"İSA QƏMBƏR MÜDRİKCƏSİNƏ SUSDU..." - Müsahibə

Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub “Media forum” saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. - Vurğun bəy, Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalanların əsas tələbi nədir?

- Bizim tələblərimiz sənəd formasında partiyaya təqdim olunub. Aldığımız cavablar bizi qane etməyib. Arayışımıza verilən rəyə cavab hazırlayıb yenidən partiyaya təqdim etmişik. İndi bunun nəticəsini gözləyirik. Görək bizə nə cavab veriləcək.

- Niyə cavab sizi qane etmir? Orada nələr yazılmalıydı?

- Qurultaydan əvvəl və sonra baş verən nizamnamə pozuntularına, qurultay günü olan ədalətsizliklərə etiraz etmişik. Qurultaydan sonra partiyanın rəhbər orqanlarının formalaşması zamanı nizamnamənin tələbləri kobud şəkildə pozulub. Rəhbərlik nizamnamədən kənar formalaşdırılıb. Onlardan birini qeyd edim. Məclisə seçilmiş sərbəst üzvlərin təsdiqlənməsi qurultayda olmalı idi. Amma qurultayda olmayıb. Qurultay isə öz səlahiyyətini Məclisə verməyib. Buna baxmayaraq Məclisdə əlavə seçkilər keçirilib, Divan formalaşdırılıb və sair. Bunlar hamısı nizamnamə pozuntularıdır.

- Sərbəst Məclis üzvlərinin səlahiyyətlərinin təsdiqlənməsi zamanı nizamnamə pozuntusuna yol verilməsinə dair iradınıza nə cavab verilib?

- Bizə verilən cavabda yazılıb ki, qurultay sərbəst Məclis üzvlərinin təsdiqlənməsi səlahiyyətini Məclisə verib, amma harada, necə verdiyi bəlli deyil.

- Siz qurultayda sonadək iştirak etmisiniz? Bəlkə belə bir qərar verilib, sizin xəbəriniz olmayıb...

- Mən ümumiyyətlə qurultay nümayəndəsi olmamışam. Amma bilirəm ki, qurultayın belə bir qərarı olmayıb. İndiki rəhbərlik qurultaydan bir gün sonra qurultay nümayəndələrini toplayaraq prosesi davam etdirmək istəyib. Amma qurultay nümayəndələrinin əksəriyyəti toplantıya qatılmaqdan imtina edib, yetərsay olmadığına görə toplantının adını Məclisin iclası qoyublar və orada qərarlar veriblər, sərbəst Məclis üzvlərinin səlahiyyətlərini təsdiqləyiblər. Amma qurultay Məclisə belə bir səlahiyyət verməyib.

- Sizi niyə qurultay nümayəndəsi seçməmişdilər?

- Qurultaya nümayəndələr seçilən konfrans zamanı Türkiyədə idim. Ona görə də nümayəndə seçilməmişdim.

- Narazılar Müsavatda növbədənkənar qurultayın keçirilməsini də tələb edir. Əgər növbədənkənar qurultay olsa, nə dəyişər?

- Müsavatın növbədənkənar qurultayının hansı hallarda, necə, hansı mexanizmlə çağırılması məsələsi nizamnamədə əks olunub. Bu gün növbədənkənar qurultay keçiriləcəyi halda hansı nəticənin əldə olunacağından söhbət getmir. Söhbət ondan gedir ki, Müsavat Partiyası Azərbaycan cəmiyyəti üçün örnək ola biləcək bir çox demokratik addım atıb. Biz hesab edirik ki, bu proses daim inkişaf etməlidir və partiyada keçirilən seçkilər, toplantılar özünün ədalətliliyinə, şəffaflığına və düzgünlüyünə görə Azərbaycan cəmiyyətinə nümunə olmalıdır. Hesab edirəm ki, Müsavatın sentyabrın 27-də keçirilən qurultayı demokratikliyi, şəffaflığı baxımından bir çox üstünlüyə malik idi. Ancaq nizamnaməyə və qəbul edilən təlimatlara zidd hərəkətlər qurultayda keçirilən seçkilərin ədalətli olmasına kölgə saldı. Seçkilərin ədalətinə kölgə salan adamlar cəzalandırılmaq əvəzinə yenidən partiyada rəhbər vəzifələrə təyin olundular. Bu, dərin təəssüf doğurur. Bizim gözləntimiz və tələbimiz Müsavat Partiyasında seçkilərin tam şəkildə azad və ədalətli keçirilməsidir.

- Qeyd etdiniz ki, növbədənkənar qurultayın çağırılması mexanizmi nizamnamədə qeyd olunub. İndiki vəziyyət növbədənkənar qurultay keçirilməsini tələb edirmi?

- Biz hesab edirik ki, Müsavat Partiyasında rəhbər orqanlar legitim deyil.

- Başqan Arif Hacılını da legitim saymırsız?

- Ola bilsin ki, bir çoxları üçün legitimdir, amma mənim üçün başqan da legitim deyil. Hesab edirəm ki, seçkilərdə ədalətsizliyə yol verilib. Təlimatda əksini tapmasına və qadağan olunmasına baxmayaraq Müsavat Partiyasının başqanı İsa Qəmbərin nüfuzundan bir namizədin xeyrinə açıq şəkildə istifadə olunub, səs verən qurultay nümayəndələrinin iradəsinə təzyiq göstərilib.

- Yəni başqan legitim deyilsə, növbədənkənar qurultay keçirilməlidir?

- Başqandan başqa MNTK və sərbəst Məclis üzvlərini qurultay seçir. Sərbəst Məclis üzvlərinin səlahiyyətlərini qurultay təsdiqləyir. Əgər qurultay bunu edə bilmirsə, Məclisə səlahiyyət verməlidir. Məclisə isə belə bir səlahiyyət verilməyib.

- Başqan Arif Hacılı noyabrın 21-də məqalə yazıb və qeyd edib ki, artıq Müsavatda qurultayla bağlı bütün məsələlər bitib...

- Kimin üçün isə bitib, bir çoxları üçün isə bitməyib. Hakimiyyət də hər seçkidən sonra eyni sözü deyir. Seçkinin nəticələrini saxtalaşdırırlar və deyirlər ki, hər şey bitdi, növbəti seçkiyə hazırlaşın. Müsavat Partiyasının indiki rəhbərliyinin ritorikası tamamilə Azərbaycan hakimiyyətinin məsələlərə yanaşması ilə üst-üstə düşür. Əgər mənim dediklərim kimdə şübhə doğurursa, onda arxivə müraciət edib müqayisə apara bilərlər.

- Vurğun bəy, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərdən bu mərhələdə gözləntiniz nədir? Sizcə, İsa bəy necə mövqe tutmalıdır?

- Bu sualı İsa bəyə verin.

- İsa Qəmbərlə sonuncu dəfə nə vaxt görüşmüşünüz?

- Sentyabrın 27-də, qurultay günündə görüşmüşəm. Ondan sonra üzbəüz görüşümüz olmayıb.

- Görüşmək üçün təşəbbüs göstərmisiniz?

- Xeyr.

- Buna ehtiyac duymamısınız? Bəlkə vəziyyəti İsa Qəmbərlə müzakirə etsəniz, hansısa dəyişiklik ola bilər...

- Onunla müzakirədən müsbət nəticə gözləmədiyim üçün görüşlə bağlı təşəbbüs də göstərməmişəm.

- İsa Qəmbər hesab edir ki, mübarizə hakimiyyətlə Müsavat Partiyası arasında gedir. Bununla razısınızmı?

- İsa Qəmbər vəziyyəti çox düzgün müşahidə edib. Həqiqətən də bu gün mübarizə Azərbaycan hakimiyyətinin ritorikasını, seçki “ustalığını” mənimsəmiş adamlarla, indiki partiya rəhbərliyi ilə Müsavatı demokratik bir partiya kimi görən, partiyadaxili demokratiyanı daha da inkişaf etdirmək istəyən müsavatçılar arasında gedir. Mənim üçün sual altında olan bir məsələ var: bu mübarizədə İsa Qəmbər hansı mövqedədir? İsa Qəmbər hansı mövqedə dayanmaq istəyir? O, hakimiyyətin ritorikasını mənimsəmiş və siyasətini təkrarlayan insanların, yoxsa partiyanın daha da demokratikləşdirilməsini, partiyadaxili demokratiyanın daha da inkişaf etdirilməsini istəyənlərin tərəfində dayanır?

-Sizcə, indiki mərhələ üçün İsa Qəmbər kimin tərəfində dayanır, bununla bağlı müşahidələriniz varmı?

- Təbii ki, özümə məxsus müşahidələrim var. Amma bunları indi deməyəcəm. Zamanı gələndə açıqlayacam.

- Vurğun bəy, sizin İsa Qəmbərdən narazılığınız, incikliyiniz varmı?

- Söhbət hər hansı inciklikdən getmir. İsa Qəmbərdən inciklik şəxsi müstəvidə ola bilər. Amma şəxsi müstəvidə mənim heç bir incikliyim yoxdur. Məsələ onadır ki, mən də bir çoxları kimi ömrümün böyük bir hissəsini Müsavat Partiyasının qurulmasına, təşkilatlanmasına, böyüməsinə həsr etmişəm. Heç cür razı ola bilmərəm ki, gözlərimin qarısında partiyanı tutduğu demokratik yoldan kənara çəksinlər. Mənim üçün ağır olan odur ki, Müsavatda bir qrup öz istəklərini həyata keçirmək üçün nizamnamədən kənar addımlar atır. Partiyada nizamnaməni pozan, əks fikrə dözümsüz yanaşan, böhtana, təhqirə, yalana, məkrə əl atan qrup peyda olub. Düzdür, bu qrup çox kiçikdir. Amma belə bir kiçik qrupun olması belə adamı ağrıdır. Mənim bu məsələlərə başqalarından fərqlənən bir yanaşmam da var. Əslində partiyada baş verənlər bir tərəfdən də Müsavatın gücünü göstərir. Müsavat hətta öz daxilində belə qeyri-demokratik hərəkətlərə dözmür və bu səhv hərəkətlərin düzəldilməsi, aradan qaldırılması istiqamətində mübarizə gedir.

- Müsavatın yaranmış vəziyyətdən çıxması üçün nə təklif edirsiniz?

- Hesab edirdim ki, seçkilərin nəticələrinə kölgə salanların qurultaydan sonra ən qısa müddətdə cəzalandırılması ilə məsələləri yoluna qoymaq olar. Burada söhbət yalnız mənim mövqeyimdən getmir. Qurultayın nəticələrindən narazı olanların əksəriyyətinin mövqeyi belə idi. Bunlar isə dedilər ki, hər şey əla olub, narazı olanlar yalançıdır, böhtançıdır. Belə xətt götürməklə durumu daha da qəlizləşdirdilər, mürəkkəb vəziyyət yaratdılar. İndi durum doğrudan da ciddidir. Bu vəziyyətdən çıxış üçün bir neçə yol var. Əvvəla, növbədənkənar qurultay çağırıla və bu məsələlər geniş müzakirə olunaraq qiymətini ala bilər. İkincisi, partiyada seçkinin nəticələrindən narazı olan insanların fraksiya şəklində fəaliyyət göstərməsinə şərait yaradıla bilər. Başqa təkliflər də var. Bu təklifləri müzakirə etmək olar. Sadəcə olaraq indi partiya rəhbərliyini ələ keçirmiş adamların bununla bağlı ümumiyyətlə istək və arzusu yoxdur.

- Deyirsiniz ki, Müsavatda keçirilən seçkilərin nəticələri saxtalaşdırılıb. Saxtakarlıq edənlərin adları sizə məlumdurmu?

- Mən ədalətsizlik dedim. Bu ədalətsizliyə şərait yaradanlar da, onları icra edənlərin bəzilərinin adları da mənə məlumdur. Qurultayın başlanmasına 20 dəqiqə qalmış qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri, başqanımız İsa Qəmbərə yaxınlaşdım və müraciət etdim ki, partiyanın təşkilat şöbəsinin rəhbəri Zöhrab Məhərrəmov sizin adınızdan və nüfuzunuzdan sui-istifadə edərək rayon təşkilatının üzvlərinə təzyiq göstərir. Zöhrab Məhərrəmov xüsusən də kənd rayonlarından gəlmiş qurultay nümayəndələrinə açıq şəkildə bildirirdi ki, başqan Arif Hacılını seçib, siz də ona səs verməlisiniz. Bunu yalnız mən eşitməmişəm. Partiyada onlarla adam şahid olub. Başqana dedim ki, bunun qarşısını alın. İsa Qəmbər nə o zaman, nə də qurultaydan sonra reaksiya verdi. İndi partiyaya rəhbərlik edənlər deyirlər ki, qurultayda kiməsə təzyiq olunması haqda deyilənlər böhtandır, yalandır, belə hallar olmayıb. Onlar gülməli bir iddia ortaya atırlar, deyirlər ki, əgər olubsa, ortaya video sübutlar qoyun. Sanki mən əlimdə kamera, gözləyirmişəm ki, kimsə saxtakarlıq edən kimi dərhal çəkim və sonra sübut kimi ortaya qoyum. Təbii ki, mənim öz gözlərimlə gördüyüm və qurultaydan sonra mənə təqdim olunan siyahı var, amma bunların heç biri araşdırılmır. Hər şeyə yalan və böhtan deyib üstündən keçmək istəyirlər.

- İsa bəyə deyəndə ki saxtakarlıq var, qarşısı alın, nə cavab verdi?

-İsa Qəmbər müdrikcəsinə susdu.

- Qurultaydan əvvəl İsa Qəmbərin Arif Hacılını dəstəklədiyini göstərən faktlar, nüanslar vardımı? Mən qurultaydan əvvəl sizdən müsahibə götürmüşdüm və təkrar-təkrar soruşmağıma baxmayaraq İsa Qəmbərin kimə dəstək verdiyinə dair heç nə deməmişdiniz.

- Hələlik bu barədə danışmayacam. Təbii ki, İsa Qəmbər mətbuata çıxıb hansı namizədi dəstəklədiyini açıq şəkildə deməyib. Amma faktiki olaraq işdə, əməldə bir namizəd üçün çalışıb. Necə, hansı formada edildiyi zamanı gələndə tam detalları ilə açıqlanar.

- Amma bu detallar sizə məlumdur?

- Təbii ki, məlumdur. Çünki bu məsələlər qurultaya hazırlıq və təşkilat komitəsinin iclaslarında dəfələrlə İsa Qəmbərə deyilib.

- Əgər ümumiləşdirsəniz, İsa Qəmbərin Arif Hacılını dəstəklədiyini hansı faktlarla əsaslandırardınız?

- Mən bu mərhələdə demək istədiklərimi dedim.

- Vurğun bəy, axı niyə İsa Qəmbər Qubad İbadoğlunun başqan olmasını istəməsin? Əgər İsa Qəmbər başqanlıqdan gedirsə, yerinə Arif Hacılı və ya Qubad İbadoğlunun olmasının onun üçün nə fərqi var? Axı burada bir məntiq varmı?

- Mənim bu suala cavabım var. Amma bu sualı gedin əvvəlcə İsa Qəmbərə verin. Mən bunun səbəblərini bilirəm. Ancaq bu barədə indi danışmaq niyyətim yoxdur.

- Səbəb çoxdurmu?

- İndi mümkün olan qədər sualları cavablandırdım.

- Müsavatın qurultayının bu formada nəticələnməsində və qurultaydan sonra baş verən proseslərdə hakimiyyətlə hansısa bir anlaşmanın təsiri və rolu da varmı?

- Təbii ki, hakimiyyətin öz maraqları var. İqtidar baş verənlərdən Müsavat Partiyasının əleyhinə apardığı təbliğatda istifadə edir. Amma bunun günahı Müsavatda keçirilən seçkilərin nəticələrinə kölgə salanların üzərinə düşür. Seçkidən öncə qəbul edilən təlimatların və nizamnamənin əleyhinə hərəkət edən adamlar bunun məsuliyyətini daşımalıdır. Narazıların hakimiyyətlə bağlılığı barədə çox gülməli iddialar və arqumentlər irəli sürülür. Biri deyir ki, Müsavat Partiyasından narazılar da, YAP icra katibinin müavini Siyavuş Novruzov da növbədənkənar qurultay tələb edir, ona görə də narazıların dediyi hakimiyyətin göstərişidir. Bu qədər gülməli iddialarla çıxış etmək heç kimə və heç nəyə fayda vermir.

- Sizi Müsavat Partiyasının sıralarından çıxaracaqlarını gözləyirsinizmi? Barənizdə belə bir qərar verilsə, reaksiyanız necə olacaq?

- Əvvəla, mən onlardan hər şey gözləyirəm. İkincisi, qeyri-legitim orqanın qərarları mənim üçün legitim sayıla bilməz.

- Yaxın perspektivdə Azərbaycanda iki Müsavat Partiyası ola bilərmi?

- Heç nə haqda əvvəlcədən hökm vermək niyyətində deyiləm. Bu günə qədər biz dəfələrlə demişik ki, Müsavat Partiyasının üzvləriyik və hər hansı partiya yaratmaq niyyətində deyilik. Niyyətimiz və məqsədimiz Müsavat Partiyasının daha da demokratikləşməsi, bir təşkilat olaraq güclənməsidir. Onlar isə nizamnaməyə zidd yol tutublar və partiya üzvlərini təşkilat sıralarından çıxarırlar, narazı olan, haqqını tələb edən, etirazını bildirən adamları hakimiyyətə bağlayırlar, ünvanlarına yalan, böhtan, təhqir yağdırırlar. Belə bir vəziyyətdə müəyyən fikir və ideyalar ortaya gəlir. Mən qətiyyən bunun gerçəkləşməsini arzulamıram. Amma təkcə mənim arzulamağımla iş bitmir. Bunun üçün partiyaya rəhbərlik iddiasında olanlar da düşünməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar