"NAXÇIVANLI ELİTA RƏSUL QULİYEVİ NİYƏ MÜDAFİƏ ETSİN?" - Müsahibə

"Hakimiyyət məqsədli şəkildə Rəsul Quliyev üçün öz içindən “mötəbər” mənbələr yaradıb və illərdir bu mənbələr hesabına onu idarə edir"

Parlamentin sabiq sədri, 17 ildir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev ötən həftə gözlənilməz bir qərar verərək qurucusu olduğu Açıq Cəmiyyət Partiyasından istefa verdi. R.Quliyev istefasını tərəfdarlarının cəmi 5 faizinin ACP-də cəmləşməsi ilə izah etsə də, bu arqumenti ciddi qarşılanmadı. Ümumiyyətə, R.Quliyev son aylarda cəmiyyəti, müxalifət düşərgəsini və tərəfdarlarını təəcübləndirən, bəzən də hiddətləndirən bir xeyli ziddiyyətli, anlaşılmaz qərarlara imza atıb. Onun siyasi fəaliyyətindəki bu ziddiyyətlər nə ilə bağlıdır? “AzPolitika.info” saytının rəhbəri, vaxtilə Rəsul Quliyevə yaxın şəxs olmuş Elnur Məhərrəmli Teleqraf-com-un bu barədə suallarını cavablandırıb.

- Sizcə eks-spiker Rəsul Quliyevin qurucusu olduğu partiyadan - ACP-dən gözlənilməz istefası nə ilə bağlı idi? O, deyib ki, tərəfdarlarının cəmi 5 faizi ACP-də olduğundan bu partiyada qalması düzgün olmazdı. Rəsul müəllimi yaxından tanıyan, fəaliyyətini izləyən bir şəxs kimi necə düşünürsünüz, doğrudanmı, istefasının səbəbi budur?

- Fikrimcə, Rəsul Quliyevin ACP-dən istefasının göstərdiyi səbəblərlə heç bir bağlılığı yoxdur. Onun ACP-dən imtinasının 2 səbəbi var. Birinci səbəb budur ki, Rəsul Quliyev uğursuzluqla nəticələnən hər seçkidən sonra ona partiyanın lazım olmadığı barədə fikrə gəlib. 2005-ci ilin parlament seçkilərindən, məlum qayıdış cəhdindən sonra Rəsul müəllim partiyasının Bakıdakı rəhbəri Sərdar Cəlaloğluna 6 ay zəng etməmişdi. Cəlaloğlu da buna etiraz edəndə ondan ayrılaraq yeni partiyanı – ACP-ni yaratdı.

2008-ci ilin prezident seçkilərində ACP-nin İlham Əliyevi dəstəkləməsinə baxmayaraq, yenə də heç nə əldə olunmayanda Rısul Quliyev bu partiyanı da faktiki olaraq atdı. Nə maliyyə ayırdı, nə də təşkilatlanması ilə maraqlandı. Partiyanın sədri Akif Şahbazov siyasətdən uzaqlaşıb, təsərrüfatla məşğul olmağa başladı. ACP bir də 2012-ci ildə yada düşdü. Bu dövrdə cənab Quliyev çox böyük iddialarla yenidən səhnəyə çıxmışdı. Partiyanın rəhbərliyinə Sülhəddin Əkbər gətirildi, müəyyən qədər maliyyə imkanları açıldı. Amma yenə də uğursuzluq var.

Rəsul Quliyevin ACP-dən istefasının ikinci ciddi səbəbi Sülhəddin Əkbərlə onun münasibətlərinin pisləşməsidir. Sülhəddin Əkbər ciddi adamdır. Onların yola getməyəcəkləri əvvəlcədən məlum idi. Sülhəddin bəy də bunu yaxşı bilirdi. Amma Müsavatdan uzaqlaşandan sonra o, faktiki olaraq təcridlə üzləşmişdi. Ya hansısa partiyaya qoşulmalı, ya da özü partiya yaratmalı idi. Rəsul Quliyevdən gələn təklif göydəndüşmə oldu. Onu geri çevirmədi və nəticədə partiya sədri statusunu, fəal siyasətə qayıtmaq şansını və müəyyən qədər də maliyyə imkanları qazandı.

Məndə olan məlumata görə, son vaxtlar iş o yerə çatmışdı ki, partiyada ya Rəsul Quliyev, ya da Sülhəddin Əkbər qalmalı idi. Lakin həm bundan sonra ACP Rəsul Quliyevə lazım deyildi, həm də faktiki olaraq Sülhəddin Əkbəri partiyadan uzaqlaşdırmaq şansı olmadığından özü getmək qərarına gəldi. Onun bu qərarı hər iki tərəfə sərf etdi. Rəsul Quliyev lazımsız yükdən, Sülhəddin Əkbər isə Rəsul Quliyevdən canlarını qurtardılar.

- Rəsul Quliyev ACP-dən istefa versə də, siyasətdən getməyəcəyini bəyan etdi...

- Bu, real həyatda öz əksini tapacaq bəyanat deyil. Maraqlıdır, ACP-dən də uzaqlaşan, tamamilə təklənən Rəsul Quliyev siyasətdə hansı vasitə ilə qalacaq? Əslində Rəsul Quliyev həqiqi siyasətdən çoxdan gedib, amma hələ də ona elə gəlir ki, ciddi siyasətlə məşğuldur. Bu fikir onda dəhşətli özünəvurğunluqdan, eyni zamanda Bakıdan verilən səhv məlumatlar üzündən formalaşıb ki, Azərbaycanda çoxsaylı tərəfdarları var, məqam gözləyirlər. Rəsul müəllim həmçinin inanıb ki, o ən azı regional liderdir, hakimiyyətdəki və müxalifətdəki naxçıvanlı elitasının gizli ağsaqqalıdır. Ölkəyə dönə bilsə, Qərbi azərbaycanlılar da onun başına toplaşacaqlar. Yəni onu siyasətin içində saxlayan yeganə faktor regional faktordur.

Amma bu da xulyadır. Sual oluna bilər: naxçıvanlı iqtisadi-siyasi elitanın kifayət qədər nüfuzlu, qüdrətli, xarizmatik liderləri olduğu halda, hansı ağılsız ümidini və gələcəyini Rəsul Quliyevə bağlayar? Rəsul Quliyevin özününkü saydığı, dəstəyinə ümid bağladığı elita, elektorat hakimiyyətdəki naxçıvanlıların ətrafındadır və onlar gələcəklə bağlı heç bir narahatlıq, təhlükə hiss etmirlər. Hakimiyyətə yaxın olmaq onlara heç bir risq yaratmır. Hansı məntiqlə Naxçıvan elitası onları uçuruma tərəf yox, daim yüksəkliyə doğru aparan bir şəxsin - Kəmaləddin Heydərovun ərtafında ola-ola, üzlərini uçurumun dibində olan bir şəxsə doğru çevirməlidirlər?! Rəsul Quliyev sözün əsl mənasında uçurumun dibindədir və bu vəziyyətdən onu heç möcüzə də xilas edə bilməz. Bu baxımdan, yeganə stavkası region amilinə olan Rəsul Quliyevin bundan sonra ciddi siyasətdə uğur qazanmaq imkanları sıfırın altındadır.

- Rəsul Quliyev və partiyası Milli Şuraya üzv olsalar da, eks-spiker seçki kampaniyası dövründə bu ittifaqın vahid namizədi Cəmil Həsənlini, eyni zamanda AXCP və Müsavat liderlərini hədəfə götürdü və indi də bu fəaliyyətini davam etdirir. Onun belə ziddiyyətli, anlaşılmaz gedişlərini necə izah edərdiniz?

- Rəsul müəllimin addımlarını, açıqlamalarını başa düşmək, qiymətləndirmək çox çətindir. Çünki çox zaman onun qərarlarının, bəyanatlarının məntiqi izahı olmur. Fikrimcə, həm Milli Şuraya üzv olub, həm də bu quruma qarşı mübarizə aparması da belə anlaşılmaz addımlarındandır. Onun belə ziddiyyətli mövqeyini, daha doğrusu, mövqesizliyini heç öz tərəfdarları da başa düşə bilmirlər və beziblər. Ən yaxın adamları, siyasətdə olan şəxsi dostları belə ondan uzaqlaşıblar. Fikir verdinizsə, Rəsul Quliyev Milli Şuraya göndərməyə belə adam tapmadı. ACP üçün ayrılmış yerlərin əksəriyyəti boş qaldı. Milli Şuranın üzvlüyünə 10 nəfərin adını təqdim etmişdilər, onlardan cəmi 4 nəfəri sessiyalara qatıldı. Digərləri - Akif Şahbazov, Solmaz Ələsgərova, Mahir Əsədov və başqaları bir dəfə də olsun iclaslara qatılmadılar. Çünki onlar faktiki olaraq siyasi fəaliyyətlə məşğul deyillər və formal olaraq adları Milli Şuranın siyahısına daxil edilmişdi. Ona görə də faktiki mövcud olmayan bir partiyadan Rəsul müəllimin istefası, siyasi karyerası ərzində azsaylı düzgün qərarlarından biri hesab oluna bilər.

- Bir çoxları Rəsul Quliyevin son addımlarını hakimiyyətə yaxınlaşmaq cəhdi kimi qiymətləndirirlər. Amma o, çıxışlarında hakimiyyəti də tənqid edir. Bu mənada onu nə istədiyini müəyyənləşdirmək çətindir...

