“GÖZLƏMƏYƏK Kİ, XƏSTƏLİK VƏ ÖLÜMLƏR EVİMİZƏ BƏDBƏXTLİK GƏTİRSİN” - Mətbuat katibindən duyğusal çağırış

Azərbaycanda koronavirusa yoluxma və ölüm halları artdıqca, sanki cəmiyyətdə bu bəlaya qarşı laqeydlik və inamsızlıq daha çox müşahidə edilməyə başlayır. Təəssüf ki, bir çoxları hələ də bu virusun yoxluğuna dair cəfəng iddialara, əsassız şaiyələrə inanır və bununla da həm özlərini, həm də ətrafdakıları real təhlükəylə üz-üzə qoyurlar.

Ölkə rəhbərliyinin, siyasi və ictimai xadimlərin, elm, incəsənət adamlarının dəfələrlə çağırışlar etməsinə rəğmən, bu laqeydlik və inamsızlıq stereotipni tam qırmaq mümkün olmur.

Epidemiya ilə bağlı ümumi durum, xəstəxanalardakı vəziyyət barədə kifayət qədər məlumatlı olan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın son paylaşımında az qala fəryad edərək insanları məsuliyyətli olmağa çağırması da bir daha təsdiqlədi ki, bu pandemiyanın təhlükəsi insanların böyük bir qisminin təsəvvür etdiyindən qat-qat artıqdır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbaut katibi İradə İbrahimova isə jurnalistlərə, ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən həmkarlarına müraciət edərək, birlikdə bu bəlanın dəhşətli fəsadlarını və getdikcə çoxalan real təhlükəsini cəmiyyətə çatdırmağa çağırıb. TƏBİB-in mətbuat katibinin müraciətini dəstəkləyən İ.İbrahimovanın irəli sürdüyü təşəbbüsün əsas mahiyyəti mətbuatın pandemiya ilə bağlı cəmiyyəti daha aktiv surətdə məlumatlandırması və ölkəmizin bu sınaqdan daha az itkilərlə çıxmasına yardım etməsindən ibarətdir. Sözügedən müraciətdə deyilir:

“Hörmətli həmkarlar!

Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz... Kimisə inandırmaq üçün də deyil, həqiqətən real durumu anlatmaq üçün deyirəm.

Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət insanların laqeyidliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir.

İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı üzündən bir daha itirmək istəmirəm...

Hər gün daha da həyəcanlı, üzücü xəbərlər alırıq. Nəticələr çox qorxuludur.

Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir?

Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün...

Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvari davam...

Nə ilə bitəcək bu?

Allah qorusun, virusun yayılması bu cür davam edəcəksə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik?

Məncə yox!!!

Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, "inanmayan" çoxluğu, başqalarının həyatına "qəsd" etməsinlər, deyə qınayaq.

Yaxud da öz tərəfimizdən bu gün həyəcanla acılarını paylaşan həmkarımız, TƏBİB-in mətbuat katibinin depressiv durumuna dəstək olaq.

Hər iki halda biz, ictimaiyyətin məlumatlandırılmasına məsul şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlıq təhlükəsi ilə üzləşdiyi barədə vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi "inamsızların" yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq.

Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi, düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün öz səsimizi qaldıraq.

Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmasa yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərin həyatına qəsd edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır...

Biz, bu bəladan qorunmağı bacaran nə gürcülərdən, nə də digər xalqlardan acız deyilik.

Birləşək, bir-birimizin qədrini bilib, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq.

Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin. Məsuliyyətsiz insanların günahı ucbatından günahsız insanlar bu bəlanın qurbanı olsun.”

Doğrudan da, ölkə mətbuatı bu bəlanın yayılmasının qarşısını almaq üçün daha aktiv ola və daha çox iş görə bilər. Hər halda ümid edək ki, heç olmasa indidən sonra mətbuat təmsilçiləri bu işə daha böyük töhvə verəcək və “inamsızlıq” sindromunun sındırılması üçün daha çox çaba göstərəcəklər.

Bu baxımdan biz də “AzPolitika.info” olaraq, İradə xanımın təşəbbüsünə qoşuluruq və vətəndaşlarımıza təkcə hər birimizin ayrı-ayrılıqda özümüzün deyil, digərlərinin də canına, sağlamlığına görə məsul olduğumuzu xatırladırıq.

AzPolitika.info

635x100

Şərhlər

Omer 2020-06-16 14:55:09

Camaat axi neylesin. Sen vezifelisen dovlet muracirt ele ki tedbir gorusun. Hec bir deputad secicinin seseni demir. Demirki bu wert karantin yanlis seydi. Evin icinde yeni 1 blokda kimle temasda olursan sizi maraqlandirmir. Esas oduki Cole cixmayi.. Bele olmaz. Xesteliyidi esas yayan metro ve avtobuslar Di. Bu istiqametde tedbir gorun. Wert karantin bu xestelik Le yanasi diger xestelik de yeyir. Ugurlar

Vətəndaş 2020-06-16 11:51:28

Gürcüstanda bu gecə virusa yoluxma olmayıb. Çünki orada əhaliyə düzgün məlumat verilir. Bizdəki kimi uydurma yalan-palan yox

Araz 2020-06-16 11:45:03

Yığılıb evdə əsəbdən aclıq susuzluqdan ölməkdənsə normal həyatda azadlıqda insan kimi ölmək yaxşıdır.

Son yazılar