"Vaxtımız olanda Leyla Yunusa baş çəkəcəyik”- Ombudsman Aparatı

“Hazırda biz rayonlarda ezamiyyətdəyik, monitorinqlərdəyik. İnşallah, vaxtımız olanda Leyla Yunusa baş çəkib maraqlanacağıq”. Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm Qrupunun rəhbəri Vüqar Məhərrəmov belə deyib.

"Azadlıq" radiosu aparat rəsmisindən həbsdəki hüquq müdafiəçisi Leyla Yunusun istintaq təcridxanasında fiziki təzyiqlərə məruz qalması haqda vəkillərin iddialarının araşdırılıb-araşdırılmadığını soruşub. Vüqar Məhərrəmovun sözlərinə görə, Ombudsman Aparatı hələlik bu məsələni araşdırmayıb.

Vüqar Məhərrəmov bunu belə izah edib: “Biz Leyla Yunusla sentyabrın 18-də görüşmüşük. Bu dediklərinizi daha sonra mətbuatdan eşitdik. Bununla bağlı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxladıq. Səhv etmiriksə, bunun araşdırılması üçün onlar özləri prokurorluğa müraciət ediblər. Yəni Penitensiar Xidmət özü bu məsələnin araşdırılmasında, həqiqətin üzə çıxmasında maraqlıdır. Adıçəkilən şəxslə - ədliyyə mayoru Fəqan Yaqubovla da danışmışıq. O da deyilənləri qəti şəkildə inkar edir, deyir ki, dəhlizdəki kamerada görüntülər var, hər hansı kobudluq olsaydı, kameraya düşərdi”.

Bəs Ombudsman Aparatının rəsmiləri Leyla Yunusla görüşüblərmi, ona işgəncə verilib-verilmədiyini özü ilə araşdırıblarmı?

V.Məhərrəmov bu sualı belə cavablandırıb: “Dediyim kimi, Leyla Yunusla sentyabrın 18-də görüşmüşük. Ondan sonra görüşməmişik. Hal-hazırda biz rayonlarda ezamiyyətdəyik, monitorinqlərdəyik. İnşallah, vaxtımız olanda Leyla Yunusa baş çəkib maraqlanacağıq”.

Sentyabrın 25-də Leyla Yunusun vəkili Elçin Qəmbərov bildirmişdi ki, təcridxananın əməkdaşı Fəqan Yaqubov L.Yunusun başına iki dəfə qüvvətli zərbə endirib, başında şiddətli ağrılar var və onda gematoma əmələ gəlməsi, hətta görmə qabiliyyətini itirməsi ehtimal edilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə sentyabrın 25-də yaydığı açıqlamada bu bəyanatın əsassız olduğunu bildirib.

Vüqar Məhərrəmov deyir ki, son görüşdən sonra Ombudsman Aparatı Ədliyyə Nazirliyinə müraciət edərək həbsdəki hüquq müdafiəçisinin kamera yoldaşı Nuriyyə Hüseynovanın yerinin dəyişdirilməsini istəyib: “Xahiş etmişdik ki, bu məsələyə baxılsın”.

Qeyd edək ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dövlətə xəyanətdə və Cinayət Məcəlləsinin daha 5 maddəsi ilə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar