yetişdiririk, ekosistem yaradırıq, amma bunların iştirak etdiyi 166 tenderin heç birinə bizi cəlb etmirlər».

İş adamı bildirir ki, bəzi hallarda dövlət qurumları tenderləri başqalarının xəbər tutmaması üçün az qala gizli keçirirlər: «Elə olur ki, tenderi bu gün tezbazar elan edib, sabah təklifləri alıb tez müqaviləni bağlayırlar ki, heç kim xəbər tutmasın».

“Layihələr var ki, 50%, bəzən isə hətta 70-80% «otkat» alırlar…”

1563782098_muqavile

İ.Ələkbərovun sözlərinə görə, tenderlərin bir hissəsində iştirakçılardan qalib gəlməyə görə faiz - «otkat» istəyirlər. Qeyd edək ki, «otkat» – qazanılan sifarişin məbləğinin bir hissəsinin qeyri-rəsmi olaraq tender elan edən təşkilatın təmsilçisinə və ya onun göstərdiyi şəxsə qaytarılmasıdır və Azərbaycanda geniş yayılıb.

Amma «Neuron Technologies» şirkəti «otkat» verməkdən imtina edib: «Mən hər zaman bəyan etmişəm. «Neuron Technologies» şirkəti heç kimə, heç bir satınalan quruma «otkat», rüşvət vermir. Olub ki, bizə deyiblər, layihənin 15-20% qədər «otkat» verəcəksiniz, o işlərdən imtina etmişik. Hətta layihələr var ki, 50%, bəzən isə hətta 70-80% «otkat» alırlar».

Ən maraqlısı odur ki, iş adamının sözlərinə görə, tenderlərin bir hissəsi əslində hansısa işin yerinə yetirilməsi deyil, sadəcə pulu büdcədən çıxarmaq üçün keçirilir: «Tenderləri ona görə keçirirlər ki, büdcədəki pulu necəsə yesinlər. Bunun bariz nümunəsi kimi qeyd edim: Ötən 2-3 ildə yüzlərə tenderi ləğv etdirmişik. Həmin ləğv edilən tenderin predmeti üzrə işlər yenidən elan olunmur. Onda sual olunur: əgər yenidən elan olunmursa, bəs o tələb olunan işlər necə oldu ki, birdən-birə tələb olunmadı? Əslində, o işləri başqa vasitələrlə satın alırlar və yaxud da, həmin büdcəni transfer edirlər başqa satınalma predmeti üçün, axırda nə təhərsə yeyirlər o pulları».

İ.Ələkbərov bildirir ki, məhz belə sxemlərdə iştirak etmək istəmədiyinə görə, şəffaf işləyən şirkətlər biznesdə çətinliklərlə üzləşirlər: «Ona görə də bizim kimi şəffaf şirkətlər bu gün zülüm çəkir, ayın axırı gələndə maaşları işçilərimizə ödəməkdə çətinlik çəkirik, böyük maliyyə sıxıntıları yaşayırıq, lakin əyilmirik, öz yolumuzla işimizə davam edirik. Çünki inanırıq ki, bunların axırda bir sonu olacaq və dövlətin büdcəsindən mənimsənilən hər bir qəpiyin hesabı sorulacaq və bütün bu oğru kontingenti, istər dövlət məmuru olsun, istərsə də “iş adamı” (işbaz), bir gün oğurladıqlarına görə artıqlaması ilə cavab verəcəklər. Dövlət tenderlərində vəziyyət olduqca bərbaddır və müşahidələrim onu deməyə əsas verir ki, müsbətə doğru heç nə dəyişmir».

C.Məmmədov








loading...


Fikrinizi bildirin