- Rəsul müəllim bir dəfə - 2008-ci ildə hakimiyyətlə yaxınlaşmağa, onunla anlaşmağa cəhd elədi. Bu prosesi qardaşı Telman Quliyev bir generalın vasitəsilə apardı. Amma hakimiyyət Rəsul Quliyevlə anlaşmaya getmədi. Çünki buna ehtiyacı yox idi. Bundan sonra isə hakimiyyət çətin ki, onu özünə və Azərbaycana yaxın buraxsın. Rəsul Quliyevin heç Mütəllibovun yolunu getmək şansı da yoxdur. O, çox ümidli idi ki, Ayaz Mütəllibov ölkəyə qaytarılandan sonra hakimiyyətdəki bir qruplaşma da əks gediş kimi onu ölkəyə çağıracaq. Lakin yenə yanıldı. Hakimiyyətdəkilər Rəsul Quliyevi yaxşı tanıyırlar və bilirlər ki, necə deyərlər, onun “ipinin üstünə odun yığmaq” mümkün deyil. Rəsul Quliyev həyatı boyu heç bir anlaşmaya sonadək əməl etməyib. Əslində Rəsul Quliyevin son 2 ayda Milli Şuranı, onun vahid namizədi Cəmil Həsənlini hədəfə götürməsinin pərdə arxasında hakimiyyətə müəyyən mesaj vermək məqsədi var. Rüstəm İbrahimbəyovun vahid namizədliyinin ən qatı tərəfdarlarından biri Rəsul Quliyev idi. Eks-spiker inanmışdı ki, bu proyektin arxasında Rusiya durur. Çox ciddi cəhdlər etmişdi ki, Rusiya məhz ona stavka edərək hakimiyyətə gətirsin. Mən əminəm ki, Rusiya XİN başçısı Sergey Lavrova məlum məktubu Rəsul Quliyev həqiqətən də yazmışdı. Ondan əvvəl İlham Rəhimovun vasitəsilə Kremllə danışıq aparmağa cəhd etmişdi. Bakıdakı adamlarından biri bu məqsədlə İlham Rəhimovla görüş üçün müraciət etmişdi.

Həmin mərhələdə Rəsul Quliyevin Abbas Abbasovla, bu və ya digər səbəblərdən Azərbaycan hakimiyyətindən küskün olan digər diaspor rəhbərləri, iş adamları ilə sıx əlaqələr saxladığı, onlarla mütəmadi məsləhətləşmələr apardığı haqda məlumatlar var. Lakin özünün seçkidə iştirak ümidləri tükənəndə Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayandılar. Rəsul Quliyev böyük iddiasından müvəqqəti geri çəkildi. Onun hesablamasına görə, Rüstəm İbrahimbəyov prezident olacağı halda Baş nazir və əsas söz sahibi o olacaqdı. Putinin Bakıya səfərindən sonra bu planlar da alt-üst oldu. Abbas Abbasov Rüstəm İbrahimbəyovun arxasından geri çəkildi. Milli Şura AXCP və Müsavata yaxın olan Cəmil Həsənlinin namizədliyini irəli sürdü. Bundan sonra Rəsul Quliyev mövqeyini 180 dərəcə dəyişdi. Onun AXCP və Müsavat liderlərinə nifrəti o qədər böyükdür ki, Cəmil Həsənlinin hakimiyyət şansına qarşı o, hakimiyyətlə təbii, anlaşmasız müttəfiqə çevrildi. Amma hakimiyyət yenə də ona ciddi əhəmiyyət vermir və əminəm ki, heç zaman da verməyəcək. Rəsul Quliyevin Milli Şura əleyhinə fəaliyyəti özfəaliyyətdən başqa bir şey deyil.

- Eks-spiker son açıqlamasında AXCP və Müsavat rəhbərlərini hakimiyyətə işləməkdə ittiham edib. Bununla bağlı onda konkret məlumatlar ola bilərmi?

- Konkret məlumatları konkret mənbələr Rəsul Quliyevə ötürə bilərlər. Bəli, hakimiyyət daxilindən Rəsul Quliyevə məlumatlar ötürülür. Lakin hansı məqsədlə? Sırf onu və onun vasitəsilə müxalifətin müəyyən qanadını idarə etmək məqsədilə! Hakimiyyət məqsədli şəkildə Rəsul Quliyev üçün öz içindən “mötəbər” mənbələr yaradıb və illərdir bu mənbələr hesabına onu idarə edir. Diqqət edin: Rüstəm İbrahimbəyovu iyulun 31-də Azərbaycana dönmək qərarından kim daşındırdı? Rəsul Quliyev! İbrahimbəyovu inandırdı ki, guya 2 min nəfərlik komandos hazırlanıb, Bakıya dönəcəyi halda onu həbs edəcəklər, qan su yerinə axacaq. Bu məlumatları Rəsul Quliyevə çox inandığı həmin “mötəbər” mənbələr ötürmüşdülər. O da bunlara inanıb Rüstəm İbrahimbəyovu fikrindən daşındırdı, müxalifətə ikinci Rəsul Quliyev sindromunu yaşatdı. Özündəki cəsarət natamamlığına Rüstəm İbrahimbəyovu da saldı. Halbuki, Rüstəm İbrahimbəyov Bakıya dönsə, hakimiyyət dilemma qarşısında qalacaqdı.

Ona görə də Rəsul müəllimin mənbələrinə və ittihamlarına çox da fikir verməyə dəyməz.

Ruslan Xəlil

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar