AZƏRBAYCANDA BU KİŞİLƏRİN 5 İL ERKƏN PENSİYA HÜQUQU TANINACAQ - Qanuna dəyişiklik

Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olaca. Güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

635x100

Şərhlər

dadaşyev 2024-04-01 01:47:12

Bahooo! Nədəəəbu?Belə əndrəbadi şərtləri düşünüb tapmaq üçün gör nə qədər kreativ fikirləşib innovativ düşünüblər,Allah Allaaah!O saat məlum olur ki,pensiya idarəsində yumyumşaq kreslolarda oturan,gen-bol yaşamaqdan məste-xumar olmuş dar qısapencək,pambıqsifət,totuqbarmaq,alyanaq ponçik gülbala gədələr hazırlayıb bu şərtləri.Özü də qocaları çox istədiklərindən işləyiblər layihə üzərində.Sanki Qvineya-Bisaunun,Trinidad-Tobaqonun pensiya idarəsinin işçiləridi,büdcədə pul deyə şey yoxdu deyə pensiyanı adam kimi verməyiə hər üsulla mane olmağa çalışırlar.A balam,pensioner dediyiniz də sizin kimi adamlardı da,sadəcə zaman onları qocaldıb.Qocalıblar deyə adam kimi yaşamağa,60 yaşında pensiyaya çıxmağa haqqları yoxdu ki?Bir belə orijinal cümlələr quraşdırmağa nə ehtiyac var,qısaca deyəmmirsinizmi vermirik,vermək istəmirik normal pensiyanı normal yaşda?

Watchman 2024-03-30 11:47:34

Azərbaycanda bu tələblərə uyğun kişiləri barmaqla saymaq olar. Milləti avam yerinə qoymayın.

Son yazılar