BAKIDA İSTİLİK BÖHRANI - “Azəristiliktəchizat” əhalini aksiyalara təhrik edir

“Azəristiliktəchizat” və “Azəriqaz” günahı bir birlərinin üzərinə atır

Xətai rayonunda istilik verilmir, amma pul yığılır

Qış qapının ağzını kəssə də, müvafiq xidmət qurumlarının qışa hazır olmadığı üzə çıxıb. Özəlliklə “Azəristiliktəchizat” binaların qızdırılmasında çətinlik çəkir. Gerçəkdə bu çətinliyi elə yerli icra qurumlarının sözügedən xidmət qurumu ilə birgə yaratması şübhə doğurmur.  Hər halda “JEK”lər, MTK-lar sakinlərdən istilik adı ilə pul yığıb  mənimsəyir, amma istiliyin verilməməsinə görə heç bir məsuliyyət daşımadıqlarını bildirirlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin əmr ilə noyabr ayının 15-dən başlayaraq “Azəristiliktəchizat” ASC binalarda istiliyi təmin etməlidir. Ancaq ayın 15-dən 10 gün keçməsinə baxmayaraq, hələ də əksər yerlərdə istilik yoxdur. Bəs istiliyin verilməməsinin nədəni nədir?

Bəzi rayonlarda istilik xətləri düzgün birləşdirilməyib. "Azadlıq" qəzetinin məlumatına örə, Nizami rayonundakı 67-71 saylı kooperativ binalar 5 ildir istilik xətləri düzgün birləşdirmədiyindən mənzillər qızmır. 4 saylı istilik idarəsi və MTK isə yığdığı puldan cüzi məbləğ ayırıb xətləri qaydaya salmırlar. Nəsimi rayonunda, 3-cü mikrorayon və s. ərazilərdə də bu problem üzündən evlər qızdırılmır.

Əhalidən pul yığılır, amma istilik verilmir

Xətai rayonunda istiliyin verilməməsinin səbəbini “Azəristiliktəchizat”ın qaza görə "Azəriqaz"a borclu olması ilə izah ediblər. "AzPolitika.info"nun məlumatına görə, "Zığ şossesi" küçəsində yerləşən binaların sakinlərindən “JEK”lər, MTK-lar tərəfindən  hətta verilməyən istiliyin pulu yığılsa da, evlərə istilik ya ümumiyyətlə verimir, ya da çox aşağı səviyyədə verilir. Sakinlər bununla bağlı dəfələrlə “Azəristiliktəchizat”a müraciət etsələr də nəticə olmayıb. "Zığ şossesi" küçəsində yaşayanlar problemə diqqəti cəlb etmək üçün aksiya keçirməyi, yolu kəsməyi düşünrlər.

Paytaxtın nəzərdə tutulmuş ərazilərini isti qazanxanalarla təmin etməyə borcu olan “Azəristiliktəchizat” ASC isə qışa hazır olduğunu yaydan açıqlasa da, reallıq isə bunun əksini göstərir. Baxmayaraq ki, “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev mətbuata açıqlamasında noyabr ayının 15-dən etibarən paytaxtda bütün qazanxanaların işə salınacağını demişdi. Sitat: “2014-2015-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar idarə tərəfindən yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xəttinin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edilməsi, sosial obyektlərin aşağı paylayıcı və binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərin icrası davam etdirilib. Bununla əlaqədar olaraq növbəti istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib.....

Bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Qaynar xətt” istifadəyə verilib ki, bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaq”.

Açıqlamadan belə görünür ki, evlərimizin istiliklə təchiz olunmasında heç bir problem olmamalıdır.

Təəssüflər olsun ki, deyilənlər nəticə etibarilə reallaşmayıb. Bakının bütün rayonlarından şikayət var.

135 milyonu hara xərcləyiblər?

2005- ci ildə yaradılan quruma dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Belə ki, 2006-2013-cü illərdə dövlət büdcəsindən bu quruma 110 milyon manat ayrılıb. 2013-cü il üçün bu quruma 25 milyon manat vəsait yönəlib. Onun 10,3 milyonu Bakı şəhərində qazanxanalarda, yaşayış evlərində və sosial obyektlərdə istilik təchizatı sistemlərinin təmir-bərpasına, 10 milyon manatı isə "2011-2013-cü illərdə Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş təchizatın yaxşılaşdırılması tədbirlərinə, 4,7 milyon manatı Xətai rayonu, Əhmədli yaşayış məntəqələrində 10 ədəd istilik paylayıcı məntəqələrin yenidən qurularaq məhəllə qazanxanalarına çevrilməsinə xərclənib.

135 milyon vəsait heç də az məbləğ deyil. Bu gün paytaxtda soyuq hava olmasına rəğmən sakinlər hələ də istilik üzünə həsrət qalıbsa, deməli, bu quruma ayrılan pullar göyə sovrulur. Belə olan halda Nazirlər Kabineti, əlaqədar qurumlar hara baxır? Cəmi 6 ay yəni, noyabrın 15-dən aprelin 15- nə kimi 3500 binanı istiliklə təmin edə bilməyən bu qurum nə işlə məşğuldur?

“Azəristiliktəchizat” Prezidentin tapşırığına da əməl etmir

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev çıxışlarının birində “Azəristiliktəchizat” ASC-lə ilə bağlı bunları deyib: "Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq”.

Bundan əlavə, ölkə başçısı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edərkən isə bunları demişdi:“İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”. Əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir”.

Nəzərinizə çatdıraq ki, hər dəfə problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət edəndə onlar hər şeyin yaxşı olduğunu, bütün qazanxanların işə salındığını bildirirlər.

“Azəristiliktəchizat” və “Azəriqaz” günahı bir birlərinin üzərinə atır

Bir neçə gün əvvəl “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev problemin onlarla bağlı deyil, “Azəriqaz”dan asılı olduğunu bildirmişdi.

Belə çıxır ki, qurum işinin öhdəsindən 100 faiz gəlib. Əgər eviniz hələ də isinməyibsə, səbəbini başqa yerdə axtarın.

Ümumiyyətlə, Azərbaycanda dövlət müəssisələrinin öz problemlərini başqa bir qurumun üstünə atması dəb halına çevrilib. Sanki bunu deməklə özlərini məsuliyyətdən azad etmiş olurlar.

O zaman haqlı olaraq vətəndaşları bir sual düşündürür. Biz dərdimizi kimə deməliyik? Hələ də istiliyimiz yoxdursa, bu quruma ayrılan 135 milyon manat hara xərclənib? Maraqlıdır….

Problemlə əlaqədar “Qafqazinfo”  “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri şöbəsinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, Bakıda nəzərdə tutulmuş 3500 binanın hamısı istiliklə təchiz olunub: “Ola bilər ki, problem kiminsə mənzili ilə bağlı ola bilər. ”Azəristiliktəchizat”la bağlı problem qalmayıb. Kimin problemi varsa, quruma müraciət etsin, onun evini fərdi araşdıraq. “Azəriqaz”da öz problemini demək olar ki, aradan qaldırıb”.

Ancaq  "Qafqazinfo”nun məlumatına görə, “Azəristiliktəchizat”ın Gəncə prospektində tikdirdiyi qazanxanalar qaz hələ də verilmir. Elə Xətai rayonunu əksər hissndə istiliyin olmaması da bununla bağlıdır. Maraqlıdır bu halda  necə qurum iddia edir ki, bütün problem həll olunub?

“Azəriqaz” İB nin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev isə problemin onlarla əlaqəsinin olmadığını nəzərə çatdırıb. “”Azəristiliktəchizat” ASC deyir ki, mən “Azəriqaz”dan qaz ala bilmirəm? Bu mümkün deyil. Bizə müraciət olunan qazanxananın qazla təmin olunması üçün aidiyyatı qurumlar tərəfindən müvafiq sənədlər “Azəriqaz” İB-nə təqdim olunmalıdır. Əgər bütün sənədlər məsələn, qazanxananın qazlaşdırılmasına dair layihə smeta sənədləri, texniki icra sənədləri, qaz sayğaclarının quraşdırılmasına dair akt, məsul şəxsin təyin oluması haqqında əmr, qazanxananın tüstü-bacası haqqında arayış və. s bu kimi sənədlər qaydasında olarsa və qazanxanaya normativ texniki və təhlükəsizlik tərəflərinə cavab verərsə, o zaman baxış keçirməklə qazanxananın qazla təmin olunması ən qısa müddət ərzində “Azəriqaz” İB tərəfindən təmin olunur. Biz “Azəristiliktəchizat” ASC tərəfindən müraciət olunan qazanxanaları istiliklə təmin etmişik”.

Gründüyü kimi iki dövlət qurumu günahı bir-birinin üzərinə atıır, binalar isə qızdırılmır. Şikatyətlər üçün yaradılan “Azəristiliktəchizat”ın Qaynar xətti isə ya məşğul olur, ya da zənglərə heç kim çavab vermir.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar