ARTAN ZORAKILIĞIN GİZLİ SƏBƏBKARI – Pandemiya!

“Karantin psixoloji pozuntular və aqressiya yaradır...”

Belarusiya Prezidenti Aleksandr Lukaşenko koronavirus epidemiyasının mövcudluğunu inkar etməsə də, bunun bir pandemiyadan daha çox “koronavirus psixozu” olduğunu demişdi. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda da baş verənlər Belarus rəhbərinin heç də haqsız olmadığını göstərir.

Doğrudan da bu pandemiya insanların təkcə ağ ciyərləri başda olmaqla daxili orqanlarını deyil, psixikasını da məhv etməkdədir. Təbii ki, söhbət yalnız virusa yoluxan şəxslərin deyil, bütövlükdə cəmiyyətlərin, bəşəriyyətin keçirdiyi əsəb sarsıntısından, psixoloji gərginlikdən, stressdən gedir. Və bu gərginliyin isə özü ilə bərabərində zorakılıq, qəddarlıq, hətta irqçilik meylləri gətirdiyini bariz şəkildə görməkdəyik.

Məlum olduğu kimi, ABŞ-da qaradərili Corc Floydun ölümü bu ölkədə son illərdə görünməmiş kütləvi etirazlara, vətəndaş itaətsizliyinə səbəb oldu. ABŞ-dan sonra irqçilik əleyhinə etirazlar Avropa qitəsinə, daha sonra isə Avstraliyaya qədər yayıldı. Və bu tendensiya hələ də davam etməkdədir.

Müşahidələr göstərir ki, bu zorakılıqlar yalnız irqçiliyə görə deyil. Çünki ABŞ-da daha əvvəl də bu cür etirazlar olub, polis zorakılığına qarşı aksiyalar baş verib. Lakin etirazlar bu səviyyədə kütləvi hal almayıb, zorakılığın şiddəti bu qədər yüksək olmayıb və üstəlik ABŞ-dakı hadisələr digər qitələrə bu qədər geniş şəkildə yayılmayıb.

Elə irqçilik meyllərinin də məhz indiki pandemiya dövründə artmasını təsadüfi saymaq olmaz. Bu meyllər təbii ki, hər zaman olub, lakin onun belə geniş coğrafiyada və sürətlə yayılması halları müşahidə olunmayıb.

Son dövrlər hətta qonşu Rusiyada da belə meyllər müşahidə olunmaqdadır. Misal üçün Rusiya mətbuatında bloqer Mariya Maqdalena Tunkaranın irqçiliyə qarşı paylaşımlarına görə təhdid olunması, hədə-qorxuya məruz qalmasına dair məlumatlar dərc olunub.

Bir sözlə, pandemiyanın insanların psixoloji durumuna təhlükəli dərəcədə mənfi təsir göstərdiyi şəksizdir. Bundan başqa, karantin dövründə cinayət hallarının azalması gözlənilsə də, bunun əksi baş verməkdədir. Təəssüf ki, bütün bu mənfi meyllər Azərbaycandan da yan keçmir. İnsanlarda aqressiya və zorakılıq, dövlət orqanlarına, qanunlara itaətsizlik cəhdləri artır.

Bir sıra mütəxəssislər bu neqativ halları pandemiya və karantin tədbirlərinin təsiri ilə izah edirlər. Bəs reallıqda pandemiya və karantin tədbirləri insanlarda aqressiyanın artmasında nə dərəcədə rol oynayır? Kütləvi məhdudiyyətlərin psixoloji təsirləri varmı, əgər varsa nədən ibarətdir?

Bu suallarla müraciət etdiyimiz Azərbaycandakı "Humel” Psixologiya Mərkəzinin rəhbəri Taryel Faziloğlu “AzPolitika.info”-ya açıqlamasında pandemiyanın yaratdığı mühitin hazırda müşahidə olunan psixoloji gərginliyi, hətta zorakılıq hallarını tətiklədiyini bildirdi: “Karantin kimi azadlığı məhdudlaşdıran bütün tədbirlər hər zaman insanlarda aqressiya yaradır. Bu da insanlarda daxili etiraz duyğusunu tətikləyir. Və bunun nəticəsində də insanlarda stress səviyyəsi yüksəlir. Stress isə çox ciddi fizilioloji və psixoloji problemlərin yaranmasında böyük rol oynayır. Ona görə də karantin dönəmində insanlarda xroniki xəsətliklər artır, psixoloji pozuntular, aqressiya yaranır. OKB, psixozlar, təşviş pozuntuları, panik atak kimi ciddi psixoloji problemlər bu pozuntularda üstünlük təşkil edir.”

Mütəxəssis həmçinin bildirdi ki, bu vəziyyətdən çıxış yolu heç olmasa fərd olaraq, hər kəsin öz psixoloji durumunu tənzimləməyə çalışmasıdır: “İnsanlar çalışsınlar ki, belə hallarda özlərinə maraqlı bir məşğuliyyət tapsınlar. Elə bir məşğuliyyət ki, həm zamanlarını doldursun, həm də maraqlarını qarşılaya bilsin. O zaman daha az psixoloji problemlərin yaranmasına nail ola bilərlər”. Lakin belə görünür ki, koronavirus bəlası bitməyincə insanların psixoloji durumunun sabitləşməsi kifayət qədər çətin olacaq.

Və sonda bir simvolik məqama da toxunmaq istərdik. ABŞ-da polis zorakılığı nəticəsində ölən və ölümü ilə bütün ölkəni, hətta az qala dünyanı qarışdıran Corc Floydun özünün də ölümündən sonra aparılan ekspertiza nəticəsində koronavirus daşıyıcısı olduğu üzə çıxıb. Bunu, sözügedən virusun insan bədəninə və beyninə hakim olduğunun və bu bəladan tam qurtulmayınca, bəşəriyyətin “ağ günə” çıxmasının çox çətin olacağının işarəsi də saymaq olar...

C.Məmmədov

AzPolitika.info  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar