DÜNYA OKEANI MEQAPOLİSLƏRİ TƏHDİD ALTINA ALACAQ! – 30 ildən sonra...

Dünya okeanının səviyyəsi indiyə qədər ehtimal olunandan daha tez qalxır. Bu, bütün bəşəriyyət üçün faciəvi nəticələrə gətirib çıxara bilər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi üzrə xüsusi hesabatının müəllifləri bu nəticəyə gəliblər. Hesabat sentyabrın 25-də dərc olunub.

Üzərində yüz nəfərdən artıq alimin işlədiyi tədqiqatda qeyd olunur ki, qütb (polyar) bölgələrdə istiləşmə və buzlaqların əriməsi getdikcə daha çox dəniz heyvanlarının yox olmasına gətirib çıxardır və iqlimin dəyişməsini sürətləndirir (Deutsche Welle).

Hal-hazırda planetdə təxminən hər on nəfərdən biri dəniz səviyyəsindən 10 metr hündürdə yerləşən bölgələrdə yaşayır. Hətta ətrafa istixana qazlarının əhəmiyyətsiz tullantısı şəraitində belə, 2050-ci ilə bir sıra sahil şəhərləri və kiçik adacıqlar hər il su altına düşəcək. Hesabatda deyilir ki, indiyə qədər belə miqyaslı subasma ən tezi, 100 ildə bir dəfə baş verib…

Ekspertlər xəbərdarlıq edirlər ki, subasmanın qlobal nəticələrindən biri də planetdə ərzaq ehtiyatının tükənməsi olacaq.

BMT hesabatına görə, dəniz səviyyəsinin qalxması daha güclü dalğaların boy verməsinə və torpağın duzlaşmasına gətirəcək. Məsələn, Cənub-Şərqi Asiyadakı Mekonq çayının deltasında olduğu kimi. Məhsuldarlığın aşağı düşməsi isə öz növbəsində, hətta dənizə çıxışı olmayan kontinentdə yerləşən ölkələrdə belə, qida məhsullarının qiymətlərinin qalxmasına səbəb olacaq.

Bundan başqa, Arktikada və Sibirdə əbədi buzlaqların əriməsi səbəbilə, atmosferə daha çox metanın və karbon qazının tullanmasına səbəb olacaq. Məlum olduğu kimi, bu da qlobal istiləşməni sürətləndirir. Himalayda və Hindukuşda buzlaqlar əriyir – ərinti suları çaylara tökülür. İndiki halda bu çaylar demək olar, 2 milyard insanı su ilə təmin edirlər. Hazırkı uşaqların qocalacağı illərdə həmin bölgələrdə buzlaqların sahəsi 1/3 qədər azalacaq. Buzlaqlar çəkildikcə, çaylar dayazlaşmağa başlayacaq və çayların axarı istiqamətindəki yaşayış məntəqələrinin sakinləri içməli su çatışmazlığı ilə üzləşəcəklər.

Dünya okeanı istixana effekti nəticəsində əmələ gələn istiliyin bir hissəsini udur, ancaq iqlim dəyişikliyinə xeyli yavaş reaksiya verir. Bu, ona işarədir ki, hətta insanlar alternativ enerji mənbəyinə keçsə və meşələri kəsməyə son qoysa belə, artıq karbon qazının atmosferə tullanmış həcmi okeanı qızdırmaqda davam edəcək.

«Artıq iqlimi ilkin vəziyyətinə gətirmək bizə nəsib olmayacaq. Ona görə də biz, buna adaptasiya olunmalıyıq» - deyə, Almaniya polyar və dəniz tədqiqatları üzrə Mərkəzinin klimatoloqu Hans-Otto Ryörtner izah edir.

Bəzi meqapolislərdə, misal üçün, İndoneziyanın Cakarta və Çinin Şanxay şəhərlərində nəhəng divarlar tikilər. Onlar bu şəhərlərin sakinlərini dəniz səviyyəsinin qalxmasından və nəticədə, yaranacaq subasmadan qorumalıdır.

Bəzi ada dövlətlər, məsələn, Fici öz sakinlərini daha yüksək ərazilərə köçürür.

Bütün bunlarla bərabər, hesabatda qeyd olunur ki, təbii maneələr də sahil xəttini təhdid edən qabarmadan qoruya bilər – məsələn, bataqlıq və qamışlıqlar kimi. Odur ki, sənəd müəllifləri belə təbii maneələrin saxlanmasını qeyd edirlər.

BMT-nin hesabatında qeyd olunur ki, əgər bütün inkişaf etmiş ölkələrin hakimiyyətləri elə indicə aktiv fəaliyyətə keçsələr, qlobal istiləşməni heç olmasa, yumşaltmaq mümkün olar.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar