“İRAN ABŞ-a CAVAB VERƏ BİLMƏDİ, VERƏ BİLMƏZDİ DƏ...” - “Mollaların yerinə biznesmenlər gəlsə, İranda inkişaf başlasa...”

İran-ABŞ qarşıdurması hələ davam etsə də, artıq regionda bir müddət əvvəl baş verən hadisələr müəyyən nəticələr çıxarmağa əsas verir.

“AzPolitika.info” bu mövzunu Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə ilə müzakirə edib.

Müsahibəni təqdim edirik:

- Hikmət bəy, İran ətrafında, ümumən Yaxın Şərqdə müşahidə etdiklərimiz müəyyən nəticələr çıxarmağa əsas verir. Və əksər politoloqların bu mövzu ilə bağlı fikirləri üst-üstə düşür. Ancaq yəqin ki, bu məsələnin görünməyən tərəfləri də var. Sizcə, əgər belə tərəflər varsa, onlar nədən ibarətdir? 

- Bizim regionda iki qlobal proses müşahidə olunur. Birincisi, İranın indiki rejiminin özünü qoruyub saxlamaq niyyəti ilə öz ətrafındakı “şiəlik kəmərini” möhkəmlətməsi və şiəlik ideologiyasını cürbəcür ölkələrə ixrac etməsidir. Yəni rejim öz hakimiyyətini qoruyub saxlamağı hədəfləyir və bunun üçün Suriyada, Yəməndə, İraqda ciddi fəaliyyət göstərir. İkincisi, ABŞ başda olmaqla, Qərbin bəlli planı var. Söhbət Yeni Yaxın Şərq layihəsindən gedir. Bu plan əsasən Yaxın Şərqi stabilləşdirmək, regiondakı rejimləri ortaq məxrəcə gətirmək və onlarla iş aparmaq kimi məsələləri nəzərdə tutur. Həmçinin, sözsüz ki, neft əldə etmək, özünün mallarını satmaq, gəlirlər götürmək və s. Bax, bu iki qlobal proses müşahidə edilir və onların qarşıdurması gedir. Mən hələ Fələstin məsələsini qeyd etmədim. Bu məsələ də ortada qalıb və İran da oraya müdaxilə edir. Digər tərəfdən, Fələstini və onun hərbi silahlı qruplaşmalarını dəstəkləyən yeganə ölkə İran qalıb. Əvvəl Səddam Hüseyn onları dəstəkləyirdi, o da devrildi. Eləcədə Liviya. Misir isə kənara çəkilib. İsraili möhkəmləndirmək üçün ortada bircə maneə İrandır. Bu da bir prosesdir. Yaxın Şərqdə İsrail dövləti regiona nəzarət baxımından ABŞ-a lazımdır. İran isə burada əsas maneədir. Əslində, qısa tezislər şəklində desək, müşahidə etdiyimiz proseslərin mahiyyətində bu məsələlər dayanıb.

- Və hər iki tərf də bir-birinə dirəniş göstərir...

- Dirəniş bundan əvvəlki mərhələ idi. Bu mərhələni savaşın başlandığı mərhələ kimi təqdim etmək daha məntiqli olardı.

- Müharibə ehtimal və imkanları haqda proqnozunuz nədən ibarətdir?

- Əslində, müharibə ehtimalı və buna imkan verəcək səbəblər mövcuddur. Lakin məsələnin başqa və önəmli tərəfi odur ki, dünya dəyişir. Biz müharibə dedikdə gözümüz önündə adətən II Dünya Müharibəsinə oxşar müharibə canlanır. Başqa sözlə, bizim təsəvvürümüzə görə, müharibədə 100 minlərlə əsgər addımlayır, təyyarələr havaya qalxır, yüzlərlə tank və texnika hərəkətə gətirilir və sair. Bizim təsəvvürümüzə görə, ABŞ-İran müharibəsində belə mənzərə yaranacaq. Ancaq unutmayaq ki, indi vəziyyət kəskin dəyişib və belə müharibələr olmayacaq.

- Bəs nə olacaq?

- Artıq dünyada insan həyatı bahalaşıb, heç kəs vuruşmaq, ölmək istəmir. Odur ki, məqsədə çatmaq üçün yeni üsullardan istifadə edirlər. Məsələn, başqaları vasitəsilə müharibə etmək və ya hibrid müharibələri, kiberhücumlar və nəhayətdə iqtisadi müharibələr, ticarət sanksiyaları və sair. Hansı ki, bunlar daha təsirli olur. Çünki iqtisadiyyatda hamı bir-birinə bağlıdır, dünya çoxdan qloballaşıb və İran iqtisadiyyatını da dünya iqtisadiyyatından kənarda təsəvvür etməyin. Bu mənada bizim təsəvvürümüzdə olan müharibə mənzərəsi olmayacaq. Əvəzində kiberhücumlar, hibrid, ticarət müharibələri, sanksiyalar olacaq. Həm də ABŞ-da iki əsgər öləndə və ya burnu qanayanda jurnalistlər durub Ağ Evin əleyhinə “döşəyirlər”. Mitinqlər keçirilir və müharibə variantı rədd olunur. Odur ki, İrana qarşı iqtisadi təzyiq, casus şəbəkələri, hibrid müharibə, milli azadlıq hərəkatları, Cənubi Azərbaycan faktoru, daxildəki potensial protest elektoratı və digər belə imkanlar kifayət qədərdir.

- Sizcə, İranla ABŞ-ın resurslarını, imkan və ehtiyatlarını müqayisə etmək olarmı?

- Sözsüz ki, İran və ABŞ-ın resurs və imkanları müqayisəedilməzdir. Ən azı 50 dəfə ABŞ və Qərb İrandan güclüdür. Hər cəhətdən - iqtisadi, siyasi, hərbi baxımdan. Amma müharibə deyəndə İran mollalarının təfəkkürünə II Dünya Müharibəsinin mənzərəsi gəlir. Onlar elə bilir ki, güclü ordusu, vətənpərvər əsgərləri, ölümdən qorxmayan qəhrəmanları var. Amma bu gün onların heç birinin əhəmiyyəti yoxdur. İranın başında və gözü önündə köhnə müharibə strategiyası canlanır. İrana elə gəlir ki, köhnə müharibə formatında Qərbə müqavimət göstərə bilər. Reallıqda isə məsələ tam başqa cürdür və fikrimcə, mollalar bunu başa düşməlidir.

- Qasım Süleymaninin öldürülməsilə bağlı müzakirələr hələ də davam edir. Sizcə, onun qətli kimlərin xeyrinə və kimlərin əleyhinə oldu?

- İran rejimi uduzdu. Birincisi, Süleymani böyük fiqur, bacarıqlı inzibatçı idi. İranın daxili və xarici siyasətini idarə edən fiqurlardan biri idi. Amma öldürüldü. Bununla da göstərildi ki, başqaları da belə öldürülə bilər. Və İran buna cavab verə bilmədi, verə də bilməzdi. Əgər İran real cavab verməyə cəhd etsəydi, vəziyyəti daha pis olardı.

- İran paytaxt Tehrandan havaya qalxan sərnişin təyyarəsini raketlə vurur, sonra onun qəzaya düşdüyünü elan edir və sonunda təyyarəni vurduğunu etiraf edir. Szcə, bu, nə anlama gəlir?

- Mən bu prosesi diqqətlə izləyirəm və fikrim belədir ki, Ukrayna təyyarəsi qəsdən vurulmayıb. Bu, müharibənin yaratdığı emosionallıq, əsəbilik və faciəvi təsadüfdür. Əlbəttə ki, orada ölən insanlar günahsız idi və bu hadisə bir daha göstərdi ki, müharibə nə qədər dəhşətli prosesdir.

Amma bu işin məsuliyyəti həmin raketi atanların boynundadır. Sözsüz ki, həmin saatlarda İran İraqdakı ABŞ bazalarını vururdu və hamı qorxu içindəydi. Hərbçilər də özlərini itirmişdilər və İranın təsəvvür etdiyi müharibə formatını gözləyirdilər. İrandan təzminat tələb ediləcək. Üstəlik, sərnişin təyyarəsinin vurulması İranın imicinə zərbədir. Bu hadisələr İranı qeyri-stabil və idarəolunmaz ölkə kimi təqdim edir.

- İran nəhayətdə təyyarəni vurduğunu etiraf edir, daha sonra isə İranda etirazçı kütlə küçələrə tökülüb öldürülən generalın, ali dini lider Seyid Əli Xameneinin fotolarını yandırır, istefa tələb edir...

- Fikrimcə, təyyarənin vurulması, Süleymaninin öldürülməsi və protest elektoratın küçələrə çıxması bir-birilə bağlı məsələlər deyil. Təyyarə vurulmasaydı belə, insanlar başqa bəhanə tapıb küçələrə çıxacaqdı. Bu onu göstərir ki, İranda etiraz potensialı var və çox güclüdür. Və bu proseslər davam edəcək.

- Yəni bu ayaqlanma xaricdən idarə olunan prosesdirmi?

- Yox. İranda idarəolunan bir şey yoxdur və belə böyük hadisələri idarə etmək də mümkün deyil. Elə şərhçilər var ki, İranda baş verən etirazların idarə olunduğunu, bunun masonlar və ya şpionlar tərəfindən edildiyini iddia edir. Amma 15-17 şəhərdə insanlar küçələrə çıxıbsa, bu, hansısa böyük sosial prosesin əlamətləridir. O deməkdir ki, etiraz potensialı var və hansısa hadisələrə görə özünü büruzə verəcək.

- Bizim də bu regionda yerləşdiyimizi nəzərə alsaq, barəsində danışdığınız proseslərin hansı təsirlərinə məruz qala bilərik?

- Qısa müddətdə bu hadisələr bizə mənfi təsir edəcək. Bizim İranla ticarətimiz, gediş-gəlişimiz var, oradan Naxçıvana gedirik. İran dağılmağa başlasa, bunun qısa müddətdə bizə mənfi təsiri olacaq. İndi bəzən deyirlər ki, İranla bağlı vəziyyət pisləşsə ölkəmizə qaçqınlar axın edəcək. Yəni köhnə müharibə mənzərəsini yaradaraq qaçqınları bura gətirirlər. Bu, olmayacaq. Amma gələcək üçün bu etirazlar və xaricdən olan təzyiqlər İranı dəyişəcəksə, İran doğrudan da sülhpərvər və demokratik dövlət olacaqsa, sözsüz ki, bu, Azərbaycan üçün daha məqbuldur. Bu halda çox şey dəyişə bilər. Mollaların yerinə biznesmenlər gəlsə, İranda inkişaf başlasa, Türkiyə kimi dövlət qurulsa, Azəraycan üçün çox yaxşı olardı.

- Bəs Rusiya buna imkan verərmi?

- Rusiya hələ ora girişmir. Putinin məşhur bir sözü var. Yaxın Şərq ölkələrinin birində münaqişə alovlanırdı və Putinə müraciət etmişdilər. Putin də açıq bəyan etdi ki, biz yanğın söndürən komanda deyilik ki, harada od olsa qaçıb onu söndürək. Əlbəttə ki, nəsə etmək istəyərdilər, amma belə imkanları yoxdur.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Elli 2020-01-15 19:39:37

çox dürüst şərhdir, çox sağ olun!

Son yazılar