“1 milyonluq icra başçısı” işinə Gəncədə baxılmasına etiraz

Bu olayla bağlı cinayət işinin materialları arasından bir sıra əhəmiyyətli sənədlər yoxa çıxıb

Xəbər vermişdik ki, 1 milyona icra başçısı təyinatından bəhs edən cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bakıda baş vermiş hadisə üzrə işə Gəncədə baxılması isə təqsirləndirilən şəxsin kimliyilə bağlıdır. Söhbət, 2000-ci ildən 2007-ci ilə qədər Binəqədi məhkəməsinin sədri, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevdən gedir.

Bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və Azər Orucov, Əlisultan Osmanov və Əlövsət Abbasovdan ibarət hakimlər heyətinin icraatına verilmişdi. Lakin məhkəmənin hazırlıq iclasında adları çəkilən hakimlər özlərinə etiraz verərək, uzun müddət Həsən Əliyevlə birlikdə işlədiklərini əsas gətirərək, bu işə baxmaqdan imtina etdilər. Onların etirazı təmin olundu və iş ümumiyyətlə, Bakı Ağır Cinayətlər Məhkəməsindən alınaraq, Gəncəyə göndərildi.

“Azadlıq”a daxil olan məlumata görə, bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatına verilib. Iş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 30-na təyin olunub.

Lakin zərərçəkmiş tərəf bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasından narazıdır. Sözügedən cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Ramazan Səlimovun vəkili Iradə Cavadova “Azadlıq”a açıqlamasında bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində işə obyektiv baxılacağı, ədalətli qərar veriləcəyinə bəri başdan şübhələri var. Səbəbi də budur ki, həmin məhkəmənin sədri Kəramət Əliyev uzun müddət Həsən Əliyevlə birlikdə işləyib.

“Bizə daxil olan məlumata görə, onlar vaxtilə Naxçıvan prokurorluğunda, sonra da Bakı Ağır Cinayətlər Məhkəməsində uzun müddət birlikdə çalışıblar. Ən əsası, onlar təkcə iş yoldaşı olmayıblar, həm də dostdular”, - deyə vəkil bildirib.

Müdafiəçi qeyd edib ki, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasının qarşısını almaq üçün müvafiq addımlar atacaqlar.

İradə Cavadova iş prokurorluqda araşdırılarkən Ramazan Səlimovun vəkili olmasa da, ona münasibətdə yol verilmiş hüquq pozuntularına görə ibtidai istintaqdan narazıdır: “Ramazan Səlimovla söhbət zamanı aydın oldu ki, o, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmayıb. Daha doğrusu, ona bunun üçün şərait yaradılmayıb. Ona ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsindəki hazırlıq iclasında təqdim olunub. Bildiyimə görə, bir sıra izahatlar, sənədlər iş materiallarından yoxa çıxıb”.

Zərərçəkmiş tərəf eyni zamanda, ibtidai istintaq və məhkəmə dövrü üçün Həsən Əliyevin barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsindən narazıdır: “O adam uzun illər hakim olub və azadlıqda qaldığı halda, iş üçün əhəmiyyət kəsb edən şəxslərə təsir göstərmək imkanı var”.

Xatırladaq ki, Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb. Həsən Əliyev Ramazan Səlimovu bir sıra yüksək vəzifəli şəxslər, o cümlədən dövlət komitəsinin sədri, müxtəlif rayonların icra başçıları, “Azəriqaz”, “Azərsu” kimi qurumların rəhbərliyinə daxil olan şəxslərlə görüşdürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar