Azərbaycan bazarındakı təhlükəli məhsullar - Siyahı

Rusiyada uşaqlar arasında xərçəng, sonsuzluq, şəkər xəstəliyi yaradan qidaların “qara siyahısı” tərtib edilib. Həmin siyahıda Azərbaycanda da əsasən uşaqların hər gün qidalandığı şokoladlar, içkilər, peçenyelər və digər ərzaqlar da var.

Amma bizlərdən fərqli olaraq ruslar bu siyahı ilə təkcə maarifləndirmə kampaniyası aparmırlar, həm də dövlət qurumlarından belə məhsulların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmasını tələb edirlər.

Virtualaz.org saytı məsələnin aktuallığını nəzərə alaraq Azərbaycanın daxili bazarında genetik modifikasiya olunmuş (GMO) məhsulların satışı ilə bağlı vəziyyəti araşdırıb.

Yada salaq ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə Azərbaycanda satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında GMO orqanizmlər və onların törəmələrindən istifadə haqqında məlumatların göstərilməsinin vacibliyi tələbi əksini tapıb. Bu qanunla həm də alıcılara ərzağın tərkibinə baxıb alıb-almamaq seçimi verilib.

Amma nəzərə alaq ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyası zəif aparılır, ölkə televiziyalarında, mətbuatda hansı məhsulların tərkibinə qatqıların qatıldığı və ya təhlükəli məhsullarla bağlı sosial çarxlar yoxdur. Baxmayaraq ki, GMO tərkibli məhsullar istehsal edilən ABŞ, Rusiya, Almaniya kimi ölkələrdə sosial çarxlarla insanları təhlükəli məhsullardan çəkindirməyə çalışırlar.

Onu da xatırladaq ki, belə məhsulların təhlükəli olması onların geninin dəyişdirilməsi ilə bağlıdır. Məsələn, kartofların soyuğa və xəstəliyə davamlı olması üçün onlara əqrəb və ya qargülü geni vururlar. Bəzi növ pomidorlara və çiyələklərə isə soyuğa və şaxtaya davamlı olması üçün balıq geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar.

Bundan başqa, qarpız, badımcan, qarğıdalı, hətta meyvələrə də genlərin köçürülməsi təcrübəsi geniş yayılıb. GMO toxumçuluqda da inkişaf edib.

Həmçinin ərzağın saxlama müddətinin uzadılması və xüsusi, iy dad üçün istifadə olunan qatqılar da təhlükəli hesab olunur.

Statistika: xərçəng və şəkər

Rusların “qara siyahısı”na keçməzdən əvvəl Azərbaycanda uşaqlar arasında yayılan onkoloji xəstəliklərlə bağlı rəsmi məlumata nəzər salaq.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumata görə, hazırda ölkəmizdə 300-dən artıq onkoloji xəstə uşaq qeydiyyatdadır. Böyüklərdən fərqli olaraq azyaşlılar əsasən sümük, yumşaq toxuma və böyrək şişlərindən əziyyət çəkirlər. Onkoloji xəstəliklərə əsasən 3-10 yaş arası uşaqlarda rast gəlinir.

Şəkərli diabetdən əziyyət çəkənlərin sayına gəldikdə isə hazırda ölkəmizdə 197 min 547 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. 2013-cü ildə 183 min şəkərli diabet xəstəsi qeydiyyata alınmışdı. Qeydiyyatda olan şəkərli diabet xəstələri arasında uşaq və yeniyetmələrin sayında ildən-ilə artım qeydə alınır.

Xərçəng və şəkərin yaranma yolları ilə bağlı mütəmadi məlumat verildiyindən səbəblər artıq hər kəsə bəllidir. Düzgün qidalanmamaq, stress, xroniki xəstəliklər, ekoloji durum iki əsrdir qorxunc kabusa çevrilən bu xəstəliklərin yaranmasına səbəb olur.

Elə ölkənin baş pediatrı Nəsib Quliyev də rus mütəxəssisləri ilə eyni fikirdədir. Baş pediatr xərçəngin artmasında qidalanmanın əsas şərt olduğuna diqqət çəkərək haqlı olaraq valideynlərin də günahkar olduğunu xatırladır.

Xərçəngin yayılması ilə bağlı mətbuatı sualını cavablandıran N.Quliyev deyir: “Çipsi kimi şöhrət qazanan boyat kartof dilimləri kanserogen maddə daşıdığından onun satışı bir çox ölkədə, eləcə də Rusiyanın bir sıra vilayətlərində dayandırılıb. Bizdə isə mağazalarda uşaqların əli çatan yerdə satılır. Yağı sonuncu dəfə nə vaxt dəyişdirildiyi məlum olmayan qazanlarda bişirilmiş qidalar küçə ticarətində xüsusi rol oynayır. Metro stansiyalarının hər çıxışında fast-food qidaları gəncləri ev yeməyindən ayrı salır, gələcəkdə xəstəliklərlə təhdid edir. Bundan başqa, gənc anaların körpəsinə şəxsi marağı ucbatından ana südü verməməsi həm onun özünü, həm də gələcəkdə övladını qorxulu xəstəliyə düçar edir”.

Pediatr Nazim Məmmədov isə virtualaz.org saytına açıqlamasında çipsi və bu tipli məhsulların üzərinə valideynlərin məlumatlandırılması üçün əlavə məlumatların yazılmasını təklif edir: “Amerika alimləri araşdırmaları ilə sübut ediblər ki, şəhər adamı kənd adamına nisbətən aqressiv olur, yaddaş problemindən şikayətlənir. Hətta qatı cinayətlərin törədənlərin statistikası aparılıb və aqressiv davranışına, törətdiyi cinayətin ağırlığına görə şəhər adamı kənd adamından fərqlənib. Amerikalılar bütün bəlaların qidalanmadan yarandığını deyirlər.

Doğrudur, Azərbaycanda kənd və şəhər adamlarının təbii qidalanmasındakı fərq aradan qalxıb, təbii qidalanmaya üstünlük verənlərin sayı azalıb”.

Həkimin sözlərinə görə, valideynlərə bu məhsulların nə qədər təhlükəli olduğunu başa salmaq asan deyil: “Hər gün mağazalarda gördükləri, üstəlik bütün dərdlərin dərmanı kimi reklam edilən məhsulların təhlükəli olduğuna inandırmaq çətindir. Çipsi, şokolad, energetik içkilər də siqaret kimi asılılıq yaradır, xoş dadı olduğundan insanlar nəfslərinə qalib gələ bilmirlər. Amma həmin məhsullar artıq genetikada dəyişikliklər edib. Artıq nəsillərdə çılızlaşma gedir, bütün xəstəliklərin yaşı cavanlaşıb. Buna görə də təklif edirik ki, tərkibinə GMO və digər qatqılar qatılmış məhsulların qablaşdırılmasında dəqiq məlumatlar verilsin. Avropa İttifaqı məhsulların tərkibində GMO-nun limitini müəyyən edib. Bu limit heç 1 faiz də deyil. Avropa ölkələrində transgen məhsullar markalanır, təbii məhsuldan seçilir və ayrıca satılır. Tərkibinə GMO qatılmış məhsullar təbii məhsullardan çox ucuz satılır”.

“Qara siyahı”da nə var, nə yox...

Qayıdaq rusların “qara siyahı”sına. Oradakı məhsullar hazırda Azərbaycan bazarını da zəbt edib. Bu siyahıdakı məhsulların tərkibinə vurulan qatqıların xüsusilə xərçəng əmələ gətirdiyi ehtimal edilir.

1. Şokolad məmulatları “Hersheys”, “Cadbury”, “Fruit & Nut”;

2. “Mars”, “M&M”;

3. “Snickers”;

4. “Twix”;

5. “Milky Way”;

6. “Cadbury” (şokolad, kakao);

7. “Ferrero”;

8. “Nestle” şokoladları;

9. “Nesquik” (“Nestle” şokolad içkisi);

10. Spirtsiz içki “Соса-Соla”;

11. “Sprite”, “Fanta”, tonik “Kinli”, “Fruitime”;

12. “Pepsi” və “Pepci-Со”;

13. “7-Up”, “Fiesta”, “Mauntin Dyu”;

14. “Kelloggs” quru səhər yeməkləri;

15. “Campbell” şorbaları;

16. “Uncle Bens” və “Mars” düyüləri;

17. “Knorr” məhsulları;

18. “Lipton” çayı;

19. “Parmalat” peçenyeləri;

20. Ədviyyatlar, mayonezlər, “Hellmans” sousları;

21. “Nestle” uşaq yeməkləri;

22. “Hipp” uşaq qidaları;

23. “Similac abbot Labs”;

24. “Denon” uşaq qidaları (yoğurt, qatıq, pendir);

25. “McDonalds” restoranlar şəbəkəsinin qidaları;

26. “Kraft” uşaq yeməkləri (şokolad, qəhvə, çipsi);

27. “Heinz Foods” (ketçuplar, maskalar);

28. “Delmi Unilever” məhsulları (uşaq qidaları).

Hazırlanma texnologiyası zamanı GMO-dan istifadə olunan məhsullar:

1.Nijni-Novqorod yağ kombinatının “Ряба”, “ Впрок” mayonezləri;

2.“Bunduelle” (Macarıstan) məhsulları (yaşıl noxud, lobya, qarğıdalı);

3.“Baltimor-Neva” ketçupları (Sankt-Peterburq);

4. Moskvadakı Mikoyanovski ət kombinatının paştetləri, qiyməsi;

5. “Qalina Blanka” şorbaları (Nijni Novqorod),

6. “Lianazovskiy süd kombinatı” “Möcüzə-süd”, “Möcüzə-şokolad” yoqurtları,

7.”Кампина” (uşaq yeməkləri),

8.”Qurman” - paştetləri (Novosibirsk),

9. “Lays” çipsiləri,

10. “Ehrmann” yoqurtları,

11. “Calve” mayonezləri,

12.“Yubiley” peçenyeləri,

13.“Nestle” məhsulları (İsveçrə, Finlandiya) “Nestoqen”quru süd qarışığı.

Bir daha xatırladırıq ki, bu məhsullar Azərbaycan bazarına məhdudiyyətsiz daxil olur.

GMO ilə bağlı tədqiqat…

Əvvəlcə onu qeyd edək ki, GMO-ların insan orqanizminə zərəri ilə bağlı fikirlər birmənalı deyil. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu da genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı tədqiqatlar aparıb.

AMEA-dan virtualaz.org saytına verilən məlumatda deyilir ki, Azərbaycan 2005-ci ildə Kartagen protokoluna qoşulmaqla GMO orqanizmlərin ətraf mühitə nəzarətsiz buraxılmaması, Azərbaycan ekologiyası və biomüxtəlifliyinə vurulan ziyanın, həmçinin onlardan kommersiya məqsədi ilə istifadənin qarşısının alınması üçün öhdəliklər götürüb.

AMEA mütəxəssisləri araşdırmalarının nəticələri ilə bağlı təkliflər də hazırlayıblar. Həmin təkliflər GMO ilə bağlı qanunvericiliyin hazırlanması üçün müzakirəyə verilib.

GMO ilə mübarizə (?!)

Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Qərarla ölkəyə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində GMO orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstəriləcək.

Bundan əlavə, “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması qaydası” qüvvədədir.

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, son aylar aparılan monitorinqlərə əsasən tərkibinə GMO qatılan toxumların əkildiyinə rast gəlinməyib. Hazırda bazara çıxarılan az qala bir kiloqram ağırlığında kartof, soğan, badımcan və digər tərəvəz məhsulları GMO tərkibli toxumlardan alınmayıb, həmin məhsullar xaricdən gətirilir. Göründüyü kimi, nazirlik də ölkəyə GMO məhsullarının gətirildiyini inkar etmir.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində xüsusi laboratoriya yaradılıb. Həmin laboratoriyada məhsulların tərkibində GMO orqanizmlərinin olub-olmadığını asanlıqla bilmək mümkündür.

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı virtualaz.org saytına bildirib ki, GMO məhsullarının Azərbaycana gətirilməsi qanunvericiklə tənzimlənir: “Artıq komitədə genetik modifikasiya olunmuş məhsulların monitorinqini aparmaq üçün laboratoriya fəaliyyət göstərir. Məhsulun qablaşdırılmasında “Без ГМО” yazılan məhsulları laboratoriyada yoxlayaraq istehsalçının məlumatının doğru olub-olmadığını dəqiqləşdiririk. Ancaq GMO bir ayın problemi deyil. Belə məhsullarla mübarizə üçün uzun zaman lazımdır”.

F.Talıblının sözlərinə görə, komitə GMO ilə bağlı tədbirlər müəyyənləşdirib: “Genetik Ehtiyatlar və Toxumçuluq İnstitutu ilə birgə komitələr yaradılıb. Bu qurumlar toxumçuluq sahəsindəki məsələləri ciddi araşdırır. Hazırda ölkəmizə xarici ölkələrdən belə məhsullar hələ də gətirilir. Lakin yerli istehsal məhsulların tərkibində GMO yoxdur. Komitənin tərkibində yaradılan laboratoriya məhsulların tərkibində GMO-nun olub-olmadığını maksimum 2 günə yoxlaya bilir”.

F.Talıblı istənilən şəxsin də komitəyə müraciət edərək məhsullarını yoxlatdıra biləcəyini dedi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əksini iddia edir.

Hüquq müdafiəçisi virtualaz.org saytına açıqlamasında buna konkret sübutları olduğunu deyib: “Məsələn, “Qarabağ” MMC-nin əkdiyi qarğıdalılar GMO-dur. Azərbaycanda GMO əkinçiliyi var, çuğundur, qarpız əkilir. Soyanın isə 95 faizi GMO tərkiblidir. Bundan əlavə, Azərbaycana gətirilən sarı düyülər, kartof, bibər, badımcan və pomidorların tərkibinə genetik motifikasiya olunmuş orqanizmlər vurulur. GMO ilə mübarizənin necə aparıldığına nəzər salmaq üçün bazarlara göz gəzdirmək kifayətdir. Bizim bazarlarda kifayət qədər GMO məhsullar var. Daxili bazara bu mənada nəzarət yoxdur”.

Mütəxəssisin sözlərinə görə, belə meyvələr kənardan seçilir. Onların çəkisi böyük olur, uzun müddət qalmasına baxmayaraq xarab olmur, içində qurd olmur.

Tərkibinə qatqılar qarışdırılmış məhsullar isə soya yağı, soya unu, tofu pendiri, hidroliz edilmiş bitki zülalı, soya lesitini (Е322) altında gizlədilir.

Sonda, illərdir “Geni dəyişdirilmiş bitkilər və orqanizmlər haqqında” qanunun qəbuluna ehtiyac olduğu deyilir və hətta bir nəsil bu sözlərə qulaq asa-asa böyüyüb. Doğrudur, “Toxumçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlarda GMO ilə bağlı problemlər müəyyən qədər tənzimlənir. Hələ deputatların daha mükəmməl qanunların qəbuluna ehtiyac olması fikirlərini dinləyirik.

Buna görə də uşaqların sağlamlığı üçün dövlət qurumlarının təcili tədbir görəcəyini gözləmək lazım deyil. Yəqin beləliklə, hələ neçə illər yola verəcəyik...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar