Hava soyuyur, 150 ailə hələ də işıqsız, qazsız, susuzdur -  Suraxanı İcra Hakimiyyətinin məlumatı təsdiqlənmir

“AzPolitika.info”nun 30 oktyabr tarixində dərc etdiyi “Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb” başlıqlı məqalədə “Yeni Günəşli” qəsəbəsinin Samir Cəfərov küçəsindəki 13 saylı, 15 mərtəbəli binada yaşayan 150 ailənin komunal problemlərindən söz açılırdı. Sakinlərin adından ölkə başçısına ünvanlanan və bir nüsxəsi də redaksiyamıza göndərilən məktubda qeyd olunurdu ki, 2015-ci ildən bugünədək bina sakinləri işığa, təbii qaza və suya həsrət qalıblar: ”Bu şəraitsizliyə yaşamaq yox, cəhənnəm əzabı demək olar. 150 ailənin yaşadığı 15 mərtəbəli binada 2015-ci ildən bu günlərimizə qədər suyun, qazın, işığın olmamasını əlaqədar orqanlar necə izah edə bilərlər? Görəsən günahkar biz sakinlərik, yoxsa müvafiq orqanlardır?”

Məktubda qeyd edilirdi ki, problemlə bağlı bütün müvafiq qurumlara müraciətlər edilib. Lakin heç bir qurum öz üzərinə düşən işi görmək istəmir. Nəticədə 21-ci əsrdə paytaxt şəhərdə 150 ailə adi məişət şəraitindən, işıqdan, sudan və qazdan məhrumdur: “Hörmətli cənab Prezident, 150 ailə adından müraciətimizi xüsusi nəzarətə götürməyinizi, komissiya yaradılmasını, yerində baxış keçirilməsini xahiş edirik. Bu gün hərtərəfli qayğı və diqqətiniz sayəsində Azərbaycanın ən ucqar kəndlərində də insanlar qazdan, sudan və işıqdan istifadə edirlər. Bakıda bu şəraitin olmaması isə sadəcə olaraq faciədir, təxribatdır.”

Həmin şikayət məktubu dərc ediləndən qısa müddət sonra Suraxanı Rayon İcra Hakimiyyətindən məsələyə reaksiya verilmişdi. Qurumdan redaksiyamıza daxil olan məktubda problemin operativ şəkildə həll olunduğu bildirilirdi: “”Azpolitika.info” saytının 30 oktyabr 2019-cu il tarixdə “Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb” başlığı məqalədə Qaraçuxur qəsəbəsi, “Yeni Günəşli” yaşayış sahəsi, Samir Cəfərov küçəsindəki 13 saylı, 15 mərtəbəli binada yaşayan 150 ailənin elektrik enerjisi ilə təminatında problemin olduğu qeyd olunmuşdur.

Bu barədə məlumat rayon İcra Hakimiyyətinə daxil olan kimi müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan bina “Badu-kubə” MTK tərəfindən inşa edilmişdir və MTK-nın “Azərişıq” ASC-yə borcu olduğu üçün elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Məsələ rayon rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, “Badu-kubə” MTK-nın rəhbərliyi ilə əlaqə saxlanılmış, borcun müəyyən hissəsi MTK tərəfindən ödənildikdən sonra “Azərişıq” ASC tərəfindən “Yeni Günəşli” yaşayış sahəsi, Samir Cəfərov küçəsi, 13 saylı binaya elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Elektrik enerjisi bərpa olunduqdan sonra binaya su verən elektrik nasosları da işləməyə başlamışdır. Eyni zamanda, “Badu-kubə” MKT tərəfindən bildirilmişdir ki, binanın istismara qəbul olunması ilə bağlı müvafiq işlər həyata keçirilir”

Lakin bu gün redaksiyamıza yenidən müraciət edən bina sakinləri problemin həll edilmədiyini bildiriblər. Sakinlər doğrudan da İcra Hakimiyyətinin məsələ ilə maraqlandığını, lakin problemin olduğu kimi qaldığını deyirlər. Onların sözlərinə görə, əslində məsələnin kökündə “Badu-kubə” MTK ilə “Azərişıq” və “Azərsu” arasındakı problem durur. Bunun əziyyətini isə heç bir günahı olmayan sakinlər çəkir. Sakinlər qeyd edirlər ki, artıq bir neçə ildir mənzillərə elektrik enerjisi həmin MTK-ya aid ofisdən verilir. Bütün bina bu ofisdəki sayğac əsasında “işıq pulu” ödəyir. Lakin mənzillərdəki sayğacların göstərdiyi enerji istifadəsinin cəmi ilə ofisin sayğacındakı rəqəm uyğun gəlmir.

Sakinlərin dediyinə görə, elektrik enerjisi ofisdəki sayğacdan mənzillərə paylananadək uzun məsafə keçir və itkilər olur. Ona görə də sakinlərin ödədiyi enerji haqqı ofisin sayğacında göstərilən borcu ödəmir. Nəticədə binanın “Azərişıq”a böyük məbləğdə borcu yaranıb ki, bu səbəbdən də qurum 150 ailənin yaşadığı binanın elektrik enerjisi ilə təchizatını dayandırıb. Sakinlər dəfələrlə “Azərişıq” rəhbərliyinə müraciət edərək, problemi aradan qaldırmaq üçün komissiya yaradılmasını, birbaşa mənzillərdəki sayğacların qeydiyyata alınmasını xahiş ediblər. Həmçinin, bu binanın “Badu-kubə”-nin ofisi vasitəsilə deyil, ayrı-ayrılıqda mənzillərə kod verərək, sayğac qoymaqla işıqla təmin edilməsini istəyiblər. Onu da qeyd edək ki, sakinlər indiyədək enerji haqqını qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulan tariflə, yəni baha qiymətlə ödəyirlər. Lakin qurum rəhbərliyi məsələni həll etmək istəmir və borcun bağlanmasını tələb edir. Təxminən eyni durum da su təchizatında müşahidə olunur. “Azərsu” ilə də oxşar problem yaşanır.

Bir sözlə, sakinlər “Badu-Kubə” MTK ilə “Azərişıq” və “Azərsu”nun arasında qalıb. Qarşıdan qış gəlir, havalar soyuyur. 150 ailə isə hələ də işıqsız, qazsız və susuzdur. Sakinlər növbəti dəfə “AzPolitika.info” vasitəsilə müvafiq qurumlara və ölkə rəhbərliyinə müraciət edərək, bu problemin həll edilməsini xahiş edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar