“Orduda çirkaba bulaşmış kadrlar var” – Qüdrət Həsənquliyev

"Cəmil Həsənli öz kəndində faiz hesabıyla 8,7 faiz səs toplayıb, mənsə öz kəndimdə 6,5 faiz səs toplamışam"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Qafqazinfo” ya müsahibəsini təqdim edirik:

- Yeni hökumətin tərkibində edilən kadr dəyişikliklərinə münasibətiniz necədir?

- Əlbəttə istəyərdim ki, dəyişikliyin miqyası böyük olsun. Tərkibdə daha çox gənc kadrlar irəli çəkilsin. Bu dəyişiliklər içərisində biri xüsusilə önəmlidir. O da yeni müdafiə nazirinin təyin olunmasıdır. Hesab edirəm ki, bu orduda bir çox problemlərin həllinə yol aça bilər. Hər halda mən buna inanıram.

- Sizin keçmiş nazir Səfər Əbiyevlə münasibətləriniz yaxşı deyildi. Nazirliyi tez-tez tənqid edirdiniz...

- Mən zaman-zaman parlamentdə ordudakı vəziyyəti qaldırmışam. Ona görə ki bizim torpaqlarımızın 20 faizi işğal altındadır. 1 milyondan artıq qaçqınımız var. Hazırda onların sayı təbii artım nəticəsində 1 milyon 200 minə çatıb. İllər gedir, biz Qarabağa qayıda bilmirik. Və buna görə də düşünürəm ki, yeni təyin olunmuş nazir o problemlərin həllində rol oynaya bilər. Müdafiə Nazirliyinin rəhbərliyi nazirliyi milli kadrlarla gücləndirməlidir. Zakir Həsənov yəqin ki, bu məsələlərə diqqət yetirər. İndi Müdafiə Nazirliyi rəhbərliyində olan bir neçə şəxslər zamanında Elçibəy hakimiyyəti dövründə ordunun rəhbərliyində təmsil olunurdular. Amma o zaman bilirsiniz ki, Rusiyanın dəstəyi ilə Gəncədə qiyam qaldırıldı. Həmin şəxslər ali baş komandanı müdafiə etmədilər. Və Milli Məclsidə ifadə etmişdim ki, məndə o əminlik yoxdur ki, ölkədə yenə həmin o analoji vəziyyət yaranarsa, bu dəfə fərqli mövqe görə bilərik. Doğrudanmı rəhbərlik ali baş komandana sadiq qalacaq? Prezident də ordudakı real vəziyyəti və ictimai fikri nəzərə alıb bu dəyişikliyi edib. Orduda olan problemlərin həlli peşəkar orduya keçməklə öz həllini tapa bilər.

- İndi hesab edirsiniz ki, sizin parlamentdə ordu ilə bağlı çıxışlarınız da Səfər Əbiyevin vəzifədən uzaqlaşdırılmasında rol oynayıb?

- Deməzdim ki, tək mənim çıxışım təsir edib. Ordudakı vəziyyət ürəkaçan deyildi. Hətta ordunun özünün daxilindən generalların verdiyi açıqlamalar, əsgər ölümləri ilə bağlı keçirilən aksiyalar , QHT-lərin zaman-zaman qaldırdığı məsələlər, ordudakı korrupsiya faktları ilə bağlı qaldırılan məsələlər, müdafiə nazirinin özü ilə bağlı ciddi ittihamların səsləndirilməsi buna təsir edən amillərdir. Bir vaxtlar ordu zabitlərinin nazirin müdafiəsi ilə imza toplaması məsələsi var idi. Bu da ordunun siyasiləşdirilməsinə gətirib çıxardan amil idi. Səfər Əbiyevin son günlər Amerika səfiriylə seçkilərlə bağlı siyası bəyanatlarla çıxış etdi. Həm də uzun müddət eyni vəzifə tutdu. Bu faktlar hamısı nəzərə alınıb.

- Uzun müddətdən söhbət düşmüşkən yeni hökumətin tərkibində yenə də uzun müddət vəzifədə olan nazirlər və komitə sədrləri var....

- Müqayisədə o nazirliklərin rəhbərlik etdiyi sahədəki durum Səfər Əbiyevin rəhbərlik etdiyi sahədəki durumdan tamamilə fərqlidir. Səfər Əbiyevlə bağlı yaranan və onun yaratdığı vəziyyət başqa nazirlərin ətrafında yoxdur. Görünür, prezident bu faktoru da nəzərə alıb.

- Məsələn, düşünülürdü ki, bu il baş nazir Artur Rasizadə istefaya göndərələ bilər. Çünki ölkənin ikinci şəxsi olan bu şəxsin belə desək adı var, özü isə yoxdur...

- Azərbaycan prezident respublikasıdır. Əgər baş nazir postuna iddialı baş nazir vəzifədə olsa, o başlasa digər nazirlərdən hesabat tələb etməyə, onda ölkədə ikihakimiyyətlilik görüntüsü yaranacaq. Və bu da bizim kimi demokratik ənənələrin bərpa olmadığı ölkələrdə xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Görünür, prezident bunu nəzərə alır. Mən sizə deyim ki, Artur Rasizadənin adı müəyyən mənada korrupsiyada hallanmayıb. Həm də kifayət qədər təcrübəli bir şəxsdir. Amma mən düşünürəm ki, hökumətin 75 faizi dəyişdirilsəydi, yaxşı olardı. Vətəndaşlar problemlərlə üz-üzə qalanda həmin sahənin naziri dəyişdiriləndə ümid bəsləyir ki, bəlkə bu nazir problemin həllini tapar. Amma bu o demək deyil ki, yeni adam gəldi deyə hökmən o sahədə uğurlar ola bilər.

- Belə bir fikirlər var ki, Zakir Həsənovun idarəetməsi ordununun polisləşdirilməsinə gətirib çıxaracaq...

- Deyilən fərqli fikir barəsində düşünməyə dəyər. Bunu deyənlər də ona əsaslanır ki, Zakir Həsənov daxili qoşunların komandanı olub. Mən hər halda ümid edirəm ki, Zakir Həsənov ordudakı vəziyyəti dəyişəcək. Ancaq nazir dəyişəcəksə heç nəyə nail olunmayacaq. Zakir Həsənov çoxlu sayda yeni təqdimatlar verməlidir. Orada çirkaba bulaşmış kadrlar var.

- Həmin o çirkaba bulaşmış kadrların adını çəkə bilərsiniz?

- Buna ehiyac yoxdur. Onlar ordu quruculuğundan daha çox intriqalarla məşğul olublar. Daha çox siyasətə bulaşıblar. Biz ən çoxu 1-ci 6 ay ərzində o ictimaiyyəti düşündürən məsələnin real olub-olmadığını görəcəyik.

- Siz də razılaşırsınız ki, adamları dəyişməklə siyasətin mahiyyəti dəyişmir...

- Hesab edirəm ki, kadrlar siyasətdə önəmli rol oynayır. Bu həlledici deyil. Həmin sahədə vəziyyətin dəyişməsi üçün sistem islahatları aparılmalıdır. Məsələn, bu gün istəyirsən kimisə təhsil, səhiyyə, kənd təsərrüfatı naziri qoy. İnanmıram ki, ciddi dəyişikliklərə nail olmaq mümkün olsun. Çünki sistemin özü dəyişməlidir. Hökumətin üzərinə ciddi ictimai və müxalifət nəzarəti olmalıdır. Məsələn, səhiyyə sistemində ölkə mütləq icbari tibbi sığortaya keçməlidir. Dövlət səhiyyə müəssisələri özəlləşdirilməlidir. Təhsildə bütün dövlət müəsssisələri özəlləşdirilməlidir. Səhiyyə və təhsildə rüşvətin qarşısını necə almaq olar ki, bu gün müəllimə və həkimə verilən maaşla normal yaşamaq mümkün deyil.

- Bu dəyişikliklər ölkə başçısı simasında da öz əksini tapsaydı, sizcə vəziyyət necə olaradı?

- Reallıq odur ki, bizim dövlət İlham Əliyevin şəxsiyyəti üzərində qurulub. O hakimiyyətin daxilində yeganə birləşdirici fiqurdur. Müxalifət daxilində isə etimadsızlıq, qarşılıqlı ittihamlar var. Partiyaların heç birinin kadr potensialının , maddi resurslarının olmaması iqtidara real alternativ kimi ortaya çıxmağa imkan vermir. Ona görə də Azərbayacanın yeganə xilası ondan ibarətdir ki, bu islahatları prezident İlham Əliyev özü yuxarıdan həyata keçirsin. O islahatlar yuxarıdan həyata keçirilməsə, sözsüz ki dünyada əbədi heç nə yoxdur. Cəmiyyətin daxilində qarşıdurma qorunub saxlanacaqsa, xarici güclərin təsiri artacaqsa, bu hansısa məqamda böyük problemlərin yaranmasına gətirib çıxaracaq.

- Az öncə təhsil səhiyyə və s sahələrdə olan problemləri sadaladınız. Bu problemləri təşviqat dövründə İTV-də çıxışlarınızda niyə sadalamırdınız? Çıxışlarınızda hədəfinizin parlamentli respublika olduğunu bildirdiniz. Demək olar ki, daha çox Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı çıxış etdiniz...

- Mən güman etmirəm ki, o zaman siz mənim o dövrdəki çıxışlarıma diqqətlə qulaq asmısınız. Geniş üzərində dayanmasam da, mən hər halda həm təhsildəki həm səhiyyədəki islahatlıarla bağlı fikirlərimi söyləmişdim. Mən demişdim ki, bəzi akademiyalar istisna olmaqla bütün dövlət universitetləri özəlləşdirilməlidir. Açıq söyləyim ki, orda Cəmil Həsənliyə də həddindən artıq vaxt ayırırdım. Çünki orada narazı elektoratın səsinə əsas iddiaçı Cəmil Həsənli idi. Onun pafoslu çıxışları kifayət qədər narazlı elektoratın səsini götürə bilərdi. Əgər məndə əminlik olsaydı, Cəmil Həsənli gəlib daha yaxşı idarəetmə qura bilər , o zaman bəlkə heç mən öz namizədliyimi də verməzdim. Cəmil Həsənli iki illik müddətə seçiləcəkdi. Onun komandası yoxdur. Cəmiyyətdə bir qrup insan fikirləşir ki, sən müxalifətsənsə, ancaq iqtidarın haqqında danışa bilərsən. Mən cəmiyyətə müraciət edirdim ki, kim dəyişiklik istəyirsə, mənə səs versin.

- Səs məsələsinə gəlincə, bu yaxınlarda Cəmil Həsənli sizə qarşı bir iddia ilə çıxş etdi. O bildirdi ki, necə ola bilər ki, mənim doğulduğum xeyrinə şərinə getdiyim bir kənddə Qüdrət Həsənquliyev öz kəndindən daha çox səs toplayıb...

- Mən Cəmil müəllimin kəndində ondan çox səs toplamamışam. Cəmil müəllim mətbuatda oxuduqlarını dərhal həqiqət kimi qəbul edir, araşdırma aparmadan bu cür açıqlamalar verir. O bəyan edib ki, necə ola bilər ki, Cəmil Həsənli mənim kəndimdə öz kəndindən daha çox səs toplayıb, bu hoqqabazlıqdır. Bu professora yaraşan bir söz deyil. Bizim kənddə cəmi bir məntəqə var. Cəmil Həsənlinin kəndində 3 məntəqə var. Bizim kənddə təqribən 920 adam səs verib. Cəmil Həsənlinin kəndində bundan üç dəfə artıq adam səsvermədə iştirak edib. Səhv etmirəmsə, 3066 nəfər səsvermədə iştirak edib. Və mən 3 məntəqədə 67 səs almışam. Bunu hər məntəqəyə bölsək, təqribən 22, 23 səs edir. Amma mən öz kəndimdə 63 səs almışam. Cəmil Həsənli öz kəndində faiz hesabıyla 8,7 faiz səs toplayıb, mənsə öz kəndimdə 6,5 faiz səs toplamışam. Bunun da səbəbələri var. Naxçıvanda İlham Əliyevin reytinqinin yüksək olması, həm də bizim öz kəndimizdə bu iqtidarda təmsil olunan yüksək ranqlı insanlar olmasıdır. Bu bir daha onu göstərdi ki, feodal təfəkkürüdür. Cəmil müəllimin özü və ətrafı feodalizmdəm danışır. Hansı əsasla deyə bilərsən ki, sən bu kənddəsənsə, hökmən o kənd sənə səs verməlidir. Bu regionçuluğun ölkədə qabardılmasıdır. O regionçuluğu qızışdırmaqla, öz kəndindən səhv etmirəmsə, 3 məntəqədən 269 səs alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar