TARİXİ ABİDƏLƏRİ DAĞIDAN “QIZILAXTARANLAR”IN ARXASINDA KİMLƏR DURUR? – Professordan sensasiyalı iddialar

“QARA ARXEOLOGİYA”NIN QARA ƏMƏLLƏRİNƏ DAİR HƏYƏCANLI XƏBƏRLƏR

Qafar Cəbiyev, 

AMEA Arxeologiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

“Qara arxeologiya”nın mövcudluğu yeni məsələ deyil. Hələ XIX əsrin sonlarında Fransadan olan Jak de Morqan qardaşları Azərbaycan ərazisindəki tarixi abidələrdə qanunsuz “axtarışlar” aparmaqla tariximiz üçün son dərəcə əhəmiyyətli olan çoxsaylı maddi mədəniyyət nümunələrini, xüsusən də bir çoxunun analoqu olmayan nadir əntiq əşyaları Avropaya daşıyaraq erməni və ya fars maddi mədəniyyət nümunələri adı ilə muzey və kolleksionerlərə satmışlar. Azərbaycan tərəfinin təkrar-təkrar müraciət və etirazlarına baxmayaraq, həmin materiallar bu gün də Fransa muzeylərində erməni və ya fars mədəniyyəti nümunələri adı ilə nümayiş və təbliğ olunmaqdadır. Hələ yüz il öncə birbaşa ermənilərin fitvası ilə “qara arxeologiya” ilə məşğul olanlar Şirvan ərazisində Makedoniyalı İskəndərin xəzinəsinin axtarışı adı altında çoxsaylı abidələrimizi dağıdaraq məhv etdilər. Vətənimizin bütün guşələrindəki daş qoç fiqurları guya içərisində qızıl var imiş kimi sındırılaraq məhv edildi. Bu cür ürəkağrıdan misalların sayı həddən artıq çoxdur. Bir neçə il öncə Mədəniyyət Nazirliyi, Arxeologiya İnstitutu və Goranboy Rayon İcra Hakimiyyəti rəhbərləri sövdələşərək külli miqdar qızıl tapmaq ümidilə respublikamız ərazisindəki ən nəhəng kurqanlardan birini - Osmantəpə kurqanını ağır texnikadan istifadə etməklə yerlə-yeksan etdilər. Cəlilabad, Lerik, Qəbələ, Oğuz, Şəki, Zaqatala və digər rayonların ərazisində də çox ciddi dağıntılara yol verildi. Əfsuslar olsun ki, “qara arxeologiya”nın qaradan da qara olan “ənənə” və əməlləri bu gün daha geniş miqyasda tüğyan etməkdədir.

Son vaxtlar ən azı sosial şəbəkələrdə yer alan həyəcanlı siqnal və xəbərlər “qara arxeologya” ilə məşğul olanların yenə də intensiv iş başında olduğunu deməyə əsas verir. Bununla bağlı bir neçə konkret fakt üzərində dayanmaq istərdik. Məsələn, ötən ilin avqust ayında Basqalda arxeoloji tədqiqatlara rəhbərlik etdiyim vaxt İsmayıllı rayonunun Sulut kəndi üzrə meşəbəyi işləyən Rövşən Cəlilov mənə telefon açaraq, haradasa, kimlər tərəfindənsə, hansısa abidənin dağıdıldığı barədə məlumat verdi. Ekspedisiya üzvü Fariz Xəlilli ilə birlikdə ləngimədən, elə səhəri günü Rövşən Cəlilovun bələdçiliyi ilə həmin əraziyə baxış keçirdik. Söhbət Sulut kəndindən təqribən 1.5-2 km şimalda, məşhur Sulut buzxanası yaxınlığında olan və yerli sakinlərin “məscid yeri” kimi tanıdığı abidədən gedir. Məlumat üçün bildirək ki, orada abidə olduğunun heç bir yerüstü əlaməti nəzərə çarpmır. Doğrusu, hələ ötən əsrin 80-ci illərində özüm o yerləri qarış-qarış gəzmişəm, Sulut abidələri barədə dəfələrlə mətbuatda çıxışlarım olub. Yəni, orada hansısa abidə olduğunu mən özüm belə hiss etməmişdim. Amma “qara arxeologiya” ilə məşğul olan dəstə çox güman ki, müasir texniki vasitələrdən isdifadə etməklə ərazidə abidə olduğunu bilib və orada üzdəniraq axtarış aparıblar. Müşahidələrimiz onu deməyə əsas verir ki, orada 4-5 nəfər olmaqla, həm də motorlu vasitələrdən istifadə olunmaqla ən azı bir həftə “iş gedib”. Təqdim olunan fotolardan da göründüyü kimi, məscidin əsrlər boyu torpaq altında qalan divarları, giriş qapısı və mehrabı açılaraq vandalcasına dağıdılıb. Təəccüblüdür, yəni, bir neçə gün ərzində orada iş getdiyindən Sulut kəndində heç kəsin xəbəri olmayıb?! Hadisə ətrafında araşdırma apararkən məlum oldu ki, hətta dəstə tərəfindən ərazidə istifadə olunan motorlu qurğu da polis sahə müvəkkili tərəfindən götürülüb. Bəs sonrası?! Sonrası da heç nə! Vətən sağ olsun! O ki qaldı vəzifə borcu, məsuliyyət, milli heysiyyət, vətənpərvərlik və olanlarımıza sahiblik hissi... bax, burada artıq deməyə söz tapmıram.

Sulutda və digər yerlərdə törədilən dağıntılar cəzasız qaldığından “qara arxeologiya” ilə məşğul olanlar növbəti ünvanlarda “işə” başlayıblar. Bu dəfə İsmayıllı rayonunun Gəndob kəndi yaxınlığındakı abidəni dağıdaraq, tapıntıları məhv edərək Girdimançayın yatağına töküblər. Bununla da kifayətlənməyərək daha sonra Lahıc ətrafı abidələrə hücuma keçiblər. Qızıl axtarışında olan dəstənin Lahıc ətrafındakı orta əsr yaşayış yerində törətdiyi dağıntılarla bağlı görüntülər sosial şəbəkələrdə tirajlanaraq yayıldı. Bu nə vəhşilikdir?! Bu nə rəzalətdir?! Bu əməlləri törədənlər doğrudanmı Azərbaycan vətəndaşlarıdır?! Nəhayət, onların kimliyi aidiyyəti dövlət orqanları və yerli hakimiyyət strukturları tərəfindən nə vaxtsa müəyyən edilərək bütün bunlara hüquqi qiymət veriləcəkmi?! Doğrusu, yerli orqanların - kənd bələdiyyəsinin, kənd və qəsəbə icra nümayəndəliklərinin, yerli ziyalıların, bütövlükdə ictimaiyyətin bu dərəcədə həssas məsələyə prinsipiallıqdan çox-çox uzaq olan biganə və seyirçi münasibəti narahatçılıq doğurmaya bilməz. Rayon və şəhərlərimizdəki mədəniyyət müəssisələrinin, ilk növbədə də tarix-diyarşünaslıq muzeylərinin passiv davranışı, ətrafda baş verənlərdən xəbərsiz qalmaları da başadüşülən deyil. Belə təəssürat yaranır ki, sanki hamıya və hər kəsə aid olan tarixi-mədəni irs nümunələrinin taleyi üçün heç kəs məsuliyyət daşımır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində qeyd olunduğu kimi, “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”. Dövlətimizin əsas qanunun bu tələbinə əməl edirikmi?!!

Bilənlər bilir, bilməyənlər də qoy bilsinlər ki, “qara arxeologiya” ilə məşğul olanlar, yəni xalq arasında deyildiyi kimi, “qızılaxtaranlar” abidələri dağıdaraq, talan edərək əldə etdikləri nadir tarixi əşyaların xeyli qismini müxtəlif yollarla yenə də xaricə ötürür, o da mümkün olmayanda birbaşa qara bazara çıxarırlar.

Onu da deməliyəm ki, bu gün Azərbaycanda əntiq əşyalar alveri ilə məşğul olan şəxslər və alqı-satqı məntəqələri də yetərincədir. Əfsuslar olsun ki, onların da fəaliyyətinə və mal dövriyyəsinə nəzarət yox dərəcəsindədir. Bəli, nə qədər acı həqiqət olsa da, XIX əsrin sonlarında Avropadan olan dələduz-işbazlar tərəfindən tarixi-mədəni irs nümunələrimizin talan edilərək alver predmetinə çevrilməsi işi indi də şəxsiyyəti və kimliyi hələ ki, bəlli olmayan bir para özümüzkülər tərəfindən, həm də daha geniş miqyasda davam etdirilməkdədir.

Yuxarıda artıq qeyd olunduğu kimi, “qara arxeologiya” ilə məşğul olanların əksəriyyətinin əlində müasir cihazlar var. Halbuki, arxeoloji tədqiqatlarla məşğul olan yeganə rəsmi qurumun - AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun bir ədəd nəinki müasir, heç köhnə nəsildən olan texniki avadanlığı belə yoxdur. Maraqlıdır, həmin cihazlar hansı kanallarla ölkəyə gətirilir?! Necə olur ki, kifayət qədər bahalı qiymətə olan o cihazlar ayrı-ayrı imkansız insanların əlinə keçir?! Hesab edirik ki, bütün bu qanunsuzluqların arxasında bir para vəzifəli və imkanlı şəxslər durur. Qızılaxtaranları “silahlandıraraq” abidələrimizi dağıtmağa sövq edən, şirnikləndirən də məhz həmin sapı özümüzdən olan baltalardır.

Məlum olduğu kimi, ölkə ərazisindəki tarixi-mədəni irsin qorunması işinə birbaşa olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti cavabdehdir. Həmin qurumun isə rayonların hər birində ən çoxu 3-4 əməkdaşı var. Təbiidir ki, bir ədəd xidməti maşını belə olmayan həmin əməkdaşlar gecə-gündüz hərəkətdə olsalar belə, xidməti ərazilərindəki çoxsaylı tarixi abidələrin mühafizəsini təşkil edə bilməzlər. Odur ki, bu sahədə nəzarət və idarəçiliyi təkmilləşdirmək məqsədilə təcili olaraq effektli tədbirlər görülməlidir. Amma bununla da kifayətlənmək olmaz. Maarifçilik işi də gücləndirilməlidir. Uşaqdan böyüyədək hər kəs əcdadlarımızın tikdiyi, qurub yaratdığı, qoruyaraq, yaşadaraq, əzizləyərək nəsildən-nəsilə ötürmüş olduğu bu dəyərləri gələcək nəsillər üçün yaşatmağın məsuliyyətini dərk etməlidir. Rayon rəhbərləri də, bələdiyyələr də, yerli icra nümayəndələri də, sahə müvəkkilləri də, kənd ziyalıları da, bir sözlə, bütün ictimaiyyət tarixi-mədəni irsimizə sahib durmağı özünə borc bilməlidir. Əfsuslar olsun ki, hələlik real vəziyyət heç də belə deyildir.

Tarixi-mədəni irsimizin “qara arxeologiya” ilə məşğul olanlar və qızılaxtaranlar tərəfindən dağıdılmasının miqyasının sürətlə artması, bu cür neqativ hallara münasibətdə aidiyyəti dövlət orqanlarının və yerli hakimiyyət strukturlarının, yumşaq desək, səsiz qalmaları ondan xəbər verir ki, artıq həyəcan təbili səsləndirmək vaxtıdır. Biz göz görə-görə tarixi-mədəni irsimizin ayrı-ayrı dələduzlar və işbazlar tərəfindən dağıdılmasına yol verə bilmərik. Qoy, hər kəs zəhmət çəkib vəzifə və vətəndaşlıq borcunu yerinə yetirsin. Bunu etməyənlərlə isə qanunun dili ilə rəftar olunmalıdır.









635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar