ÖZ ADINA LAYİQ QƏHRƏMAN – Koroğlu Rəhimovun anım günüdür

İyulun 3-ü Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Koroğlu İsmayıl oğlu Rəhimovun anım günüdür. Bu qəhrəmanımız şücaət, vətənpərvərlik nümunəsi göstərərək, Koroğlu adına layiq bir həyat yaşayıb.

Koroğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə gedib. Ailəsi 1961-ci ildə dədə-baba yurdları olan Zəngibasar mahalının Sarcalar kəndinə köçüb. 1969-cu ildə orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlayıb.

1979-cu ildə ailə həyatı qurub, Rəşad, Samir və Ülviyyə adlı övladları dünyaya göz açıb. Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci ildə Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub.

Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.

Tahir

“AzPolitika.info”

635x100

Şərhlər

Ruslan 2020-07-04 00:49:48

Allah rəhmət eləsin !!!

Son yazılar