YAVƏR CAMALOVUN QARDAŞI HƏBS EDİLƏ BİLƏR- Banka milyonlarla manat borcunu qaytarmayıb
Əlikram Camalov “Dəmirbank”dan aldığı milyonlarla manatı geri ödəməli olacaq- kredit yeyintisi ilə bağlı cinayət işi açılıb
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalov həbs oluna bilər. Nazirin qardaşı bankdan milyonlarla manat məbləğində güzəştli kredit götürüb, qaytarmayıb. Y.Camalovun qardaşının adı hallandığı bu məsələ ötən ilin ortalarında gündəmə gəlmişdi.
“Yeni Müsavat”ın 2013-cü ilin avqustunda dərc olunan bir neçə sayında “Dəmirbank” ASC ilə Y.Camalovun qardaşı Ə. Camalovun sahibi olduğu “Hacı Camalxan” MMC arasında kredit qovğasının yaşandığı haqda yazılar yer almışdı. Həmin vaxt tərəflər arasında güzəştli kredit məsələsi gərgin mübahisələrə səbəb olmuşdu. Ə.Camalovun vəkili “Dəmirbank”ı məhkəmə ilə hədələyir, bank isə əks tərəfi aldığı kreditə görə ödəmələri həyata keçirməməkdə ittiham edirdi. Artıq məsələ tərəflər arasında çəkişmədən çıxıb və hüquq-mühafizə orqanlarının araşdırma predmetidir.
Nazir qardaşının sahib olduğu MMC 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun prezidenti Şirzad Abdullayevin göstərişinə əsasən regionlarda sahibkarlığın inkişafı üçün ayırdığı güzəştli kreditdən faydalanıb, “Dəmirbank”dan 3 milyon 950 min manat alıb. Ə.Camalovun rəhbərlik etdiyi kəndli-fermer təsərrüfatına ayrılan 3 milyon 950 min manatın faizlərinin ödənilməsi qrafiki də sahibkara təqdim olunub. Lakin Ə.Camalov heç bir səbəb göstərmədən pulu ödəməkdən yayınıb. Həmin vaxt bankın nümayəndəsi bildirmişdi ki, Ə.Camalov təsisçisi olduğu “Hacı Camalxan” MMC-nin direktoru olaraq “DəmirBank”a götürdüyü kreditin 1 qəpiyini də olsa ödəməyib. Bank rəsmisi Ə. Camalovun qeyd olunan məbləğdə krediti 26 may 2010-cu ildə götürdüyünü və ödəmədiyi faizlərlə birlikdə 4 milyon 336 min manat borcunun yarandığını da açıqlamışdı: “O, hər vasitə ilə bankdan götürdüyü əsas borcu və faizlərini ödəməkdən yayınır”.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.