Azərbaycanda ətin qiyməti 15-20 manata qalxacaq

Postsovet məkanında, konkret olaraq Rusiya ətrafında gedən son proseslər Azərbaycanda ərzaq məhsulları ilə bağlı ciddi problemlər yarada bilər. Çünki meyvə-tərəvəzin qiymətinin ardınca ət və ət məhsullarının da qiyməti sıçrayışlı şəkildə qalxmağa doğru gedir.

Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə görə, əhalinin həyat səviyyəsi onun zülalla zəngin qida məhsullarının istifadə səviyyəsi ilə ölçülür. Belə ki, bu normativlərə görə, hər bir insan ildə orta hesabla 73 kiloqram ət yeməlidir. Azərbaycanda bu sahədəki vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycan hökumətinin adambaşına müəyyən etdiyi illik ət norması 24,7 kiloqramdır.

Amma təəssüf ki, Azərbaycan vətəndaşlarının müəyyən təbəqələri bundan da məhrumdur. Ərzaq məhsullarının qiymətlərinin durmadan artımı fonunda bu kateqoriyaya daxil olan əhali qruplarının sıraları daha da genişlənə bilər.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi (KTN) ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir. KTN-in arqumentlərinə inansaq, ətin (diri çəkidə) maya dəyəri yerli təsərrüfatlarda 1 kq üçün 5 manat 20 qəpikdən o tərəfə keçmir, üstəlik mal-qaranın baş hesabı ilə sayı, deməli, həm də istehsalın həcmi artır, son iki ildə heyvandarlıq sahəsində ciddi irərliləyiş var, infrastruktur xeyli yaxşılaşıb və s.

Əgər bu deyilənlərə inansaq, Azərbaycanda ətin qiyməti uzağı 6-7 manat olmalı idi. Amma hələ avqust ayında Azərbaycan bazarlarında mal ətinin 1 kiloqramının qiyməti növündən və keyfiyyətindən asılı olaraq 8-10 manat arasında (bu isə o qədər də ucuz qiymət deyil) dəyişib. Bu gün isə mal ətinin qiyməti Bakıda normal halda 9-12 manat arasında dəyişir.

Ekspetlər hələ bunun da son hədd olmadığını deyirlər. Onların fikrincə, bu, hələ başlanğıcdır. Çünki Azərbaycan Qərbin sanksiyalarına cavab olaraq xaricdən ərzaq məhsulları almağı dayandırmış Rusiya ilə bu ölkəyə ət və quş əti məhsulları ixrac etmək barədə razılaşma əldə edib. Ona görə də Azərbaycanda meyvə-tərəvəzin dalınca ət və ət məhsullarının da qiymətinin sıçrayışlı şəkildə artacağı gözlənilir. Yada salaq ki, Azərbaycan fermerlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları Rusiya bazarlarına axmağa başlayan kimi pomidorun 1 kilosunun qiyməti yerli bazarda qəfildən 50-60 qəpikdən 1,7-2 manata qədər qalxdı.

İqtisadçı-ekspertlər ət bazarında da belə bir sıçrayışlı qiymət artımı proqnozlaşdırır. Onların dəyərləndirməsinə görə, Moskva şəhərinin meri Sergey Sobyaninin Bakıya bu günlərdə reallaşan səfəri Azərbaycanın ət məhsulları bazarını “silkələyəcək”. Çünki S.Sobyanin Bakıdan getməzdən əvvəl bəyan etdi ki, o, Azərbaycandan meyvə-tərəvəzlə yanaşı ət və ət məhsulları idxal etmək barədə də müsbət danışıqlar aparıb. Özü də Moskva meri təkcə mal əti haqda danışmırdı. Rusiya Azərbaycandan quş əti də almağa maraq göstərir...

İqtisadçı-ekspertlər bundan çıxış edərək Azərbaycanın yerli bazarında ət məhsullarının, o cümlədən quş ətinin qiymətinin ildırım sürəti ilə artacağı barədə proqnozlar verirlər.

Daxili bazardakı tələb-təklif nisbətini yaxşı bilən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov virtualaz.org saytına açıqlamasında sensasion sayılacaq bir məlumat verdi. Onun sözlərinə görə, ət ixracına hazırlaşan Azərbaycanın özündə əslində ət qıtlığı var: “Əgər Azərbaycandan başqa ölkələrə ət satmağa başlasalar, bu, onsuz da baha olan ətin qiymətini dəfələrlə qaldıracaq. İlkin proqnozlara görə, ətin qiyməti yaxın günlərdə 15-16, hətta 20 manata qalxa bilər. Çünki Azərbaycan hökumətinin istehlakçıların maraqlarını qorumaq üçün siyasi xətti yoxdur”.

AİB sədri musavat.com-a deyib ki, bunun qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir: “İnhisarçılığa qarşı mübarizə aparılmalı, qiymətlərin tənzimlənməsinə nəzarət olunmalı, eləcə də bazar tənzimlənməlidir. Digər vacib məsələ odur ki, dövlət iri biznesin maraqlarını düşünərkən sıravi vətəndaşların, aztəminatlı təbəqənin ən ümdə problemlərini unutmamalıdır”.

E.Hüseynov xəbərdarlıq edib ki, hökumət zəruri tədbirlər görməsə, ilin sonunadək nəinki təkcə ət və ət məhsulları, ümumiyyətlə, bütün ərzaq məhsulları azı 50 faiz bahalaşacaq.

İqtisadiyyat nazirinin sabiq müavini, nüfuzlu iqtisadçı Oqtay Haqverdiyev də daxili bazarla bağlı bədbin düşünür. O da qiymət artımının qaçılmaz olduğunu deyir.

O.Haqverdiyev daxili ət bazarındakı vəziyyəti virtualaz.org saytına şərh edərkən burada vəziyyətin heç də pozitiv olmadığını bildirdi: “Əgər Azərbaycandan Rusiyaya ət və ət məhsulları ixrac etməyə başlasalar, vəziyyət pisləşəcək. Ətin qiyməti kəskin şəkildə qalxacaq. Üstəlik yerli ət bazarında məhsul qıtlığı yaranacaq. Bu isə qiymətlərin artım tempini sürətləndirəcək.

Bəli, Azərbaycan istənilən qədər meyvə-tərəvəz ixrac edə bilər. Buna potensialı çatır. Amma bizim ölkəmiz nə Argentina, nə də Ukrayna deyil ki, ət və ət məhsulları da ixrac edə bilsin. Biz ətə olan öz daxili tələbatımızı zorla ödəyirik. Ona görə də Rusiya ilə ət ixracı barədəki anlaşmada daxili bazar və qiymətlər baxımından yaxşı heç nə görmürəm. Üstəlik bizdə inhisarçılar var. Onlar Moskva meri Sobyaninin son açıqlamasından ikiəlli yapışıb qiymətləri süni şəkildə də qaldırmağa çalışacaqlar. Buna da belə izah verəcəklər ki, bəs, ət artıq Rusiyaya daşınır, ona görə də qiymətlər artır”.

Sonda onu da qeyd edək ki, Azərbaycanın daxili ət bazarında vəziyyətin yaxşı olmadığını rəsmi statistik rəqəmlər də təsdiqləyir. 2014-cü ilin I rübündə daxili bazara 75939 ton ət və ət məhsulu daxil olub. I rübdə yerli ət istehsalının həcmi 63638 ton, idxal isə 4625,7 ton olub. Bu dövrdə yerli ət məhsulları (kolbasa və s.) istehsalı 1536,3 ton təşkil edib. İdxal isə 1139,5 ton olub. Halbuki bəhs olunan dövrdə daxili bazara 220000 ton ət və ət məhsulları çıxarmaq planlaşdırılmışdı.

Göründüyü kimi, daxili bazardakı ət və ət məhsullarının həcmi heç hökumətin nəzərdə tutduğu səviyyəyə də çatmır (normaya görə, bizdə adambaşına təxminən 25 kq ət istehlak edilməsi planlaşdırılıb).

Nəhayət, daha bir statistik rəqəm: Azərbaycanda son 5 ildə ətin qiyməti 2 dəfədən çox artıb. Rusiyanın idxala başlamasından sonra bu rəqəmin xeyli artacağı şübhə doğurmur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar