"Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri qisasçılığa bənzəyir"- ŞOK bəyanat

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi Səfər Əbiyevin hüquqlarını ictimai əsaslarla müdafiə etməyə hazırdı

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi müdafiə naziri Səfər Əbiyevin vəzifəsindən çıxarılmasından sonra orduda baş verən hadisələrə dair bəyanat yayıb.

Orduda son vaxtlar aparılan kadr dəyişiklikləri ordunun “klanlararası mübarizə”nin alətinə çevrilməsi kimi xarakterizə edilir. Bu tələskənliyin ölkənin müdafiə qüdrətinə zərbə vuracağı xəbərdarlığı edilir. Müəlliflər bu kadr dəyişikliklərini yalnız ordu üzərində nəzarəti həyata keçirmək üçün atılan addımlar hesab edir. Buna görə bu addımların dayandırılması tələb olunur.

Həyata keçirilən kadr dəyişikliklərinin metod və prinsipinə görə ajiotaj yaratdığı, bu dəyişikliklərin kənardan yeni rəhbərliyin köhnə rəhbərlikdən qisas alması kimi göründüyü vurğulanır. Müəlliflərə görə, kadr dəyişiklikləri əsaslı olmalıdır, əks halda qanunsuzluqla qanunları bərpa etmək özü absurddur. Müəlliflərə görə ordunun mövcud duruma düşməsinə görə ilk növbədə məsuliyyətin dövlət başçısı və parlamentin üzərinə düşdüyü xatırladılır.

Eyni zamanda müəlliflər ordu ilə bağlı bır sıra tövsiyələrini də sənəddə nəzərə çatdırırlar. Kadr dəyişikliyi zamanı tələskənliyə yol verilməməsi, kadrlar dəyişilərkən kollegiallığın təmin edilməsi kimi tövsiyələr irəli sürülür.

Son olaraq, müəlliflər lazım olarsa keçmiş nazir Səfər Əbiyevin hüquqlarını ictimai əsaslarla müdafiə etməyə hazır olduqlarını da nəzərə çatdırırlar.

Xatırladaq ki, qurumun rəhbəri Yaşar Cəfərli keçmiş müdafiə naziri Səfər Əbiyevin ən amansız tənqidçilərindən idi. Hərbiçilərin hüquqlarının pozulmasına görə daim nazirliklə qarşıdurmada idi. Hətta prezident seçkiləri ərfəsində Y.Cəfərli S.Əbiyevin tapşırığı ilə fiziki zorakılığa məruz qaldığını bildirirdi, bu məsələ ilə bağlı cinayət işi açılmışdı.

Prezident seçkilərinə lap az qalmış “səsi kəsilən” Y.Cəfərlinin sorağı xarici ölkələrdən gəldi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar