“Gülər Əhmədovaya 4 il belə coxdur” - Heydər Oğuz

Yalnız ölkə vətəndaşları deyil, həm də beynəlxalq aləm tərəfindən diqqətlə izlənən, Azərbaycan haqqında çıxarılmış bir sıra beynəlxalq aktlarda “üz qaramıza” çevrilən “Gülərqeyt” skandalının məhkəməsi tamamlanmaq üzrədir. Maraqlıdır ki, bu qədər böyük skandalda yalnız bir nəfəri təqsirli bilən dövlət ittihamçısı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələrinə əsasən ona 4 il iş istəyib.

Hadisəni şərh edən Ədalət Partiyasının sədr müavini Heydər Oğuz buna təəccüblənmədiyini bildirir. Onun fikrincə, beynəlxalq qınaq olmasaydı, sabiq deputata nəinki 4 il iş istəyər, hətta bu vaxta qədər əziyyət verdiklərinə görə ondan üzr istəyıb azadlığa buraxardılar. “Prinsipcə haqsız deyillər. Hər kəsə bəllidir ki, bu qədər böyük bir cinayətin arxasında hansısa bir xanım deputat dayana bilməzdi. Gülər xanım bulaşdığı çirkli oyunda sadəcə “Seyid Əhmədin ilan tutan əli” rolunu oynayırdı. Bir cinayətdə “Seyid Əhməd”in özünə toxunulmadığı, əksinə orden və medallar verildiyi halda, onun “əli” fünksiyasını yerinə yetirən birinə 4 il iş kəsmək belə insafsızlıqdır” - deyən şair-publisistə görə, Azərbaycanda məhkəmələrin siyasi iradədən asılı olduğunu nəzərə alsaq, Gülər Əhmədovaya gözlənildiyindən az iş istənilməsi başa düşülən olduğu qədər həm də hakimiyyətin etirafıdır: “Hakim iradə bununla boynuna alır ki, bu iş Gülər Əhmədovalıq deyil. O, sadəcə korrupsioner rejimin ortaya çıxan cinayətinin qurbanıdır.”

Bununla belə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şərlənərək təxminən eyni maddəyə görə təqsirli bilindiyi halda 9 il azadlıqdan məhkum olunduğunu xatırladan "Ədalət"çi şair Gülər Əhmədovaya 4 il iş istənməsini heç bir məntiqlə izah edə bilmədi. “Hətta səhv etmirəmsə, qələm dostuma prokurorluq 11 il iş istəmiş, məhkəmə sonradan onun 2 ilini azaltmışdı. Etdiyi belə şübhə doğuran əmələ görə bir adama 11, cinayəti təkzib olunmaz faktlarla sübuta yetirilən başqasına 4 il iş istənilməsi, onun cinayət ortağı Sevinc Babayevanın “əbədi istirahətə” göndərilməsi, adı skandalın baş qəhrəmanlığında hallanana isə “ömürlük toxunulmazlıq” hüququnun verilməsi heç cəngəllik qanunlarında da rastlanmayacaq reallıqlardandır ki, bu gün Azərbaycan məhkəmələrində adi hala çevrilib”-deyən ədalət yetkilisi, fikrini böyük Türk şairi Nəcib Fazil Qısakürəyin məhşur misrasıyla bitirdi - “Bu bölgünü qurd yapmaz qoyunlara şah olsa”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar