“Milli Şuranın sədrliyindən imtina etmək fikrim yoxdur” – Rüstəm İbrahimbəyov

Dərc olunub: 07/11/2013 - 17:17

RustemMilli Şuranın sədri Rüstəm İbrahimbəyovun APA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Gürcüstana səfəriniz nə ilə bağlıdır?

– Bu, şəxsi işlərimlə bağlıdır.

- Rusiya vətəndaşlığından imtina ilə bağlı qərarınız qüvvədədirmi?

– Mənim ərizəm qalır, hələ baxılma növbəsi çatmayıb. Prosedura görə, müvafiq dövlət qurumu ərizəmi Rusiya prezidentinə təqdim etməzdən öncə bir daha mənim mövqeyimi öyrənməlidir. Yəni hər şey məndən asılı olacaq. Mən isə bu məsələ ilə bağlı hələ gözləmə mövqeyindəyəm, çünki Bakıda mənim Nicat Quliyev adlı dostumu həbs ediblər. Onu Milli Şuranın terrorçu qanadı kimi təqdim edirlər. Mən istintaqın nəticəsini gözləyirəm. Buna uyğun olaraq da Rusiya vətəndaşlığı ilə bağlı qərarımı müəyyənləşdirəcəyəm.

- Sədri olduğunuz Milli Şuranın gələcəyini necə görürsünüz?

– Milli Şuranın gələcək fəaliyyətini aydın görürəm. Milli Şurada həmsədrlik institutunun yaradılmasını, dostum Cəmil Həsənlinin həmsədr olmasını təklif etmişəm. Biz hər gün onunla ünsiyyətdəyik. Milli Şuranın proqramında seçkidən sonra nə edəcəyimiz, hansı addımlar atacağımız əksini tapıb. Bu proqram yaxın vaxtlarda bəyan olunacaq. Bir məqamı da qeyd etmək istəyirəm. Milli Şura partiya deyil, Azərbaycandakı demokratik qüvvələrinin ittifaqıdır. Milli Şurada hörmətli ziyalılar, hüquq-müdafiə təşkilatları, digər demokratik qüvvələr, o cümlədən partiyalar var.

- Milli Şurada həmsədrlik institutunun özünü doğrultmayacağı yönündə fikirlər səslənməkdədir. Çünki indiyə qədər Azərbaycan siyasi səhnəsində həmsədrlik institutları fiaskoya uğrayıb.

– Azərbaycanla çox şeylər özünü doğrultmurdu. Hamı mənə deyirdi ki, Milli Şuranı yaratmaq mümkün olmayacaq, birləşməyəcəklər. Ziyalılar Forumu barədə də eyni fikirdə idilər. Ancaq Ziyalılar Forumu da, Milli Şura da yarandı və fəaliyyət göstərir. Digər tərəfdən, mən ölkədən kənarda, Cəmil Həsənli isə ölkədədir. Cəmil Həsənli bu seçkilərdə özünü çox ağıllı siyasətçi kimi aparıb. Mən indiki vəziyyətdə onu Azərbaycanda bir nömrəli siyasi lider sayıram və ona görə də Milli Şurada həmsədrlik statusu Cəmil Həsənliyə çox yaraşır. Mən Cəmil Həsənliyə əvvəllər də dəfələrlə təklif etmişdim ki, Milli Şurada sədr olsun, o imtina edir, deyirdi ki, sizinlə birgə işləyərəm.

- Sizin özünüzün Milli Şuranın sədrliyindən imtina etmək fikriniz yoxdur? Axı ölkədən kənardasınız, proseslərdə birbaşa iştirak edə bilmirsiniz…

– Mənim Milli Şuranın sədrliyindən imtina etmək fikrim yoxdur. Onu da deyim ki, mənim siyasətlə məşğul olmaq fikrim yox idi, Ziyalılar Forumu çərçivəsində fəaliyyət göstərmək istəyirdim. Mən məcburən Milli Şuranın sədri oldum, sonra da prezidentliyə namizədliyə razılıq verdim. Əvvəldən Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə namizədi olmasını istəyirdim, sadəcə, Cəmil Həsənli istəmədi, mənim namizədliyim irəli sürüldü. Vəziyyət dəyişəndən sonra Cəmil Həsənli prezidentliyə namizəd olmağa razılıq verdi. Bu, çox ağıllı addım idi. İndiki vəziyyətdə Milli Şuraya sədrlikdən imtina etmərəm. Çünki yaxşı mənada taleyim, vicdanım məni məcbur edib ki, Milli Şuranın sədri olum. Bu yolu da axıra kimi gedəcəyəm.

- Yeri gəlmişkən, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı partiyalarla müzakirə aparmadan Milli Şuranın həmsədrlik məsələsinin ictimai müzakirəyə çıxarmağın doğru olmadığını bəyan edib. Öncə partiyalarla niyə məsləhətləşmə aparılmayıb?

– Nəyi müzakirə edib, hansı qərarlar qəbul etdiklərini partiyalar özləri bilərlər və biz onların bu işlərinə qarışa bilmirik. Amma Milli Şuranın üzvləri var, partiyalar Milli Şuraya üzv deyil. Bəli, Milli Şurada partiyaların üzvləri də təmsil olunurlar və bu insanların partiyaları ilə məsləhətləşmək öz işləridir. Partiyalar isə Milli Şuranın işinə qarışmamalıdır, qarışmırlar da. Bu, canlı bir təşkilatdır.

- Ancaq Milli Şuranın da bir neçə üzvü bəyan edib ki, Milli Şuranın canlı orqanizmə çevrilməsi üçün strukturlaşmasına, məsələn, Məşvərət Şurasının, yaxud İdarə Heyətinin yaradılmasına ehtiyac var. Siz necə düşünürsünüz?

– Milli Şurada lazımi strukturlar, İcra Aparatı və digər strukturlar var, sadəcə, hələlik lazımi səviyyədə fəaliyyət göstərmirlər. Amma ümidvaram ki, bu yaxınlarda daha fəal işləyəcəklər. Ümumi istiqamətlər Milli Şuranın sessiyalarında müəyyən edilməli, İcra Aparatı da icra işləri ilə məşğul olmalıdır. Yeri gəlmişkən, biz əvvəllər Milli Şuranın Məşvərət Şurasının yaradılması barədə fikirləşirdik. Ancaq sonra düşündük ki, Məşvərət Şurası Milli Şurada iştirak edənlərin hamısının spektrini əhatə etməyə bilər. Şəxsən mən düşünürəm ki, Milli Şuraya Məşvərət Şurası lazım deyil. Amma Milli Şuranın sessiyasında fərqli qərarlar da qəbul edilə bilər.


loading...




Fikrinizi bildirin