“RÜSTƏM USUBOV MƏNƏ DEDİ Kİ, O MƏMURLARIN ADINI ÇƏKMƏ..." - "600 minlik rüşvət" işinin məhkəməsindən reportaj

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Prosesə hakim Mübariz Məmmədov sədrlik edir.

Öncə prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirildi.

Təqsirləndirilən şəxs Elman Məmmədovun vəkili Adəm Məmmədov məhkəmənin işi tam obyektiv araşdırması üçün prosesin audioyazı ilə keçirilməsi üçün vəsatət qaldırdı. Digər vəkillər, təqsirləndirilən şəxslər və zərərçəkmiş vəsatətin təmin olunmasını istədilər.

Zərərçəkmiş Ramazan Səlimovun vəkili İradə Cavadova “burada çox ciddi ifadələr nəzərdə tutulur, biz də vəsatətin təmin olunmasını istəyirik” dedi. Məhkəmə vəsatəti təmin etdi.

[caption id="attachment_65327" align="alignleft" width="620"]

Vəkil İradə Cavadova və müvəkkili Ramazan Səlimov[/caption]

Sonra vəkil İradə Cavadova müdafiə etdiyi şəxsə 334 min manat ödənilmədiyini, 100 min manat mənəvi təzminatla birlikdə Həsən Əliyevdən 434 min manat alınaraq Ramazan Səlimova verilməsi tələbi ilə mülki iddia qaldırdı.

Sabiq hakim H.Əliyevin vəsatətə münasibəti bu cür oldu: “Məhkəmədə ifadələr verildikdə hər şey aydın olacaq ki, o pul ona necə verilib. İndi də Səlimov dələduzluq etmək üçün yeni metoda əl atır, pul qoparmaq istəyir”.

Vəkilin iddiası əsasında məhkəmədə R.Səlimov mülki zərərçəkmiş, sabiq hakim isəcavabdeh kimi tanınıb. Hakim bu tələbə yekun qərarda baxılacağını dedi.

Daha sonra vəkil İ.Cavadova zərərçəkmiş şəxsin baş prokuror Zakir Qaralova və Prezident Administrasiyası hüquq-mühafizə oqranları ilə iş şöbəsinin müdiriFuad Ələsgərova ünvanladığı ərizələrin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırdı: “Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində müdafiə etdiyim şəxsi aldadaraq qol çəkdiriblər. Ramazan Səlimova aldatma yolu ilə ərizə yazdırılıb, ona 334 min manat ödəniləcəyi vəd olunub. İyulun 4-də İstintaq İdarəsində 50 min manat ödənilib. Yerdə qalan məbləğin də ödəniləcəyi ilə bağlı vəd verilib, amma ödənilməyib. İyulun 7-də Ramazan Səlimov Zakir Qaralova və Fuad Ələsgərova ərizə yazaraq bildirib ki, həmin vəsait ona ödənilməyib. Aldatma yolu ilə yazılmış ərizə sübut növü kimi iş materiallarından çıxarılmalıdır”.

Hakim vəsatəti qəbul etsə də onun məhkəmə istintaqı zamanı araşdırılacağını dedi. Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan etdi.

[caption id="attachment_65328" align="aligncenter" width="620"]

Həsən Əliyev[/caption]

İttihama görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib. Belə ki, Həsən Əliyev Ramazan Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir.

Ramazan Səlimov xeyli müddət gözləyib. Nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis Idarəsi 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

İş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bu işdə bir neçə məmurun da adı hallanır. Bu sırada Siyəzənin icra başçısı Arif Qasımov, Qobustanın icra başçısı Adil Məmmədov, Bakı Su-Kanal İdarəsinin rəisi Habil Quliyev, Birləşmiş Su-Kanal İdarəsinin rəisi Etibar Məmmədov, “Azərsu”nun sədr müavini Teyyub Cabbarov, “Azəriqaz”ın sədr müavini Zahid Səfərov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov və digərlərinn adını çəkmək olar.

[caption id="attachment_65329" align="aligncenter" width="620"]

Ramazan Səlimov[/caption]

Ramazan Səlimov ifadəsində bildirib ki, bu məmurlara aldığı hədiyyələrə toplam olaraq 38 min manat pul verib.

Dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra məhkəməyə sədrlik edən hakim Mübariz Məmmədov sabiq hakim Həsən Əliyevdən özünü təqsirli bilib-bilməməsini soruşdu:

-Əgər ittihamlar sübuta yetirilərsə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Sizə qarşı mülki iddia da verilib. Özünüzü təqsirli bilirsinizmi?

Həsən Əliyev:

-Özümü təqsirli bilmirəm. Mülki iddianı da qəbul etmirəm.

Hakim digər təqsirləndirilən şəxslərdən - Elman Məmmədov və Taleh Süleymanovdan onlara verilən ittihamla özlərini təqsirli bilib-bilmədiklərini soruşdu.

Hər iki təqsirləndirilən özlərini təqsirli bilmədiklərini məhkəmənin diqqətinə çatdırdılar. Bundan sonra məhkəmədə fasilə elan olundu.

Bir saatlıq fasilədən sonra zərərçəkmiş Ramazan Səlimov sərbəst ifadə verdi. O, ifadəsində Elman Məmmədovu 1995-ci ildən tanıdığını, Həsən Əliyevlə Elman Məmmədov vasitəsilə tanış olduğunu, heç biri ilə aralarında düşmənçilik olmadığını dedi: “Elmanı bir ağdamlı kimi tanıyırdım. O vaxtlar Elman Binəqədi Rayon İcra Hakimiyyətində işləyirdi. Uzun müddət idi ki, Elmanı görmürdüm. 2010-cu ilin sentyabr ayında təsadüfən 7 saylı məktəbin qarşısında Elmanla görüşdük. Bir-birimizə telefon nömrələrimizi verdik. Dəfələrlə zəngləşib görüşür, bulvardakı restoranda oturub söhbət edirdik.

Elman ilk dəfə məni Qəzənfər adlı şəxslə tanış etdi. Hətta dedi ki, oturduğumuz restoran Qəzənfərin qardaşınıdıdır. Deyirdi ki, Qəzənfərin geniş əlaqələri var, səni rabitə sahəsində işə düzəldə bilər. Əvvəllər bu sahədə işləmişdim deyə Elmanla razılaşdım. Yanvar ayında Elmanla Rabitə Nazirliyinə getdik. Gördüm qapının üstünə “Mərdanov” yazılıb. Misir müəllimə (sabiq təhsil naziri Misir Mərdanovu nəzərdə tutur-müəl.) oxşatdım. Həmin şəxs bizə dedi ki, CV hazırlayın verin. Dedim hazırlayıb Elmana verərəm, sizə verər.

Amma bu işimiz alınmadı. Elman məni Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini, bunun müqabilində 100 min manat verməli olacağımı dedi. Razılaşdım. Nədənsə yenə alınmadı. Mən bunlara yalvarmamışam ki, məni işə düzəldin. Bunlar özləri mənə yalvarıblar”.

R.Səlimov ifadəsini davam etdirərək sabiq hakim H.Əliyevlə necə tanış olmaları barədə danışdı: “2011-ci ilin sentyabr ayı idi. Elmanla birlikdə Ağır Cinayətlər Məhkəməsinə gəldik. Elman keçdi içəri, bir qədər keçmiş sonradan adını bildiyim Həsən Əliyevlə çıxdı. Elman bizi tanış edərək Həsən müəllimin burada hakim işlədiyini dedi. Hətta “Həsən müəllim əvvəl Binəqədidə işləyib, gərək səni elə əvvəldən onunla görüşdürəydim” dedi.

Bir neçə gündən sonra birlikdə “Koala” parkda görüşdük, oturub söhbət etdik. Söhbət əsnasında Həsən müəllim dedi ki, çalışaram sənə köməklik eləyim. Artıq hiss etdim ki, Elman ona mənim barəmdə danışıb. Sənədlərimi düzəldib Elmana verdim. Bir müddət sonra Həsən müəllim zəng vurub “gəl Siyəzənə Arif müəllimin (Siyəzənin icra başçısı Arif Qasımov-red.) yanına gedək, səni özünə müavin götürsün, onsuz da orada çox qalası deyil, Bakıya gələsidir” dedi.

Birlikdə Siyəzənə getdik. Arif Qasımov bizi yaxşı qarşıladı, dedi danışaram, bir xəbər olsa, deyərəm. Bakıya qayıtdıq. Arif Qasımovla əlaqə saxlayanda dedi ki, sənə iş verə bilmərəm, icra başçısının müavini yerli adam olmalıdır.

Məndə nəsə bir inam yaranmışdı ki, Həsən Əliyev bu işi aşıracaq. Ondan icra başçısı getməyin qiymətini soruşanda dedi ki, rayondan asılı olan qiymətdir - balacadırsa balaca, böyükdürsə böyük. Dedim ki, mənə balaca rayona icra başçısı kifayət edər. O da cavabında qiymətin 1 milyonla 5 milyon arası olduğunu dedi. Mənə bu məbləğin yarısını vermək təklif olundu.

Birinci məbləği - 300 min manatı verənə qədər məni bir neçə məmurla görüşdürdü. Dekabr ayında “Kişmiş” restoranında görüşəndə Həsən müəllim əmanəti gətirib-gətirmədiyimi soruşdu. Dedim, pul evdədir, lazımdırsa, aparaq o adamın bağında verək. Həyat yoldaşıma zəng vurub dedim ki, get evdə o puldan 30 dənəsini gətir gəl.

“Samsunq” mağazasının yanında yoldaşımdan həmin pulu alıb gətirib Həsən müəllimə verdim. Ondan nə qəbz istədim, nə bir şey. Özü qəbz yazıb konvertə qoydu, verdi mənə. Ona o qədər inamım var idi ki, heç o qəbzi də götürmək istəmirdim. Həsən mənə sonra zəng vurub dedi ki, sənin soyadının qarşısına “plyus” qoyulub, yaşıl işıq yanacaq. MTN-dən və digər nazirliklərdən “dobro” verilib.

Yeni il ərəfəsi idi. Həsən dedi ki, gəl səni də aparım Avropaya istirahətə. Dedim yox, mən nə vaxt icra başçısı olaram, onda gedərəm.

Aradan bir müddət keçmişdi. Həsən dedi ki, bu icra başçısı məsələsi çox vaxt - 9 ay, 1 il çəkir, gəl səni ona qədər başqa yerə işə düzəldək, hələlik orada işlə. Razılaşdım. 2012-ci ilin yanvarından işıq, qaz, su idarəsinin rəisləri ilə görüşdük.

Növbəti dəfə Həsənin göstərişi ilə Elmanla birgə Tariyel Haqverdiyevin yanına getdik. Bu şəxs məni ilk dəfə görürdü. Söhbət əsanasında mənə “Bəylər Əyyubovun toyunu mən etmişəm, öz evimin açarını ona vermişəm” kimi ağlına gələn söhbətlər etməyə başladı. Amma maraqlısı bu idi ki, Tariyel özü 5 saylı xəstəxananın yanında kirayədə yaşayırdı. Həsən deyirdi ki, Tariyel vaxtilə Naxçıvanda polis rəisi olub”.

Zərərçəkmiş ifadəsində Qobustanın icra başçısı Adil Məmmədovla görüşdüyünü və görüş zamanı ona qızıl saat hədiyyə etdiyini, o cümlədən Siyəzənin icra başçısı Arif Qasımovla görüşdə ona bahalı hədiyyə aldığını, Kriminalistika İdarəsinin rəisi Sahib Mirzəyevin (hazırda Sumqayıt Şəhər Polis İdarəsinin rəisi-red.) nəvələrinə qızıl sırğa hədiyyə etdiyini vurğuladı: “Bu bahalı hədiyyələri Həsən Əliyevin göstərişi ilə alırdım. İstintaqa 38 min manatlıq çek təqdim etmişəm. İşlə bağlı danışıqlar prosesi zamanı akademik Nizami Süleymanovla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yüksək vəzifəli şəxsləri ilə, “Azərenerji”nin sədri Etibar Pirverdiyevlə görüşmüşəm.

Növbəti dəfə Həsən müəllim mənə dedi ki, paytaxtda 12-ci rayon - Pirallahı yaranır, balaca rayondur, sən də yerli kadrsan. 2012-ci ildə Milli Məclisdə bu rayonun yaradılması öz təsdiqini tapdı. Həsən müəllim dedi ki, pulun yerdə qalan hissəsini də gətirib vermək lazımdır. 300 min manatdan artıq pul verməyəcəyimi dedim. Bu dəfə pulu notariat kontorunda verdim.

Sonradan Həsən dedi ki, Pirallahı neft rayonu olduğuna görə ora ARDNŞ-in nümayəndəsini təyin ediblər.

Bundan sonra pullarımı geri istəməyə başladım. Həsən dəymiş ziyanın hamısını ödəyəcəyinə söz verdi. Amma ödəmədi. İyul ayının 3-də müstəntiq İbrahim Ləmbəranski məni yanına çağırdı. “Əmanət hazırdır, sənin bizim əlimizdən, bizim də sənin əlindən canımız qurtaracaq. Ya Həsəni həbs edəcəyik, ya da sənin pulunu qaytaracaq” dedi. Razılaşdım.

Bir qədər sonra Ləmbəranski gəlib dedi ki, general getdi, pul məsələsi qaldı sabaha, hələlik 50 min manat sənə verirəm, qalanı sabah veriləcək. (Qeyd edək ki, R.Səlimov müstəntiq Ləmbəranskinin pul məsələsi ilə bağlı səsi yazılmış diski məhkəməyə təqdim etdi-red.). O ərizəni onların xahişi ilə yazdım, amma mənə pul vermədilər. Ertəsi gün getdikdə Ləmbəranski rəisin yerində olmadığını dedi. Gördüm ki, yenə də aldanmışam.

Mən burada bir çox məmurların adını hələlik çəkmirəm. Çünki baş prokurorun müavini Rüstəm Usubovla görüşəndə mənə dedi ki, o məmurların adını çəkmə. Amma lazım gəlsə, növbəti məhkəmə proseslərində onların adını çəkəcəyəm. Mənə dəyən ziyan qaytarılmasa, o şəxslərin hamısının adını açıqlayacam”.

Proses noyabrın 3-də davam etdiriləcək. Zərərçəkmiş şəxsin ifadələri prosesdə iştirak edən tərəflərin sualları, sonra isə Həsən Əliyevin ifadələri ilə davam edəcək. /Virtualaz.org/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar