Avropa Birliyi Rusiyaya açıq savaş elan etdi

«Azərbaycan da daxil olmaqla «Şərq Tərəfdaşlığı» ölkələrini Rusiyaya güzəştə getməyək»

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Ketrin Eşton qurumun xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında “Şərq Tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna ilə əməkdaşlığı dərinləşdirməyə sadiq qaldıqlarını deyib.

O, “Şərq Tərəfdaşlığı”nın bu ilin noyabrında keçiriləcək Vilnüs Sammitinin uğurlu alınması üçün bütün səyləri ortaya qoyacaqlarını bildirib. Bu isə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələri ilə qurumun yaxınlaşmasına əngəllər törədən Rusiyaya güzəştə getməyəcəyi anlamına gəlir.

Siyasi ekspertlər artıq uzun illərdir ki, Avropa Birliyinin bəzi keçmiş sovet respublikalarının Avropaya inteqrasiya etməsilə bağlı ciddi səylər göstərdiyini və bu prosesin çox mühüm siyasi və iqtisadi aspektlərinin olduğunu qeyd edirlər. Avropa genişlənmə məsələsinə xüsusi önəm verir. Bunun Avropanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etməsini yaxşı başa düşürlər. Avropanın dəstəklədiyi ümumbəşəri dəyərlərin daha geniş yayılması qitənin təhlükəsizliyi və çiçəklənməsi üçün mühüm amil hesab olunur. Iqtisadi aspektə gəlincə, ekspertlər hesab edir ki, Avropa üçün çox böyük əhəmiyyət kəsb edən enerji məsələləri bir neçə keçmiş sovet respublikası ilə münasibətlərin inteqrasiya müstəvisində qurulmasını tələb edir. Istər siyasi, istərsə də iqtisadi baxımdan Rusiya özü üçün bu prosesi təhlükəli hesab edir. Rusiya keçmiş sovet ölkələri üzərində siyasi və iqtisadi dominantlığını saxlamaq fikrindədir. Nə qədər ki, Rusiya enerji daşıyıcılarının nəqli sahəsində inhisarçı mövqeyini saxlayacaq, o vaxta qədər Avropa Rusiyanın çox ciddi asılılığında qalmaqda davam edəcək. Istər Avropa Birliyi, istərsə də Rusiya arasında siyasi və iqtisadi müstəvilərdə mübarizə davam edir. "Azadıq" qəzetinin məlumatına görə, Ketrin Eştonun bəyanatı sübut edir ki, Avropa Birliyi Rusiya ilə bu mübarizədə qətiyyətli mövqedə durmaqda israrlıdır. Kəskin şəkildə fərqlənən dəyərlərə söykənən Avropa və Rusiya arasında mübarizədə qətiyyətli mövqe həlledici amil kimi qiymətləndirilir. Avropa Birliyi ilk növbədə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində münasibətdə olduğu ölkələrin birliyə inteqrasiyası məsələsində inamlı və iradəli görünməklə uğur qazanmağın müstəsna əhəmiyyət kəsb etdiyini başa düşür. Qeyd etmək lazımdır ki, bu sahədə Avropa Birliyinə ABŞ çox ciddi dəstək verir. Təsadüfi deyil ki, bu yaxınlarda ABŞ-ın Avropadakı səfiri Ukraynaya Rusiyanın təzyiqindən qorunmaq üçün hər cür dəstək verməyə hazır olduqlarını bildirmişdi. Bu baxımdan iki böyük siyasi, iqtisadi və hərbi gücün, ABŞ-ın və Avropa Birliyinin bu müstəvidə Rusiya ilə mübarizədə uğur qazanmaq şansları çox yüksək qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar