“Kimlər bu yolu bizimlə axıra qədər getmək istəsə, onlarla davam edəcəyik”- Eldar Namazov

"Milli Şura siyasi mübarizənin ən effektiv mübarizə metodlarından biri olan mitinqlərdən imtina etməməlidir"

Milli Şura Aparatının rəhbəri, EL hərəkatının sədri Eldar Namazov noyabrın 7-də “Media forum” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Milli Şuranın idarə edilməsi üçün yeni strukturun yaradılması mümkündürmü?

- Şuranın nizamnaməsində sessiyalararası dövrdə qurumu idarə etmək üçün strukturun yaradılması nəzərdə tutulub. Bu, koordinasiya şurası və ya sədrlər şurası ola bilər. Hazırda bununla bağlı müzakirələr gedir. Növbəti sessiyada bu məsələ öz həllini tapacaq.

- Milli Şuranın gələcək fəaliyyəti ilə bağlı müzakirə olunan əsas ideyalar nədən ibarətdir?

- Gündəmdə həm Milli Şuranın strukturunun formalaşdırılması, təkmilləşdirilməsi, həm də yeni mərhələdə strateji və taktiki addımların müəyyənləşdirilməsi məsələləri var. Bütün bunlar müxtəlif formatlarda müzakirə olunur.

Ortada xeyli ideya və təklif var. Onların hamısını mətbuata açıqlamağım düzgün olmaz. Əsas məna və məğz ondan ibarətdir ki, Milli Şura struktur baxımından gücləndirilməlidir, işini effektli və səmərəli qurmalıdır, bunun da konkret strategiya və planları olmalıdır. Strategiya və planları qəbul edərkən tələskənliyə yol vermək olmaz, ciddi düşünmək lazımdır. Şura üzvləri təkliflərini verirlər, ideyalar irəli sürürlər, bu proses bir müddət davam edəcək. Sonda isə sessiyada hamının iştirakı ilə qərar veriləcək.

- Milli Şurada həmsədrlik institutunun yaradılması məsələsi gündəmə gəlib. Şura üzvləri bunu dəstəkləyirlərmi?

- Bu təklifi ilk dəfə mən səsləndirmişəm. Hələ ötən sessiyadan əvvəl belə qənaətə gəlmişdim ki, Milli Şurada həmsədrlik institutu yaradılmalıdır. Bu ideya Milli Şura üzvləri arasında çox populyardır. Başqa ideyalar da var. Son qərarı sessiya verəcək.

- Əgər həmsədrlik olsa, həmsədrlərdən biri Rüstəm İbrahimbəyov olacaq yoxsa o, Milli Şura rəhbərliyindən gedəcək?

- Bizim təklifimiz ondan ibarətdir ki, həmsədrlik yaradılsın və Rüstəm İbrahimbəyovla Cəmil Həsənli həmsədr olsun. Milli Şura üzvləri buna müsbət yanaşıblar. Məsələ ilə bağlı danışıqlar gedir.

- Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, təmsil etdiyi təşkilat Milli Şuranın iki ziyalıya tapşırılmasına müsbət yanaşmır. O düşünür ki, rəhbərlikdə siyasi şəxs də olmalıdır...

- Milli Şura sədrinin səlahiyyətli partiya sədrinin səlahiyyətləri ilə eyni deyil. Şurada bütün məsələlər kollegial qaydada həll olunur. Sədr sessiyalara rəhbərlik edir və sessiyalararası dövrdə qurumun təmsilçisi sayılır. Nəzərə almaq lazımdır ki, qurumun tərkibində aparıcı siyasi qurumlar var. Partiyalar, ictimai qurumlar, gənclər təşkilatları və ziyalılar qüvvələrini birləşdirib fəaliyyət göstərsələr, hədəflərə çatmaq olar. Ona görə də Milli Şuranın formatını nəzərə almaq lazımdır. O ki qaldı ziyalıların burada həlledici rol oynamasına, mən buna da təbii baxıram. Çünki işləri koordinasiya etmək adətən heç bir partiyaya bağlı olmayan müstəqil insanlara həvalə olunur. Hesab edirəm ki, bu daha səmərəlidir. Azərbaycan təcrübəsində bunu görmüşük. Milli Şura yaranan zaman təməl prinsiplərindən biri də heç bir partiyaya bağlılığı olmayan müstəqil şəxslərə daha geniş meydanın verilməsi idi. Burada heç bir təhlükə yoxdur və balansı pozmur.

- Milli Şuradan xeyli adam istefa verdi. Sizcə, bu istefalar üçün əsas var idi?

- Həmin adamların istefasını şuranın ötən sessiyasında rəsmiləşdirdik. Onlar öz istəkləri ilə istefa veriblər. Bununla bağlı mətbuatda bir xeyli yanlış informasiya da getdi. Qeyd olunurdu ki, guya həmin şəxslər Milli Şuradan qovulublar. Əslində belə olmayıb. Onlar şuradan çıxmağa qərar vermişdilər və biz də bunu rəsmiləşdirdik.

İstefalar üçün əsas olub-olmadığına gəlincə, artıq qərar verilib və indi bunu müzakirə etməyi düzgün saymıram. Hər kəs qərar verməkdə müstəqildir. Əgər kimsə gedibsə, bunu indi müzakirə etməyə ehtiyac yoxdur. Müzakirə qərardan əvvəl ola bilər. Kimsə qərar verməmişdən əvvəl məsləhət almaq istəsəydi, danışmaq olardı.

Eyni zamanda Milli Şuraya üzv olmaq üçün xeyli müraciət almışıq. Növbəti sessiyalarda şuraya üzv olmaqla bağlı müraciətlərə baxıb qərar verəcəyik. Kimlər bu yolu bizimlə axıra qədər getmək istəsə, onlarla davam edəcəyik. Əgər kimlərsə müxtəlif səbəblərdən prosesdə iştirak etmək istəmirlərsə, biz də onların qərarına hörmətlə yanaşırıq.

- Eks-spiker Rəsul Quliyev hər gün müxtəlif açıqlamalar verib Milli Şuranı tənqid edir. Qarşıdakı sessiyada onun şuradan çıxarılması məsələsinə baxıla bilərmi?

- Yəqin ki, sessiyaya qədər Rəsul Quliyevlə söhbət edib bu məsələlərə bir aydınlıq gətirərik.

- Milli Şura mitinqləri davam etdirəcək, yoxsa artıq aksiyalar mərhələsi yekunlaşıb?

- Mitinqlərin davam etdirilməsi müzakirə olunur və sessiyanın bu haqda qərarı olacaq. Hesab edirəm ki, Milli Şura siyasi mübarizənin ən effektiv mübarizə metodlarından biri olan mitinqlərdən imtina etməməlidir. Sadəcə olaraq aksiyaların nə zaman və hansı şüarlarla keçirilməsi məsələsi müzakirə olunmalıdır.

- Eldar müəllim, yeni struktur yaradılandan sonra da aparat rəhbəri vəzifəsində qalacaqsınızmı?

- Son dörd ildə təşkilatı məsələlərə həddindən artıq çox zaman və enerji sərf etmişəm. Həm Ziyalılar Forumu yarandı və ictimai rəydə öz yerini tutdu, həm də Milli Şura və EL hərəkatı təsis olundu, uğurlu fəaliyyət göstərdi. Yeni mərhələdə bu işlərdən hansını dostlarımla bölüşə biləcəyimlə bağlı müzakirələr aparacağıq.

- Şəxsi qərarınız necədir, aparat rəhbəri vəzifəsində qalmaq, yoxsa getmək?

- Bu haqda heç nə deyə bilmərəm. Çünki belə məsələlərdə mənim şəxsi işlərim heç vaxt əsas rol oynamayıb. Biz ümumi işlərin xətrinə bu yükün altına girmişik. Yaxın zamanlarda EL hərəkatının işləri daha da çoxalacaq. Hərəkat əsasında partiya qurmaq fikrindəyik. Ona görə də aparat rəhbəri vəzifəsi ilə bağlı məsələni dostlarımızla müzakirə edib bir qərara gələcəyik. Ümumi işin xeyrinə olan qərar verəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar