STATİSTİKA KOMİTƏSİ RƏSMƏN TƏBƏQƏLƏŞMƏ SİYASƏTİNİN APARILDIĞINI TƏSDİQLƏDİ- Hesabat

Əhalinin 34 faizinin ehrtiyac icində yaşadığı açıqlandı

Əhalinin 86 faizi isə ən yaxşı halda təsadüfü gəlirlərə ümid etməklə yaşamağa məhkumdur

Dövlət Statistika Komitəsi ölkə üzrə aylıq gəliri 1000 manat və daha çox olanlar barədə son məlumatları açıqlayıb. Hesabata görə, məşğul əhalinin yalnız 3,8 faizi ayda 1000 manat və daha çox qazanır. Musavat.com xəbər verir ki, göstəricilər 2012-ci ilin noyabr ayına olan vəziyyəti əks etdirir.

Son 1 ildə əhalinin gəlirləri üzrə təsnifatında müəyyən dəyişiklik olub. Ancaq rəsmi statistika dəyişikliyin nədən ibarət olmasını açıqlamır. Sadəcə 2012-ci ilin göstəricilərini ictimailəşdirib.

Rəsmi statistikaya görə, məşğul əhalinin cəmi 1,3 faizi ayda 1700 manatdan çox qazanır. İllik hesablamada onların çəkisi 0,3 faiz artıb. 1000 manat və daha çox alanlar 3,8 faizdir. Bu göstərici 2011-ci ilin noyabrı ilə müqayisədə 0,6 faiz çoxdur.

2012-ci ilin noyabrında Azərbaycanda muzdlu işçilərin sayı 1,4 milyon nəfərdir. Muzdlu işçilərin 1,7 faizi minimalmaaş (93,5 manat) qədər qazanır. Son bir ildə işəgötürənlər onların maaşını cəmi 1 faiz artırıb. Muzdla işləyənlərin üçdə biri 2012-ci ilin noyabrında 94-150 manat alıb. Cari ildə də bu göstərici dəyişməyib. Məşğul əhalinin 52 faizi 300 manata qədər qazanır. Muzdlu işçilərin 24 faizi 301-700 manata qədər maaş alıb. Bu, göstərici də son 2 ildə dəyişməyib.

Rəsmi statistika da etiraf edir ki, ipoteka kreditlərindən yalnız məhdud bir qrup faydalana bilər. Statistika Komitəsinin məlumatına görə, işləyənlərin 6,3 faizi ipoteka ilə ev ala bilər. Bu təbəqənin gəliri 701-1700 manat arasında dəyişir. 2011-ci ildə bu göstərici 5,3 faiz idi.

Hasilat sənayesində çalışanların 30 faizi 500 manata qədər əməkhaqqı alır. Bu, bir il öncəki göstəricidən 3,1 faiz azdır. Bu sektorda işçilərin üçdə biri ayda 501-1000 manat maaş alır. 2011-ci ilin noyabrında hasilat şirkətlərində işçilərin 13,9 faizi 1700 manatdan çox alıb. Ötən ilin noyabrında bu göstərici 17,5 faiz idi. Deməli, neft sektorunda çalışanların da gəlirləri azalmağa doğru gedir.

Ölkənin maliyyə sektorunda çalışanların 47,3 faizinin gəlirləri 500 manata qədərdir. Personalın üçdə biri (34,4 faizi) ayda 501-1000 manat qazanır. Bank və sığorta şirkətlərinin rəhbər heyəti (10,5 faizi) ayda 1700 manatdan çox maaş alır.

2012-ci ilin noyabrında 150 manata qədər maaş alanlar hamıdan çox olub - 34,3 faiz. Kənd təsərrüfatı müəssisələrində bu göstərici 64,2, daşınmaz əmlak alqı-satqısı sektorunda 52,8, səhiyyə və sosial xidmətlərdə 59, istirahət, əyləncə və incəsənətdə 48,3, ticarət və avtotəmirdə 44,4 faiz olub.

Təhsil sektorunda çalışanların 4 faizi 2012-ci ilin noyabrında 93,5 manat alıb. Müəllimlərin 36,5 faizi 150 manat qazanıb. Müəllimlərin 52,5 faizini maaşı 500 manata qədər olub. Rəsmi olaraq 1000 manatdan çox alan müəllim yoxdur.

Rəsmi statistika ölkədə orta aylıq əmək haqqının 403 manat olduğunu bəyan edir. Ancaq məşğul əhalinin gəlirlərinin rəsmi təsnifatı bu göstəricini şübhə altına alır. Əgər məşğul əhalinin böyük əksəriyyətinin gəliri 300 manata yaxındırsa, onda ölkə üzrə orta əməkhaqqı necə 403 manat ola bilər? Orta aylıq əməkhaqqı anlayışının izahı budur ki, məşğul əhalinin əhəmiyyətli kəsimi məhz bu qədər qazana bilir. Deməli, hasilat sənayesində, bank sektorunda və yüksək dövlət qulluğunda çalışanların gəlirləri hesabına orta aylıq gəlirin şişirdilməsi versiyası rəsmən təsdiqlənir. Bu təbəqə isə məşğul əhalinin yalnız 6,3 faizini təşkil edir.

Dövlət Statistika Komitəsinin bu açıqlaması ölkədə təbəqələşmənin pik həddinə çatmasını da təsdiqlədi. Əhalinin yalnız 6,3 faizi gəlirləri ilə normal şəkildə dolana bilər (ipoteka kreditlərindən faydalana, bahalı səhiyyə və təhsil xidmətlərindən istifadə edə bilər), qalan zümrələr isə yalnız cari ehtiyaclarını ödəmək üçün mübarizə aparmağa məhkumdur. Əgər rəsmi statistikaya görə, əhalinin 52 faizi 300, 34 faizi isə 150 manata qədər qazanırsa, onda izafi şərhə ehtiyac qalmır. Təkcə onu qeyd etməklə kifayətlənək ki, 4 nəfərlik orta statistik ailənin normal yaşaması üçün ayda ən azı 800-900 manat lazımdır. Deməli, əhalinin 86 faizi ən yaxşı halda təsadüfü gəlirlərə ümid etməklə yaşamağa məhkumdur. Bu da “analoqu olmayan iqtisadi inkişaf” dövrünü yaşayan ölkənin rəsmi statistikasının acı etirafı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar