“PAŞİNYAN HƏRBİ ÇEVRİLİŞDƏN QORXUR...” – Müdafiə naziri istefaya göndərilə bilər

Ermənistan mətbuatında ölkənin Baş naziri Nikol Paşinyanın Müdafiə naziri David Tonoyanı istefaya göndərəcəyinə dair məlumat yayılıb.

“AzPolitika.info” xəbər verir ki, “Qraparak” qəzeti artıq hakim dairələrdə Tonoyanın kiminlə əvəz edilməsi məsələsinin müzakirə olunduğunu yazıb.

Məlum olduğu kimi, az müddət öncə Ermənistanın 3 güc strukturunda rəhbər vəzifə tutan şəxslər – Baş Qərargah, Milli Təhlükəsizlik Xidməti və Ermənistan polisinin rəisləri istefaya göndərilib. Rəsmi olaraq həmin istefalar güc strukturlarının koronavirus pandemiyası ilə mübarizədə yarıtmaz fəaliyyətilə əlaqələndirilsə də, gerçəkdə bunun arxasında hərbi çevriliş hazırlığına dair şübhələrin durduğu bildirilirdi.

İndi də Müdafiə nazirinin istefaya göndərilməsi niyyətinin məhz Paşinyanın hərbi çevriliş qorxusundan irəli gəldiyi iddia olunur. Erməni mətbuatı Paşinyanın artıq hamıdan şübhələndiyini yazır: “Nikol Paşinyan hamıdan şübhələnir, xüsusilə də silahlı qüvvələrdən qorxur. O, dar çevrədə hərbi çevrilişin mümkünlüyünə dair fikir bildirib. Son günlər Müdafiə naziri David Tonoyanın aktivliyi də bununla bağlıdır. Elan olunmuş son konsepsiyaya görə, ordu siyasətə qarışmamalıdır...”

Qəzet bildirir ki, Tonoyan sədaqət andı içsə də, Paşinyan onu istefaya göndərməkdə israrlıdır. Onun yerinə əsas namizəd kimi isə Paşinyanın müşaviri olan general Arşak Karapetyanın adı çəkilir. Maraqlıdır ki, A.Karapetyan bundan əvvəlki hakimiyyətin 2016-cı ilin aprel məğlubiyyətinə görə günahkar saydığı şəxslərdən biri olub. Bu general 2016-cı ilin aprel döyüşlərində erməni tərəfinin məğlubiyyətinə görə məsuliyyət daşıdığı üçün, o vaxt ölkəyə rəhbərlik edən Serj Sarqsyan tərəfindən vəzifəsindən azad olunmuşdu. Karapetyan həmin vaxt Ermənistan rəhbərliyinin günahkar sayaraq istefaya göndərdiyi 3 generaldan biri idi. O, aprel döyüşləri zamanı Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi olub. Ancaq görünür bu, onun Paşinyanın əsas favoritinə çevrilməsinə mane olmayıb.

Xatırladaq ki, hazırkı Müdafiə naziri D.Tonoyanın istefaya göndəriləcəyi xəbəri ötən ilin sonlarında da yayılmışdı. Lakin həmin vaxt nazir bu məlumatları təkzib etmişdi.

Onu da qeyd edək ki, Paşinyanın Ermənistanın əsl ağası olan Rusiyanı qane etmədiyi və rəsmi Moskvanın onu qətiyyən bəyənmədiyi yeni məsələ deyil. Onun ölkə rəhbərliyindən uzaqlaşdırılması vasitələrindən birinin isə hərbi çevriliş olduğuna dair məlumatlar zaman-zaman mətbuatın gündəmində yer almaqdadır.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

İnamlı Sığınacaq 2020-06-13 18:55:30

Uzağı familini düzləyər...

Son yazılar