BVF-dən neft ölkələri üçün bədbin proqnoz

Beynəlxalq Valyuta Fondu yanvarın 20-də dünya iqtisadiyyatının inkişafı üzrə yeni proqnozunu World Economic Outlook Update açıqlayıb. Məruzə tam şəkildə Pekində təqdim ediləcək, deyə DW məlumat verir.

BVF Ruiya iqtisadiyyatında bu il cüzi artım nəzərdə tutan proqnozunu korrektə edib və 2015-ci ildə 3%, 2016-cı ildə 1% azalma proqnozlaşdırır. Səbəb kimi neftin ucuzlaşması, rublun məzənnəsinin düşməsi və Ukrayna böhranı göstərilir.

Məruzə müəllifləri hesab edir ki, 2015-ci ildə dünya iqtisadiyyatında artım 3,5%, 2016-cı ildə 3,7% olacaq, Bu, üç ay əvvəlki proqnozdan 0,3% aşağıdır.

Avrozonada artım tempi 2015-ci ildə 1,2%, 2016-cı ildə 1,4% proqnozlaşdırılır.

Rusiyada və ona qonşu olan ölkələrdə, xüsusən neft ölkələrində iqtisadi azalma olacaq, deyə BVF bildirir.

«Vergi mədaxilində neftdən mədaxil mühüm yer tutan neft ixrac edən ölkələrdə iqtisadi sarsıntılar olacaq», – deyə məruzədə bildirilir.

Azalma neftin kəskin ucuzlaşması və geosiyasi gərginliyin artması ilə bağlıdır, deyə məruzədə bildirilir. Amma ötən illər yaxşı ehtiyat toplayan ölkələr neftin ucuzlaşmasından az ziyan çəkəcək deyən müəlliflər Fars körfəzi ölkələri və iqtisadiyyatı şaxələnmiş ölkələri nəzərdə tuturlar.

Turan qeyd edir ki, ötən il noyabrın əvvəlində BVF missiyası Bakıya səfəri zamanı 2015-ci ildə Azərbaycan üzrə bədbin proqnozunu açıqlamışdı. O vaxt neftin barreli $83 idi. Hesabatda deyilirdi ki, 2015-ci ildə iqtisadi azalma davam edəcək və ən yaxşı halda artım 3,4% olacaq. Qeyri-neft sektorunda artım 6%-dən yüksək olmayacaq.

2015-ci ildə neft sektorunda azalma davam edəcək, xarici borcla tədiyə balansının cari hesabının profisiti arasında disbalans güclənəcək. Ötən il ilk dəfə Azərbaycanın xarici borcu tədiyə balansının cari hesabının profisitindən yüksək olub. Cari hesabının profisiti ÜDM-in 13,7%-i, xarici borc ÜDM-in 14,4%-i qədər olub.

Noyabr hesabatında deyilir ki, Neft Fondunun aktivləri $5,5 mlrd - $38,309 mlrd-dan $32,802 mlrd-a düşəcək.

BVF-nin hesabatının əsaslılığını o da göstərir ki, 2008-ci ildə BMT-nin ixtisaslaşdırılmış şöbəsi 2015-ci ildən sonra Azərbaycanda tənəzzül proqnozlaşdırmışdı. Həmçinin onun uzun çəkəcəyi qeyd edilirdi.

Qeyd edilirdi ki, 2010-cu ildən sonra real ÜDM-in inkişaf tempi mənfi olacaq, 2015-2018-ci illərdə 0% ətrafında tərəddüd edəcək, 2020-ci ildən sonra -5% və çox azalma olacaq. İstehlak metodu ilə hesablanan ÜDM artımı 2013-2015-ci illərdə ildə 0%, 2015-2020-ci illərdə -5% təşkil edəcək, 2020-ci ildən sonra qismən artacaq.

Qeyri-neft ÜDM-i 2012-ci ildən azalacaq, 2017-ci ildə 0%, 2020-ci il üçün -5% təşkil edəcək. BVF də hesab edir ki, 2010-cu ildən qeyri-neft ÜDM-də 52% olan özəl istehlak 2018-2020-ci illərdə 42%-ə düşəcək. 2025-ci il üçün bu səviyyədə sabitləşəcək. 2016-cı ildən daxili hökumət borcu 1%-dən 2030-cu ildə 9,5%-ə artacaq.

2015-ci ildə qeyri-neft ÜDM-də 40% olan dövlət investisiyaları, 2020-2025-ci illərdə 5%-ə düşəcək. 2015-ci ildə pikə çatan özəl investisiyalar (qeyri-neft ÜDM-in 45%-i) 2020-ci ildə 25%-ə düşəcək, 2025-ci ildə bir qədər yüksəkdə sabitləşəcək.

Turan analitikləri qeyd edir ki, bu şəraitdə hökumət 2012-ci ildə təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasına yenidən baxmalıdır. Orda nəzərdə tutulan artım tempi elə yüksək olmasa da, onlara yenidən baxmaq lazım gələcək. Amma 2014-cü ilin payızında hökumətin etdiyi kimi yox. O vaxt konsepsiyada göstərilən ÜDM-in real artım proqnozu 5,2%-dən 3,6%-ə endirimişdi. Gündəlikdə daha qlobal vəzifə var – iqtisadiyyatın liberallaşdırılması və dövlət diqtəsindən qorunması.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar