BU İL 350 TƏLƏBƏ TƏHSİL ALMAQDAN İMTİNA ETDİ - Əsas səbəb nədir?

Bəlkə də bu, ilk baxışdan bir çoxlarına ölkə əhəmiyyətli problem kimi görünməyəcək, amma yüksək bal toplayaraq universitetlərə qəbul olunan, fəqət ali təhsil almaqdan imtina edən gənclərin hərəkəti ciddi problemdir.

Gələn həftə orta məktəblərdə olduğu kimi, ali məktəblərdə də yeni dərs ili başlayır, artıq ali məktəblərin birinci kursuna qəbul olunmuş tələbələrin qeydiyyatı başa çatıb və məlum olub ki, tələbə adı qazanmış bir xeyli gənc universitetlərinə gələrək qeydiyyatdan keçməyiblər, başqa sözlə, ali təhsil almaqdan imtina ediblər.

Modern.az saytıın araşdırmasına görə, bu cür gənclərdən 90-ı Bakı Dövlət Universitetinin, 10-u Azərbaycan Dillər Universitetinin, 58-i Azərbaycan Texniki Universitetinin, 53-ü Azərbaycan Neft və Sənaye Universitetinin, 26-sı Bakı Slavyan Universitetinin, 63-ü Azərbaycan Dövlət İqtisad Universitetinin, 31-i Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 20-si Memarlıq və İnşaat Universitetinin payına düşür.

Söz yox ki, bu, bir tendensiya olduğundan adı çəkilməyən o biri universitetlərdə də qəbul imtahanlarını uğurla verən, tələbə adı qazanan, amma ali təhsil almaqdan imtina edən gənclər olub.

Tələbə təqaüdləri artırılacaq

Bu imtinaya səbəb kimi bir çox gənclərin öncədən arzu etdikləri ixtisaslar üzrə olan fakültələrə düşə bilməməsi, xaricdə təhsil almaq arzuları göstərilsə də, bu, tam olaraq elə deyil. Düzdür, ali təhsil almaqdan imtina edənlər arasında elələri də ola bilər və mütləq var, amma əsas səbəb, yəqin ki, pullu təhsillə bağlıdır.

Araşdıranda aydın olur ki, universitetlərə qəbul olunan, ancaq ali təhsil almaqdan imtina edən gənclər əsasən dövlət sifarişi ilə təhsil almaq imkanından məhrum olan, başqa sözlə, pullu təhsil almağa məcbur olanlardır.

Bu, lap çoxdan bəlli olan bir həqiqətdir ki, tələbə oxutmaq çətindir. Hətta universitetlərdə təhsilin ödənişli olmadığı dövrlərdə də tələbə valideynləri övladlarının yaşayışını təmin etmək üçün ciddi sıxıntı çəkirdilər. Hər şeyin bahalı olduğu paytaxtda və iri şəhələrdə tələbənin yaşaması üçün ev kirayələmək, onu azuqə ilə, geyim-kecimlə təmin etmək, gündəlik nəqliyyat və rabitə xərclərinə vəsait ayırmaq üçün ayda nə qədər nağd pul göndərilirdi.

İndi isə bu xərclərin üstünə bir də bəri başdan universitetin büdcəsinə ödənilməli olan vəsait gəlib. Bu isə, camaatın yerlərdə istifadə etdiyi ifadə ilə desək, “bir ətək pul”dur.

Övladlarına təhsil vermək, onlara “adam içinə çıxıb adam olmaq” imkanı vermək istəyən valideynlər bu qədər pul qazanmırlar. Bəlkə də onlar tələbənin minimum yaşayışını pis-yaxşı təmin edə bilərlər, amma o “bir ətək pul” nağd şəkildə aparıb universitetin xəzinəsinə köçürə bilmirlər.

Image result for kassa pul

Bəziləri bundan ötrü qohum-qardaşından borc alır, banklardan kredit götürür, bəziləri qızıl-zinət əşyalarını, evinin xalça-palazını, qapısının mal-qarasını satır, axır ki, o məbləği düzəldir. Amma satmağa heç nəyi olmayanlar, yaxud da kiminsə üstünə borc almağa getməyə üzü gəlməyənlər də var.

Bax, belə olanda sonuncu variant seçilir: ali təhsil almaqdan imtina etmək, “yaxşı universitet”in “pulsuz fakültəsi”nə daxil olmağı gələn ilə saxlamaq...

Böyük ölçüdə məsələnin mahiyyəti budur. Yoxsa illərlə ali təhsil almaq eşqiylə dərs oxuyan, repetitor yanına gedən, sınaq imtahanlarında iştirak edən, sonda qəbul imtahanlarını uğurla verən, tələbə adı qazanan, ixtisas seçən bu qədər gənc birdən-birə niyə qeydiyyatdan keçməsin, oxumaqdan imtina etsin?

Image result for tələbə

Demək ki, onları buna vadar edən ciddi səbəb, həlledilməz müşkül var.

Uzun sözün kəsəsi, dövlət bu məsələ bir əncam çəkməlidir. İldən-ilə bariz şəkildə, bütün çılpaqlığı ilə ortaya çıxır ki, aztəminatlı ailələrin istedadlı övladları sırf kasıbçılıq üzündən təhsillərini davam etdirə bilmirlər. Bunun beş misli qədər gənc isə təhsillərini maddi sıxıntılar içində başa vururlar.

Universitetlərə ödənilən təhsil haqqının da həcminə yenidən baxılmalıdır, dövlət sifarişi ilə qəbula ayrılan yerlərin miqdarına da.

Məsələyə Finlandiyada olduğu kimi yanaşmaq və anlamaq lazımdır ki, bu təhsildir, ticarət deyil. Hər bir millətin gələcəyini, rifahını, təhlükəsizliyini təmin edən əsas amil məhz təhsildir. Yerdə qalanı əfsanədir.(musavat.com)

 

Şərhlər

AAgahuseyn 2019-09-15 10:26:33

Pulu təhsil almaq cətindir Mən sovet dövründə bir texnikum və iki ali məktəbə daxil olmuşam və pulsuz təhsil almışam.İndi pullu təhsil alır amma iş tapa bilmir yəni fəhlə işləməyə məhkumdur onuda tapsa.Pullu ali təhsil ocaqları baqlanmalı bunun əvəzində TEXNİKİ PEŞƏ məktəbləri acılmalıdır özüdə PULSUZ.İndi peşə təhsili müəssələri də pulludur.BELƏ YARAMAZ.

Hacı Mümtay 2019-09-15 10:26:33

Uşaqlarını testə göndərə biməyən ailələr də minlərlədir. İqtisadiyyat Korifeyimiz deyir ki, ölkəmizdə yoxsul yoxdur! "Sosialçı"lar da Bakını söküb tikməyin və xaricə kapital atmaqla "güclü" inkişafi təsdiq edirlər. Düzü, söküntü və tullantı arayanlar yoxsul deyil, dilənçi sayılar. Bəlkə, canına risqlə Göydələn qaldıranlar, beşcə ilə bir villalıq məvacib yığırlar? Qarabağdan da yad-uzaq qalmış kənd əhli necə? Bir neçə güllə bahar da olmur, bildirçin-bülbül də oxumur!

EJDER 2019-09-15 10:26:33

TEHSILI VE SEHIYYESI BERBAD OLAN ANALOQU OLMAYAN HOKUMET INKIWAF EDE BILMEZ.AY , CAMAAT WAD XEBER,NAQIL DANIWANIN BIRIDE ARTIF,KEYF ELEYIN

Oqtay 2019-09-15 10:26:33

Dünya universitetləri sırasında axırıncı yeri tuta bilməyən bisavad yetişdirən dünyanın heç bir yerində diplomu tanınmayan universitetlərə xərc çəkməyə dəyərmi?

Təqaüdçü 2019-09-15 10:26:33

Mövzu köklülür. Sosialist Birliyindən heç bir lider mülkiyyət formasını müzakirəyə belə buraxmayıb? BMTnin DQMV üzrə qətnaməsi də operativ həll əvəzinə (hərbi genosid başçıları ilə belə) hüquqi əsassız(boş) danışıqlar masasına ötürülüb? Dövlət qurumunu müəyyən edən belə statuslar yalnız xalqın müzakirəsi və referendumla qəbul oluna bilər! Vacib sifarişi, məhsulu olmayan kəndli və ya kapitallıq maaş almayan əksər ailələrin hansı ödəniş imkanı ola bilər? Bu təkcə Təhsil və Səhiyyəyə aid deyil.

t.ədalət 2019-09-15 10:26:33

Bu 350-ni 100-ə vurub(yəni onların qohum-əqrəbası) görərik ki,nə qədər adam dövlətdən narazı qalacaq.Onları boş sözlərlə dövlətə rəğbət bəsləməyə yönəltmək olmaz.Sosial tədqiqatlar buradan başlamalıdır.Bir oğru məmura çətir tutan dövlət minlərlə vətəndaşına qayğı göstərən orqana çevrilməlidir.Narazılıqlar adamları müxalifətdən çox sıralandırır..

t.ədalət 2019-09-15 10:26:33

Pullu təhsil kasıbların dövlət tərəfindən təhsildən məhrum edilməsidir.Azərbaycan diplomu pulla satan ölkələrdən biri və birincisidir.Beş yüz manatdan baha olan illik təhsil haqqı Azərbaycan kimi,az qala dilənçi həyatı yaşayan bir ölkə üçün çoxdur.Oğru məmurların talanı hesabına ölkənin Maliyyə itkilərinin qarşısını ala bilməyən,ölkənin iqtisadi inkişafını yaratmaqda maraqsız olan dövlət,büdcə əyər-əskiyini əndazəsiz cərimələr və böyük təhsil haqları hesabına tamamlayır ,bu da xalqa qarşı divan tutmaqdır..

Son yazılar