Gələn ilin büdcəsində nə var, nə yox? – Şərh

Əli Məsimli: "Azərbaycan büdcəsinin asan gəlir əldə etmə mərhələsi arxada qaldı"

Milli Məclisin deputatı Əli Məsimli 2014-cü ilin dövlət büdcəsi layihəsini “Media forum” saytına şərh edib. O deyib ki, gələn ilin büdcəsi bir sıra cəhətdən əvvəlki illərin büdcələrindən fərqlənir: “Birincisi, 2009-cu ili çıxsaq, ilk dəfə olaraq dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə aşağı endirilib, xərclərin artım tempi isə ölkənin ümumi daxili məhsulunun 2014-cü ildə gözlənilən tempindən 4,7 dəfə geri qalacaq. Yəni ümumi daxili məhsulun 2014-cü ilə proqnozlaşdırılan 5,2 faizlik artımı fonunda büdcənin gəlirlərinin 4 faiz azalacağı, xərclərinin isə cəmi 1,1 faiz artacağı proqnozlaşdırılıb.

Dərin təhlil aparılsa, bu həm də o deməkdir ki, Azərbaycan büdcəsinin asan gəlir əldə etmə mərhələsi arxada qaldı və bundan sonra gəlirləri artırmaqdan ötrü ciddi əsaslandırılmış sistemli tədbirlərə ehtiyac olacaq.

İkincisi, Dövlət Neft Fondundan büdcəyə transfert başlanan 2003-cü ildən bu yana ilk dəfə 2014-cü ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər azalacaq. Yəni 2014-cü ildə Dövlət Neft Fondundan büdcəyə 9,3 milyard manat transfert nəzərdə tutulur ki, bu da 2013-cü illə müqayisədə 2 milyard manat və ya 18 faizə qədər azdır.

Dövlət Neft Fondundan büdcəyə transfertlər büdcə gəlirlərinin 51 faizinə endiriləcək. Ancaq bunun özü də çox böyük rəqəmdir. Ona görə də Neft Fondundan büdcəyə transfertləri azaldılması şəraitində büdcə gəlirlərinin artırılmasının əlavə mənbələrinin tapılmasına ehtiyac var. Bu istiqamətdə mövcud olan yetərincə böyük potensialdan istifadənin dairəsinin və səmərəliliyin yüksəldilməsini, iqtisadi aktivliyin artırılmasını, daha çox əlavə dəyər yaradan sahələrin, eləcə də xalq istehlakı malları istehsalının üstün artımının təmin edilməsi, kölgə iqtisadiyyatının mümkün hissələrinin vergiyə cəlb edilməsi üsullarının tapılması və sair istiqamətdə tədbirlərin görülməsini zəruri hesab edirəm. Eyni zamanda Hesablama Palatası və Maliyyə Nazirliyinin bu yöndə səlahiyyətlərinin artırılması və koordinasiyasının gücləndirilməsi faydalı olardı”.

Əli Məsimli ümumi daxili məhsulun 5,2 faiz artım proqnozunu normal hesab edir: “Əgər Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya Bankının proqnozları 2014-cü ildə Azərbaycanda iqtisadi artımın 4-5,8 faiz intervalında olduğunu proqnozlaşdırırsa, deməli, hökumətin gələn il üçün iqtisadi artımın 5, 2 faiz olacağına dair proqnozunu qənaətbəxş hesab etmək olar.

Amma onu da nəzərə almaq lazımdır ki, 2014-cü ilin büdcəsi neftin dünya bazarında bir barelinin qiymətinin 100 dollar olacağı proqnozu üzərində qurulub. 2012-ci ildə Azərbaycan neftinin dünya bazarında qiyməti 114 dollar, bu il isə 110 dollar səviyyəsində olub. MDB-nin neft hasil edən digər ölkələrindən Rusiyada neftin bir barelinin qiyməti 93, Qazaxıstanda 90 dollar götürülübsə, Azərbaycanın proqnozlarında müəyyən risk elementi var”.

Milli Məclisin deputatı təkliflərini də səsləndirib:

- Əlillərə verilən müavinətin bu yaxınlarda artırılmasına görə hökumətə təşəkkür edir, amma əlillərin real vəziyyətini nəzərə alaraq həmin artımı qənaətbəxş hesab etmirik və əlillərin müavinətlərini, eləcə də ümumiyyətlə müavinətlərin yenidən artırılmasını təklif edirik;

- Azərbaycanın nəinki özünü elektrik enerjisi ilə təmin etməyə, hətta xaricə də elektrik enerjisi satmağa potensialı var. Amma bir balaca külək əsən kimi kəndlərdə elektrik kəsilir. Bu, kəndlilərin həyatına ciddi surətdə mənfi təsir göstərir. Ona görə də investisiya proqramında bu problemin ciddiliyi nəzərə alınmalı və kəndlərin fasiləsiz elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məsələsi əsaslı surətdə həll edilməlidir;

- Azərbaycanda qazlaşdırma sahəsində böyük işlər görülür. Amma nədənsə Şəki kəndlərinin qazlaşdırılması işi çox ləng gedir və qrafikdən xeyli geri qalır. Şəki kəndlərinin qazlaşdırılmasının sürətləndirilməsini təklif edirik;

- Bir sıra şəhər və rayon mərkəzlərinin su ilə təchizatının yaxşılaşdırılması sahəsində mühüm addımlar atılıb. Təklif edirik ki, Şəkinin və onun kəndlərinin su təchizatı probleminin həlli istiqamətində real addımlar atılsın;

- Rusiyadakı hadisələr diktə edir ki, Azərbaycanın regionlarında yüksək maaşlı iş yerləri açılmalıdır. Əgər təklif etdiyimiz istiqamətdə hökumət real addımlar atsa, onda kənddə yaşayan gənc iş tapmayıb Bakıya gəlməz, burda da iş tapmayanda xaricə getməyə məcbur olmaz, əksinə, öz kəndində işləyib, regionların inkişafına öz töhfəsini verər.

- Büdcədən sosial ipotekaya 40 milyon manat ayrılıb. Bu məbləğin artırılmasını, ipotekanın region əhalisinə də şamil edilməsini və ipoteka şərtlərinin yumşaldılmasını təklif edirik. Amma onu da bilirik ki, əhalinin aztəminatlı təbəqəsinin mənzillə təminatını yaxşılaşdırmaqdan ötrü təkcə ipoteka mexanizmi yetərli deyil. Ona görə də “xalq evləri”nin tikilməsinə geniş vüsət verilməsini təklif edirik. İmkansız və gənc ailələr üçün belə mənzillər tikilsin, ailə ayda 50, 60, 70 manat ödəməklə həmin evlərdə məskunlaşsın və sonda mənzil ailəyə qalsın. Bu üsulla əhalinin aztəminatlı təbəqəsinin mənzil probleminin həllini xeyli sürətləndirmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar