LONDONDA AZƏRBAYCANIN NEFT YATAĞI ÜZƏRİNDƏ "SAVAŞ" BAŞLAYIB - 700 milyon dollarlıq qalmaqal...

Bu gün Londonda gürcü əsilli keçmiş rusiyalı diplomat Zaur Leşkaşeli ilə İsveçrənin “Credit Suisse” bankı arasında Azərbaycan neftinə görə qalmaqallı məhkəmə prosesi başlayır. Virtualaz.org saytı “Businessweek” həftəliyinə istinadən xəbər verir ki, Zaur Leşkaşeli bankı Azərbaycanın qurudakı iri neft yataqlarından olan “Kürovdağ”ın ona məxsus 51 faizlik səhmlərini bazar dəyərindən az qala üç dəfə ucuz satmaqda ittiham edir.

İsveçrənin ikinci böyük bankı olan “Credit Suisse”ə qarşı iddia Zaur Leşkaşelinin iki şirkəti tərəfindən 2012-ci ildə təqdim edilib. Bu şirkətlər Azərbaycanın “Kürovdağ” yatağının işlənilməsi və hasilatı üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müştərək yaradılmış şirkətdə maraqlara malik olublar.

İddiadan məlum olur ki, bu şirkətlər vaxtilə böyük kredit alınması üçün İsveçrə bankında girov qoyulub. Bank isə kredit borclarının əvəzinə girov qoyulmuş “Caspian Energy Group” şirkətini satdıqdan sonra qiymətdən narazı

qalan Leşkaşeli bankı müqavilə şərtlərini pozmaqda və səhlənkarlıqda ittiham edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan və bir vaxtlar Rusiyanın Kubadakı səfiri işləyən, hazırda Londonda mənzillənmiş “Mayfair Energy Group” şirkətinin rəhbəri Z.Leşkaşvili deyir ki, o, “Kürovdağ” yatağında 51 faizlik payı 1995-ci ildə əldə edib. O vaxtdan etibarən yatağın inkişaf etdirilməsinə 100 milyon dollara yaxın kapital qoyub. 2006-cı ilin sonlarında o, yataqdakı payını satmaq qərarına gəlib.

Z.Leşkaşelinin bildirdiyinə görə, 2008-ci ildə “Credit Suisse Group AG”nin bankirləri onun şirkətini bazar dəyərindən xeyli aşağı qiymətə inquş əsilli rusiyalı oliqarx, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyevə bağlı olan şirkətə 245 milyon dollara satıb. Onun səhmlərinin alıcısı qismində Qutseriyevin qohumu, moskvalı biznesmen Mixail Şişxanovun adına qeydiyyatda olan “Berghoff Trading” offşor şirkəti çıxış edib.

Məhkəmə sənədlərindən belə aydın olur ki, Z.Leşkaşeli bankı Dubayda mənzillənmiş “Netoil”, Rusiyanın “Gazprom”, habelə “PetroVietnam” və polad maqnatı Lakşmi Mittala bağlı “Tata Petrodyne” kimi daha sərfəli müştərilərin onun şirkətini almaq üçün

[caption id="attachment_63244" align="alignleft" width="300"]

"Kürovdağ" yatağı[/caption]

verdikləri təklifləri nəzərə almayıb. Üstəlik “Kürovdağ”ın M.Şişxanova satılmasından cəmi bir neçə ay sonra bu sövdələşmədə iştirak edən bankirlərdən biri M.Qutseriyevin şirkətində işə keçib.

Z.Leşkaşeli hesab edir ki, bankirlər Qutseriyevlə sövdələşməyə girərək onun şirkətini qəsdən ucuz satıblar.

“Mən “Credit Suisse”dən xeyli pul götürmüşdüm ki, neft sferasında investisiyalar proqramımı maliyyələşdirim. Lakin belə məlum olur ki, bank öz maraqlarını müştərinin maraqlarından üstün tutub. Bank öz kreditini geri almaq üçün mənim aktivlərimi məcburən ucuz satıb” - deyə 58 yaşlı Z.Leşkaşeli Londondan “Businessweek”ə açıqlamasında bildirib.

“Credit Suisse” isə iddianı rədd edir və məhkəməyə təqdim etdiyi ifadədə bildirir ki, “Caspian Energy Group” şirkətinin M.Qutseriyevə satışından əvvəl Z.Leşkaşeli üçün daha sərfəli və qəti təkliflər almayıb.

İsveçrə bankının London nümayəndəsi Vanessa Neill məhkəmə işi ilə bağlı şərh verməyib. Eləcə də Qutseriyevin “Russneft” şirkətindən situasiyanı şərh etməklə bağlı telefon zənglərinə cavab verməyiblər.

[caption id="attachment_63245" align="alignleft" width="300"]

Mixail Qutseriyev[/caption]

Z.Leşkaşeli bildirir ki, o, 2006-cı ildə şirkətini satmaq istəyəndə Britaniyanın “RPS Energy” konsaltinq şirkəti “Kürovdağ”dakı aktivlərin dəyərinin 536 milyon dollar olduğunu göstərib. 2007-ci ilin mayında isə aktivlərin bazar dəyəri 966 milyon dollara çatıb.

“Credit Suisse” isə məhkəmə sənədlərində bildirir ki, Z.Leşkaşeli bankda investisiyalar üzrə məsul olan Vadim Benyatov vasitəsilə iş qurub. 2006-cı ildə bank biznesmenə başqa kredit borcunu ödəmək üçün 127 milyon dollar borc verib. Sövdələşməyə görə, bu kredit Z.Leşkaşelinin Azərbaycandakı aktivlərinin satışından əldə olunan vəsait hesabına bağlanmalı idi.

Biznesmenin iddiasına görə, bank “Caspian Energy Group”u satarkən Hindistan və Vyetnam şirkətlərindən daxil olan, ilkin hesablamalara görə, 350 milyon dollardan 1,2 milyard dollara qədər arta bilən təkliflərə məhəl qoymayıb.

Z.Leşkaşeli iddia edir ki, “Credit Suisse” həqiqətən də onun maraqlarından çıxış etsəydi, o, 700 milyon dollar və ya daha çox mənfəət əldə edəcəkdi. İddiaçı bildirir ki, “Credit Suisse” tələsib və başqa, daha sərfəli təklifləri nəzərdən qaçırıb. İddiaya görə, bu təkliflərin ikisində satılan şirkətə 1 milyard dollardan çox qiymət qoyulubmuş.

Özünün elə həmin məhkəməyə təqdim olunmuş cavab iddiasında “Credit Suisse” Z.Leşkaşelinin iddialarını rədd edir. Bank bildirir ki, ona müştəri tapmaq üçün ağlabatan möhlət verilib, lakin bu, baş vermədikdə bank ona olan borcu çıxarmaq üçün şirkəti satmağa məcbur olub.

“Credit Suisse” belə bir iddianı da rədd edir ki, guya bu layihəni 2008-ci ilin fevralından əvvəl 700 milyon dollardan baha qiymətə satmaq mümkün ola bilərmiş.

Z.Leşkaşeli məhkəmə sənədlərində bildirir ki, 2006-cı ildə “Credit Suisse” bankının Mərkəzi və Şərqi Avropa üzrə direktoru olan Vadim Benyatov Rumıniyada dövlət mülkiyyətinin satışında korrupsiya işi üzrə saxlanılıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Bu üzdən gürcü biznesmenin şirkətinin satışı ləngiyib. Benyatov Rumıniyadan ancaq 2007-ci ilin avqustunda çıxa bilib. İlk prosesdə Leşkaşelinin aktivlərinin satışı üçün məqbul təklif daxil olmayıb.

Daha sonra “Credit Suisse”dən digər bankir Piter Firman işə qoşulub, ancaq ikinci cəhddə də sərfəli təklif verilməyib. Baxmayaraq ki, ikinci prosesdə Qutseriyevə bağlı digər şirkət “Hecton İnvestment”in Z.Leşkaşelinin şirkətinə 500 milyon dollar təklif etməyə hazır olduğu deyilir. Bildirilir ki, Firman və “Credit Suisse” Z.Leşkaşelinin tapdığı müştərilərlə anlaşa bilməyiblər.

Biznesmenin dediyinə görə, belə müştərilərdən biri də 700 milyon dollar verməyə hazır olan “Qazprom” idi. Lakin bank bildirir ki, satışın birinci turunda Leşkaşeli “Qazprom”la əlaqə yaratmamağı tapşırıb, ikinci turda isə Rusiya şirkəti onun aktivlərini almağa maraq göstərməyib.

Sonda gürcü əsilli biznesmenin Azərbaycandakı neft aktivləri Qutseriyevə 245 milyon dollara satılıb, bu sövdələşmədən bir neçə ay sonra P.Firman “GCM Global Energy Plc” şirkətinə icraçı direktor gedib.

Z.Leşkaşeli deyir ki, bu detal bankirlərin onun aktivlərini qəsdən ucuz satmaq üçün sövdələşdiyini göstərir. İndi biznesmen İsveçrə bankından 700 milyon tələb edir. Bank isə bu iddianı qəbul etmir və biznesmenə qarşı cavab iddiası qaldırıb.

Maraqlıdır, "Kürovdağ” yatağında 51 faizlik payın satılmasından Azərbaycan dövləti nə qədər vəsait əldə edib? Azərbaycan neft yataqları üzərində əcnəbilər arasında 100 milyonluq məhkəmə davalarının getməsi, bu ölkənin sərvətindən hər kəsə pay çatdığını göstərir. Yalnız sadə Azərbaycan vətəndaşları, müəllimlər, həkimlər və başqa bir çox peşə sahibləri  bu sərvətdən onlara düşən  payını nə vaxt veriləcəyini gözləyirlər.  Gözləyirlər dedikdə, onların da milyonluq səhm sahibi olmaq niyyətinə düşdüklərini qəsd etmirik. Sadəcə aylıq maaşlarının normal yaşayışlarını təmin edəcək səviyyəyə qaldırılmaslını gözləyirlər. Hansısa gürcü əsilli keçmiş rusiyalı diplomatın Azərbaycanın neft yatağına görə əlavə 700 milyon dollarliq qazanc əldə etmək niyyəti qarşısında, yəqin ki, bu elə də böyük arzu sayılmaz!

RASİM

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar