Neftin ucuzlaşması qızılı bahalaşdırır

Dünya bazarındakı vəziyyətə dair bədbin şərhlərinə görə “Doktor Qiyamət” ləqəbi daşıyan iqtisadçı-ekspert Mark Faber iddia edir ki, neftin ucuzlaşması nəticəsində yaranan zərəri qızılla kompensasiya etmək mümkün olacaq. O, qızılın qiymətinin 2015-ci ildə 30 faiz yüksələcəyini bildirib.

Xatırladaq ki, Azərbaycanda əhalinin əmanətlərindən gələn gəlirlərin bu ildən vergiyə cəlb olunmasına dair hökumətin yeni qərarı nəticəsində banklara əmanət yatırmağın stimulu azalıb. Azadlıq.info-nun məlumatına görə, avro və rublun dəyərini itirməsi də qızıl bazarını canlandırıb. Bu mənada, qızıl bazarında bahalaşma tendensiyası hiss olunur.

Maraqlıdır, belə olan halda, qızılın əvvəlki həddən daha çox bahalaşması mümkündürmü? Ekspertlərin bu qiymətli metalın bahalaşmasına dair proqnozu tezliklə özünü göstərə bilərmi?

Əlbəttə ki, qızılın bahalaşmasından danışarkən neft faktorunu yaddan çıxarmaq olmaz. Tanınmış ekspertlərin bu məsələ ilə bağlı proqnozu isə neftin ucuzlaşmasının bundan sonra da davam edəcəyi üzərində fokuslaşıb. Qiymətlərin düşməsinin əsas səbəbləri ortadadır - Rusiyanı cilovlamaq, onun Ukraynaya aqressiv münasibətinin qarşısını almaq üçün müəyyən addımlar atılır. Bu baxımdan, dünya bazarında neftin qiymətinin düşməsi davam etdikcə, alternativ variant kimi, qızılın bahalaşması tamamilə realdır.

Eyni zamanda, qızıl nisbətən etibarlı və davamlı məzənnə xarakterli olduğu üçün ona maraq arta bilər. Qızıla tələbatın artması əlbəttə ki, onun qiymətinə də təsir göstərəcək. Lakin prinsip etibarilə, bu, çox davam edə bilməz. Analitiklərin sözlərinə görə, istehsal olunan bütün məhsulların maya dəyərində oturan enerji daşıyıcılarının qiyməti aşağı düşür. Qızıl da istisna deyil. Bu baxımdan, qızılıq bahalaşmasının uzunmüddət və davamlı olacağı güman edilmir. Əlbəttə ki, bütün bunlar zamana bağlı məsələdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar