İlyas İsmayılov polisə hansı səlahiyyətin verilməsinə qarşı çıxdı? - MƏTN

“Bu, praktikada bağışlanmaz səhvlərə səbəb ola bilər”

Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı, hüquq elmləri doktoru İlyas İsmayılov Parlamentdə “Polis haqqında” qanuna dəyişikliklərin müzakirəsində bəzi təkliflərlə çıxış edib. O, təkliflərin özbaşınalığa və bağışlanmaz səhvlərə gətirib çıxaracağını söyləyib. AzPolitika.info partiyanın mətbuat xidmətinə istinadla İ.İsmayılovun çıxışının mətnini təqdim edir:

“Hüquq həyatda real mövcud olan ictimai münasibətləri nizama salır və bu münasibətləri hüquq münasibətlərinə çevirir. Ehtimal və təsəvvür olunan münasibətlər başqa elm sahəsinin mövzusudur. Bunu biz qanun yaradıcılığında da nəzərə almalıyıq. Bu baxımdan mən hörmətli həmkarım Fazil Mustafanı dəstəkləyirəm. Düşünürəm ki, “Polis haqqında” Azərbaycan Respublikasının qanununun 26-cı maddəsinin II hissəsinin polis əməkdaşının onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə xüsusi vasitələrin tətbiq ediləcəyi halları sadalayan 6, 8, 10-cu bəndlərindən “ehtimal” sözləri çıxarılmalıdır. 6-cı bənddə qeyd edilir ki, “tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda” Burada yazılmalıdır: “tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə” vəssalam. 8-ci bənddə belə yazılmalıdır: “ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərəcəyi halda və ya qaçdıqda”. Burada da “müqavimət göstərəcəyi və ya qaçma ehtimalı olduqda” sözləri tamamilə artıqdır və çıxarılmalıdır.

10-cu bəndə şəxsin sözündən sonra “ictimai” sözü əlavə olunmalıdır və bənd belə yazılmalıdır: “şəxsin ictimai təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara real zərər yetirdiyi hallar olduqda”. Burada “yetirə biləcəyi ehtimalı olduqda” sözləri çıxarılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquq ehtimal olunanları deyil, real mövcud olan ictimai münasibətləri nizama salır. Üstəlik də “ehtimal olunan” anlayışı qiymətverilən anlayışdır, qanunverici də mümkün qədər qiymət verilən anlayışlardan az istifadə etməlidir. Bu anlayışların istifadə və geniş təfsiri praktikada bağışlanmaz səhvlərə səbəb ola bilər.

Diqqətinizə görə təşəkkür edirəm.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar