Videoyla şantaj erasının sonu- "Yayırsınız, cəhənnəmə yayın..."

Hər dəfə kiminsə şəxsi həyatına dair intim xarakterli videokadrlar, fotoşəkillər yayılanda jurnalistlər naqolay durumda qalırlar. Hədəfə götürülmüş insanı alçaltmaq, aşağılamaq, pisikdirmək, pis vəziyyətə qoymaq istəyən dairələr onsuz da bu görüntüləri müxtəlif vasitələrlə yayır, ictimailəşdirirlər – jurnalistlər bu kampaniyaya qoşulsalar da, qoşulmasalar da.

Eyni zamanda jurnalistlər bu çirkin təxribatlarda, iyrənc qara piar aktlarında hər hansı bir rol almaq istəmədikləri halda, öz oxucularını informasiyasız qoyurlar və oxucularının müvafiq zəng və mesajlarına özəl olaraq cavab verməyə məcbur qalırlar.

Bəzən lap qəribə vəziyyət yaranır. Yeni bir iyrənc təxribat-təbliğat olayından yüz ilin oxucuları xəbərsiz qalır, ancaq ömründə bir dəfə qəzet oxumayan, əvəzində bütün günü telefonda, müxtəlif saytlarda eşələnənlər isə xəbərdən xəbərdar olur, üstünlük qazanırlar.

Azər Əhmədovun, Xədicə İsmayılın, Kəmalə Bənənyarlının üzləşdiyi məlum qalmaqaldan sonra eyni durum Səid Nurinin başına gələn hadisə zamanı da yaşandı. Ciddi media qurumları bu hadisə haqqında yalnız şəkilsiz, videosuz, informasiya xarakterli materiallar yaydılar. Yalnız bir neçə bu kimi mövzular üzrə “ixtisaslaşmış” internet resursları öz amplualarına sadiq qalaraq müvafiq görüntüləri yaymağa cəhd etdilər və qınaqla üzləşərək geri çəkildilər.

Son iki ildə bu hallara qarşı ciddi bir ictimai qınaq əmələ gəlib. Bir neçə il öncə bir sıra saytlar bu cür materialları yaymaq üçün yarışırdılarsa, bu gün heç kəs qabağa düşüb söyülmək, qınanmaq istəmir.

Hamı anlayır ki, insanların şəxsi həyatına müdaxilə əskik işdir, hər kəsin intim həyatı var və onu izləmək, insanların yataq sərgüzəştlərini lentə alaraq bundan onların ictimai-siyasi fəaliyyətini məhdudlaşdırmaq üçün istifadə etmək yolverilməzdir, qəbahətdir, qanunsuzdur.

Əgər seçki ili olsaydı, bəzi media qurumlarının, o cümlədən telekanalların bu cür situasiyalarda nə dərəcədə həyasızlıq nümayiş etdirdiklərinin də şahidi olardıq. Onlar ən açıq-saçıq kadrları belə yaymaqdan çəkinməzdilər. Necə ki, 2010-cu ildə dünyada analoqu olmayan bir şəkildə pornoqrafik görüntülər yayanlar vardı.

O cür görüntülərlə rəqiblərini susdurmaq, sıradan çıxarmaq istəyənlər hələ də var, ancaq “daha bir müxalifətçinin seks videosu yayıldı” başlıqlı və eyni məzmunlu materiallarla əvvəlki effektləri əldə etmək mümkün deyil.

Bu sayaq materiallar daha ajiotaj doğurmur. Sadəcə, bəzi insanlar maraqlanır, “ifşa videosu”nu axtarıb tapır, baxdıqdan sonra əksəriyyət etibarilə bu cür rəy bildirirlər: “Nə var ki, burda? Öz şəxsi həyatıdır, özü bilər, necə yaşayır”.

Tendensiya ondan xəbər verir ki, yaxın vaxtlarda uyğun şantaja məruz qalanlar düşdükləri situasiyada “yayırsınız, cəhənnəmə yayın, lap yaxşı eləmişəm” replikası ilə çıxış edəcəklər. Belə getsə, “… videosu yayıldı” kimi xəbərlər nəinki sensasion olmayacaq, hətta öz simalarını qorumaq istəyən media resursları bu kimi materiallara heç yer verməyəcəklər.

Əslində bu çox yaxşıdır, siyasi mübarizədə şantaj elementləri azalacaq, iyrənc piar üsulları aradan qalxacaq. Mədəni ölkələrdə çoxdan o cürdür. Hansısa dövlət postuna seçilmək istəyən, şəxsin loru dildə desək, “kiminlə gəzməsi”, “kiminlə yatması” heç kimə maraqlı deyil, əsas məsələ onun tutacağı postda nə qədər səriştəli olmasıdır.

Budur, Səid Nuri qayıdıb vətəndaşı olduğu ölkəyə gedib, burada isə onun intim həyatına aid videogörüntülərin yayılmasının yaratdığı mübahisə davam edir. Gənc fəal videokadrların çəkildiyi otelin adını da açıqlayıb.

Belə çıxır ki, bu ölkəyə gələn bütün qonaqların otel həyatının videosu çəkilir – hamısının, istisnasız. Kim bilir, videoçəkənlərin əllərində kimlərə qarşı nə kimi şantaj materialları var. Atalar demişkən, xəmir yeyənin fağırı olmaz, Avropadan basa-basa ölkəmizə gəlmiş siyasi xadimlərin, diplomatların və başqa missiyalı, funksiyalı şəxslərin də intim həyatı var və onlar da yəqin ki, “kinoya çəkilməmiş” qalmayıblar.

Bu fakt Azərbaycanın etibarını zədələyə biləcək miqyasdadır. Səid Nurinin haqq-hesabı bununla bitməyəcək, əl-əlbət, bunun bir əks-sədası olacaq.

Xalid KAZIMLI(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar