3 milyard manatlıq əmanət bata bilər

Bank sektorunda hər hansı çətinlik 3 milyard manatlıq əmanətin taleyini sual altında qoya bilər.

Bu barədə açıqlama yayan iqtisadçı Vüqar Bayramov qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondu son il yarımda sığortalanan əmanətlərin faiz dərəcələrini 12 faizdən 9 faizədək azaldıb: “Əmanət faizlərinin azalması bankların cəlb etdiyi resursların ucuzlaşmasına təsir göstərir. Əhalinin banklardakı əmanətinin 7 milyard manatdan bir az artıq, kredit qoyuluşlarının 17.5 milyard manat olduğunu nəzərə aldıqda əmanətlərin kredit portfelinin 40 faizini təşkil etdiyini söyləmək olar. Təbii ki, kiçik rəqəm deyil.

Amma fond sığortalanan faiz dərəcələrini azaltmaqla nəyə nail oldu? Kredit faizlərinə təsir edə bilməyən fond sığortalanmayan əmanətlərin məbləğini artırdı. Daha çox əmanət cəlb etmək istəyən banklar depozit faizlərini aşağı salmadılar. Təbii ki, daha çox gəlir əldə etmək istəyən vətəndaşlar daha yüksək faizə meyllənir. Məhz bunun nəticəsidir ki, mövcud əmanətlərin 46 faizi qorunmur. Bu isə olduqca riskli mənzərə yaradır. Hazırda banklarda olan hər 100 manat əmanətin 45 manatı sığortalanmır. Bu isə 3 milyard manata yaxın əmanətin qorunmaması deməkdir”.

İqtisadçı sığortalanan faiz dərəcələrinin kredit faizləri ilə əlaqəsini formalaşdırmağı təklif edir: “Sığortalanan faiz dərəcələrini 12 faizdən 10 faizədək azaldan fond bu addımının risk təhlilini aparmalı, xüsusən qərarın kredit faizlərinə necə təsir etdiyini araşdırılmalı idi. Addımının kredit faizlərinə heç bir təsiri olmadığı halda fond sığortalanan əmanət faizlərinin 1 faiz-bənd aşağı salınması ilə bağlı qərar qəbul etdi, bu da qorunmayan əmanətlərin həcmini artırdı”.

Vüqar Bayramov əlavə edir ki, sığortalanan əmanətlərin maksimum məbləği xeyli müddətdir ki, 30 min manat olaraq qalmaqdadır və bu məbləğin artırılması olduqca vacibdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar